“Bizim uşaqların, xaricilərin uşaqlarından nəyi əskikdir?”

 

Bu gün Azərbaycan kino sektorunda olduğu kimi, animasiya filmlərinin çəkilməsində də durğunluq yaşanır. Məhz bu səbəbdən körpələr əcnəbi animasiya filmlərinə baxmaq məcburiyyətində qalırlar. 

  

Ancaq həmin animasiya filmləri nə dərəcə Azərbaycanın milli, mənəvi ruhuna uyğunluğu və bu filmlərin körpələrin psixoloji, əxlaqi vəziyyətinə hansı formada təsir etdiyi sual altındadır. Bu mövzuda  animasiya filmlərinin çəkilməsində artıq öz sözünü demiş rejissor Elçin Hami Axundovla söhbət etdik.

 

- Özünüzü oxucularımıza təqdim edin. Elçin Hami Axundov kimdir?

 

- “AZAN” film studiyasının rejissoru, rəssamı, əməkdar mədəniyyət işçisiyəm. Bu işdə 1966-cı ildən quruluşçu rəssam, quruluşçu rejissor, animator rəssam kimi fəaliyyət göstərmişəm. 1994-cü ildən etibarən “AZAN” film studiyasında bədii rəhbər kimi işləməyə başladım. Ancaq 2012-ci ildə ərizəmi yazaraq direktor vəzifəsindən çıxdım. Hal-hazırda həmin studiyada quruluşçu rejissor və rəssam kimi fəaliyyət göstərirəm. Çünki bu gün animasiya filmlərinin inkişafına, sözün həqiqi mənasında, ehtiyac var.

 

 - Necə oldu ki, bu sənəti seçdiniz?

 

- Mən o vaxtlar Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində oxuyurdum. Həmin illərdə kinostudiyanın nəzdində  açılan ikiillik animator-rəssamlıq təhsil kursuna gedirdim. Nəticə etibarilə 1968-ci ildə ilk dəfə klassik “Cırtdan” animasiya filmini çəkdik. Ona görə “klassik” deyirəm ki, daha sonralar həmin bu cizgi filmləri əsasında “Cırtdanın sərgüzəştləri”, “Cırtdan, pəhləvan”, “Cırtdan və div” filmləri çəkilib. Ağa Nağı Axundovun rejissorluq etdiyi həmin filmin rəssam assistenti  mən olmuşam. Sonralar isə, əvvəlcə, ildə 10 dəqiqəlik bir film, daha sonra iki film, hətta 80-ci illərdə də ildə 4-5 film çəkməyə başladıq. Hətta bu illərdə artıq bizim kollektiv böyüdü və təxminən 40-50 nəfər rəssam fəaliyyət göstərməyə başladı. Zənnimcə, bu illərdə uşaqdan böyüyə hər kəsin marağına səbəb olan kifayət qədər filmlər çəkilirdi.

 

 - Animasiya filmlərində aparıcı rol kimin üzərinə düşür?

 

- Animatorun ayrı, aktyorun ayrı, rəssamın ayrı, rejissorun ayrı əməyi var. Hər biri ayrı-ayrılıqda yaradıcı olmalıdır. Animator şəkil çəkən aktyordur. Mən “AZAN” film studiyasında müdir olduğum vaxtlarda kurs keçmək üçün gözəl əl qabiliyyəti olan rəssamlar gəlirdi. Ancaq aktyorluq bacarıqları olmadığı üçün onları qəbul edə bilmirdik. Aktyorun da gərək güclü fantaziyası olsun ki, personajların hərəkətlərini, onların hansı situasiyada nə edəcəklərini uydura bilsin. Yeri gəlmişkən deyim ki, animasiya filmləri, sadəcə, uşaqlar üçün deyil, onlara böyüklər də baxır. Buna görə film çəkərkən hər yaş dövrünü nəzərə almaq lazımdır. Mən özüm dünya ölkələrinin bir çoxunda animasiya filmləri festivalında münsiflər heyətində olmuşam. Burada təqdim olunan filmlərin əksəriyyəti böyüklər üçün idi. Amma zaman keçdikcə Azərbaycanda bu filmlər də, animatorlar da görünməz oldu.

 

 - Bəs nə baş verdi ki, hal-hazırda o filmlər bizim ekranlarda yenilənmir? Uşaqlar niyə müasir animasiyalarla maarifləndirilmirlər?

 

- Mən sizə onu deyə bilərəm ki, 1990-cı illərdə bilirik ki, ölkə durğunluq dövrü yaşadı və əksər animatorlar xaricə getdilər. Dünyanın müxtəlif ölkələrinə səpələndilər. Çünki dünyanın bir çox yerlərində klassik animasiyanı bilən animatorlara tələb var idi. Mən 2000-2012-ci illər arası Azərbaycanda qalan təxminən 10 nəfərə yaxın animasiya rəssamını “AZAN” film studiyasında toplamağa nail olmuşdum. 80- ci illərdən cəmi iki nəfər animator qalıb, amma  onların da yaşı artıq öz sözünü deyir. Həm də bilirsiz, belə işlər maddi vəsait tələb edir. Animasiya filmlərinin əvvəlki qüdrətinin bərpa edilməsi üçün birinci növbədə maliyyə vəsaiti lazımdır. Yeni animatorların yetişməsi üçün animasiya rəssamlıq kursları təşkil olunmalıdır.

 

 - Bəs maliyyə vəsaiti ayrılması ilə bağlı təkliflər vermisinizmi?

 

- Mən 2005-ci ildə layihə hazırlayıb təklif kimi təqdim etdim. Bu təklif  Nazirlər Kabinetinə qədər gedib çıxdı və dəstəkləndi. Ancaq heç bir maddi yardım göstərilmədi. Layihə əsasında il ərzində 20 nəfər gənc rəssamın iştirak edəcəyi kurslar açılacaqdı. Bu kurslarda onlara hərəkətin fizikasını, mexanikasını keçməklə bərabər, eyni zamanda aktyorluq, pontamimo  dərsləri də keçirilməli idi. Eyni zamanda nəzərdə tutulmuşdu ki, hər iki aydan bir xarici ölkələrdən - Amerikadan, Rusiyadan mütəxəssislər gəlib tələbələrə animasiya dərsləri keçsinlər. Bütün bunlardan sonra bizdə də artıq animasiya filmlərinin istehsalı yenidən canlanacaq, 10 dəqiqəlik deyil, tammetrajlı, yaxud da silsilə filmlər çəkib, balacalarımızın ixtiyarına veriləcəkdi.

 

 - Animasiya filmlərinin çəkilişində sizə ən çətin gələn məqamlar hansılardır? Bədii film çəkilişlərinə nisbətən animasiya filmləri asan başa gəlirmi?

 

- Animasiya filmləri də elə kinonun bir növüdür. Ancaq təsəvvür edin ki, bədii film, yaxud da sənədli film çəkmək üçün bir neçə saniyə müddətində kadrı saxlamadan hərəkət etdirmək mümkündür. Ancaq 10 dəqiqəlik bir animasiya filmi çəkmək üçün hər saniyəsinə 24 şəkil çəkmək lazımdır. Çəkilmiş şəkilləri hərəkətə gətirmək üçün bu saniyələr çox önəmlidir. Əgər arada saniyə itkisinə yol verilərsə, hərəkətlər qırılmış olar. Filmlər təkcə şəkillərlə yox, hazırlanmış kuklaların hərəkətə gətirilməsi ilə də mümkündür. Ancaq müasir dövrdə animasiya filmlərinin çəkilməsinin fərqli yolları var ki, bunlar “3D Maks” və “Maya” vasitələridir. Bunlar  keçmiş kuklaların hərəkətini kompyuter vasitəsilə canlandırılmasıdır. Bu, əvvəlkilər qədər əziyyətli proses deyil. Amma gərək, birinci növbədə, gözəl animator olasan, kompyuter proqramlarını biləsən, hərəkət qanunlarına bələd olasan və s. Düşünə bilərsiz ki, kuklaların hərəkətə gətirilməsi ilə çəkilən animasiyalar şəkillərlə çəkiləndən daha asan başa gəlir. Ancaq yox. Hər ikisinin də özünə görə çətinlikləri var.

 

 - Bədii film aktyoru animasiya aktyoru ola bilərmi, yaxud da əksinə?

 

-Yaxşı aktyor, təbii ki, oynaya bilər. Ancaq ən yaxşı bədii film aktyoru belə, animasiya aktyoru olmaq üçün ən az bir il animasiya dərslərini, hərəkət qanunlarını gərək öyrənsin. Ondan sonra niyə də yox. Qaldı ki, animasiya film aktyorlarının  bədii filmdə oynamasına, düşünürəm ki, əgər aktyor öz sahəsində, həqiqətən, peşəkardırsa, istənilən animasiya aktyoru təbii ki, bədii filmdə oynaya bilər.

 

 - Bu gün uşaqların maariflənməsi üçün hansı mövzularda filmlərə ehtiyac var?

 

-Bizdə animator əskikliyi var. Animator olmayan yerdə necə film çəkə bilərik? Mən sizə onu deyim ki, mənim indi 20 nəfər animatorum olsa idi, ildə 10 dənə film çəkərdim. Təbii ki, maliyyə əskikliyi də olmasa... Məsələ mövzu qıtlığı deyil, məsələ ondadır ki, film sahəsində kadr azlığı var. Mən sovet dövründə çəkilən filmləri niyə misal göstərirəm? Ona görə ki, həmin dövrdə çəkilən filmlər uşaqlara tərbiyəvi cəhətdən çox şey öyrədirdi. Həm gülüb əylənirdilər, həm də maariflənirdilər. Amma indi yazıq uşaqlar nəyə baxsınlar bilmirlər. Baxırlar, amma nəyə? Seriallara... Niyə? Çünki valideyn ona baxır. Kadr olmadığı üçün yeni çəkilən animasiya filmlərimiz də, demək olar ki, yox.

 

 -Elçin müəllim, otağa girəndə kağızdan düzəldilmiş müxtəlif fiqurlar diqqətimi çəkdi. Hamısı sizin əl işlərinizdir?

 

- Deməzdim ki hamısı mənimdir. Bəzi şəkilləri tələbəm çəkib (yan otaqdakı tələbəsi Kəbirə xanımı göstərir). Ancaq buradakı əl işlərinin böyük faizi mənə məxsusdur. Bilirəm deyəcəksiniz ki, necə oldu maraq yarandı? 1989-cu ildə ölkəmizə xarici ölkələrdən jurnallar gəlirdi. Yadımdadır, o vaxtlar Almaniyadan gələn bir uşaq jurnalının içərisində cəngavər kuklasının düzəldilməsi üçün bir sxem var idi. Mənim də xoşuma gəldi. Ona baxdım və eyni formada kəsib, bir dənə də mən düzəltdim. Düşündüm ki, onların uşaqları uşaqdır, bizimkilər yox? Ona görə də mən bununla da məşğul oldum və birinci “Məşədi İbad”ı bu şəkildə hazırlayıb, bütün obrazlarının kuklalarını hazırladım. 1991- ci ildə də Gənclik nəşriyyatında çap etdirdim. Hal-hazırda 50-yə yaxın kukla var. İndi də “Qacarlar”ın üzərində işləyirəm. Mən hazırladığım hər bir kuklanın yanında onun haqqında məlumatı da qeyd edirəm ki, uşaqlar baxanda nə olduğunu bilsinlər.

 

 - Bir peşəkar rejissor kimi yeni nəslin yetişməsində müasir bədii və animasiya filmlərinə münasibətiniz?

 

- İndi çox şükür ki, bütün telekanallarda film başlayan kimi, ekranın kənarına neçə yaşdan yuxarı uşaqların izləməsinin uyğun olduğu yazılır. Valideyn hansı filmlərin uşağın yaş həddinə uyğun olmadığını görəndə gərək uşaqlara başqa məşğuliyyət tapsın. Telekanallara mənim məsləhətim odur ki, efirə film verərkən birinci uşaqları nəzərə alsınlar. Böyüklər onsuz da hər şeyə baxa bilirlər. Onlar üçün çəkilən filmlər kifayət qədərdir. Yeri gələndə uşaq animasiyalarını həm də böyüklər izləyə bilirlər. Ona görə düşünürəm ki, birinci növbədə uşaqlar nəzərə alınmalıdır. Çox istərdim ki, Təhsil Nazirliyi məktəblərdə müəyyən proqramlara uyğun animasiya filmlərinin çəkilməsi işinə təşəbbüs göstərsin. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanda da, uşaq televiziyası kanalı açılsa, uşaqlar üçün çox müsbət addım olar.  Belə ki, boş vaxtlarını digər proqramlara xərcləməkdənsə, bu kanal vasitəsilə zamanlarını dəyərləndirə bilərlər.

 

HƏVVA CƏLİLOVA

Zaman.- 2014.- 14 yanvar. - S.7.