Ruhumuzu ovudan, çağladan və təmizləyən səs

 

Mən çox kövrək adamam. Birini fikirli, ağlayan görəndə çalışıram ki, hansı yollasa ona əlimdəm gələn köməyi göstərim, onu nigaran, gözüyaşlı qoymayım

 

Mahir qaboy ustası, xalq artisti Kamil Cəlilovun çaldığı muğamları, ritmləri həyəcansız dinləmək olmur. Çünki Kamil nəfəsi ona qulaq kəsilən hər kəsi qoynuna alıb dünyanı dolandırır, onun faniliyini dönə-dönə yada salır, ruhunu təmizləyir, duyğular selində yuyur, saflaşdırır. Bütün bunlara görə Kamil Cəlilov sənəti əvəzsizdir...

- Kamil müəllim, istərdik ki, söhbətin əvvəlində oxuculara özünüz haqda danışasınız.

- Mən Xəzərin sahilində, Buzovna kəndində dünyaya gəlmişəm. Uşaqlığım da orada keçib. Şəhərdə də mənzilimiz olub. Orta təhsilimi Bakıdakı 176 saylı məktəbdə almışam. Eyni zamanda 1 saylı musiqi məktəbində oxumuşam. Orta məktəbdə müxtəlif tədbirlərdə qarmon və nağara çalar, şənlikləri yola verərdim. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirdim.

Mənim qəlbimdə sənətə, sözə sevgini rəhmətlik atam oyadıb. O, fəhlə olsa da sinədəftər idi, muğamlarımızı yaxşı bilirdi. Arabir Füzulidən, Seyid Əzimdən, Vahiddən seçmə qəzəllər deyər, pəsdən oxuyardı.

- Səhv etmiriksə, siz əvvəllər müxtəlif ansambllarda nağara və qarmon çalmısınız.

- Bəli, Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olmuşam.

 

Çoxları istədilər qaboy çalıb Kamil olsunlar, bacarmadılar...

 

- Bəs qaboyla dostluğunuz nə vaxtdan başlanıb?

- Konservatoriyada oxuyanda bizə dərs proqramına uyğun olaraq, qaboyda klassik bəstəkarların əsərlərini çalmağı öyrədirdilər. Amma mən hər dəfə qaboyu əlimə alanda ürəyimdən muğamlarımızı çalmaq keçirdi. Buna görə də boş vaxtlarımda sinfə tək girib, qaboyda muğam çalmağa çalışırdım. Doğrusu, çox əziyyət çəkirdim. Çünki qaboy mürəkkəb alətdir, simfonik orkestr üçün nəzərdə tutulub. Bizdə də qaboy həmişə orkestrdə çalınıb. Lakin mən öz fikrimdə israrlı idim. Bir müddətdən sonra hiss etdim ki, qaboyun səsi məni çəkir. Başa düşdüm ki, istəyimə nail olacağam. O vaxtdan qaboy məni sehrləyib, onun cazibəsindən çıxa bilmirəm. Əlimə alan kimi, sanki, bu dünyadan ayrılıram...

Bir gün qapı qəfil açıldı, konservatoriyanın müəllimi Əhməd Bakıxanov içəri girdi. Mən onu görüb dayandım. O isə dedi ki, çal oğlum, gözəl çalırsan, sən mənim çoxdankı arzumu gerçəkləşdirdin. Onu da deyim ki, mən nəinki respublikamızda, eləcə də Şərqdə muğamların qaboyla ilk ifaçısıyam.

- İndiyədək qaboyla hansı muğamları, ritmləri çalmısınız?

- Doqquz-on muğamı ifa eləmişəm. Məsələn, Bayatı-Kürd, Segah, Zəminxarə, Bayatı-Şiraz, Rahab, Zabul, Humayun ritmik muğamlardan Qarabağ şikəstəsini çalmışam. Çoxlu sayda xalq bəstəkar mahnılarını da buraya əlavə etsək, görün qədər olur. Hamısı da televiziya radioda lentlərdədir.

Allahın köməkliyi ilə çox şeyə nail olmuşam.

- Kamil müəllim, artıq yaşlanmısınız. İndi qaboy çalanda yorulmursunuz ki?

- Yetmişi keçmişəm. Ancaq yenə öz sənətimlə məşğulam. Əlbəttə, yorulan vaxtım olur. Çünki qaboy çalmaq nəfəs istəyir. Bu, tar, qarmon, nağara deyil ki... İnanın ki, yol gedəndə, bağda-bağçada gəzəndə, hansı məclisdəsə oturanda da öz sənətimlə bağlı fikirləşirəm. Düşünürəm ki, yeni çalacağım muğamı, ritmləri xırdalıqlarına qədər gərək elə ifa edim ki, ürəklərdə yaşasın, məndən xalqa yadigar qalsın.

- Digər musiqi alətlərini çalan sənətkarlarımız çoxdur. Ancaq sizdən başqa qaboyçumuz yoxdur. Bu ilə bağlıdır?

- Bayaq dediyim kimi, qaboy çox mürəkkəb alətdir. Onunla ifanı öyrənmək böyük hövsələ, gərgin zəhmət tələb edir. Milli havalarımızı, muğamlarımızı çalmaq isə qat-qat çətindir. Qaboy çalmaq həvəsində olanlar çox olub, ancaq bir müddətdən sonra fikirlərindən daşınıblar. Gözəl xanəndəmiz Əlibaba Məmmədov mənimlə bağlı çəkilən sənədli filmdə belə bir fikir söyləyib: Çoxları istədilər ki, qaboy çalıb Kamil olsunlar, bacarmadılar, Kamil yenə tək qaldı.

- Bəlkə, siz alətin özündə bir dəyişiklik etmisiniz?

- Etməsəydim, sinfonik orkestrdə çalınan qaboyla milli havalarımızı, muğamlarımızı ifa etmək mümkün olmazdı.

 

İnsan gərək xeyirxah olsun

 

- Kamil müəllim, çalğılarınıza qulaq asanda adam kövrəlir, hətta bəzən doluxsunur... Bu ifalar sizin ürəyinizdə, beyninizdə bişib dodaqlarınıza axır. Yəqin ki, qaboy çalarkən sizin gözlərinizin dolduğu anlar az olmayıb.

- O qədər olub ki... Mən çox kövrək adamam. Birini fikirli, ağlayan görəndə çalışıram ki, hansı yollasa ona əlimdəm gələn köməyi göstərim, onu nigaran, gözüyaşlı qoymayım. Tək insanlara yox, heyvanlara, ağaca, gülə-çiçəyə yazığım gəlir. Axı onları da Allah yaradıb. Məsələn, görmüşəm ki, keçəcəyim yolun kənarındakı gölməçədən quş su içir, dayanıb gözləmişəm, narahat etməmişəm. Çalğılarımdakı kövrəklik , təbii ki, bununla bağlıdır.

- Deyəsən, dindar adamsınız...

- Bəli. Mən Həcc ziyarətində olmuşam. Namaz qılır, oruc tuturam. Həmişə vətənimiz, xalqımız üçün dualar edirəm.

- Evdə yenə məşqlər edirsiniz?

- Əlbəttə, eləyirəm. Məşqsiz olmaz ki...

- Qonşular narazılıq eləmirlər ki?

-Yox, öyrəşiblər. Bəziləri bir neçə gün qaboyun səsini eşitməyəndə maraqlanır ki, görəsən Kamil müəllim niyə çalmır?

- Evdə, ya İncəsənət Gimnaziyasında dərs demirsiniz ki?

-Yox. Gimnaziyada dərs deyirdim, indi demirəm. Çünki məktəbdə alət yoxdur, olsaydı yenə başlamaq olardı...

 

Bir dəfə Dan ulduzu ilə İtaliyada

 

- Uzun illər Dan ulduzunun solisti olmusunuz. Bu ansambldakı fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Səhv eləmirəmsə, 1968-ci il idi. Bir gün Əhsən müəllimin tapşırığı ilə Bayatı-Kürd muğamını lentə yazdırmalı idim. Gözəl musiqiçimiz Gülarə xanım Əliyevanı onun yanında gördüm. Mən Bayatı-Kürdu ifa edəndə o da qulaq asdı çalğımı çox bəyəndi. Bir müddət sonra Gülarə xanımın təklifi ilə ansambl yaratmaq qərarına gəldik. Dan ulduzu Şərq Qərb musiqi alətlərinin sintezi idi. Ansambl qısa müddətdə gözəl repertuar yaratdı şöhrət qazandı. Çox ölkələrdə qastrol səfərlərində olduq. Dan ulduzu özü ilə bərabər məni şöhrətləndirdi.

- Yəqin ki, xarici səfərlər zamanı unuda bilmədiyiniz hadisələr olub. Mümkünsə, belə olaylardan birini danışın.

- Çox olub... Məsələn, bir dəfə Dan ulduzu ilə İtaliyaya qastrola getmişdik. Konsertlərimiz çox maraqla qarşılanırdı. Mən arabir qaboyla mahnıya uyğun solo çalırdım. Konsertlərin birində Gülarə xanım dedi ki, Kamil, axırda çıxıb bir muğam çalarsan, qoy bizim musiqinin gözəlliyini eşitsinlər. Mən isə dedim ki, bunlar muğamatı başa düşəcəklər? Ancaq Gülarə xanımın sözünə əməl etdim. Əvvəlcə Küçələrə su səpmişəm xalq mahnısını çaldım, keçdim Bayatı-Şiraza, dalınca da Bayatı-İsfahanı ifa elədim. Zəngulələri eləyəndə zaldan bir alqışlar qopdu ki, məəttəl qaldım. Sən demə, dinləyicilər arasında çoxlu türklər, cənublu soydaşlarımız varmış. Alqışlar bitəndən sonra səhnəyə bir kişi qalxdı. Yanıma gəlib dedi ki, mən neçə illərdi konservatoriyada qaboy ifaçılığına aid dərs deyirəm, ancaq heç vaxt belə səslər eşitməmişəm, siz buna necə nail olmusunuz? Bunun notu var sizdə? Sonra o, mənim qaboyumu alıb diqqətlə baxdı. Mən dedim ki, notu yoxdur, bu, bizim milli muğamlarımızın inprovizasiyasıdı, ürəyimdən gələn səslərdi...

 

Azərbaycan təranələrini dinləyəndə elə bil zirvədə dayanıb Azərbaycanı seyr edirəm

 

- Kamil müəllim, belə çıxır ki, siz not çalmırsınız, həmişə ürəyinizi çalırsınız.

-Lap notla çalsam da, həmin çalğını, belə demək olarsa, özümünkü edirəm, ora ürəyimi qoyuram, nəsə əlavə edirəm.

Ümumiyyətlə, yatanda da, yolda da nəyisə zümzümə edirəm. Bax, Azərbaycan təranələrini, Naxçıvan təranələrini mən yazmışam. İnanın, bu çalğıların hamısı mənə elə bil yuxuda verilib. Bu əsərlər rəhmətlik ulu öndərimiz Heydər Əliyevin çox xoşuna gəlirdi. Deyirdi ki, Cəlilov, sənin Azərbaycan təranələrini dinləyəndə elə bil Azərbaycanın xəritəsi gəlir gözlərim önünə. Elə bil zirvədə dayanıb Azərbaycanı seyr edirəm. O deyirdi ki, Kamil Cəlilov virtuoz, yaradıcı, novator sənətkardı. Bu sözlər mənim əməyimə verilən çox yüksək qiymətdir. Ümumiyyətlə, Heydər Əliyev həmişə mənim sənətimi yüksək qiymətləndirib.

 

Orta məktəbi bitirən yeniyetmə muğamları bir-birindən ayırmağı bacarmalıdır

 

- Kamil müəllim, bu gün orta məktəblərdə musiqi dərsləri keçirilir. Bir musiqiçi sənətkar kimi həmin dərslərin səviyyəsi sizi qane edirmi?

- Eləmir.

- Niyə eləmir?

- Mən istəyirəm ki, muğamlarımız orta məktəblərdə tədris edilsin. Məktəbi bitirən yeniyetmə, heç olmasa, muğamları bir-birindən ayırmağı bacarmalıdır. Axı muğam bizim mənəviyyatımızdır.

 

 

Səməd Məlikzadə

 

Zaman.- 2010.- 16-17 fevral.- S. 12.