Milli parkların ekologiyanın qorunmasında və ekoloji maarifləndirmədə əhəmiyyəti

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən də ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub saxlanılması və əhalinin maarifləndirilməsi istiqamətində xüsusi önəm daşıyan addımlar atıldı. Bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə və imzaladığı sərəncamlarla ölkəmizdə milli parkların salınmasında yeni bir dövr başlandı.

XIX əsrin əvvəllərindən başlayaraq sənayenin inkişafı, həmçinin əhalinin sürətlə artımı insanın təbiətə daha çox müdaxilə etməsinə gətirib çıxardı.

XIX əsrin əvvəllərindən başlayaraq sənayenin inkişafı, həmçinin əhalinin sürətlə artımı insanın təbiətə daha çox müdaxilə etməsinə gətirib çıxardı. Bu da, öz növbəsində, meşələrin kütləvi şəkildə məhv edilməsinə, təbiətdəki biomüxtəlifliyin və ekoloji tarazlığın pozulması ilə müşayiət olunmağa başladı. Ekoloji tarazlığın pozulması isə təbiətdəki canlıların sayının sürətlə azalmasına, onların bir çoxunun adının Qırmızı kitaba düşməsinə yol açdı. Məsələn, son 40 ildə Nepal Himalaylarında insanın təbiətə kortəbii müdaxiləsi nəticəsində meşələrin 50 faizi məhv edilib. Bu da həmin ərazilərdə biomüxtəlifliyin pozulmasına, nadir quş növlərinin sayının azalmasına və ya tamamilə məhv olunmasına aparıb çıxarıb. Belə faktlar minlərlədir. Məhz bu amil də ekoloqları həyəcan təbili çalmağa məcbur etdi. Hələ ötən əsrin 70-ci illərində məşhur amerikalı alim-ekoloq Robert Hardinq Uitteker (1920-1980): Ekoloji tarazlığın pozulması belə sürətlə davam edəcəyi təqdirdə, gələcəkdə yer üzü ölü məkana çevriləcək,- demişdi. Məşhur ekoloq vəziyyətdən çıxış yolunu insanlar arasında ekoloji maarifləndirmənin aparılmasında və milli parkların sayının daha da artırılmasında, xüsusi qoruqların salınmasında görürdü.

Təbiətin və bioloji müxtəlifliyin qorunmasının və insanların bu sahədə maarifləndirilməsinin vacibliyi Azərbaycanda da hələ XIX əsrdə diqqət mərkəzində idi. Belə ki, XIX əsrin ikinci yarısında təbiətşünas alim, Azəbaycan mətbuatının banisi Həsən bəy Zərdabi insanın təbiətə necə gəldi müdaxiləsinə qarşı çıxaraq müdrikcəsinə: Meşələr torpaq, su tənzimləyicisi, quraqlığa qarşı mübarizə vasitəsidir. Meşələri qorumaq lazımdır. Təbiət həyat mənbəyidir,- demişdi.

Ötən əsrin 70-ci illərində, demək olar ki, Uittekerlə eyni vaxtda Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində əvəzsiz xidmətləri olan kənd təsərrüfatı elmləri doktoru, professor, akademik Həsən Əliyev (1907-1993) ölkəmizdə ekoloji tarazlığın və biomüxtəlifliyn pozulması ilə bağlı Həyəcan təbili əsərini yazmaqla, sözün həqiqi mənasında, ilk həyəcan təbili çaldı. Bununla da akademik ölkəmizdə təbiətin kəskin deqradasiyaya uğramasını və onun qarşısının alınmasına böyük ehtiyac olduğunu göstərdi. Həyəcan təbili əsəri məşhur akademikin təbiətin, onun onurğa sütunu hesab edilən biomüxtəlifliyin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciəti, çağırışı, təbiətin mühafizəsinə qalxan vətəndaş alimin vətənpərvərlik narahatçılığı idi.

Həsən Əliyevin ən böyük xidmətlərindən biri də insanların ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verməsi idi. Bütün bunlar isə yuxarıda da qeyd etdiyimiz kimi, ekoloji tarazlığın qorunub saxlanılması, biomüxtəlifliyin mühafizə edilməsi və əhalinin ekoloji baxımdan maarifləndirilməsi üçün ölkəmizdə yeni milli parkların salınmasını vacib məsələ kimi gündəmə gətirdi.

Bu çərçivədə də dövlət tərəfindən mühafizə edilən xüsusi ərazilərin salınması, təbiətin və biomüxtəlifliyin qorunub saxlanılması ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xüsusi diqqət mərkəzində idi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin hər yerində, o cümlədən Bakı və onun ətrafında minlərlə hektar yaşıllıq zolaqları salındı və əhalinin ekoloji maarifləndirilməsi yönündə xüsusi tədbirlər həyata keçirildi.

İlk milli parklar

Tarixdə ilk milli park 1872-ci ilin mart ayında ABŞ-da yaradılmışdır. Yelloustoun adlanan bu parkın təşkilində məqsəd bölgədəki qeyzerlər və isti mineral bulaqların mühafizəsi və biomüxtəlifliyin qorunub saxlanılması idi. Bundan sonra dünyanın digər yerlərində də milli parkların yaradılması prosesinə start verildi. Avropada isə Qraubyuden adlı ilk milli park 1914- ildə İsveçrədə yaradılıb. Daha sonra 1922-ci ildə İtaliyada Qran-Paradizo, 1963-cü ildə Fransada Vanauz milli parkları təşkil edildi.

Milli park anlayışının ilk izahı isə 1933-cü ildə Afrikanın fauna və florasının qorunması ilə bağlı Londonda imzalanmış konvensiyada verildi. Konvensiyada qeyd edilirdi ki, milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və maarifçilik, elmi, mədəni məqsədlər üçün istifadə olunan elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Parklarda həmçinin əhalinin ekoloji maarifləndirilməsi ilə bağlı fəal iş aparılır, bəzən isə təsərrüfat fəaliyyətinə də (ekoloji təhlükəsizliyi şərti ilə) icazə verilir.

Onu da deyək ki, günümüzdə dünyada mindən çox milli park və 70 min xüsusi qorunan təbii ərazilər var. Təqribi hesablamalara görə, milli parklar və xüsusi qorunan təbii ərazilər dünyanın quru ərazisinin 10%-ni təşkil edir.

Azərbaycanda Milli parklar və əhalinin maarifləndirilməsində onların rolu

Azərbaycan Qafqaz və Kiçik Asiya, Qara dəniz və Xəzər dənizi regionunda qədim mədəniyyətə, Avropada ən zəngin bioloji müxtəlifliyə malik olan ölkələrdən biri olaraq, fövqəladə əhəmiyyətli təbii irsə malikdir. Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşəratların 15 minə yaxın növünü əhatə edir. Amma SSRİ dövründə təbiətlə qeyri-insani şəkildə davranılması nəticəsində ölkəmizdə ekoloji vəziyyət pisləşmişdi. Azərbaycan müstəqilliyini əldə edəndən sonra bu amil ölkəmizin iqtisadi inkişafı yolunda ciddi əngələ çevrilmişdi. Ona görə də, dövlət səviyyəsində ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və əhalinin ekoloji maarifləndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilməyə başlanıldı. Qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi məqsədilə Prezident Heydər Əliyevin 2001-ci il, may ayının 23-də imzaladığı sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. 2003-cü ildə isə Prezident Heydər Əliyev əhali arasında ekoloji maarifləndirməyə xidmət edən Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında fərman imzaladı. Bu da əhali arasında ekoloji təbliğatın ən yüksək səviyyədə həyata keçirilməsində və biomüxtəlifliyin qorunmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən də ekoloji tarazlığın və biomüxtəlifliyin qorunub saxlanılması və əhalinin maarifləndirilməsi istiqamətində xüsusi önəm daşıyan addımlar atıldı. Bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə və imzaladığı sərəncamlarla ölkəmizdə milli parkların salınmasında yeni bir dövr başlandı. Prezidentin bu sərəncamlarının həyata keçirilməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) böyük işlər həyata keçirdi. Qısa müddətdə ölkəmizdə Akademik Həsən Əliyev adına Zəngəzur, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl ərazilərində milli parklar yaradıldı.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xüsusi mühafizə olunan milli parklar təbiətin mühafizəsində, bioloji müxtəlifliyin qorunmasında və əhalinin maarifləndirilməsində əhəmiyyətli rol oynayırlar.

Bir sözlə, ETSN yarandığı gündən etibarən onun çoxşaxəli fəaliyyətində ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması prioritet istiqamətlərdən biri olmuşdur.

Hazırda respublikamızın ərazisində 8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu, 21 Dövlət Təbiət Yasaqlığı var. Günümüzdə milli parklar ölkə ərazisinin 3,1%-ni təşkil edir. Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi isə ümumi ərazinin 10%-ni təşkil edir.

Son illərdə yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradılması və əhalinin ekoloji sahədə maarifləndirilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlər daha geniş vüsət alıb. Bu çərçivədə, xüsusilə, Abşeron Milli Parkının yaradılması, həmin ərazidə nadir təbiət komplekslərinin və obyektlərinin, xüsusən, pərayaqlı heyvanların yeganə nümayəndəsi olan Xəzər suitinin daha çox yayıldığı arealda ceyranların, həmçinin su bataqlıq quşlarının qorunub saxlanılmasına və bərpasına imkan yaradacaqdır. Bu parkın təşkili eyni zamanda təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitə diqqət və qayğının artırılması, yeni ekoloji şüurun formalaşması,əhalinin ekoloji maarifləndirilməsi sahəsində aparılan məqsədyönlü tədbirlərin ardıcıl nümunəsidir.

 

Məsələyə münasibət bildirən Şahdağ Milli Parkının direktoru Arzu Mustafayev əhalinin ekoloji maarifləndirilməsində milli parkların xüsusi əhəmiyyət daşıdığını söylədi. O, milli parklar vasitəsilə əhali arasında ekoloji maarifləndirmənin uğurla aparıldığını bildirdi. Arzu Mustafayev: Əhali arasında ekoloji maarifləndirmə iki istiqamətdə aparılır. Bunlardan birincisi, müntəzəm olaraq əhali ilə sıx əlaqələr saxlanılması və onlar arasında biomüxtəlifliyin qorunub saxlanılmasının insan həyatı üçün nə qədər böyük əhəmiyyət daşımasının təbliğ edilməsidir. İkinci istiqamət isə milli parklarda istər məktəblilər, istər ali məktəb tələbələri, istərsə də yaşlı nəsil arasında biomüxtəlifliyin qorunub saxlanılması məqsədi ilə elmi-kütləvi tədbirlərin keçirilməsidir. Milli parklarda əhalinin ekoloji maarifləndirilməsinə xidmət edən sənədli filmlərin nümayişi, əhalinin bu məkanların nəzdində yaradılan muzeylərə səfərlərinin təşkili, həmçinin onların canlı təbiətlə birbaşa ünsiyyətə girməsinə imkan verən maarifləndirici tədbirlər qarşıya çıxan problemlərin şüurlu şəkildə aradan qaldırılmasında xüsusi rol oynayır, - dedi.

Milli Ekologiya Proqnozları Mərkəzinin rəhbəri Telman Zeynalov da milli parkların əhalinin ekoloji baxımdan maarifləndirilməsində önəmli rol oynadığını bildirdi:

Milli parkların və qoruqların sayının hər il artırılması Azərbaycanda təbiətin və biomüxtəlifliyin qorunub saxlanılmasında, əhalinin ekoloji maarifləndirilməsində dövlət səviyyəsində həyata keçirilən ən uğurlu tədbirlərdir və bütün bunlar gələcəyimiz üçün xüsusi önəm daşıyır.

Beləliklə, bioloji müxtəlifliyin qorunub saxlanılmasında və əhalinin ekoloji maarifləndirilməsində milli parkların, o cümlədən xüsusi mühafizə olunan ərazilərin rolu əvəzedilməzdir. Məhz milli parkların və xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyəti və əhalinin maarifləndirilməsi istiqamətində onlar tərəfindən həyata keçirilən tədbirlər nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunub saxlanılmasına imkan yaratmışdır. Bütün bunlar isə Azərbaycanı yeni parkların salınması, biomüxtəlifliyin qorunub saxlanılması və əhalinin ekoloji maarifləndirilməsi sahəsində nəinki Cənubi Qafqazın, həm də dünyanın lider dövlətlərindən birinə çevirib.

Zaman.-2014.-11-13 yanvar.-S.12-13.