Milli geyimlərimiz 

 

Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır. Təkcə milli geyim kimi deyil, həm abır-həya simvolu kimi tanınan libaslarımızı unudulmaq təhlükəsindən qorumalıyıq.       

Azərbaycanın qədim tarixinin bir hissəsini milli geyimlər təşkil edir. Bu geyimlərdə xalqımızın maddi mədəniyyəti, xalq yaradıcılığının bədii xüsusiyyətləri, bədii bəzək əşyaları, toxuculuq s. əks olunur. Təəssüflər olsun ki, bu gün milli geyimlərimiz unudulmaq təhlükəsi qarşısındadır. Təkcə milli geyim kimi deyil, həm abır-həya simvolu kimi tanınan libaslarımızı unudulmaq təhlükəsindən qorumalıyıq.

XVII əsrdə yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınan Şirvan bölgəsi Azərbaycanda ən iri ipəkçilik rayonu olmuşdur. Şamaxı, Basqal (İsmayıllı), Gəncə, Şəki rayonlarında, Şuşa şəhərində ipək istehsalı geniş inkişaf etmişdir. Bu rayonlarda ipək parçadan bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. O vaxtlar tikilən milli geyimlərimizin forması paltar sahibinin ailə vəziyyətini yaşını əks etdirərmiş. Subay qızların geyimlərı, ailəli qadınların geyimlərindən fərqlənərmiş. Tirmə, məxmər bir neçə növ ipək parçadan tikilmiş qadın geyimləri bəzi xüsusiyyətlərinə görə müxtəlif cür adlanırmış:

Güləcə - astarlı olmaqla yanaşı, tirmədən, məxmərdən tikilirdi.

Baharı - ən çox məxmərdən tikilirdi.

Kürdü - tirmə, məxmər parçadan tikilərək, xəz dəri sıx naxışlarla bəzədilirdi.

Eşmək - tirmə məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi qolları xəz dəri ilə, qızılı şəbəkə torla bəzədilirdi.

Kişi geyimləri üst köynək, arxalıq, qaba çuxadan (çiyinüstü) ibarət olmuş, arxalıq ipək, atlas, kişmir, mahud, sətin parçalardan, qaba isə çiyinüstü üst geyim olmaqla tirmədən tikilirdi.

Milli geyim dəsti deyəndə, baş geyimləri və ayaqqabılar, zərgərlik məmulatları da nəzərdə tutulur. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək, örpək, çadra və s. daxil idi. Bu geyimlərin geniş yayılan növlərindən biri də ipək kəlağayıdır. Yaşlı qadınlar açıq sarı-qəhvəyi, açıq mavi rəngli kəlağayı örtər, özü də bu kəlağayıları müxtəlif cür bağlayardılar. Əslində qadın papağı adlanan təsəyin naxışlarının növünə görə müxtəlif adları mövcuddur: mirvari papaq, qızıl papaq, ay-ulduz. Təsək saçların düzümünü qorusa da, əsasən üstdən bağlanan ipək yaylıq sürüşməsin deyə qoyulurdu. Həm təsək, həm də yaylıqların üzərinə mirvari, möhürlənmiş fiqurşəkilli qızıl mişanlar düzür və ya qızılı tikməli naxışla bəzəyirdilər. Yaşlı qadınlar təsəyin kənarlarını çox vaxt bafta və ya güləbətinlə bəzəyirdilər. Təsəyin üstündən ipək, yaxud pambıq yaylığın bir ucunu sallayıb, digər uclarını arxada düyünləyirdilər.

Qadın geyiminin elementlərindən biri də baş sarğısı - çutqu olmuşdur. Çutqu qara, tünd göy sətin, atlas, çitdən, hər iki tərəfi açıq, ensiz örtü şəklində tikilirdi. Çutqunu başa lent şəklində bağlayırdılar. Çutqu bağlamaq ev və çöl işləri görmək üçün daha rahat sayılırdı. Çutqu həm də gigiyenik cəhətdən də əhəmiyyətli idi. Çutqunun üzərindən, yaylıq və ya ipək, pambıq örtüklər örtürdülər. Azərbaycanda çutqu əsasən XX əsrin 40-ci illərinədək mövcud olmuşdur.

 

(ardı var)

 

 

Yeganə Məmmədova

 

Zaman.-2011.- 1-2 mart.- S.7