Akademik çevrilişlər
AMEA-nın iki keçmiş prezidenti üçün yol təkcə elmdən yox, müxalifətlə sövdələşmə
və həbslərdən
keçib - Eldar Salayevlə Ramiz Mehdiyevi birləşdirən
tale...
Arxi-aktual fikirdir ki, sən
siyasətlə məşğul
olmasan, siyasət sənlə məşğul
olacaq. Buna görə tarixdə siyasətlə məşğul
olan elm və ədəbiyyat adamları, ziyalılar az olmayıb. Amma heç də onların hamısı yolu sona qədər getməyi bacarmayıblar, yaxud da ziyalı
adına layiq olmayan yol seçiblər.
Çünki siyasət haqda iki mübahisəli fikir var: biri
səhv etmirəmsə,
rəhmətlik eks-prezident
Elçibəyin sözüdür
- siyasətlə əxlaqlı
adamlar məşğul
olmalıdır. İkincisi
isə fransız yazıçısı Alber
Kamyuya aiddir - ləyaqət sahibləri siyasətlə
məşğul olmaz.
20 rəqəminin sirri
Təbii ki,
hər iki subyektiv yanaşmanı uzun-uzadı çək-çevir
edib mübahisə predmeti etmək olar. Lakin yuxarıda
dediyimiz kimi, tarixdə siyasətlə məşğul olan elm adamları, ziyalılar az olmayıb.
Biri elə fransız dahisi Jan Pol Sartr. Nobel mükafatından imtina etməyi bacaran böyük mütəfəkkir.
Sabonna Universitetində
tələbə hərəkatının
lideri. Bizdə də böyük elm adamları olub - Xudu Məmmədov, Azad Mirzəcanzadə və s.
Ancaq bizdə Sartr heç vaxt olmayıb. Bizdə olub Rüstəm İbrahimbəyov. Bəli,
dünya şöhrətli
azərbaycanlı idi.
Gəl ki, ona inanan bir ovuc
müxalifətçini belə
aldadıb Bakıya gəlmədi.
Lakin Azərbaycanın elm adamları
sırasında son 20 ildə
(2005-2025) iki akademik
var ki, tarixə çevrilişçi
kimi düşüblər.
Birinə 2005, birinə
düz 20 il sonra -
2025-ci ildə həbs
cəzası verilib. Və maraqlıdır ki, hər ikisi Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) prezidenti
olub, hər ikisi də müxalifətlə
sövdələşmədə ittiham olunub. Söhbət fizika-riyaziyyat
elmləri doktoru, mərhum akademik Eldar Salayev və
fəlsəfə elmləri
doktoru, akademik Ramiz Mehdiyevdən gedir.
Sadəcə, Salayevdən fərqli
olaraq, Mehdiyevin maddələri daha ağırdır. Mərhum
akademik dövlət çevrilişinə cəhddə
və kütləvi iğtişaşlar törətməkdə
iştirakda ittiham olunubsa, Mehdiyev dövlətə xəyanət,
dövlət hakimiyyətini
ələ keçirməyə
yönələn əməllər
və cinayət yolu ilə əldə
edilmiş əmlakı
leqallaşdırmada təqsirləndirilir.
Odur ki,
“Yeni Müsavat” gündəmin
mərkəzi hadisələrindən
olan dövlət çevrilişi işi mövzusundan çıxış
edərək hər iki akademikin həyat və siyasət yoluna işıq salıb. Gəlin görək, “akademik çevriliş”lər
niyyətində olmuş
Salayev və Mehdiyev kimdir...
Siyasətdə bərk cisim fizikası
Eldar Salayev 1933-cü il dekabrın
31-də Naxçıvan şəhərində
dünyaya gəlib.
1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini işləyib. 1972-ci ildə
Azərbaycan Dövlət
mükafatı laureatı
adını, 1975-ci ildə
fizika-riyaziyyat elmləri
doktoru alimlik dərəcəsini alıb.
1979-cu ildən professordur.
1980-ci ildə EA-nın
müxbir üzvü,
1983-cü ildə isə
həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə
Azərbaycan EA-nın
prezidenti seçilib. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev
adına, N.Nərimanov
adına mükafatların
laureatıdır. İslam Akademiyasının
üzvü olub. Salayev bərk cisim fizikası kvant elektronikası və fotoelektronika sahəsində görkəmli
alimdir.
Əsas
işləri yarımkeçiricilərin
tədqiqinə müxtəlif
halların enerji spekterlərinin öyrənilməsinə
aiddir. Salayev sürətli elektronlar dəstəsi vasitəsilə
ilk dəfə laylı
kristallarda induksiyalanmış
şüalanmanı aşkara
çıxarmış və
bu sinif yarımkeçiricilərdə qeyri-xətti optik xassələri öyrənib.
Həmin tədqiqatlar
lazer şüaları
çevricilərinin yaranmasına
imkan verib. Salayevin rəhbərliyi ilə yarımkeçiricilər
əsasında deflektor,
deşifrator, fotoqəbuledicilər,
elektron mikrosoyuducuları,
metroloji tətdqiqatlar
üçün qurğular
yaradılıb. Lakin bərk
cisim fizikası üzrə alim bildiklərini
siyasətdə tətbiq
edə bilməyib və siyasətin “cazibə qanunu” uğurlu olmayıb.
Müxalifətlə işbirliyi
Belə
ki, o, Azərbaycan Milli İstiqlal
Partiyasının və
ardınca Azərbaycan
Demokratik İstiqlal Partiyasının üzvü
olub. Eldar Salayev bir müddət
Azərbaycan Demokrat Partiyasının da üzvü
olub və “demokratiya” sözü onun üçün düşərli olmayıb.
Akademik 2005-ci il oktyabrın
29-da dövlət çevrilişinə
cəhddə və kütləvi iğtişaşlar
törətməkdə iştirakda
ittiham edilərək həbs olunub. Salayev o dövrdə Milli Təhlükəsizlik Nazirliyinin
təcridxanasında saxlanılıb.
Salayev barəsində
3 aylıq həbs-qətimkan
tədbiri seçilib.
O,Cinayət Məcəlləsinin
3 maddəsi ilə ittiham edilib.
Kütləvi iğtişaşın törədilməsinə hazırlıq,
antikonstitusion yolla dövlət hakimiyyətini
ələ keçirmə
və saxlamada təqsirləndirilən Eldar
Salayev noyabrın 27-də
MTN-ə şahid qismində
dəvət olunub və oradaca saxlanılıb. ADP sədri
Sərdar Cəlaloğlu
o zaman demişdi ki, Eldar
Salayevi keçmiş
spiker Rəsul Quliyevlə
dost olduğuna görə
həbs ediblər.
Elə həmin il baş prokuror Zakir Qaralov
AZƏRTAC-ın müxbirinə
bildirib ki, Azərbaycan
Prezidenti İlham Əliyevə
müraciət edən
Eldar Salayev Azərbaycan elminin inkişafındakı xidmətlərini,
4 dəfə ağır
cərrahiyyə əməliyyatı
keçirdiyinə görə
daimi həkim nəzarətində olmasının
zəruriliyini, habelə
istintaqa yaxından kömək göstərməklə
səmimi ifadələr
verdiyini nəzərə
alaraq, onun barəsində seçilmiş
həbs-qətimkan tədbirinin
dəyişdirilməsini xahiş
edib. Məhkəmənin
2005-ci il 16 noyabr tarixli
qərarı ilə həbs-qətimkan tədbiri
dəyişdirilib. İstintaqın
sonrakı gedişi haqda əlavə məlumata rast gəlmək olmur. Akademik 20 iyun 2022-ci ildə vəfat edib.
Siyasətin və elmin “akademiki”
Salayevdən fərqli olaraq, Mehdiyev elm sahəsində
heç də böyük icadların müəllifi deyil. Dövlətə xəyanətdə
ittiham olunan, Kremlin siyasi kluarlarında iqtidara qayıdış üçün
özünə bu yaşında dayaq axtarmış keçmiş
AMEA prezidenti daha çox “boz kardinal” və Prezident Administrasiyasının
rəhbəri olduğu
illərdə “ideoloq”
kimi ad çıxarıb.
Yəni o, sona qədər nə elmin, nə siyasətin akademiki ola bildi.
Ramiz Mehdiyev
uzun illər Azərbaycan hakimiyyət sisteminin ən təsirli fiqurlarından biri olub. Onun
siyasi çəkisi təkcə tutduğu vəzifə ilə ölçülmürdü. O, qərarların arxasındakı
əsas ideoloqlardan və koordinasiya mərkəzlərindən biri
sayılırdı. Mehdiyevin
ailəsi də illər boyu ictimai müzakirələrin
mövzusu olub. Oğlu, qızı, kürəkəni, gəlini
və nəvələri
ilə bağlı mediada müxtəlif materiallar dərc edilib. İndi üzə çıxan sərvətləri, təkcə
evdə aşkarlanan
17 milyon manatdan çox pul Mehdiyev erasının bitməsinin həzin sonu kimi görünür.
Yəni akademikin özü haqda yaratdığı ideoloq imici “sabun köpüyü”nə
çevrilməkdə, banal
və odioz bir fiqur olduğunu
sübuta yetirməkdədir.
Ramiz Mehdiyev 1938-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirib. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1968-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin
aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət
Universitetinin Müdafiə
Şurasının iclasında
fəlsəfə elmləri
namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını
müdafiə edib.
Salayevlə Mehdiyevin oxşarlığı
O, AMEA prezidenti (2019-2022), Prezident
Administrasiyasının rəhbəri
(1995-2019), Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının
prezidenti, AMEA-nın həqiqi üzvü
(2007), Həqiqi Dövlət
Müşaviri olub. Azərbaycan Təhlükəsizlik
Şurasının üzvü
(2019-2025), Yeni Azərbaycan Partiyasının
İdarə Heyətinin
(1993-05.03.2021) və Veteranlar
Şurasının üzvü
(05.03.2021-h.h.), Azərbaycan Milli Ensiklopediyasının redaksiya
heyəti sədrinin birinci müavini (2004-2024) və üzvü
(2004-2025), Dövlət Dil
Komissiyası sədrinin
müavini (2001-2025) vəzifələrini
tutub.
2025-ci ilin oktyabrında Cinayət Məcəlləsinin
dövlətə xəyanət,
dövlət hakimiyyətini
ələ keçirməyə
yönələn əməllər
və cinayət yolu ilə əldə
edilmiş əmlakı
leqallaşdırma maddələri
ilə cinayət məsuliyyətinə cəlb
edilib və barəsində 4 ay müddətinə
ev dustaqlığı
qətimkan tədbiri seçilib. Ötən həftə barəsində
ev dustaqlığı
qərarı daha 4 ay uzadılıb. Onun işi üzrə köməkçisi Eldar Əmirov, AXCP sədri Əli Kərimli, partiyanın Rəyasət
Heyətinin üzvü
Məmməd İbrahim həbs
olunublar. Həmçinin
sabiq baş nazir müavini Abbas Abbasov, Avropada yaşayan Qənimət Zahid və
Fuad Qəhrəmanlı barədə
qiyabi həbs qərarı çıxarılıb.
Göründüyü kimi, akademik Salayev kimi həmkarı Mehdiyev də müxalifətlə işbirliyində
ittiham olunub. Mehdiyev Rusiyadakı dostlarına “Dövlət
Şurası” yaratmağı
təklif edib. Lakin onun da dövlət çevrilişinə cəhdi
qeyri-akademik oldu. Beləliklə, təcrübə
göstərir ki, bir
alim, bir elm adamı yalnız öz sahəsində çevriliş
etməlidir...
Emil
SALAMOĞLU,
Yeni Müsavat.- 2026.- 18-24 fevral,
¹7.- S.7.