Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı bu gün başa çatır

Artıq 3 gündür Mədəniyyət Nazirlərinin VIII İslam Konfransı öz işinə başlayıb.

Konfrans 2013-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçilmiş Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSESCO-nun təşkilatçılığı ilə keçirilir. Bu gün başa çatacaq konfransda Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, VIII konfransın açılış mərasimində Əbülfəs Qarayev VII konfransın prezidenti kimi çıxış edərək, İSESCO-nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib. Konfrans çərçivəsindəMədəni hüquqların sülh və dialoqda rolusessiyasında isə Ə.Qarayev ölkəmizin nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək son iki ildə Azərbaycan-İSESCO əməkdaşlığının inkişafından, həyata keçirilən birgə layihələr və perspektivlərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini konfrans iştirakçılarına çatdırıb. Səfər çərçivəsində nazir Ə.Qarayev İSESCO-nun baş direktoru Əbdüləziz Othman Altvaijri və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Khoja ilə görüşlər keçirib. Əbülfəs Qarayev, həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman Əl Saud ilə də görüşüb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Zaman.-2014.-23 yanvar.-S.7.