Azərbaycanın yeni musiqi aləti - fitara ölkədə və dünyada maraq böyükdür

 

ELVIN ƏLIYEV,

 

Milli musiqi alətimiz olan fitarı bir neçə ildir ki, efirlərdə, toy-nişan məclislərində görürük.

Amma bir çoxlarımız kimi, mən hesab edirdim ki, gördüyüm alət ənənəvi gitaranın yeni modelidir. Qafqaz Universitetinin əməkdaşı Fuad Şərbətovla söhbət zamanı onun milli musiqi aləti fitar olduğunu öyrəndim. Bildiyiniz kimi, çalğı alətləri mədəniyyət musiqinin inkişafında, həmçinin təbliğində böyük rol oynayır. Xoşbəxtlikdən F. Şərbətov sözügedən musiqi alətini ixtira edən Fikrət Quliyevi tanıyırdı. Bu vəsilə ilə Fikrət usta ilə görüşüb, həmsöhbət olduq.

 

- Fikrət usta, ilk olaraq özünüz haqqında məlumat verin, oxucularımız sizi tanısınlar.

 

- 1955-ci ildə Cəbrayıl rayonunda anadan olmuşam. Şagird vaxtlarımda pianoda ifa etməyi öyrənmişdim. Məndə daha sonra gitaraya həvəs oyandı. 20 ildən çox gitara ifaçısı olaraq, el şənliklərinə, rayon tədbirlərinə getmişəm. Eyni zamanda Cəbrayıl Mədəniyyət Şöbəsində işləyirdim. Daha sonra Qarabağ müharibəsi başlandı. Azərbaycanın digər oğulları kimi, könüllü olaraq ordu sıralarına qoşuldum. Ordudan qayıdandan sonra da həm ifaçılıqla, həm gitara düzəltməklə, həm onları təmir etməklə məşğul oldum. 2009-cu ildən bu yana isə fitar düzəldirəm.

 

- Bayaq da dediyiniz kimi, musiqi ifaçılığına piano ilə başlamısınız. Bəs gitaraya maraq necə yarandı?

 

- O vaxt gitara çox dəbdə idi. Gənclərin böyük əksəriyyəti gitara öyrənməyə cəhd edirdi. Kimin istedadı var idi, öyrənə bilirdi. Kimin istedadı olmurdu, yarımçıq qoyub, başqa işlə məşğul olurdu. Açığı deyim, mən rayonumuzda sayılıb-seçilən musiqiçi olmuşam. Hətta Cəbrayıl rayonu Mərcanlı kəndində uzun müddət musiqi müəllimi işləmişəm. İndi Cəbrayıl Rayon Musiqi Məktəbində müəlliməm.

 

- Milli musiqi aləti düzəltmək ideyası haradan ağlınıza gəldi?

 

- Toylarda gördüyümüz gitaralar (Yolana Tornado) Çexiya alətidir. Musiqilərimiz gitarada da yaxşı səsləndiyi üçün Azərbaycanda həmin alət çox populyarlıq qazanıb. Çexiyanın 1960-cı ildən başlayaraq istehsal etdiyi Yolana Tornado gitarasının istehsalı isə 1985-ci ildə dayandırılıb. Ona görə bir çox gitara ifaçıları ancaq öz alətlərini təmir etdirmək məcburiyyətində qalırdılar. Mən uzun illərdir ki, həmin alətlərin bərpası ilə məşğul oluram. Respublikamızın adlı-sanlı gitara ifaçılarının alətlərini bərpa edib, ilkin vəziyyətinə gətirmişəm. Hər gitara təmir etdikcə, özümə sual verirdim: üçün Azərbaycanın gitaranı əvəz edəcək, milli musiqi aləti yoxdur? Bu sual ətrafında çox düşünürdüm. Nəhayət, Azərbaycanın gitaranı əvəzləyəcək bir çox xüsusiyyətlərinə görə, hətta ondan üstün olan milli musiqi aləti - fitarı düzəltmək qərarına gəldim. Bununla da adıçəkilən yeni alətin üzərində təcrübələr apardım. Nəhayət, ilk fitar 2009-cu ilin may ayında hazır oldu. İlk fitarı sınaq üçün Azərbaycanın gitara ifaçıları arasında özünəməxsusluğu ilə seçilən Elman Namazoğluna verdim.

 

- Fitar hazırlayarkən inanırdınızmı ki, o, milli musiqi aləti olaraq özünü doğruldacaq?

 

- Bəli. Mən, ilk növbədə, nəticənin yaxşı olacağına inandığım üçün fitarı düzəltmək qərarına gəldim. Şükür ki, fitara inanmaqda yanılmadın. O özünü milli gitara olaraq doğrultdu.

 

- Sizə fitar üçün ilk sifarişi kim verib?

 

- Fitarın ilk ifaçısı Elman Namazoğludur. Yuxarıda da qeyd etdiyim kimi, ilk fitarı sınaq üçün ona verdim. O da fitarı çox bəyəndi.

 

- Fitarın dizaynında ənənəvi gitaradan fərqli detallar var. Yeni musiqi alətinə dizayn verərkən, nəyə əsaslanıbsınız?

 

- İlk musiqi alətimə Butar adını vermişdim. Buna səbəb yeni alətə milli görünüş vermək məqsədilə, onu Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən olan butaya oxşatmışdım. Ona Butar adını da butaya oxşadığı üçün vermişdim. Çox gözəl musiqi aləti idi. Məndən onu çox adamın istəməsinə baxmayaraq, satmağa əlim gəlmədi. İlk yeganə Butarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə təqdim etdim.

 

- Belə qənaətə gəlmək olarmı ki, Fitar Butarın daha təkmil formasıdır?

 

- Azərbaycanda alət düzəldənlər çoxdur. Amma hər alət, məcazi mənada ifadə edəsi olsaq, ayaq tutub yerimir. Butarı qucaqda tutub saxlamaq vərdiş tələb edirdi. Ona görə də, yavaş-yavaş, müəllifi olduğum musiqi alətinin ələ daha yatımlı variantlarını hazırlamağa çalışdım. Fitar bir neçə mərhələdən keçərək, indiki vəziyyətinə düşüb. Məlumat üçün bildirim ki, Fitarın bütün detalları mənim əl işimdir.

 

- Fitarı ənənəvi gitaradan fərqləndirən əsas xüsusiyyət nədir?

 

- Fitara müəlliflik hüququ almaq üçün Milli Musiqi Konservatoriyasının və Milli Musiqi Akademiyasının komissiyasından keçmişəm. Orada da mənə eyni sualla müraciət etmişdilər. Bəzi hallarda insanlar belə düşünürlər ki, fitar da elə gitaradır. Əslində isə elə deyil. Misal üçün, rus, ispan, alman, çex, ingilis s. gitaraları mövcuddur. Belə demək mümkünsə, hər xalqın özünün gitarası var. Yəni hər millət gitaranı milli musiqilərinə uyğun şəkildə özünküləşdirib. Çünki gitaraya hər millətin özünəməxsus baxış tərzi var. Fitar görünüşü ilə yanaşı, səsi ilə gitaradan fərqlənir. Hansı ki, o səs ancaq fitara məxsusdur. Qeyd edim ki, Fitarın səsini təsadüf nəticəsində tapmışam.

 

-Fitar sözünün açıqlaması varmı? Yeni milli musiqi alətinizə niyə məhz Fitar adını verdiniz?

 

- Fitar adını qoymaq mənim öz fikrim olmayıb. Mənim Kərəm adlı dostum var. O mənə dedi ki, yeni musiqi alətinin adını Fitar qoyaq. Kərəm fikrini belə əsaslandırdı ki, Sitar, Dütar, Saksafon s. kimi musiqi alətlərinin adları onu hazırlayanların adları ilə bağlıdır. Dostumun təklifi mənim ağlıma batdı. Fitar sözü adımın ilk iki hərfi tar sözünün birləşməsindən əmələ gəlib.

 

- Milli gitaramıza olan maraq sizi qane edirmi?

 

- Musiqiçilər ilk gündən etibarən fitarı yaxşı qəbul etdilər. Əsas məsələ elə bu idi. Bu mənim üçün bir stimul oldu. Yotubeda dünyanın müxtəlif ölkələrində yaşayan fitar dinləyiciləri mənə təşəkkür məktubları yazırlar. Yerli ifaçılar ilə yanaşı, Türkiyəyə, İrana, Gürcüstana, Almaniyaya, Hollandiyaya, ABŞ-a, Qazaxıstana, Rusiyaya çox sayda Fitar satmışam. İnanıram ki, Fitar adları çəkilən ölkələrdə Azərbaycanımızı uğurla təmsil edir. Bildiyiniz kimi, ermənilər bizim bir çox musiqi alətlərimizi öz adlarına çıxmağa cəhd edirlər. Rusiyadakı tanışlarım mənə zəng vurub deyiblər ki, oradakı ermənilər hansı yollarlasa fitar əldə edirlər. Mənə çox pis təsir edən isə o oldu ki, ermənilər fitarın üzərindəki Azərbaycan sözünü xəritəmizin üzərini zalentlə örtürlər. Nyu-York ermənilərindən bir nəfər elektron poçtuma məktub yazaraq, fitar istəyirdi. Təbii ki, mən ona rədd cavabı verdim.

 

- Musiqi alətləri mağazalarına fitar verirsinizmi?

 

- Mən sifariş əsasında fitar düzəldirəm. Bu yaxınlarda Almaniyadan 2 fitar sifariş vermişdilər. Hazırlayıb göndərdim. Sonra oradakı böyük gitara mağazalarından mənə çox sayda sifariş gəldi. Amma tək olduğum üçün sifarişi yerinə yetirə bilməyəcəyimə görə onların təkliflərini qəbul etmədim.

 

- Düşünürsünüzmü, fitarın böyük emalatxanasını hazırlayıb, kütləvi istehsala başlayasınız?

 

- Bunu çox istəyərəm. Çünki fitar özünü doğruldubona ehtiyac var. Amma bu indiki vəziyyətdə çox çətindir. Həm bir az yaşlanmışam, həm də mənə kömək eləyən yoxdur. Bilirsiniz, fitarın böyük emalatxanasını hazırlamaq üçün dövlətin dəstəyi lazımdır. Ümid edirəm ki, Azərbaycan hökuməti milli musiqi alətimizə sahib çıxacaq.

 

- Sizin davamçınız varmı, yoxsa sizdən sonra fitar düzəldən olmayacaq?

 

- Hələ istədiyim adamı tapa bilməmişəm. Bir-iki nəfər gəncə bu işi öyrətmək istəmişəm. Amma onların ağıllı telefonu imkan verməyib ki, fikirlərini cəmləyib bu işi öyrənsinlər. Bu cür işin batıb getməsindən çox qorxuram.

 

Elvin Əliyev

Zaman.-2015.-13 may.-S.6.