Rusların tatar soyqırımı dəhşətləri (2)

 

Kazan xanlığı işğal edilən kimi İvan Qroznı müsəlman əhalinin xristianlaşdırılması üçün orada yeni kilsə mərkəzi- Yeparxiya yaratdı. 1555-ci ildə yaradılan bu Yeparxiyanın rəhbəri Quriya ordunun və xristian missionerlərin yardımı ilə tatarları və başqırdları xristianlaşdırmağa başladı. Kazanda dağıdılan məscidlərin yerindəkilsələr inşa edilir və eyni zamanda islamı xatırladan nə varsa məhv edilirdi. Bu yolla Kazan xanlığındakı müsəlmanlara zorla xristianlığı qəbuletdirməyə çalışırdılar.

Tatarlar düşmənə müqavimət göstərməkdə davam edirdilər. 1553-cü ildə Kazandan 70 verst (1 verst 1060 metrdir) aralıda olan Meşə cayı ətrafında Canseyid və Sarı Batırın başçılığı altında işğalçılara qarşı ilk üsyan baş verdi. Üsyançılar çay ətrafında Meşə-Tamak qalasını tikərək buradan işğalçılara zərbələr endirməyə başladılar. Sviyajask qalasından onlara qarşı cəza dəstələri göndərildi. Lakin üsyançılar B. Saltıkovun rəhbərlik etdiyi cəza dəstəsinin 200 nəfərini məhv etdilər, komandan da daxil olmaqla 200 nəfəri də əsir aldılar. Bunun ardınca Volqa çayının sağ sahilindəkı Çalım qalasında üsyan baş verdi. Üsyana Mamış-Berdi başçılıq edirdi. Üsyançılar Kazan xanlığının bərpa edildiyini bəyan edərək, hakimiyyətə keçmiş Kazan çariçası Suyumbəyin qardaşı Murza Əli Əkrəmi gətirdilər.

Üsyandan qorxuya düşən İvan Qroznı onlara qarşı D. Adaşevin komandanlığı altında 30 min nəfərlik əsgər göndərdi. Sonra knyaz S. Mikulinkinin, İ. Şeremetyevin, P Morozovun və A. Kurbskinin komandanlığı altında əlavə 40 min nəfərlik ordu da üsyançıların üzərinə göndərildi. Onlara bütün üsyançıları və yardımçı əhalini son nəfərinədək məhv etmək tapşırığı verilmişdi.

“Rusların cəza dəstələri yol üstündə qarşılarına çıxan hər şeyi məhv edirdilər. Onlar kənddən kəndə keçir, qarşılarına çıxan əhalinin hamısını ya yerindəcə öldürür, ya da əsir götürürdülər. Evləri yandırır, heyvanları müsadirə edir, özlərindən sonra canlı yaşaya bilməyəcək odlara qalanan kəndlər qoyurdular. 1553-1554-cü illərin qışında rus cəza dəstələri qızğın döyüşlərdən sonra üsyançıların Meşə çayı ətrafındakı qalasını ələ keçirərək yandırdılar. 6 min nəfər kişi, 15 min nəfər də qadın və uşaq əsir alındı”. ( M. Xudyakov,  “Oçerki po istorii Kazanskoqo xanstvo”)

1554-1556-cı illərdə Mamış Berdı üzərinə edilən hücumlar nəticəsində Çalım qalası alındı, döyüşlərdə Kazan xanı Əli Əkrəm öldürüldü. Savaşın həlledici anında üsyançılar sırasında ruslara qarşı döyüşən çuvaşlar Mamış Berdıya xəyanət edərək onu aldatdılar və ruslara təhvil verdilər. Üsyan rəhbəri Moskvada edam edildi.

Mamış Berdıdan sonra azadlıq mübarizəsinə Əhməd Batır rəhbərlik etmək istədi. O məğlub olan üsyançıları bir araya yığmaq və yenidən Kazan xanlığını bərpa etmək arzusunda idi. Lakin onun cəhdləri uğursuzluqla nəticələndi. Belə ki, qüvvələr bərabər deyildi və ruslarla ilk döyüşdəcə Əhməd Batır məğlub oldu və ələ keçirilərək edam edildi. Artıq Kazan xanlığının torpaqları ruslara paylanırdı. Bu məqsədlə bölgəyə Rusiyanın içərilərindən assimilyasiyaya uğradılan   ruslaşmış müxtəlif xalqlar

 

(o cümlədən türk kökənli fin-uqorlar) köçürülməyə başlandı.

 

Buna etiraz edən əhali 1572-1573-cü illərdə yenidən isyan qaldırdı. Üsyançıların əsas qüvvəsini Kazan xanlığının işğalı zamanı İvan Qroznının tərəfində vuruşan və sonralar bu yerdə məskunlaşan dağlı xalqları təşkil edirdilər. Minlərlə tatar və başqırd da üsyançılara qoşulmuşdular. Üsyançılar rus dəstələrinə ağır zərbələr vurdular. Bunu görən İvan Qroznı bölgəyə əlavə hərbi qüvvələr göndərməyə məcbur oldu. Ordu çətinliklə azadlıqları uğrunda ayağa qalxan dağlıların üsyanını yatırda bildi. On mindən artıq üsyançı edam edildi. Onların ailələri və uşaqları, təxminən 25 min nəfər qadın və uşaq xristianlığı qəbul etmək şərtilə ruslara qul kimi verildi.

Lakin üsyanlar davam etməkdə idi.1582-ci ildə Povoljyedə üsyanlar yenidən baş qaldırdı. Üsyançılara qarşı Moskvadan xüsusi cəza dəstələri göndərildi. Lakin onlar üsyanı yatırda bilmədilər. Üsyançılar yalnız 1584-cü ildə İvan Qroznı öləndən sonra müqaviməti dayandırdılar.  Onlar ümid edirdilər ki, çarın ölümü ilə vəziyyətləri yaxşılaşacaq. Lakin bu ümidlər özünü doğrultmadı. Buna görə də 1592-ci ildə Kazan xanlığında üsyanlar yenidən başladı. Amma çar hökuməti üsyanları amansızlıqla yatırdı.

Yeri gəlmişkən onu da deyək ki, Kazan xanlığı işğal edilən kimi İvan Qroznı müsəlman əhalinin xristianlaşdırılması üçün orada yeni kilsə mərkəzi- Yeparxiya yaratdı. 1555-ci ildə yaradılan bu Yeparxiyanın rəhbəri Quriya ordunun və xristian missionerlərin yardımı ilə tatarları və başqırdları xristianlaşdırmağa başladı. Kazanda dağıdılan məscidlərin yerində kilsələr inşa edilir və eyni zamanda islamı xatırladan nə varsa məhv edilirdi. Bu məqsədlə Kazandan 50 verst məsafədə yerləşən ərazidəki kəndlər, o cümlədən məscidlər də yerlə yeksan edildi, onların yerində isə kilsələr tikildi. Bu yolla Kazan xanlığındakı müsəlmanlara zorla xristianlığı qəbul etdirməyə çalışırdılar. Xristianlığı qəbul etməyən tatarları isə ya öldürür, ya da digər yerlərə sürgün edirdilər.

1593-cü ildə arxiyepiskop Qermoqen Çar Fyodor İvanoviçə  tatarların hələ də məscidlərdə öz dinlərinə sitayiş etməkdə olduğunu və bu səbəbdən də xristianlığı az adamın qəbul etdiyindən şikayətləndi. O, çıxış yolunu müsəlmanlar yaşayan bütün Kazan xanlığı, Povoljye, Ural və Sibirdəki məscidlərin yerlə yeksan edilməsində görürdü. Çar dərhal işğal edilən torpaqlardakı bütün məscidlərin dağıdılması barədə fərman imzaladı. Bu da yeni üsyanlara səbəb oldu 1606-1607-ci illərdə baş verən Bolotnikov üsyanının da əsas qüvvəsini tatarlar, başqırdlar və digər müsəlmanlar təşkil edirdilər. Bu üsyan da amansızcasına yatırıldı. Tatarların iradəsini hərbi yolla  qıra bilməyəcəyini anlayan hökumət bicliyə əl atmağa başladı. Onlar müxtəlif yollarla tatar zadəganlarını, murzaları ələ almağa başladılar. Hətta 1613-cü ildə keçirilən Zemskiy Sobora (parlamenti xatırladan qurum) Kazan xanlarının nəslindən olan adamları  da dəvət etdilər. Hətta formal şəkildə olsa da Rusiyanın taxt-tacına onlardan bəzilərinin namizədliyini belə irəli sürdülər. Amma Sobor yekdilliklə Mixail Romanovu çar seçdi. Bununla bağlı sənədi imzalayaraq onun çar olmasını təsdiq edən boyarlar arasında 7 nəfər Kazan xanının varisi  vardı.

 Bunun ardınca çar tatarların üzərinə əlavə vergilər qoydu və bu da yeni üsyanlara səbəb oldu. Üsyana Canqali Şuqurov (tarixçi Qubaydullinə görə onun familiyası Canməmmədov idi) rəhbərlik edirdi. Üsyançılar Kazana, Sarapula, Nijni Novqoroda, Arzamasa, Muroma və Sviyajska hücum etdilər. Amma üsyançılara qarşı ordu hissələri göndərildi. Qızğın döyüşlərdən sonra üsyan amansızcasına yatırıldı. Üsyana rəhbərlik edən Canqali ələ keçirildi və onu Kazanda qabırğalarından asaraq dəhşətli cəza ilə öldürdülər. Tarixdə Yenaliyev üsyanı adı ilə tanınan bu üsyan 1616-cı ildə qan içində yatırıldı. 1628-ci ildə çar tatar xanlarının (murza) təhkimçi kəndlilər üzərində olan hüquqlarını ləğv etdi. 1648-ci ildə verilən digər fərmanla isə qeyd edildi ki, murzalar yalnız xristianlığı qəbul etdikləri halda onların təhkimçi kəndlilər üzərində ağalıqları tanınacaq. Bundan sonra mal-mülklərindən məhrum olmaq istəməyən bəzi tatar murzaları xrisitianlığı qəbul etmək məcburiyyətində qaldılar. Buna baxmayaraq, tatarları üsyanları davam etməkdə idi. 1662-ci ildə onlar yenidən üsyan qaldırdılar və Çelninsk qarnizonunu məhv etdilər. Stepan Razinin üsyanı başlayanda üsyançılara dərhal tatarlar və başqırdlar dəstək verdilər. 1682-ci ildə tatarlar yenü üsyan qaldırdılar. Üsyana səbəb işğal altında olan ərazilərə rusların köçürülməsi və tatarlara məxsus torpaqların rus mülkədarlarına verilməsi idi. Üsyana Seyid Yaqafarov və Tülekey Batır rəhbərlik edirdilər. Üsyançılar 7 şəhəri ələ keçirdilər və Ufanı mühasirəyə aldılar. Onların sayı 30 min nəfər idi. Amma bu üsyan da qan içində yatırıldı.

Təəssüflər olsun ki, üsyana rəhbərlik edən Seyid Yaqafarovun taleyinin necə olması barədə məlumat yoxdur. Xalq arasında gəzən rəvayətlərə görə isə, rus cəlladları bu qəhrəman insanın əvvəlcə gözünü çıxarmış, sonra isə onu şaqqalamışdılar.

 

Aldar-Kusumov üsyani

 

Bu arada isə işğal edilmiş ərazilərdə rus məmurlarının özbaşınalığı davam edirdi. Hakimiyyətdə olan I Pyotr qeyri-rusların üzərinə əlavə vergilər qoymuşdu. Hətta müsəlmanlardan gözlərinin rənginə görə də vergi alırdılar. İndi boz gözlülərdən 6, qaragözlülərdən isə 8 qəpik vergi tutulurdu. Bu da əhali arasında narazılığa səbəb oldu. Ona görə də başqırd və tatar ağsaqqalları çarın bu fərmanının icra edilməsi ilə bağlı onlara təqdim edilən fərmanı çıraraq çaya atdılar. Bunu görən yerli hökumət onları həbs etdirdi. Bu da üsyanlar üçün bir siqnal oldu. Əvvəlcə Kazan əyalətində Dümey İşkeyev, sonra isə İman Batır üsyan qaldırdı. Bunun ardınca Astarxanda streleslər çara qarşı ayağa qalxdılar. Üsyançılar arasında əlaqə yarandı və onlar Moskva üzərinə yürüşə hazırlaşdılar. Bundan qorxuya düşən çar cəza dəstələrinin rəhbəri Şeremetyev əlavə vergilərin ləğv ediləcəyini bildirdi. Bu məqsədlə İşkeyev başda olmaqla, nümayəndə heyəti Moskvaya getdi. Onlar çarla görüşə bilmədilər. Ancaq bu barədə I Pyotra məlumat verdilər. I Pyotr dərhal əlavə vergilərin ləğvi barədə fərman imzaladı. Amma nümayəndə heyəti geri qayıdan kimi yerli hökumət orqanları Moskvaya şikayətə gedənləri, o cümlədən İşkeyevi həbs edərək asdılar.

 

 

Əziz Mustafa

 

Zaman.- 2010.- 16-18 oktyabr.-S.10.