Lənkəran-Astara bölgəsində 1918-ci il qırğınları

Mərdan Qurbanov, Həbib Əlizadə

1918-ci ilin mart qırğınları Azərbaycanın bir çox bölgələrində, həmçinin Lənkəran-Astara bölgəsində də bütün dəhşəti ilə yaşanıb. İnsanlar bu gün də o faciəni unutmayıblar. Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov qeyd edir ki, əgər 100 il əvvəl Lənkəran sahillərini lentə alan olsaydı, burada minlərlə meyitin, yaralanmış, təhqir olunmuş insanların, viran edilmiş evlərin şahidi olardıq.

Hadisələrdə haqsızcasına müsəlmanlar günahlandırılırdılar

 

Ucqarlarda davam edən qarışıqlıqdan istifadə edən ermənipərəst Şivkunovun quldur dəstəsi lənkəranlı Mir Əhməd xanın evini ələ keçirib, özlərinə qərargah etmişdi. Kənddə silahlı qaçaq dəstələrinin olduğunu bəhanə edən Şivkunovun əsgərləri Sütəmurdov kəndini bir neçə gün müntəzəm olaraq atəşə tutur, orada yanğın və talanlar törədirdilər. Bu haqsızlıqların qarşısını almaq üçün kənd ağsaqqalları Şivkunovun yanına gedib, atəşi dayandırmağı xahiş edirlər. Lakin əsgərlər Şivkunovun əmri ilə gələn ağsaqqalları girov saxlamaqla vəziyyəti bir qədər də gərginləşdirirlər. Sonra əsgərlər Sütəmurdov kəndinə hücum çəkib silahları tələb etdikdə kənd camaatı ilə əsgərlər arasında qanlı toqquşma baş verir. Atışmada 2 əsgər öldürülür. Əsgərlərin öldürülməsindən hiddətlənən Şivkunov Sütəmurdov ağsaqqallarının başlarını kəsməyi əmr edir.

Mart hadisələri dövründə ermənilər Lənkəran qəzasının müsəlman əhalisinə qarşı misli görünməmiş vəhşiliklər törətmiş və dinc əhaliyə amansız divan tutmuşdular. Müsəlman əhaliyə qarşı qərəzli nifrət şəhərin ermənipərəst qarnizon rəisinin çıxışında da ifadə edilməkdə idi. O öz çıxışında şəhərdəki müsəlmanlardan qarət edilməsinə biganə yanaşırdı. Kiçik Bazar məscidinə gələrək toplaşan insanlar qarşısında nitqini ikinci dəfə təkrar edən qarnizon rəisi yenə də müsəlmanları günahlandırır.

Filologiya elmləri namizədi, Əməkdar müəllim, Prezident təqaüdçüsü, alim Mirhaşım Talışlı qeyd edir ki, o vaxtlar Lənkəran-Astarada erməni və ruslar çox adam qırıblar: Onlar bir dəfə dənizdən top atıblar, Gərmətük məscidinin bir tərəfi uçub. Sonra camaat Hacı Ağabala adlı rus dilini bilən bir şəxsə öz fikirlərini deyiblər. O da əlinə bir parça alıb, dəniz kənarına gedib. Onlar rusların məqsədlərinin nə olmasını öyrənmək istəyirdilər. Onlar öyrənmək istəyirdilər ki, niyə bu camaatı qırırlar? Onların, yəni rus-erməni birləşmələrinin rəhbəri Şivkunov deyib ki, sizin hamınız bizim düşmənimizsiniz. Biz istəyirik ki, bu yerlərdən köçəsiniz.

 

Evlərə girib, bəzən bütün ailəni məhv edirdilər

 

1918-ci il mart soyqırımı dövründə Lənkəran qəzasında 40-dan çox kənd yandırılmış, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Erməni daşnakları evlərə girib, bəzən bütün ailəni məhv edirdilər. Hamilə qadınlara, qocalara belə, rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 30-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan faciənin qurbanı olur.

 

Erməni-rus əsgərləri Lənkəran qəzasında ən hörmətli və el arasında sayılıb seçilən ağsaqqalları ya öldürür, ya da ələ keçirib, işgəncələr verirdilər. Lənkəranda tanınan Məşədi Qasımın, Məşədi Şirəlinin, Kərbəlayı Nurullanın, Hacı Axundun, Verevullu Mirməhəmməd xan Mirfərəculla bəy oğlu Talışxanov və yüzlərlə başqalarının taleyi belə, acınacaqlı olmuşdu. Xalq arasında Miri bəy kimi tanınan qvardiya polkovniki Mirməhəmmədrzanın Lənkərandan kənarda da xüsusi hörməti var idi. Şivkunovun quldur dəstəsi Miri bəyin yaşadığı evə hücum çəkir və onu başından güllə ilə vurub öldürürlər.

Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov qeyd edir ki, Şıxəkəran kəndinə hücum edən rus və erməni əsgərləri kəndi talan edərək, camaatın mal-qarasını və qiymətli ev əşyalarını ələ keçiriblər. Atışmada öldürülmüş erməninin heyfini çıxan əsgərlər bir neçə kənd sakinini diri-diri yandırıblar. Bəzilərinin qulaq və burunlarını kəsir və gözlərini çıxarıblar. Kənd camaatı Mamusta ilə Xolmili arasındakı meşəyə çəkilib, bir neçə gün burada gizləniblər. Mamusta kəndində cavanları evlərə yığıb, od vurub yandırıblar. Hətta bir neçə mamustalı qılıncla doğranılaraq öldürülüb. Ermənilər Mamusta kəndinə od vurub yandırıblar. Qadınlar və uşaqlar isə Qoçasələ meşəsinə sığınıblar.

Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osaküçə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdılar. Ara sakitləşəndən sonra ev-eşiklərinə qayıtmış şəhər camaatı erməni vəhşiliyinin bir daha şahidi olmuşlar. Evlər top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmış insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi. Şivkunovun quldur dəstəsi erməni-daşnak qüvvələri ilə birləşərək, hərbi paroxoddan Lənkəran şəhərini top atəşinə tutmuş, nəticədə Kiçik Bazar məscidinin divarının bir tərəfi mərmi ilə dağıdılmışdı. Erməni daşnakları qaynar samovarı adamların belinə bağlayır və yeriməyə məcbur edirdilər.

Siyasi pərakəndəlikdən istifadə edən yerli oyuncaq qurumlar Muğanda vəziyyəti daha da gərginləşdirirdilər. Erməni Avetisov və Əmiryan Muğan kəndlərinə qənim kəsilmişdi. Avetisovun qoşunu əvvəlki kimi xalqı soyub-talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edirdilər. Adamlar günahsız həbs edilirdilər. Silahlı erməni və rus dəstələri qaçaqlara kömək etməkdə şübhəli bilinən Muğan kəndlərinə fasiləsiz hücumlar edirdilər. Ciddi axtarışdan sonra ev sahibləri öldürülür, mal-qara və qiymətli ev əşyaları daşınıb aparılırdı. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacıtəpə ermənilər tərəfindən dönə-dönə yandırılan kəndlər idi. Alışanlı, Xıl, Yeddioymaq kəndlərində olan əkin yerləri də müsəlmanların əlindən alınaraq ruslara verilmişdi. Yerli əhali torpaqsız qalmışdı.

Erməni-rus hərbi birləşmələri Şərəfə kəndini də top atəşinə tuturlar. Ələ keçirilən 2 şərəfəlinin başı kəsilir. Camaat işgəncə və təhqirlərdən qorunmaq üçün kəndin ətrafındakı sıx meşəlik və cəngəlliklərə sığınır. Seybətinli Mirsadıq bəy, Talışxanlı Əkbər xan, Mirqasım bəy oğlu Talışinski və kənd ağsaqqalları silahlıların kəndə hücumunu dayandırmaq üçün onlarla danışıqlara başlayırlar. Çoxlu ərzaq və mal-qara verməklə erməni-rus silahlılarının sonrakı qırğınının qarşısını alırlar.

 

Avetisov və Əmiryanın silahlı dəstələri...

 

Erməni-rus silahlılarının növbəti hücum hədəfi 2 rus əsgərinin öldürülməsində günahlandırılan Xırmandalı kəndi idi. İlyaşeviç kəndi yandırıb külə çevirməyi əmr etmişdi. Kəndin əli silah tuta bilən kişiləri Hacıtəpə kəndinin günçıxanında Çandıq adlanan ərazidə müdafiə mövqeyi tutmuşdular. Uşaqlar və qadınlar kənddən çıxarılaraq təhlükəsiz yer kimi dənizdə tuqay qamışlıqları ilə əhatə olunmuş adalarda yerləşdirilmişdi. Salyan yolundan tutmuş Adıgözəl, Saleh, Qəreycə, Arpa qobusu Xırmandalı camaatının talan və qırğınlardan qorunmaq üçün sığınacaq yeri olur.

 

Döyüşdə itkilərin çoxalacağından ehtiyat edən xırmandalılar erməni-rus silahlılarının kəndə girməməsi üçün onlarla danışıqlara başlayır. Lakin danışıqlar heç bir nəticə vermir. İlyaşeviç danışığa gələn xırmandalıları həbs etdirib, Prişibə apartdırır. Onlara ağır işgəncələr verilir.

Beləliklə, erməni daşnakları və rus əsgərləri Xırmandalı kəndinə daxil olurlar. Kənd sakinlərinin əksəriyyəti hələ bir neçə gün qabaq kəndi tam tərk etmişdilər. Əsgərlər kəndin gözəgəlimli tikililərini od vurub yandırır, ələ keçirilən ərzağı və taxılı daşıyıb aparırlar. Xırmandalılar doğma yurdlarına qayıdanda artıq evlər yandırılmış, təsərrüfatları məhv edilmiş və daşınıb aparılmışdı. Yaşlı kənd sakinlərı Avetisov və Əmiryanın silahlı dəstələrinin qəddarlığını hələ də xatırlamaqdadırlar.

Lənkəran rayonu, Gərmətük kənd sakini, qocaman müəllim Əlibala Nurullayev qeyd edir ki, əgər denikinçilərdən (Denikin çar imperiyasının generalı olub) birini yerli adamlar öldürsəydilər, erməni və ruslar onun əvəzini, qisasını almaq üçün kəndə girib, bütün insanları, qocaları, uşaqları, qadınları, bir sözlə, hamını qırırlarmış. Bir dəfə onlar bir əsgər öldürüldüyü üçün 70 nəfəri güllələyiblər. Həm də silahsız insanları öldürüblər.

Əlibala Nurullayev deyir ki, imkanlı adamlardan olan Səfərəli adlı şəxs taxıl anbarında diri-diri yandırılıb.

Bütün Azərbaycanı əhatə edən və erməni vəhşiliyini özündə əks etdirən mart faciəsi azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin tərkib hissəsidir. Cənub bölgəsində bu soyqırımı hələ 1918-ci ilin yanvar ayından başlamış və 1919-cu ilin avqustuna kimi davam etmişdir. Bu faciə xalq arasında Qaçaqaç kimi xatırlanan məxsusi adla hələ də yadda qalmaqdadır.

Qeyd edək ki, Lənkəran qəzasında və ətraflarda Şivkunovun, Əmiryanın törətdiyi qanlı cinayətlərin qarşısı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə alındı. Ordunun Lənkəran qəzasına gələn hissəsinə Yusif Camal bəy (Camal Paşa) rəhbərlik edirdi. Camal Paşanın gəlişi ümidsizləşmiş, silahsız qəza camaatının sevincinə səbəb oldu. Camal Paşa Gərmətük kəndində Güləli Cabbar oğlunun evini özünə qərargah seçir. Gavur gülləsi mənə dəyməz deyən Camal Paşanın öldürülməsi əhalini xeyli məyus edir. Bəziləri Camal Paşanın Astaranın Pensər kənd məscidinin həyətində basdırıldığını, bəziləri isə cənazənin Türkiyəyə aparılıb dəfn edildiyini söyləyirlər.

Astara rayonu, Pensər kənd sakini İntizar Mürsəlov qeyd edir ki, müstəqillik uğrunda çarpışan oğullarımızın köməyinə qardaş Türkiyədən gələn səriştəli sərkərdələrin rolu danılmazdır.

Mirhaşım Talışlının sözlərinə görə, o dövrdə Teymur Şahverdiyev adlı bir şəxs olub ki, o, Lənkəranın ilk alisavadlı müəllimi olub: O danışırdı ki, 1918-ci ildə Sütəmurdovdan keçən çayın üstündə körpü yox idi. Çayın rəngi qırmızı idi. Yəni adamlar öldürülürdü, çaya atılırdı. Beşik və cürbəcür əşyalar çayda görünürdü. İnsanları səbəbsiz yerə qırırdılar. Camaat bilmirdi ki, nə üçün qırılır. Qeyd edək ki, 1937-ci ildə Teymur Şahverdiyev repressiyaya düşənlərdən biri olub.

 

P.S. Yazıda tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasovun araşdırmalarından, filologiya elmləri namizədi, Əməkdar müəllim, Prezident təqaüdçüsü, alim Mirhaşım Talışlının fikirlərindən, Lənkəran rayonu Gərmətük kənd sakini, qocaman müəllim Əlibala Nurullayevin, Astara rayonu Pensər kənd sakini İntizar Mürsəlovun məlumatlarından istifadə edilib.

Zaman.- 2014.- 1 iyul.- S. 6.