Musiqi məbədgahının
mehrabı
Bu sözlərin ünvanı hamının
tanıdığı, sənətinə, şəxsiyyətinə
hörmət bəslədiyi dünya şöhrətli
müğənni, dahi sənətkar SSRİ xalq artisti Zeynəb
Xanlarovadır.
Azərbaycan tarixində adlarını qızıl hərflərlə həkk edən bir neçə qadın vardır ki, onlardan biri də məhz, Zeynəb Xanlarovadır. Bu qadını xarakterizə edən üç meyar var: sənət, şəxsiyyət, mərdlik. Bəli, bu belədir. O, sənətdə necə zirvədədirsə, şəxsiyyət kimi də yüksəklikdədir. Çəkinmədən daim haqq sözünü deyən, ədalətsizliklə barışmayan, sözü yerli-yerində deyən mərd azərbaycanlı qadınıdır.
Sərhədləri dəmir tikanlı məftillərlə əhatə olunmuş keçmiş SSRİ dövründə ötən əsrin 60-cı illərindən başlayaraq müstəqillik qazandığımız günə kimi Zeynəb Xanlarova ifa etdiyi mahnılarında Azərbaycan adını dünyaya tanıtdırdı. Muğam üstə oxuduğu qəzəlləri və şeirləri ilə Azərbaycan xalqının qəhrəmanlığını, qeyrətini, mərdliyini, ölkəmizin füsunkar təbiətini ustalıqla milyonlara çatdırdı. Konsertinə xarici ölkələrdə yaşıyan azərbaycanlıları da cəlb etməklə, onların evini ziyarət etməklə, əslində onlara həm Azərbaycan həqiqətlərini, həm onların müstəqillik, hürr yaşamaq arzularını çatdırır, həm də bir növ diaspora rəhbəri rolunu oynayırdı.
Asəf Zeynallı adına musiqi texnikumunda böyük ustad sənətkar Seyid Şuşinsikinin məktəbində musiqi ifaçılığı sənətinin, muğamımızın sirlərinə vaqe olaraq öz məlahətli, təkrarsız, şirin, həlim, yeri gələndə zil səsi ilə o, səhnədə, efirdə zirvələr fəth elədi, xarüqələr yaratdı. Haqlı olaraq SSRİ Xalq rəssamı Mikayıl Abdullayev Zeynəb xanım haqqında söz açarkən deyirdi: “Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyəti tarixində bir mərhələdir”.
Zeynəb Xanlarova Azərbaycan səhnəsinə yenilik gətirdi. İfa edərkən şuxluq, ritmiklik, canlandırma, oynaqlıq onu digər müasirlərindən fərqləndirdi. O, səhnədə heç kimi təqlid etmədi, təkrarlamadı, heç kimə bənzəmədi. Özünün əbədi yolunu cızdı ki, uzun onilliklər, elə bu günün özündə də neçə-neçə müğənni və xanəndə nəslinə örnək oldu, məktəb oldu. O, özünün Leylisi, Əslisi ilə ölməzlik ifasını qazandı.
Ötən əsrdə Bakı şəhərində baş vermiş 20 yanvar faciəsində mərdik nümunəsi göstərən Zeynəb xanım xalqının o ağır günündə onun yanında oldu. Şəhidlər ağısı ilə Sovet hökümətinə üsyan etdi, Azadlıq meydanında bu qətliamı törədən Mixayil Qorbaçova “ölüm” -deyə meydan oxudu. Bu o vaxt idi ki, Zeynəb Xanlarovaya Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməsi haqqında fərman imzalanması üçün M.Qorbaçovun masasında idi. Buna baxmayaraq, Zeynəb xanım öz xalqını seçdi.
20 Yanvar faciəsi ilə bağlı 1990-cı il yanvarın 22-də Azərbaycan SSR Ali Sovetinin keçirilən fövqəladə sessiyasında bir çox kişi deputatların qorxudan sessiyaya qatılmadıqları halda Zeynəb Xanlarova digər fədakar deputatlarla birgə sessiyada çıxış edərək, öz etiraz səsini qaldırdı, qəbul edilən kəsərli, tarixi qərara səs verdi. Həmin sessiyanın videolentə alınıb, gələcək nəslə çatdırılmasında məhz Zeynəb xanımın sayəsində mümkün olmuşdur. Belə ki, həmin tarixi sessiya Zeynəb xanımı çox çətinliklə Ali Sovetə gətirdiyi şəxsi videokamerasının hesabına videolentə alınmışdır.
O, 89 illik həyatının çoxunu Azərbaycan xalqının rifahı naminə, mədəniyyətinin inkişafı naminə həsr edən, saysız orden, medallara layiq görülüb. 30 ildən artıq parlamentdə millət vəkili kimi məhsuldar fəaliyyət göstərib. Şərqin ulduzu titulunu qazanan Zeynəb Xanlarovanın yeganə ən ali titulu “Azərbaycan xalqının Zeynəbi” fəxri adıdır. Çünki, xalq onu sevir, daim hörmət və ehtiramını göstərir.
Zeynəb xanım nə qədər böyük titullar, mükafatlar sahibi olsa da, o, heç bir zaman sadəliyini, səmimiliyini itirmədi. O, biriya, saxta, pedant olmadı. Sözün əsl mənasında xalqının Zeynəbi oldu. O, daim doğulub, boya-başa çatdığı Bakının məşhur Dağlı məhəlləsi ilə fəxr elədi. Həm də o, bu gün özünün suverenliyini Azərbaycanın bütün ərazisində bərpa edən bütöv Azərbaycanla fəxr edir. Bu səadəti, bu qalibiyyəti bizə bəxş edən Ali Baş Komandan, Respublika Prezidenti cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, mərd və cəsur, qəhrəman oğullarımıza daim öz minnətdarlığını, həmçinin bir sənətkar, bir ana alqışını bildirir...
Zaman-zaman Zeynəb xanımın sənəti, səsi, qazandığı uğurlar, ondakı qeyrət və s. Azərbaycanın söz ustadlarının, qələm sahiblərinin serlərində, yazılarında öz əksini tapıb. Elə mən özüm də onun haqqında yazılar yazmışam. Lakin, bu gün məhz söz sərraflarımızın Zeynəb Xanlarovaya həsr etdiyi sənət nümunələrindən bəzi parçaları hörmətli oxucularıma təqdim etmək istəyirəm. Zeynəb Xanlarovanın repertuarında daim xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin şeirlərinə yazılmış mahnılarına və muğam üstə oxuduğu qəzəllərə rast gəlirik. Öz növbəsində S.Rüstəm daim Zeynəb xanımın sənətinə yüksək qiymət verirdi. Yurdunun, millətinin ağ gününü görməyəni daim qələminin gücü ilə tənqid atəşinə tutan S.Rüstəm illərdir, Zeynəb xanımın ürəklərə məlhəm gətirən səsi, pərəstişkarlarına sevinc payladığı ürək sözü, xoş nəfəsi ilə könül rübabının telini vəcdə gətirən, doğma vətənini uzaq-uzaq ellərdə tanıtdıran dünya şöhrətli müğənnini öz şeirində belə təsvir edir:
Günəşə qədərdir eşqin, vüqarın,
Şeirdir, nəğmədir sərvətin, varın,
Sönməz od nəfəsin yad mahnıların
Havaya sovurur külünü, Zeynəb!
Coşduqca
cəh-cəhin dalğalar kimi,
Gülür
dodaqların ilk bahar kimi,
Xalqınla
keçirdin sənətkar kimi
Gününü,
ayını, ilini Zeynəb.
Sən ey
hər millətin əziz qonağı,
Solmaz
ilhamımın mahnılar bağı
Böyük
məhəbbətlə qardaşsayağı,
Öpürəm
göyərçin əlini Zeynəb!
El
anası kimi tanınan, “ürəyimdə bir həsrətin qəmi
var” – deyən, hər zaman həyatsevər qələm
ustadımız xalq şairi Mirvarid Dilbazi də Zeynəb xanımın səsinin, sənətinin
vurğunu, pərəstişkarı idi. O, kövrək-kövrək
oxuduqca ürəklərə od salan, nəğmələri
ilə tamaşaçıları ovsunlayan, ecazkar səsi ilə
nəğmələrə, şeirlərə dönərək
könüllərdə məşəl kimi yanan, şölələnən
Zeynəb xanımı belə təsvir edir:
Bir
bülbülsən gül bağında,
Söz
gül açır dodağında.
Min millətin
torpağında
Özü
nəğmə olan Zeynəb!
Hərdən
odlu, hərdən sərin,
Oxuyanda
şirin-şirin.
Əfsunuyla
nəğmələrin
Canımızı
alan Zeynəb!
Sənə
oyun da yaraşır,
Oyna, boyun
da yaraşır,
Şöhrətin
sərhədlər aşır,
Ürəklərə
calan, Zeynəb!
Zeynəb
Xanlarava daim repertuarında gözəl qəlbli ruh şairimiz
Ələkbər Ziyatayın şeirlərinə
yazılmış mahnılara, qəzəllərə də
geniş yer ayırıb. Onların arasında
“Olmalıydın, olmadın”, “Sənsən sən”, “Qəlbim
gəl deyir”, “Azərbaycanım mənim”, “Səninləyəm”,
“Dilim-dilim ol, dilim” mahnıları çox populyarlıq
qazanıb. Müğənni ilə şair arasında
çox möhkəm dostluq və sənət əlaqələri
olub. “Mehri – ülfətdir şüarım, mən azərbaycanlıyam”
- deyən Ə.Ziyatay Zeynəb
xanımı həm də bəhruz xəyallı bir rəssama
bənzədirdi. Şair Zeynəb xanımı elimizin saf məhəbbəti,
yurdumuzun şux təbiəti, yüz sehrli nəğmə,
Göygöldən axar ağ su, baharın öz qızı və
öz səsi kimi böyük şövqlə təsvir edir,
onu sənət tacı adlandırırdı:
Nəğmə
onun üçün bir kainatdır,
Nəğmə
onun üçün qoldur qanaddır;
Nəğmə
onun üçün əsl həyatdır.
Nəğməsiz
heç belə coşarmı Zeynəb,
Nəğməsiz
dünyada yaşarmı Zeynəb?!
Məhsəti
qüdrəti var nəğməsində,
Natəvan
həsrəti var nəğməsində,
Həcərin
qeyrəti var nəğməsində...
Doğma
xalqdan alıb gücünü Zeynəb,
Daşıyır
öz sənət tacını Zeynəb!
Uşaqlıqdan
Zeynəb xanımın mahnıları ilə böyüyən,
bu ölməz sənətkarın ecazkar səsinə vurulan,
onu özünün gələcək sənət yoluna,
müğənniliyə sövq edən tanınmış
müğənni, əməkdar artist Ədilə Nəzərli-Əflaki
ilk sənət müəlliminin məhz, Zeynəb xanım
olduğunu daim dilə gətirir. Onun valideynləri Zeynəb
xanımla bir məhəllədə yaşayıb. Ona olan
sevgisi də məhz oradan qaynaqlanıb. Ədilə xanım
repertuarına daim Zeynəb Xanlarovanın oxuduğu
mahnıları daxil edib, Zeynəb xanımı səhnə
ümmanında bir atəşə bənzədən Ədilə
xanım qəlblər ilahəsi olan dahi sənətkarımıza
həsr etdiyi “Mənim Zeynəbim” adlı şeirində
özü, sözü gözəl olan, ucadan-uca, vətənimizin
mərd qızı Zeynəb xanımı belə vəsf edir:
Torpağa
bağlıdır nəfəsi canı,
Dünyaya
tanıtdı Azərbaycanı.
Əvəzsiz
ifası “Cahargah”ının
Möhrünü
vurubdur, mənim Zeynəbim.
Əlçatmaz
zirvəsən musiqimizə,
Böyük
məktəb oldun hər birimizə.
“Millət
vəkili” tək məclisimizə,
Doğru
yol göstərən mənim Zeynəbim.
Səsi
gur şəlalə, sözləri “almaz”,
“Ana”
varlığına laqeyd qalmaz.
Xalqına
xidməti, bu da danılmaz
Zinəti
özündən, mənim Zeynəbim.
Bəli,
iki əsrin, iki minilliyin möcüzəsi sayılan, öz
ecazkar, möhtəşəm, zövq oxşayan,
tamaşaçılarını musiqi dünyasının
sehrinə aparan, səsi ilə ürəkləri riqqətə
gətirən Zeynəb Xanlarova haqqında çox deyilib,
çox yazılıb və bu davam edəcəkdir. Onun
haqqında cild-cild kitablar çıxacaq, filmlər çəkiləcək,
məqalələr yazılacaq, dissertasiya işləri
müdafiə olunacaq. Zeynəb Xanlarovanın
yaradıcılığı bir ümmandır ki, bu gün bu
qısa yazımda onun yalnız bir neçə damlası
haqqında söz açdım.
Xoşbəxtliyin,
bəxtəvərliyin bir rəmzidir Zeynəb xanım, elə
deyilmi? O, bütün bunlara görə, sənətin zirvələrinə
çatdığına görə xalqına minnətdarlığını
daim dilə gətirir və bu hisslərini özünün də
çox sevdiyi və şeirlərinə bəstələnmiş
mahnıları sevə-sevə oxuduğu böyük
Mikayıl Müşfiqin aşağıdakı misraları ilə
ifadə edir:
Xəlqilə
titrəyən, xəlqilə gülən,
Vətənçün
yaşayan, vətənçün ölən,
Səmimi
bir insan nə bəxtiyardır.
Bu gün
də Zeynəb xanım gənclik həvəsilə, gənclik
şövqü ilə oxuyur, yeni mahnıları ilə onu sevənlərin
qəlbinə sevinc toxumu səpir. Bu arada qısa düzəlişlə
xalq şairi Səməd Vurğunun sözləri ilə bu günki yazıma nöqtə
qoyuram. “Oxu Zeynəb, oxu Zeynəb qoy səsin, ürəklərdə
kaman kimi titrəsin”.
Qafar Əsgərzadə
Əməkdar
jurnalist,
Pedoqogika
üzrə fəlsəfə doktoru, dosent.
Yeni
Təfəkkür.- 2025.- 26 sentyabr, ¹18.- S.4.