Susmaz duyğular...

 

“Cəfər Cabbarlı öz zəngin  yaradıcılığı ilə dünya dramaturgiyası  zirvəsinə yüksələn dahi sənətkardır”.

Heydər Əliyev

 

Bu günlərdə Rəşid Behbudov adına Mahnı teatrında  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, C. Cabbarlı ev muzeyi, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi, “Könüllülər” Kitabxana İctimai birliyi, Mədəniyyət TV-nin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının klassiki, dahi dramaturq, şair, nasir ictimai xadim, Türk dünyasının ustad sənətkarı Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

Tədbir daim sənətə, sənətkara, ədəbiyyata, mədəniyyətə, incəsənətə böyük dəyər verən respublika Prezidenti, zati-aliləri, cənab İlham Əliyevin bu böyük ədibin anadan olmasının 120 illiyinin keçirilməsi ilə bağlı 2018-ci il dekabrın 17-də imzaladığı Sərəncam çərçivəsində həyata keçirilmişdir.

Tədbir Səxavət Məmmədovun ifasında “Azad bir quşdum” mahnısının sədası ilə Cəfər Cabbarlının kadrlarının nümayişi ilə başlanılmışdır.

Tədbir giriş sözü ilə açan Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə tədbirin əhəmiyyətindən söz açaraq,görkəmli dramaturqunn həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs etmişdir. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarından olmaqla klassik ədəbi irs zəminində yetişən ədib kimi milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilikmüasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir.Natiq vurğulamışdır ki, baharda dünyaya göz açdığından bahar oğlu adlandırılan Cəfər özü ilə sənət aləminə solmaz əbədi bir bahar təravət, bahar nəfəsi gətirmişdir. gətirmişdi. 35 illik qısa ömründə yaratdıqları isə bir neçə ömrə sığacaq qədər oldu. Heç bir yaradıcı şəxs 18 yaşında Cabbarlı qədər sənətin və şöhrətin zirvəsinə yüksələ bilməmişdir. Cəfər Cabbarlı başdan-ayağa türkçü idi. Çünki, onun damarlarında türk qanı axırdı.Bu səbəbdəndir ki, onun yaradıcılığında türkçülük,turançılıq ideologiyası üstünlük təşkil edirdi.Bir sözlə,Cabbarlının  yaratdıqları neçə-neçə  nəslin mənəvi sərvətinə çevrilmişdir. Çünki, o dünən də müasir idi, bu günmüasirdir, sabah da müasir olacaq.

 “Ana” və “Ana vətən”. Bu ikisi Cabbarlı üçün dünyada ən ülvi, ən müqqədəs varlıq olub. Bu məhəbbət Cabbarlı həyatının silinməz, parlaq səhifələri olub. Öz doğma anasını dərin məhəbbətlə sevən Cəfər ümumilikdə bütün analara hörmət və ehtiram göstərərək, onları bəşəriyyətin yaradıcısı kimi ucaldıb.           Qoynunda doğulduğu, böyüdüyü, yaşadığı doğma vətənlə Ana qoynu arasında heç bir fərq bilmədən, yolunda hər an qurban getməyə hazır olan Cabbarlı “Ana ”,“Vətən” kəlmələrinin vəhtətindən “Ana Vətən” şerini yaradıb. Müasir ədəbiyyat tarixində bu şeirin məzmun və təsiri analoqsuzdur. Bu şeir Azərbaycan ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir.                                                                                

Cabbarlı şair, nasir, dramaturq, rejisor, ssenarist.teatrşunas, jurnalist, tərcüməçi, musiqi biliçisi. Bu siyahını artırmaq da olar. O, çox şaxəli yaradıcılığı ilə səhnəmizə böyük bir aktiyor nəsli, dilimizə yeni sözlər, yeni adlar, kino salnaməmizə Azərbaycan nəfəsi gətirib.Milli teatr kino tariximizi yad nəfəslərdən qoruyub. ən nəhayyət, o öz yaradıcılığı, şəxsiyyəti ilə neçə-neçə sənətkarın ilham mənbəyinə çevrilib.

Cabbarlı qəhrəmanlarının, hətta tiplərinin sözləri bu gün qəlbimizdə zərb məsələ çevrilib. Bu fikirlər o qədər müdrik, o qədər təbiidir ki, bəzən bunların ilkin mənbəyi-müəllifinin kim olduğu da unudulur,  folklora çevrilir. “Ah, qurban olum Məhəmmədin şəriətinə”, “Hər binanın bir ustadı var,  ya yox?”, “Mən bu saat sübutalnı-dokumentalnı hər şeyi başa salaram”, “Qoc döyüşünə aslan pəncəsi gərəkdir”,  “Orada hər şey süni, fəqət mənim qəlbim, o ki, süni deyil!”,  “Atan kazaklardır”,  “ Xoş, gördük köhnə dostlar, siz hələ sağmısınız?”... Bu siyahını artırmaq  da olar.

Bu gün C.Cabbarlının vaxtilə arzuladığı çox gözəl bir dövranda yaşayırıq. Doğma respublikamız, paytaxtımız gülüstana, laləzərə çevrilib. Həyatımızın bütün sahələrində tərəqqi, yenilik müşahidə olunmaqdadır.   Xalqımız azad, firəvan, xoşbəxt gələcəyə inamla irəliləyir. Bu bir həqiqətdir.Bu bir gerçəklikdir.  Unudulmaz Cəfərin “Firuzə” hekayəsinin qəhrəmanı vaxtilə, Bakının günü-gündən artan gözəlliyinin qarşısında beləcə heyrətlənmişdi. Bu gün biz Sizinlə həqiqətən, çox sürətlə dəyişən, müasir tipli xiyabanlar, parklar, abidələr, fəvvarələr şəhərinə çevrilən, İslam mədəniyyət mərkəzinə çevrilən bir diyarda yaşayırıq.

1828-ci ildə İranla Rusiya arasında imzalanmış Türkmənçay müqaviləsi ilə Azərbaycan 2-yə bölündü. Bu müqavilə Azərbycan xalqının ürəyində sağalmaz yaraya çevrildi. Cənub mövzusu ədiblərimizin əsərlərində ürək ağrısı ilə təsvir edildi. Bəlkə çoxumuz bilmirdik ki, digər ədiblər kimi Cabbarlı da yaradıcılığında bu mövzuya üz tutaraq o, da  “Araz”ı suçlayıb:

Araz, çəkil aradan, qovuşsun Azərbaycan!

Araz, söylə üçün, sən yol saldın buradan?

Yoxsa qorxdun azadlıq, gəlib keçsin oradan?!

Ya ki, Azər yurduna, salam etsin Savalan.

Araz, rədd ol aradan, bir olsun Azərbaycan!

 

Kimdir səni yaradan?

Böldün böyük Vətəni,

Araz, böylə aradan.

C.Cabbarlı əsl türkçü idi. Əsərlərində dönə-dönə, sevə-sevə türkçülüyü vəsf edirdi. Bu, onun həm əslən türklüyündən, həm türk sevdalı olmasından irəli gəlirdi. Təsəvvür edin ki, o bir- birinin ardınca üç pyesini məhz, osmanlı türk tarixinə, türkün şanlı qəhrəmanlıq tarixinə, mücadiləsinə həsr edib. Özü , elə ustalıqla ki, Nuru Paşa demişkən, sanki hadisələrin iştirakçısı olub.

Türkiyə Cümhuriyyətinin yaradılmasınını alqışlayan ədib həttda qanlı Sovet rejimi dönəmində belə, ömrünün sonuna qədər ona olan sevgisini gizlətmirdi. O, türk əsgəri marşını da bu sevgidən yazmışdı.

 

Türk sağ ikən yurduna əl toxunmaz,

Ölsə zəncir daşınmaz qul olmaz.

Alaram mizrağı bir türk kimi,

Qalxan çəkərəm mən!

Tutduğum haqq yoludur,

Qan tökərəm, can verərəm mən.

Atılın bombalarım,

Qandır, oddur təməli,

Böyük Turan- Vətənim!

Ölkə mənim, vətən mənim, yurd mənim

Marş irəli, marş irəli əskərim.

 

Osmanlı türklərinin tarixi mücadiləsinə həsr edilən “Ulduz ya Trablis müharibəsi”, “Ədirnə fəthi” əsərləri öz ideya tutumu ilə Azərbaycan Türkiyə ədəbi-mədəni əlaqələri tarixində, milli dramaturgiyamızda, türkçülük, Azərbaycançılıq istiqlal ideyalarının inkişafında əvəzsiz, əhəmiyyətli rolu olan ədəbi örnəklər hesab edilir.                                                                         

Cəfər Cabbarlının əsərləri bədii sənətkarlıq məziyyətləri, güclü xarakterlər, müsbət mənfi obrazlar silsiləsi, romantik, emosional, eyni zamanda, canlı, koloritli obrazlı dili ilə seçilir. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə, coşqun ictimai ədəbi fəaliyyəti ilə seçilən ən parlaq simalardan olub. Müstəqil dövlətin yaranmasını ruh yüksəkliyi ilə qarşılayan ədib “Sevdiyim” “Azərbaycan bayrağına” adlı iki şeirini müstəqil Azərbaycanın milli bayrağına həsr edib.

Cabbarlının istiqlal dövründə yazdığı şerlərdə milli azadlıq, Azərbaycanın müstəqilliyi, türkləşmək, islamlaşmaq müasirləşmək, hətta turançılıq ideyaları tərənnüm edilirdi.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov deyib ki, ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq C.Cabbarlı yaratdığı güclü xarakterlər koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr bəxş edib. Qeyd edib ki, unudulmaz yazıçı şəxsiyyət azadlığının humanizmin, milli azadlıq istiqlal ideallarının tərənnümçüsü olmaqla, çoxcəhətli ədəbi ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb. C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən söz açan akademik bildirib ki, yazıçının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. C.Cabbarlı yaradıcılığı həm yüksək bədii səviyyəsi, həm ideya-məzmunu ilə hər zaman dəyərini aktuallığını qoruyub saxlayıb.

Prezident təqaüdçüsü, şair, əməkdar müəllim,”Şöhrət” ordenli Ofelya Babayeva, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin Mədəniyyət məsələləri üzrə müşaviri İrfan Çiftçi Cabbarlının yaradıcılıq məziyyətlərindən, Türk dünyasında, eləcə bütövlükdə bəşəriyyət üçün rolundan söz açdılar.

C.Cabbarlı adına İrəvan Azərbaycan  Dövlət Dram teatrının aktyorlarının ifasında  ədibin “Oqtay Eloğlu” pyesindən Qafar Əsgərzadənin ssenarisi ilə hazırlanmış “Nuri paşa ilə C.Cabbarlının görüşü”ndən kiçik səhnəciklər nümayiş etdirildi.

Xalq artisti Əli Nurun ifasında “Ədirnə fəthi” əsərində Mustafa Paşanın monoloqu tamaşaçılara xüsusi zövq verdi.

Akademik Milli teatrın aktyoru, əməkdar artist Anar Heybətovun ifasında “Ana”, Bakı Bələdiyyə teatrının aktyorları Toğrul Rzanın ifasında “Azərbaycan bayrağına”,Ülviyyə Rzanın ifasında “Ey dan ulduzu”, Q.Əsgərzadənin ifasında “Məhkum Şərqə” , gənc qiraətçilər Nazan Babayevanın ifasında  “Mən bir susmaz duyğuyam ki..”, Ziya Bayravun ifasında “Turan ellərinə salam söyləyin” şerləri tamaşıçılar tərəfindən maraqla qarşılandı.

Xalq artist Adil Bağırovun rəhbərliyi ilə Ə.Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının müşayiəti müğənnilər Rövşən Əziz Səbinə Ərəblinin, eləcə əməkdar artistlər Anar Şuşalı, Səxavət Məmmədov,Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Vüsal Hacıyev, Nicat Cəfərzadə, xanəndə Hüseyn Məlikovun digərlərinin ifaları tədbirə xüsusi rəng qatdı.

 

Qafar Əsgərzadə,

Əməkdar Jurnalist,

Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent

 

Yeni Təfəkkür.- 2019.- 13 dekabr.- S.4.