Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı başa çatıb

 

Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşNaxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalı başa çatıb. Sonuncu IX turdan sonra “C” qrupunda Sumqayıt şahmatçısı Murad İbrahimli 8 xalla birinci olub. Bakı şahmatçısı Qurban Bayramov 7,5 xalla ikinci, digər bir Bakı şahmatçısı Kənan Qarayev eyni xalla üçüncü yeri tutub.

“B” qrupunda Ağdam şahmat məktəbinin yetirməsi Fariz Əhmədov 7,5 xalla birincilik əldə edib. İran şahmatçısı Aryan Qolami ikinci, Bakı şahmatçısı Günay Məmmədzadə isə 9 mümkün xaldan 7,5 xal toplayaraq üçüncü    olub. Bu qrupda Toğrul Həsənzadə muxtar respublika şahmatçıları arasında ən yaxşı nəticəni göstərib və mükafatçılar sırasına düşüb.

Yüksək reytinqli şahmatçıların yarışdığı “A” qrupunda ötən turun lideri olan Qədir Hüseynov son turda üçüncü sıraya geriləyib. IX turdan sonra turnir cədvəlinə rusiyalı şahmatçı İqor Kurnosov liderlik edib və qalib olub. Digər bir Rusiya şahmatçısı Aleksandr Şimanov ikinci, Azərbaycan şahmatçısı Qədir Hüseynov üçüncü olub. Bu qrupda Naxçıvan şahmatçısı Talıb Babayev mükafatçılar sırasına düşüb.

Festivalın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, yarışların baş hakimi Faiq Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən yarışda 16 ölkəni təmsil edən şahmatçıların iştirak etməsi yarışa beynəlxalq səviyyədə olan marağın göstəricisidir. “A” qrupunun lideri, rusiyalı şahmatçı İqor Kurnosov yarışın yüksək səviyyədə təşkil olunmasına görə təşkilatçılara minnətdarlığını bildirib. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov yarışda qələbə qazanan şahmatçıları təbrik edib.

 

Sonda qaliblər mükafatlandırılıblar.

 

 

Vaqif Vəliyev,

Naxçıvan

 

Zaman.-2013.-3 may.-S.15.