“Bu gün kinonu Azərbaycan
dilində “danışdıran” rejissor yoxdur”
İndiki dövrdə
seriallar efirin böyük hissəsini zəbt edib. Zövqlər
müxtəlifdir, birinin bəyəndiyini digəri
bəyənmir, digərinin bəyəndiyini başqası tənqid edir. Amma mənə
belə gəlir ki, bütün serialları silib atmaq da doğru deyil.
Çünki onlardan bəziləri insanları müsbət mənada yönləndirə
bilir. Azərbaycanda isə seriallar həm az çəkilir, həm
də mütəxəssislərin
tənqidinə tuş gəlir. Müsahibəmizin budəfəki
qəhrəmanı
Rza Rzayev də bir zamanlar, xüsusilə də
90-cı illərin sonlarında ölkəmizdə kifayət qədər
tanınanlardan olub. Lakin sonradan müəyyən səbəblərdən
film və serial çəkilişlərinə ara
verib. Onunla görüşüb kino və serial çəkilişləri, bu
sahədəki çatışmazlıqlar übarədə
söhbətləşdik. Qeyd edək ki, Rza hazırda “Dolu”
romanı əsasında rejissor Elxan Cəfərovun çəkdiyi eyniadlı filmdə Drakon rolunu
oynayır.
- Rza bəy, özünüz barədə
oxucularımıza nə deyə bilərsiniz?
-
1973-cü ildə Naxçıvanda anadan olmuşam. Prezident yanında Dövlət İdarəçilik
Akademiyasını bitirmişəm.
- Bəs necə oldu ki, serial və
filmlərə çəkilmək təklifi aldınız?
- 1997-ci
ildə Azərbaycan Dövlət Televiziyası (AzTV) “Bəsdir,
ağlama” bədii filmini çəkirdi. Filmin
rejissoru Rövşən Almuradlı idmançı aktyor tapa
bilmirdi. O, həmin ərəfədə idman zalında məni
gördü və fikrini dedi. Açığını
deyim ki, bir qədər tərəddüd etdim.
Çünki o dövrlər doğulduğum bölgədə
aktyora, müğənniyə o qədər də
yaxşı baxmırdılar. Ancaq
düzünü deyim ki, bir idmançı kimi içimdə
filmə çəkilmək istəyi vardı. Vandamın çəkildiyi filmlər mənim
üçün sənət əsəri idi. Rejissorla
söhbətdən sonra dedi ki, mən artıq
axtardığım aktyoru tapmışam. Beləliklə,
mən “Bəsdir ağlama” filminə çəkildim. 1999-cu ildə isə
“Ünvansız qız” serialı çəkildi və baş
rolu oynadım. İndi
düşünürəm ki, sənəti tam dərk etmədiyim
üçün həmin seriala çəkilmişəm.
Bu gün belə bir təklif alsam, qəbul etmərəm.
Çünki orada bir çox dövlətlərin
mesajları var idi və mən indi anlayıram ki, filmin çəkilməsində
məqsəd məhz bu imiş. Həmin serialın mənim
üçün önəmi o oldu ki, sevdiyim aktyor, xalq artisti Həsən
Məmmədovla birgə oynadım. Həmin
dövrdə bu serial çox məşhurlaşdı və mən
tanınmağa başladım. Serialda
oynadığım rolun adı Rəşad idi,
çoxları məni bu adla çağırırdı.
Hətta bir dəfə zavod müdirlərindən biri
yaxınlaşıb, zarafatla mənə demişdi ki, bizim başımıza
oyun açırsan, çünki serial başlayan kimi
bütün xanımlar baxmağa gedirlər və zavodda
iş dayanır. Məhz onda
populyarlığın nə olduğunu anladım.
- Səhv
etmiriksə, klipə də çəkilmisiniz.
- Abbas
Bağırovun “Sarı gəlin” klipində türk komandiri
rolunu oynamışam.
- Azərbaycanda arzusunda olduğumuz
serialların az çəkilməsini əsasən
maliyyə məsələləri ilə əlaqələndirirlər.
Bu fikrə münasibətiniz necədir?
- Təbii
ki, maliyyə məsələlərinin də təsiri var.
Amma ilk olaraq, ondan başlamaq lazımdır ki, bizdə kino sənayesi
yoxdur. Serial sənət əsəri deyil. Xarici dövlətlərdə serialı daha çox
çəkirlər ki, cəmiyyətə hansısa
mesajları ötürsünlər. Məsələn,
“Qurdlar vadisi” serialı Türkiyədə çəkildi, “dərin
dövlət” anlayışı gündəmə gətirildi.
İnsanlar “Qurdlar vadisi”ndən sonra “dərin
dövlətin” nə demək olduğunu dərk etməyə
başladılar. Məhz bundan sonra
“Ergenekon” əməliyyatı həyata keçirildi. Bir çox inkişaf etmiş dövlətlər həyata
keçirmək istədikləri məqsədləri
seriallarla, buradakı mesajlarla cəmiyyətə
ötürür və insanları buna
alışdırırlar. “Amerikanı
Hollivud qurub” fikri boş yerə deyilməyib. Müasir dövrdə insanların şüuruna kino
və seriallar qədər təsir edəcək ikinci bir vasitə
yoxdur. Deyərdim ki, indiki dövrdə ən
pis kinonun tamaşaçısı ən yaxşı
kitabın oxucusundan çoxdur. Bunu inkar etmək
mümkün deyil...
- Dedikləriniz
maraqlıdır, amma ölkəmizdə serialların az çəkilməsi ilə bağlı
sualı tam əhatə etmədi...
- Məncə,
bizdə mahiyyət və məzmun, təfəkkür, ideya,
aktyor, rejissor, operator, kadr və pirotexniki problemi var. Bu gün
kino dünyada artıq bir sənayedir və milyonlarla qazanc gətirir.
Hətta belə deyirlər ki, bu gün narkotika
və silah alverindən sonra ən çox pul gətirən
sahə kinodur. Bu mənada bizim hansı
filmimiz ən azı texniki baxımdan həmin kinolarla
ayaqlaşmağa layiqdir? Bunun
üçün öncə insan yetişdirilməlidir. Bizdə indi bir neçə yerli serial efirə
verilir. Bəlkə də həmin
serialı çəkənlərdən soruşsan ki, “çəkməkdə
məqsədin nədir?” cavab verə bilməyəcək.
Bu gün orada oynayan aktyora desən ki,
“oynadığın rolu şərh elə”, heç nə deyə
bilməyəcək. Kino milli adət-ənənələrə,
dini dəyərlərə bağlı olan bir sənətdir.
Sovet dövründə bizim rejissorları
özlərinin görmək istədikləri kimi
yetişdiriblər. Ona görə də
müstəqillik illərində bu sahədə boşluq
yarandı.
- Bəs yeni rejissorlar yetişirmi?
- Rejissor
yön, istiqamət verəndir. İnkişaf
etmiş ölkələrdə cəmiyyətə, insanlara
çəkdiyi kinoların hesabına istiqaməti məhz
rejissor verir. Rejissorluq həyat tərzi deməkdir.
Ümumiyyətlə, yaradıcılıq həyat
tərzidir. Rejissor nəyi necə
görürsə, elə də təqdim edir. Rejissor öncə özü şəxsiyyət
olmalıdır ki, cəmiyyətə nəsə verə
bilsin. Belə bir söz var: “elm şəxsiyyətsiz
ötüşə bilər, ancaq sənət yox”. Böyük sənəti böyük şəxsiyyətlər
yarada bilirlər. Bu şəxsiyyətləri
cəmiyyət və məktəb yetişdirməlidir. Bu gün çox şey təcrübədə
öyrənilir. Dünənin səhvi bu
günün düzünə yol açır. Əgər
bizdə kino emalatxanası yoxdursa və iş getmirsə, hansı
səhvləri edib, düzə doğru gedə bilərik? Bu gün “sənət”
sözünün mənasını çoxları bilmirlər.
Bu sözün hərfi mənası “nəyinsə
ikincisi” deməkdir. Nəyinsə ikincisi
artıq sənət əsəridir. Həyatın
kserokopiyası sənət deyil. Bir var,
fotoqraf dəqiqliyi - o hansısa şəkli dəqiq çəkir,
bir də var, rəssamın yaradıcılığı.
Rəssam artıq öz
baxışlarını, dünyagörüşünü,
istək və arzularını bütövləşdirir və
onu əsərdə büruzə verir.
Kino Azərbaycan dilində danışmalıdır. Bunun isə
kodları var. Biz rus, ingilis filmlərini Azərbaycan dilinə
tərcümə edirik, amma bu o demək deyil ki, həmin filmdəkilər
bizim dilimizdə danışırlar. Biz
ancaq dialoqları tərcümə edirik. Bəs
biz ordakı baxışları, hərəkətləri, sətiraltı
mesajları necə tərcümə edə bilərik? Bu gün kinonun ana dilimizdə danışması
üçün əsaslar lazımdır. Hələ ki bir neçə rejissorumuz cəhd edir
və müəyyən mənada uğurlu alınır.
Amma dediyim kimi, bu gün kinonu Azərbaycan dilində
“danışdıran” rejissor yoxdur.
- Hansısa roldan imtina etdiyiniz vaxtlar
olubmu?
- Mən Azərbaycanda yeganə aktyoram ki, bir həftə
çəkilişdən sonra baş roldan (“Cavadxan” filmində
Uğurlu -red.) imtina etmişəm. Bu barədə fikrimi
normal şəkildə rejissora, aktyorlara demişəm və
filmdən getmişəm.
- Səbəbi
nə idi?
- Bu barədə
danışmaq istəmirəm.
- Bəs
tapşırıqla, zənglə filmlərdə, seriallarda
rol alanlar olurmu?
- Əgər cəmiyyətimizdə belə bir şey
varsa, kinoda olmaması mümkün deyil. Təbii, bu
yolla sənətə gəlmək yaradıcılıq deyil.
Hər şeyi məqsəd müəyyən
edir. Ən böyük sənət əsəri
gələcəyin böyük obrazını yaradır.
Həmin obraz həm də dünəni və bu
günü özündə əks etdirməlidir. Özümə gəlincə, mən taleyimin
yazıldığına inanan insanam. Göydən
bir yarpaq da boş-boşuna düşmür. Həyatda heç nəyin dalınca
qaçmamışam, əksinə, yaşadıqlarım
özü gəlib məni tapıb. Mən nə kinoya
çəkilmək haqqında
düşünmüşdüm, nə də hansısa yerə
can atmışdım. Demək, qismətimdə var imiş...
- Hazırda çəkildiyiniz film varmı?
- “Dolu” romanının film çəkilişlərində
iştirak edirəm. Rejissor Elxan Cəfərov məni yanvar
ayında dəvət etmişdi. Elxan
müəllimin “Qarabağda Azərbaycan” filminə
baxmışdım, amma tanışlığımız yox
idi. Həmin film çox xoşuma gəlmişdi
. Ən azından rejissorla söhbət
üçün onunla görüşə getdim. Amma ondan öncə bir neçə dəfə təklif
alsam da, razılaşmamışdım. Sonra
fotosınaqlara getdim. Beləliklə, Drakon
roluna təsdiqləndim.
- Film nə vaxt ekranlara veriləcək?
- Yəqin
ki, gələn il.
- Tanıdığım gənc
aktyorların bir çoxu film çəkilişlərindən
aldıqları qonorarın azlığından gileylənirlər.
Siz bu barədə nə deyə bilərsiniz?
- Yenə
deyirəm, cəmiyyətimizdə hansısa sahədə bir
problem varsa, o mütləq kino sahəsində də
özünü göstərir. Xaricdən ölkəmizə
gələn mütəxəssis hansısa özəl şirkətdə
5 min dollar maaş alırsa,
özümüzünkü eyni işi görəndə 500
manat alır. Kino sahəsində də deyək ki, rus aktyora 50
min manat pul, gündəlik 80 manat qonorar verirlərsə, amma
bizim aktyora hər gün üçün 20 manat verilir. Bu isə aktyorlarımızı istər-istəməz
ruhdan salır.
- Bir dəfə
film ssenarisi yazmaq istədiyinizi demişdiniz. Vəziyyət
nə yerdədir?
- Bu
işə çox ciddi yanaşıram. İndiki
dövrdə hər şey deyilib. Ona
görə deyirlər ki, “bu əsr sintez əsridir”. Mən yazacağım ssenaridə müharibə
mövzusu ilə Azərbaycan qadınının kimliyini ortaya
qoymaq istəyirəm. Türk
qadınının ən böyük sənət əsəri
onun ailəsidir. Bu gün Avropada ailələr
problemlərlə üz-üzədir. Avropa
indi anlamağa başlayıb ki, iqtisadi inkişaf tam
inkişaf demək deyil. Ona görə də
onlar öz ailə problemlərini serial vasitəsilə
başqa dövlətlərə və cəmiyyətlərə
ötürməklə təhlükəni paylaşaraq azaltmağa
çalışırlar.
Avropa çox yaxşı bilir ki, türk qadına pis
gözlə baxmayıb. O, qadına bir bacı, bir ana kimi, bibiqızı,
xalaqızı kimi baxıb. Qadına bu
yanaşma onu gözəlləşdirir,
ideallaşdırır. Amma Avropa qadına
artıq qadın kimi baxır. Mənə
görə, Azərbaycan qadını kişisinin kürəyidir.
İstəyirlər ki, türk kişisinin
qadına olan münasibəti dəyişsin. Bizi məhv etməyin bir yolu var - qadına olan
münasibətimizi dəyişmək. Bütün
dünya istəyir ki, biz qadına olan münasibətimizi dəyişək.
- Ekranda
tez-tez görüşmək ümidi ilə sizə uğurlar
arzulayırıq.
NICAT İNTIQAM ,
Zaman.-2011.-1-3 oktyabr.-
S.8.