Qurban xoca – zaqatalalı
balasının uğurunun sirri...
Azərbaycan futboluna oyunçu və məşqçi kimi bombardir olaraq düşən Qurban Qurbanovun şöhrəti ölkə
miqyasını çoxdan
aşıb, amma o...
... Söz elə vaxtına çəkər. 23 il əvvəl, fevralın
12-dir. Azərbaycan millisi
yenə də bizi üzən oyunlardan birini göstərməkdədir. Bir
il sonra - yəni 2004-cü ildə keçiriləcək Avropa
Çempionatının finalına
vəsiqə qazanmaq üçün seçmə
oyunlar keçirilir. Millimiz Podqoritsa şəhərində Serbiya
və Çernoqoriya yığmasının qonağıdır.
Meydan sahibləri iki top fərqlə
irəlidədir və
hamı kimi mən də hirsli və məyusam: axı nə qədər uduzmaq olar?!
Futbolçu Qurbanın yaşatdığı
bayram
Lakin futbol tarixinə qara hərflərlə yazılacaq dönüş baş verir. O dönüş ki, rəqibin baş məşqçisinin istefasına qədər gətirib çıxarır. 7 nömrəli Mahmud Qurbanovun yerinə yetirdiyi cərimə zərbəsi zamanı top rəqib oyunçulara toxunaraq 9 nömrəli Qurban Qurbanovun ayağına düşür və o, incə toxunuşla hesabı minimuma endirir. Oyunun 57-ci dəqiqəsidir. Cəmi 19 dəqiqə sonra isə 17 nömrəli Ramiz Məmmədovun diaqonal ötürməsini yenə də Qurban ağıllı tərzdə qəbul edir və heç gözləmədən uzaq sağ küncə göndərir. Vəssalam, 76-cı dəqiqə və rəqib öz meydanında az qala affekt vəziyyətindədir. Hər iki qolun müəllifi Bakıda keçirilən cavab görüşündə də rəqibin yenə 0:1 üstün olduğu halda, 87-ci dəqiqədə vurduğu penalti ilə komandamıza bərabərlik qazandırır, az sonra isə Fərrux İsmayılov qələbə qolunu vurur. Bakı küçələrində bayramdır, avtoyürüşlərdir - yenə də Qurbanın iki oyuna üç qolu və yoldaşlarının əməyi sayəsində...
Allahverdi Bağırovla başlayan
böyük yol
... Mən Qurban Qurbanovu bu oyunlarla daha çox xatırlayıram. Azərbaycan millisində keçirdiyi 68 oyunda 14 qol vurub və onun rekordunu yalnız 2025-ci ildə Emin Mahmudov təzələyə bilib. Buna qədər isə Qurban millinin bombardiri idi. Elə bu gün də Qurbanov Azərbaycan futbol məşqçilərinin bombardiridir. Onun qazandığı uğurları, avrokuboklarda fəth etdiyi zirvələri hələ çətin ki, yaxın illərdə təzələyə bilən olsun.
Biz arzu etmirik ki, futbolçu Qurbanın rekordunu 20 il sonra Eminin təzələdiyi kimi, digər klubların da məşqçiləri onun məşqçi uğurlarını 20 il sonra təkrarlasınlar, əksinə, tez olsun. Lakin qarşıdakı illər üçün o potensialı hansısa yerli komandamızda görmək olmur. Bəli, buna görə də 115 yaşlı Azərbaycan futbol tarixində bütün rekordlar Qurban Qurbanovun adınadır. 2026 isə bu cəhətdən əlamətdardır - futbolumuzun 115 ili tamam olur.
Yəni Cümhuriyyətimizin də yaşından böyükdür futbolumuzun yaşı, di gəl, Cümhuriyyətimiz qədər böyük deyil. 115 ildə Azərbaycan futbolu ilə öyünəcək azsaylı faktlar var. Birini elə müqəddimə hissəsində qeyd elədik. Səbəblərə isə toxunsaq, gərək böyük bir kitab yazaq. Ancaq bu 115 ildə futbolumuzda başımızı uca edən iki ad var - Milli Qəhrəman Allahverdi Bağırovla başlayan “Qarabağ” və Qurban. Birincisi həm Qarabağ, həm “Qarabağ” üçün özünü qurban verib, ikincisi isə “Qarabağ”ı futbol nəhənglərinin olduğu zirvələrə qaldırıb. Hər ikisinə xalq bir ömür minnətdardır...
“Bəsdir, özünə başqa sənət seç!”
Kimdir bəs Qurban? Bu zaqatalalı balası necə oldu ki, futbolçu olmağa qərar verdi?
Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala şəhərində dünyaya gəlib. Onu şəxsən yaxından tanıyan Mahmud Məmmədov Zaqatalanın II Tala kəndindədir. Dediyinə görə, “Qarabağ”ın keçdiyi inkişaf yolu ona Qurbanovun uşaqlıq illərini xatırladır: “Mən ondan 10 yaş böyüyəm. Kənddəki evimiz onlara yaxın idi. Xatırlayıram, o, hər gün topu qoltuğuna vurub, məşqə gedirdi. Başqa uşaqlar küçədə başqa-başqa oyunlar oynayanda, Qurbanın günü meydançada keçirdi. Zaqatalada Şaban Şirdanovu hamı tanıyır, "Daşqın"ın baş məşqçisi olub.
Qurbanın ilk müəllimi də
o olub. Məhəllədə
yaşlı adamlar, ağsaqqallar ondan soruşurdu ki, ay bala, hər gün hara gedirsən belə? Cavab verirdi ki, futbola. Deyirdilər ki, bəsdir həvəsini futbola saldın, özünə başqa sənət seç, nə görmüsən topda... O da həmişə
eyni sözü təkrarlayırdı: mən
futbolçu olacağam!
Özü də bu sözü elə inamla deyirdi ki... Deyirdi ki, məni heç kim fikrimdən döndərə bilməz,
məqsədimə çatmaq
üçün bütün
çətinliklərə dözəcəyəm. Elə
də oldu. Tezliklə “Daşqın”da
parladı, oradan da böyük futbola yolu açıldı".
M.Məmmədovun bildirdiyinə görə,
Qurbanovlar böyük
ailədir və 4 qardaş xasiyyətcə bir-birinə bənzəyir:
“Qurban qardaşların
ən kiçiyidir. Toppuş uşaq idi, hərdən yanaqlarından tutub dartardıq. Başqa işlərə elə həvəs eləməzdi,
fikri elə o vaxtdan futbolda idi. Gözləri üzündən tez gülərdi. İndi də
elədir...
Bəzən deyirlər ki, qaraqabaq
adamdır. Qətiyyən
elə deyil. Sadəcə, artıq sözlər danışmaz,
yersiz gülməz. Kənddə yaşlılar
Qurbanı həmyaşıdlarına
nümunə göstərirdilər,
deyirdilər ki, siz də çalışın,
onun kimi olun".
Qeyd edək ki, Zaqatalanın “Daşqın”ından çıxan gənc Qurban sonrakı dövrlərdə “Turan” Tovuz, “Neftçi” Bakı, “Dinamo” Bakı, “Volgar” (Rusiya), “Kur-Nur” (Qazaxıstan) kimi komandaların heyətində
oynayıb. Xüsusilə
“Neftçi”nin tərkibində çıxış
etdiyi illər onun peşəkar səviyyədə tanınmasında
böyük rol oynayıb. Qurbanovun əsas futbolçu kimi fərqləndiyi cəhət
yüksək texnikası,
intizamlı oyunu və liderlik xüsusiyyətləri olub.
174 top vurmaqla Azərbaycan
çempionatları tarixində
ən məhsuldar hücumçulardan biri olaraq qalıb.
Soyuqqanlı və imanlı
Qurban Qurbanov ailəsinə böyük önəm verən bir şəxs kimi tanınır. O, ailəsində
hər zaman dəstək
və anlayış görüb. Qurban Qurbanovun ailəsi onun həyatında ən böyük motivasiya mənbəyidir. Onun uşaqlıqdan formalaşan təmkinli xarakteri isə bu günə qədər özünü
hər addımda göstərir. Bu xüsusda
Qurban Qurbanovun imanlı biri olmasını da altından
qırmızı xətt
çizərək vurğulamaq
lazımdır. Kəsəsi,
onun xarakterindən irəli gələrək
həm emosiyalarını
cilovlamağı bacarması,
həm də imanlı şəxs kimi öz hisslərinə
hakim kəsilməsi bir
baş məşqçi,
futbolçularının bir
xocası kimi onun müdrikliyini nümayiş etdirir.
Məsələn, dünyanın nəhəng
klublarının dəlisov
baş məşqçiləri
var, biri elə Dieqo Simeone. Olduqca emosionaldır. Yəni komandası ilk dəqiqələrdə
qol vurur, özünə əl qatır, sanki oyunun son saniyələrində
qələbə topunu
vurublar. Ancaq Qurbanov kifayət qədər soyuqqanlıdır,
hətta qalib gələndə belə sevincini öz içində boğmağı,
çox da büruzə
verməməyi, bir azərbaycanlı kişisi
xarakterini ortaya qoymağı bilir. Bu, onun xasiyyəti ilə inancının çulğalaşmasıdır.
Odur ki, mətbuat konfranslarında,
müsahibələrində hər zaman rəqibləri
haqda ədəb-ərkanla
danışar, ən zəifi ilə ən güclüsünə
fikirlərində fərq
qoymaz, aşağılamaz,
replika atmaz, qalib gələndə də, uduzanda da ən yüksək fikirləri söyləyər.
Bu, böyük qəlb
tələb edən işdir. Dəfələrlə
onu qıcıqlandırmaq,
özündən çıxarmaq
istəyiblər, amma xoca brifinqlərdə mümkün qədər
“dişini dişinə
sıxmağı”, ədəbini
gözləməyi bacarıb.
Doğrudur, son zamanlar xüsusən
də yerli çempionatda hakimlərin
bəsit səhvləri
onu əsəbləşdirir
və qəzəbini gizlədə bilmir. Bu da ondan irəli gəlir ki, böyük meydanlar, peşəkar hakimlər, “Çelsi”, “Benfika”, “Ayntraxt”, “Liverpul” və daha kimlər görmüş Qurbanovu indi yerli hakimlərin
hərəkətləri hirsləndirməyə
bilməz. Bununla belə, yenə də onlar haqda
müsbət fikirlər
söyləyir. Son olaraq
hakim Elçin Məsiyev
haqda bunu deyə bilərəm. Xoca onun oyun
boyu pauzalar verməsinə hirslənmişdi,
amma mətbuat üçün tədbirdə
ən xoş sözlərini çatdırdı.
Bu da Qurbanovu başqalarından
fərqləndirir.
Eyni zamanda o, nümunəvi ailə başçısıdır.
Onun oğlu Musa Qurbanlı da atasının
yolunu davam etdirir və Ağdam klubunda çıxış edir.
Yeri gəlmişkən,
Qurban övladına öz qardaşının
adını qoyub.
Xoca
21 il sonra eyni stadionda, bu dəfə...
... Hazırda Qurbanov karyerasının ən parlaq dövrlərini
yaşamaqdadır. 2008-ci ildən
“Qarabağ”ın başına keçən
xoca 18 ildir ki, “köhlən atları” pillə-pillə uğurlara
daşıyır. Burada
təbii ki, hamının
əməyi var, amma Qurbanov fenomeni bir ayrıdır. İndi heç kəs “Qarabağ”ı Qurbansız təsəvvür
etmir, yaxud da onun yoxluğunda eniş dövrünü yaşayacaq bir komanda kimi görür.
Çünki burada yuxarıda qeyd etdiyimiz Qurbanov xarakteri önəmli rol oynayır. Azərbaycanın adını
və “Qarabağ”ın
adını Avropanın
ən yaxşı
22-ci komandası edən
Qurbanovu indi daha bir imtahan
gözləyir - xoca
21 il sonra yenidən
“St James’ Park”a yollanacaq.
Qurban
ilk dəfə bu stadiona 2005-ci ildə futbolçu kimi Azərbaycan yığmasının
heyətində gedib.
O, İngiltərə millisinə
qarşı matça
start heyətdə çıxıb.
Qurbanov həmin oyunda hesabı açmağa yaxın olub. O, qapıya zərbə vurub, lakin top dirəyin yanından keçərək
qapı xəttindən
meydandan çıxıb.
Matç isə İngiltərənin 2:0 hesablı
qələbəsi ilə
yekunlaşmışdı.
Bu dəfə isə komandamız “Nyukasl”ın
qonağı olacaq. Ancaq “St James’ Park”da
hakimin final fitinin eyni hesabın (0:2) “Qarabağ”ın xeyrinə
bitməsi ilə görmək və eşitmək istəyirik...
Emil
SALAMOĞLU
Yeni Müsavat.-
2026.- 4-10 fevral, ¹5.- S.10.