Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi xalq artisti, görkəmli teatrkino xadimi Əliabbas Qədirovun məzarını ziyarət edib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ziyarətdə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, sərəncamçı direktor Natiq Gülməmmədov, xalq artistləri Rafiq Əzimov, Mərahim Fərzəlibəyov, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, professor Rafiq Sadıqov, Ə.Qədirovun ailə üzvləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xalq artisti A.Paşa Nemət Ə.Qədirovun həyat və yaradıcılığından, Azərbaycan teatr sənətindəki rolundan, aktyor kimi yaratdığı obrazlardan danışıb.

Professor R.Sadıqov, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Ə.Qədirovun pedaqoji fəaliyyətindən bəhs edib, sənət dostları haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dramkino aktyorluğu fakültəsinə daxil olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb.

O, 1970-ci il aprelin 6-dan Milli Dram Teatrının aktyoru olub.

Ə.Qədirov 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. Görkəmli sənətkar 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Zaman.- 2016.- 13 fevral.- S. 6