Lev Tolstoy - rus həyatının aynası (1)

Bir vaxtlar onun adı gələndə nəinki Rusiya, həm də Avropanın ən tanınmış simaları belə ayağa qalxardılar. O öz ədəbi istedadı, əsərləri ilə dünyanı fəth etmişdi. Ömrünün sonuna kimi haqqı, ədaləti müdafiə edən, həyatın acı reallıqlarını əsərlərində artırıb-əskiltmədən verən, kilsənin insanda kölə ovqatı yaradan moizələrini kəskin şəkildə tənqid edərək, bundan xilas yolunu İslamda axtaran bu böyük insan təkcə XIX-XX əsr dünya ədəbiyyatının deyil, bütün zamanların ən məşhur simalarından biri olan Lev Tolstoy idi.

Lev Nikolayeviç Tolstoy 1828-ci il, avqustun 28-də Tula quberiniyasının Yasnaya Polyana malikanəsində zadəgan ailəsində anadan olmuşdur. O, ailədə dördüncü uşaq idi. Anası Knyaginya Volkonskaya məşhur zadəgan ailəsindən idi. Tolstoyun iki yaşı olanda anası vəfat etmişdi. Anası öz dövrü üçün mükəmməl hesab edilən təhsil almışdı. İncəsənətin vurğunu olan bu qadın olduqca həssas və mehriban bir insan idi. Gələcəyin dahi yazıçısı da xarakter etibarı ilə anasına çox oxşayırdı. Lev Tolstoy irsini tədqiq edənlər onun yüksək insani keyfiyyətlərini, bəşəri dəyərlərini irsi yolla anasından əxz etdiyi qənaətindədirlər. 1812-ci ildə baş verən Rusiya-Fransa müharibəsinin iştirakçısı olmuş və 1837-ci ildə vəfat edən Tolstoyun atası rəhmli, eyni zamanda gülməli bir xarakterə malik insan idi və oxumağı çox sevirdi.

Qeyd edək ki, anası öləndən sonra ikiyaşlı Lev və ailənin digər üzvlərinin tərbiyəsi ilə Tolstoylar ailəsinin uzaq qohumu T. A. Yerqolskaya məşğul oldu. Anadan yetim qalan Tolstoy iki yaşından bütün mehrini xanım Yerqolskayaya salmış və ona ruhən bağlanmışdı. Sonralar Lev Tolstoy Yerqolskaya haqqında belə yazmışdı: O mənə sevgi və məhəbbətin ruhi ləzzətini dadmağı öyrətdi.

Ona görə də sonralar yazıçı uşaqlıqda keçirdiyi məhəbbət dolu həyatını, zadəgan uşaqlarına məxsus olan ailə ənənələrini Uşaqlıq adlı povestində xüsusi bir sevgi ilə tərənnüm etmişdi.

Lev Tolstoyun 13 yaşı olanda ailə Tatarıstanın Kazan şəhərinə, uşaqların rəsmi himayəsi ilə məşğul olan yaxın qohumları P.İ. Yuşkovanın yanına köçdü. Bundan 3 il sonra, 1844-cü ildə Tolstoy Kazan Universitetinin Şərq dilləri fakültəsinə qəbul olundu. Sonra isə hüquq təhsili almaq arzusuna düşərək fakültəsini dəyişdirdi. Amma o burada cəmi iki il oxuya bildi. Çünki hüquq fakültəsində dərslər cansıxıcı keçirdibu sonda Tolstoyu bezdirdi. Onu tərbiyə aldığı zadəgan ailəsi mühitinin təsiri altında daha çox elitaya xas olan əyləncələr maraqlandırırdı. Ona görə də o, 1847-ci ildə xəstə olduğunu bəhanə gətirərək Yasnaya Polyanadakı malikanələrinə qayıtdı. Amma Tolstoy özünə söz vermişdi ki, ekstern yolu ilə imtahan verərək hüquq təhsili alacaq. Eyni zamanda o, Yasnaya Polyanada tibbi, kənd təsərrüfatını, xarici dillərdən birini öyrənmək, dissertasiya yazmaq, təsviri incəsənətdə və musiqidə biliklərini təkmilləşdirmək niyyətində idi.

Enerji dolu gənclik illəri

Tolstoyun Yasnaya Polyanada keçirdiyi ilk yay istirahəti ürəyincə olmadı. O, Yasnaya Polyanada darıxırdı və özünün dediyi kimi, təbiətin sirlərini, tibbi, kənd təsərrüfatını öyrənməyə həvəsi heç yox idi. O bununla bağlı keçirdiyi cansıxıcı həyatı 1857-ci ildə yazdığı Mülkədarın səhəri povestində geniş təsvir edib. O bu cansıxıcı həyatdan yaxa qurtarmaq üçün 1847-ci ilin payızında, əvvəlcə, Moskvaya, sonra isə Peterburqa getdi. O, burada gah gecə-gündüz bilmədən imtahanlara hazırlaşır, gah da günlərini eyş-işrətdə keçirirdi. Tolstoy tez-tez fikrini dəyişirdi; atlı qvardiya məktəbində ali təhsil almaq, məmur olmaq, dini öyrənmək istəyirdi. Bəzən də onu qaraçı həyatı cəlb etdiyindən onların yanına gedərək məişətləri, yaşayış tərzləri ilə yaxından tanış olurdu. Ailədə isə onun bu hərəkətlərini keçici bir hiss kimi dəyərləndirirdilər. Həmin dövrdə Tolstoyu tay- tuşlarından fərqləndirən bir xüsusiyyət vardı. O, öz həyat tərzi, baş verən hadisələr barədə gündəliyində xüsusi qeydlər edirdi. Sonralar bu qeydlər onun yazdığı bədii əsərlərinin əsas süjet xətlərindən birini təşkil etdi.

Müharibə və yaradıcılıq

1851-ci ildə Tolstoyun həyatında onun gələcək taleyində önəmli rol oynayacaq bir hadisə baş verdi. Tolstoyun böyük qardaşı, orduda zabit rütbəsində xidmət edən Nikolay ona hərbçilərlə birgə Qafqaza getməyi təklif etdi. Lev Tolstoy qardaşının bu təklifini qəbul etdionunla birlikdə döyüşən ordu tərkibində könüllü əsgər kimi 3 il ərzində Terek çayının sahilindəki kazak stansiyasında xidmət etməyə başladı. Bir il sonra Tolstoy zabit kimi hərbi xidmətə qəbul edildi. O, Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etdi. Qafqaz həyatı Tolstoyun dünyagörüşünün formalaşmasında onun həyata baxışlarının dəyişməsində böyük rol oynadı. Qafqaz həyatı Tolstoyun ədəbi yaradıcılığının daha da çiçəklənməsinə, yazıçı kimi məşhurlaşmasına yol açaraq, ona yeni bədii əsərlərin mövzusunu verdi. Bunun da nəticəsində Tolstoy bir-birinin ardınca Kazaklar (1852-1853) povestini, Basqın (1853) Meşənin qırılması (1855) adlı hekayələr məcmuəsini yazdı. Amma Qafqaz həyatı sonralar da onun bədii yaradıcılığına müxtəlif formalarda təsir göstərdi. Buna misal kimi, Tolstoyun 1896-1904-cü ildə yazdığı vəfatından sonra 1912-ci ildə nəşr olunan Hacı Murad povestini göstərə bilərik. Qafqazdan Rusiyaya qayıdandan sonra Tolstoy gündəliyində belə yazmışdı: Mən bu vəhşi ölkəni çox sevirəm. Çünki burada bir-birinə əks olan iki amil - müharibə azadlıq poetik şəkildə bir-birini tamamlayır. Tolstoy hələ Qafqazda ikən yazdığı Uşaqlıq povestini Sovremennik jurnalına göndərdi. Povest jurnalda L. N. imzası ilə dərc olundu. 1852-54-cü illərdə yazdığı Otreçestvo(üz döndərmə) Gənclik (1855-57) povestləri Sovremennikdə dərc olundu yazıçıya böyük uğur gətirdi. Adı çəkilən hər üç əsərdə müəllif özünün uşaqlıq illərini təsvir etmişdi.

Krım kampaniyası

1854-cü ildə Tolstoyu xidmət etmək üçün Buxarestdəki Dunay ordusuna göndərdilər. Amma ordu qərargahında keçirdiyi həyat ona olduqca cansıxıcı gəlirdi. Ona görə komandanlıqdan Krım ordusuna, mühasirədə olan Sevastopola dəyişdirilməsini xahiş etdi. Onun bu xahişini nəzərə aldılar. Sevastopolda Lev Tolstoy 4-cü batareyaya komandanlıq edirdi. O bu döyüşlərdə xüsusi şücaət göstərdi ona görə Müqəddəs Anna ordeni ilə təltif edildi. Krımda Tolstoy əsgərlər üçün jurnal nəşr etmək fikrinə düşmüşdü. Krım həyatı Tolstoy tərəfindən Sevastopol hekayələrinin qələmə alınmasına gətirib çıxardı. Onun yazdığı Sevastopol dekabr ayında oçerki hətta çar II Aleksandrın da diqqətini cəlb etmişdi. Tolstoyun ilk əsərlərini tanınmış tənqidçilər, o cümlədən N. Q. Çernışevski ruhun dialektikası adlandırmış müəllifin cəsarətlə hadisələrin psixoloji analizini verməsini onu ön planda təsvir etməsini alqışlamışdı. Tolstoyun əsərlərindəki bəzi fikir düşüncələri gənc artilleriya zabitinin xilas yolunu dində axtarmağa başladığını göstərirdi. Sonralar dini humanizm, insansevərlik Tolstoy tərəfindən ən çox təbliğ edilən ideyaya çevrildi. Tolstoy İsa Xristin simasında qeyri-müəyyənlikdən təmizlənən, reallığı əks etdirən, mifik ilahi görüşlərdən uzaq, praktikaya cavab verə biləcək bir din görmək istəyirdi. Ancaq ahıl yaşlarında başa düşdü ki, xristian dinində axtardığını tapa bilməyəcək. Ona görə tədricən üzünü İslam dininə çevirərək nicat yolunu ancaq onda tapa biləcəyi qənaətinə gəldi.

Ədəbiyyatçılar arasında xaricdə

1855-ci ildə Lev Tolstoy ordudan ayrılaraq Peterburqa gəldi o dövrün məşhur yazarlarını ( N. A.Nekrasov, İ. S. Turgenev, A. N. Ostrovski, İ. A. Qonçarov) özündə birləşdirən Sovremennik dərnəyində iştirak etməyə başladı. Dərnəkdə Tolstoyu böyük ruh yüksəkliyi ilə qarşıladılar. İlk iştirakı zamanı Nekrasov Tolstoyu Rus ədəbiyyatının böyük ümidləri adlandırdı. Tolstoy tez-tez dərnək üzvləri arasında müxtəlif ədəbi mövzulara həsr edilən mübahisələrdə onlar arasında yaranan münaqişələrdə iştirak edirdi. Həyatda hər şeyi yerli-yerində görməyi sevən həqiqəti söyləməkdən çəkinməyən Tolstoy tezliklə ədəbi dərnəkdəki bu mənasız mübahisələrdən çəkişmələrdən bezdi. 1879-82-ci illərdə yazdığı İspoved (Tövbə) əsərində Tolstoy həyatının həmin dövrünü belə xatırlamışdı: Bu insanlar mənə əks adamlar idilər onların təsiri altında mən nəticədə özümün əksinə çevrilmişdim.

1856-cı ildə hərbi xidmətdən istefaya buraxılan Tolstoy yenidən doğma malikanəsinə - Yasnaya Polyanaya qayıtdı. Amma o burada da çox qalmadı. 1857-ci ildə Tolstoy xaricə getdi - Fransa, İtaliya, İsveçrə Almaniyada oldu. İsveçrə həyatı onda böyük iz buraxdı bu ölkə haqqında Lyutsern adlı hekayə yazdı. Xarici ölkələrə səfərini başa vurduqdan sonra Tolstoy Moskvaya, oradan da yenidən Yasnaya Polyanaya döndü.

Mustafa Əziz

Zaman.-2012.-16-17 fevral.- S.13.