“Heç vaxt güldürmək xatirinə and içməmişəm”

Müsahibimiz tanınmış komediya ustası Tərlan Nur Yaşardır.

- Tərlan bəy, istərdim müsahibəmizin əvvəlində özünüz haqqında oxucularımıza məlumat verərdiniz...

- Tərlan Nur Yaşar. Hələ universitet vaxtından sırf Azərbaycan dilində olan Şən və Hazırcavablar Klubunda (ŞHK) iştirak etmişəm. Daha sonra peşəkarlaşdırmağa başladım. Bizim sənət elə sənətdir ki, oxumaqla deyil, oxumadan da peşəkar olmaq mümkündür. Biz də çalışırıq ki, olduğumuz yerdə saymayaq, get-gedə daha da peşəkarlaşaq. Ailəliyəm, iki qız övladım var.

- Azərbaycan Dövlət Texniki Universitetindən məzunsunuz. Texniki Universitet hara, aktyorluq hara?

- Texniki Universitetin komandası var idi. Komandaya gəldiyim gündən fəal üzvlərindən birinə çevrildim. “Texniki oğlanlar komandası” ümumilikdə çox adamlar yetişdirib. Universitetimizin o vaxtkı rəhbərlərinə çox təşəkkürümü bildirirəm. Məşqlərə gedirdik deyə dərslərdə az olurduq. Bütün müəllimlər bunu nəzərə alırdılar. Amma kömək etməyənlər də olurdu. Məsələn, elə bir müəllim olub ki, mənə də, digər Şən və Hazırcavablar Klubunun üzvlərinə də deyirdi ki, siz bu universitetin üz qarasısınız. İllər keçdi - 2011-ci ildə həmin müəllim mənimlə üz-üzə gələndə dedi ki, sən bizim universitetin fəxrisən. Ona görə də düşünürəm ki, bir insan haqqında, xüsusilə də gənclər haqqında heç vaxt tələsik qərar vermək olmaz. Gənclərə bir az azadlıq vermək lazımdır ki, özlərini daha yaxşı olduqları yerdə tapsınlar. Diplom hər şeyi həll eləmir. Mən əlimdə olan diplomla hələ bir gün belə işləməmişəm. Hətta bəzi həmkarlarım elə bilirlər ki, İncəsənət Universitetini bitirmişəm.

“Şən və Hazırcavablar Klubu aktyor məktəbi deyil”

- Həmin komanda yenə də fəaliyyətini davam etdirirmi?

- Mən bildiyimə görə yox. Çünki qalsaydı, çempionat olardı, çempionat da olsaydı, yəqin ki, bizlərə xəbər edərdilər, gəlib münsiflər heyətində oturardıq. ŞHK-dan anlayışı olan adamları çağırırlar, adətən, ora. Bəzən olur ki, peşəkar aktyorlardan, peşəkar incəsənət xadimlərindən çağırırlar münsif kimi, amma onlar Şən və Hazırcavablar Klubunun münsiflər heyətində oturanda səhv qiymətlər verirlər. Şən və Hazırcavablar Klubu aktyor məktəbi deyil. Məsələn, səhnədə olanda yerindəcə analiz edə bilməlisən, zalda oturanların nəbzini tuta bilməlisən. Məsələn, gördün ki, tamaşaçılar sənin bir sözünə güldülər, əgər başın işləyirsə, operativlik varsa, davamını gətirəcəksən, ssenaridə yazılmayan şeyləri də əlavə edəcəksən. Aktyor münsif olanda deyir ki, yox, aktyorluqları zəifdir, ancaq başa düşmür ki, bunlar 19-20 yaşlı uşaqlardır. Üstəlik, onlar İncəsənət Universitetində oxumurlar. Aktyorluq hər bir insanda var, yaradılışında var. İnsan nəyəsə nail olmaq üçün lap belə körpə yaşından aktyorluq edir. Adicə balaca uşaq adama yaxınlaşır, konfeti istəyəndə belə adi dillə istəmir axı. Şirin sifət alır, xüsusi intonasiya ilə istəyir. Bu da aktyorluqdur əslində. Üzərində işləyə-işləyə, qarşısına çıxdığın tamaşaçıların rəyləri, fikirləri sənin üçün önəmlidirsə, get-gedə peşəkarlaşırsan.

- Bir insan eyni zamanda həm şən, həm də hazırcavab ola bilərmi?

- Ola bilər. Əslində onlar elə bir-birinə bağlı iki fərqli xasiyyətdir desəm yanılmaram. Əslində hazırcavab, ancaq şən olmayan, acıdil adamlar da var, amma onlar xalq arasında sevilmirlər. Məsələn, adam var ki, bir söz deyirsən, o dəqiqə cavab verir sənə, amma onun verdiyi cavabda şirinlikdən daha çox acılıq olur. Hazırcavab insan şən olanda o, cəmiyyətə xeyirli bir adam olur. Çünki insanın üzünü güldürmək asan bir şey deyil. Ağlatmaq asandır insanı. Güldürmək asan bir şey deyil, hamını güldürmək isə heç asan bir şey deyil. Filmin inkişafı 4 mərhələdən ibarətdir. Mənim fikrimcə, dünyanın ən sevilən, ən şedevr filmləri yumorla bağlıdır. Bu artıq ağıllı yumordur.

Məsələn, Fellini kimi rejissorların çəkdiyi komediyaları yada salanda düşünürsən ki, tamam ağır mövzulardır: faciəni götürür, gülməli şəkildə sənə göstərir. Elə Azərbaycanda Vaqif Mustafayevin çəkdiyi filmlərin çoxu, demək olar ki, faciəli komediyadır.

Bir müddət Azərbaycanda komediya filmlərində durğunluq dövrü yaşandı. Lakin hamımız bilirik ki, “Xoxan” filmi ilə “Oğlan evi” filmi ilə, komediya janrı ilə Azərbaycan filmlərinə maraq yaradırıq və sübut edirik ki, Azərbaycan rejissorları film çəkə bilərlər, qazanc əldə edə bilərlər. Düşünürəm ki, bu mərhələdən sonra yerli döyüş filmlərinin inkişafı başlayacaq. Hazırda döyüş filmləri çəkmək lazımdır. Mən demirəm ki, peşəkar döyüş filmləri. Təzə çəkilən döyüş filmlərimiz çoxdur. O cür idmançılarımız var, heç birini filmə çəkmirlər. Hətta idmançılarımızın üzərində film çəkmək lazımdır. Hollivud özü vaxtilə bütün tanınmış idmançıları özünə cəlb eləmişdi. Brus Li, Ceki Can, Cak Norris, Van Dam və s. Bizdə də onun vaxtıdır. Kobra var, Fariz Məmmədov var - bu idmançılarımızdan istifadə edilib film çəkilsə, mən sizi inandırıram ki, uğur əldə edilər. Amma hələ ki buna hazırlıq prosesi getməlidir. Ən azı döyüş səhnələrini çəkə biləcək operatorlar yetişməlidir. Onu maraqlı göstərə bilən rejissorlar yetişməlidir.

Dayım mənə uşaqlıqda ad qoymuşdu - Kitabəli...

- İlk dəfə hazırcavab olduğunuzu kim kəşf edib?

- Ümumiyyətlə, mən hazırcavab olmamışam, az danışan olmuşam. Mən çox oxuyan və az danışan olmuşam. Hətta dayım mənə uşaqlıqda ad qoymuşdu - Kitabəli... (gülür). Nə vaxt baxırdılar, əlimdə kitab var idi. Sinifdə müəllimim riyaziyyat fənnindən sual verirdi, mən özümdən asılı olmayaraq, o suala özümdən yuxarı sinfin cavabını verirdim. Müəllim də deyirdi tələsmə, sənin hələ onu öyrənməyinə var. Uşaqlar onsuz da mən deyən cavabı başa düşmürdülər. Hər şey vaxtında olsa gözəldir. Hazırcavablığım demək olar ki, öz üzərimdə işləməklə meydana gəlib.

- Sosial şəbəkələrlə aranız necədir?

- Əvvəl istifadə edirdim, sonra gördüm ki, lazım deyil - vaxtımı alırdı. Vaxt israfı deyilən bir şey var. Sosial şəbəkə vaxtı yeyir, sovurub aparır. Buradan heç nə öyrənmədim. Kiminsə qeybətini oxudum, kiminsə deyinməyini oxudum və s. Mənim xəbərim mənim ətrafımdadır. Bir il bundan əvvəl yenidən sosial şəbəkəyə qoşuldum. Sonra gördüm ki, yox ey, sosial şəbəkənin vurduğu ziyan xeyrindən daha çoxdur.

“Heç kəsi qınamayın, qınadığın başına gəlmədən ölmürsən”

- Bəzi aktyorlar tamadalıq edib, pul qazanırlar. Sizə bu barədə təkliflər olurmu? Buna münasibətiniz?

- Mən başqalarının işinə qarışmamağı xoşlayıram. Hər insanın öz işi, öz qərarı var. Mən deyərəm ki, bunu heç vaxt eləmərəm, amma Allah elə imtahana çəkər ki, bəlkə də, gedib məcburən onu edərəm. Mənim onları qınamağım doğru bir şey deyil. “Heç kəsi qınamayın, qınadığın başına gəlmədən ölmürsən” deyə məşhur bir fikir var. Ona görə də heç kimi qınamamışam. Sadəcə olaraq, mən düşünürəm ki, tamadalıq, toy biznesi, restoran biznesi bir balaca təbiiliyi itirir. Toyu bir dəfə həvəslə aparırsan, beş dəfə həvəslə aparırsan, lap on dəfə aparırsan. Amma on dəfədən sonra görürsən ki, 600 nəfərin yarısında çoxu sənə qulaq asmır. Bu səbəbdən istər-istəməz sən artıq yalandan başlayırsan gülməyə, yalandan münasibət göstərməyə, bəzi adamları yola verməyə, o da insanın üz mimikalarını dəyişir. Bir şeyi davamlı elədikcə o sənin bacarığın olmaqdan çıxır, artıq ixtiyarsız olaraq eləməyə başlayırsan. O gülməklər də, üz mimikaları da hamısı instinq halına keçir, o da bu sənətdə yaxşı bir şey deyil.

- Sizi Fərdadan, Elməddindən, Ramindən ayrı təsəvvür etmək çətindir...

- Bizim heyət, demək olar ki, əlli faiz qorunub. Düzdür, bir müddət ayrı düşdüyümüz vaxtlar olub, amma ümumilikdə götürəndə bizi birləşdirən Şən və Hazırcavablar Klubunu kənara qoysaq, “Tək səbir” idi. Yeri gəlmişkən, Elməddinin, Fərdanın, Müşfiqin, Sadığın, bütün “Tək səbir” heyətinin şəhərdə ən rahat gəzdiyi vaxt bazar günü, saat 19:00 idi, Çünki həmin vaxt əksər insanlar evdə “Tək səbir”ə baxırdılar. Çöldə olanlar isə “Tək səbir”ə baxmırdılar və deməli, həmin kollektivi tanımırdılar. Ona görə çox rahatlıqla çıxıb bulvarda da gəzirdilər. Hazırda Fərda ilə bir yerdəyik - “Qardaşlar” serialında. Elməddin isə rəhbərimizdir. Mənəm, Ramin var - Məhəbbət obrazını oynayan, yəni biz hamımız “Tək səbir”dən bir yerə toplaşmış adamlarıq. Bizə bir-birimizlə daha rahatdır. Bir-birimizi artıq yarım sözlə başa düşürük, bir yerdə səhnə oynayanda yaxşı rəqabətimiz var. Rəqabətin olması çox yaxşı bir şeydir. Öz aramızda intriqalar yoxdur.

Məsələn, sabah Elməddin Cəfərova hər hansı fəxri ad verilsə, bu tək ona verilmiş ad yox, ümumilikdə, bizim heyətin dövlət tərəfindən qiymətləndirilməsidir. Böyüklərimizdən eşitmişəm ki, vaxtilə teatrlarda da belə olub. Bir nəfərin uğru tək onun uğru deyil, ümumilikdə ansanblın uğrudur, bir yerdə görülən işin uğrudur. Gördüyümüz iş onsuz da bir neçə sənət növünün sintezidir. Kino ən çox sənətin sintez olduğu işdir. Çünki orada musiqi var, ədəbiyyat var, aktyorluq var, operatorluq var, rejissorluq var, rəssamlıq var.

“Hər bir yaxşı insanın nuru var”

- Nur Yaşar soyadını seçməyinizlə bağlı iki dəfə suala cavab vermisiniz. Amma hər ikisində fərqli cavablar olub. Biri Yaşar Nuri, digərində hər bir insanın nuru olur demisiniz...

- Yaşar Nuri ilə bağlı deməmişəm, o kiminsə fərziyyəsidir. İkincisinə gəlincə, bu, insanın aurasıdır. Azərbaycanda belə bir söz var - deyirlər bu qara adamdır. Yəni yaxşı olmayan, pis olan adama qara adam deyirlər. Nəyisə görməyəndə hətta deyirlər ki, mən qaranlıq görürəm bu məsələnin axırını. Amma nəyi isə yaxşı demək istəyəndə deyirlər ki, bunun axırı işıqlıdır, yolun axırında işıq görünür, filankəsin üzü nurludur. Hər bir yaxşı insanın nuru var. İnsan nurlu olanda ətrafdakıları isidir. Bəzi şeylər yaddan çıxır, bəzi şeylər mühümlüyünü itirir.

Bizdə də işimizlə bağlı olaraq düşünürəm ki, işimiz bir nurdur, işıqdır, insanlara verilən bir ümiddir, evə gələn yaxşı havadır. Bu da ki, insanın özündə varsa, onu paylaşmalıdır, yoxdursa, tamaşaçı onsuz da onu qəbul eləmir.

- Hansı teatrda çalışmaq istərdiniz? Ümumiyyətlə, təklif varmı?

- Yox, təklif almamışam. Tamaşa daha qəlizdir, orada səhv bağışlanmır. Məsələn, filmdə nə isə alınmayanda onun daha yaxşısını tamaşaçıya göstərmək üçün bir neçə dəfə çəkirik. Səhnədə oynayan aktyorun isə o şansı yoxdur, səhv elədisə, artıq düşür tarixə. Ən azı orda oturan tamaşaçıların beyninə həkk olunur. Bir az hələ özümü hazır saymıram ona, amma nə vaxtsa istəyərəm. Tamaşa atmosferi mənə maraqlıdır. Bir neçə nəfər peşəkarlarla məşq elədim, görürəm ki, tamam ayrı atmosferdir. Bu, film deyil, serial deyil, loru dillə desək, tamam ayrı bir xəstəlikdir. Amma yaxşı xəstəlikdir. Çox istəyərdim ki, tamaşaçılarımız teatrlara da getsinlər. Nə edirsən et, o sənət yaşamalıdır. Tamaşaçı az olanda aktyorlar tamaşaçının nəbzini, nə istədiyini tuta bilmirlər. Tamaşaçı çox olsa, fərqli şeylər yaxşı mənada tələb etsələr, teatrlarımız min qat bundan artıq işlərə nail ola bilərlər. Azərbaycan sənət baxımından bir çox ölkələri geridə qoymuş dövlətdir, xalqdır. Bizim üçün nədir ki, onu inkişaf etdirmək? Məsələn, bir film çəkirsən, pul gəlmirsə, maraqla qarşılanmırsa, deməli, növbəti film çəkilməyəcək. Teatr da həmin şeydir. Teatra tamaşaçı gəlsə, zal dolu olsa və gün ərzində üç seans oynasalar, təbii ki, teatrın gəlirləri artar. Gəlirlər artanda isə gedib tutaq ki, xaricdən fərqli düşüncəli bir rejissor gətirirlər və s.

 

“Get-gedə anladıq ki...”

- Səhv etmirəmsə, həm də ssenari yazırsınız. Bu nədən irəli gəlir: bizdə yaxşı ssenaristlər yoxdur?

- Bəli, ssenarist heyətinin içindəyəm. Şən və Hazırcavablar Klubunda olanlar bayaq dediyimiz operativliyin nəticəsində ssenari də yaza bilirlər. Əvvəllər peşəkar səviyyədə yazmırdıq. Baxa-baxa, öyrənə-öyrənə, öyrədilə-öyrədilə, nəticə çıxara-çıxara daha yaxşı şeylər yazmağa başladıq. Get-gedə anladıq ki, sən demə, ssenari yazanda müəyyən xətləri də fikirləşmək lazımdır. “Tək səbir” vaxtı yazdığımız monoloqları götürəndə orada heç bir xətt yox idi. Serial elədir ki, hər həftə məcbur olursan bu işi daha peşəkar öyrənməyə. İşləyə-işləyə öyrənir adam. Yəni ən qorxduğum şey fasilədir. İnsan dayananda passivləşir, artıq heç bir nəticə əldə edə bilmir. Rusların bir sözü var; məsafə yeriyə-yeriyə qət olunur. Xaricilər film çəkəndə həm də fikirləşirlər ki, baxılsın və çəkilən xərc qayıtsın geri. Hollivudun ən uğurlu rejissorlarından biri olan Torontino heç də peşəkar rejissor olmayıb. Bu adam adi video kasetlərin icarəyə verildiyi bir yerdə işləyirmiş. Baxırmış ki, filan kinoya hər gün 100 adam baxır, amma filan filmin kasetini 20 nəfər götürür baxır və s. Araşdırırmış ki, tamaşaçılar bu fərqi nəyə görə qoyurlar. Hazırda Torontino ən çox gəlir gətirən kommersiya filmləri çəkir...

- Nəbzi siz də tutursunuz? Nədir o tələblər?

- Əlbəttə, tuturuq və tutmalıyıq. Tamaşaçının nəbzi evindir, yaşadığın məhlədir, getdiyin məkanlardır, gələn zənglərdir. Bu bizim özümüzün dərin araşdırmamızdır.

“Heç kimin işinə qınaq kimi yanaşmamışam”

- Qadın paltarı ilə səhnəyə çıxanlara qarşı amansızsınız. Hətta qadın paltarı geymərəm demisiniz. Elə isə qadın paltarı ilə geyinib səhnəyə çıxanlarla münasibətiniz necədir?

- Səhvdir bu fikir. Heç kimin işinə bayaq da dediyim kimi, qınaq kimi yanaşmamışam. Yuxarıda qeyd etdiyiniz fikirləri dırnaqarası jurnalistlər mənim adımdan yazıblar. Başqalarını deyə bilmərəm, Rəfail qardaşım da, Coşqun qardaşım da, Müşfiq qardaşım da məni yaxşı tanıyırlar, mən də onları yaxşı tanıyıram. Onlar mənim böyük qardaşlarımdır. Həmçinin digər aktyorlar da. Mən bunu eləmərəmsə, bu o demək deyil ki, kimsə onu edib, səhv edib. Mən hamının fikrinə hörmətlə yanaşıram və xahiş edirəm ki, mənim fikrimə də hörmətlə yanaşsınlar.

- Sənət adamları arasında çox az şəxs tapılar ki, özü haqqındakı tənqidi qeydləri həssaslıqla, hətta kəskin reaksiya ilə qarşılamasın. Bəs siz özünüzü tənqid edə bilirsinizmi?

- Tənqiddən tənqidə fərq var. Tənqid var ki, ağıllı tənqiddir. Bizdə yarızarafat, yarıciddi deyirlər ki, Azərbaycanda insanların, demək olar ki, 90 faizi həkimdir, 50 faizi hüquqşünasdır, bir çox hissəsi də çoxbilmişdir. Kimə deyirsən ki, filan yerim ağrıyır biri deyir öddür, biri deyir ciyərdir, biri filan şeydir. Ay qardaş, birdəfəlik de ki, get həkimə. Hərə öz bildiyi işdən nəsə məsləhət versə hətta tənqid belə eləsə, qulaqburması belə versə, qəbulolunandır. Amma başın çıxmayan bir şeylə bağlı məsləhət verəndə də adama pis təsir eləyir. Özümüz-özümüzü də tənqid edirik. Məsələn, baxırıq deyirik ki, çox səhv eləmişəm bunu. Bir balaca çox vaxtım olsaydı, tələsməsəydim və yaxud da dərindən fikirləşsəydim, onu tam başqa cür edərdim. Tutaq ki, Firəngiz Mütəllimova hansısa seriyaya baxıb sərt şəkildə gəlib desə ki, bunu niyə belə eləmisən, onu xoş qəbul edəcəm. Ona görə ki, o sənətkardır. İkincisi, bəlkə, mənim səhv elədiklərimi cavan vaxtlarında o da edib, onun səhvini də kimsə düzəldib. O səhvimi düzəltmək üçün deyir.

“Elməddinə çox rahatlıqla deyə bilirəm ki...”

- Tərlan bəy bu sahəyə uyğun ali təhsil almadan kimlərəsə dərs verə bildimi?

- Heç kimə dərs verməmişəm, pedaqoqluq mənlik deyil. Məsləhət isə bəzən verirəm kiməsə, amma səhv başa düşülür. Qəbul eləyənlər də var. Məsələn, Elməddinə çox rahatlıqla deyə bilirəm ki, bunu belə elə, o da mənə rahatlıqla deyə bilir və biz bir-birimizdən o şeyləri qəbul edirik. Biz artıq illərdir serial biznesinin içindəyik. Ümumi toplasaq, bəlkə də, mən artıq min bölüm seriala çəkilmişəm. Bu, Azərbaycan üçün kiçik göstərici deyil. Ömrümün böyük bir hissəsidir. Bizdən, məncə, məsləhət qəbul eləmək olar. Dediyim kimi, illərdir o nəbzi tutan adamlarıq, biz heç vaxt pis mənada kiməsə məsləhət vermərik. Yeri gəlmişkən alınsa, imkan olsa, nə vaxtsa incəsənət sahəsinə uyğun ali təhsil almağı da fikirləşirəm. Çünki istər-istəməz təcrübə elmlə birləşəndə daha yaxşı şeylərə nail olmaq olur.

- Özünüzü aktyor yox, məsuliyyətli aktyor adlandırırsınız...

- Mən söz götürən adam deyiləm. Buna görə də məsuliyyətimi daha çox istifadə edirəm ki, söz eşitməyim. Yəni tərif olmasa belə, səhv az tapılsın. Adam var ki, illərlə efirə çıxır, amma heç bircə dəfə də olsun tər tökməyib ki, 9 milyon adam baxacaq buna. Məsuliyyət bununla bağlıdır. Məsuliyyət işdən çıxıb evə qayıdanda ailənin sənə baxdığı nəzərdir, onların sənə münasibətidir. Sən efirdə özünü məsuliyyətsiz aparsan, özünü bir az ayrı cür aparsan, ilk növbədə, evdəkilər deyəcəklər ki, bu niyə belə edir. Ailənin, qonşuların, qohumların hər birinin məsuliyyəti var. Millət və ailə. Digər məsuliyyət də ki,.. o, artıq vəzifədir boynumuzda. Məsələn, insan Allah qarşısında da böyük məsuliyyət daşıyır.

Məsələn, başa düşə bilmirəm ki, sənət xatirinə necə olur ki, yalandan and içirlər. Heç vaxt serialda and içməmişəm. Güldürmək xatirinə and içməmişəm. Türk seriallarında görürəm ki, yalandan and içməkdən gülüş tuturlar. Bu, çox səhv bir şeydir. Onun cavabını artıq burada verməyəcəksən. O təri burada tökməyəcəksən deyə daha qorxulu tərdir. O məsuliyyətləri çiyninə alıb çıxan adam inanmıram ki, nədə isə səhv eləsin.

“Səni döyən adam sənə güclü olmağı öyrətdi”

- Özünüzü kimlərə borclu bilirsiniz?

- Deyirlər, valideyn və müəllim, əslində tanıdığın, gördüyün, bildiyin, söhbət elədiyin, oturub durduğun, dava elədiyin hər bir adama borclusan. Səni döyən adam sənə güclü olmağı öyrətdi, səni söyən adam gələcəkdə söyülməməyi öyrətdi, sənə gülən adam səni də başqasına gülməyi öyrətdi, sənin hansısa səhvini düzəldən adam sənin ömürlük hansısa bir qəbahətini düzəltdi. Bəziləri pis mühitdə böyüyürlər deyə həmin o pis nümunədən irəli gələrək səhv böyüyürlər. Mühit çox önəmlidir. Hamını yaxşı mühitə salmaq lazımdır, olduğu pis mühitdən ayırmaq lazımdır ki, o da gələcək üçün yaxşı mühitdə böyümüş bir adam olsun və yaxşı məsləhət versin. Hamıya borcluyam, hər kəsə borcluyam və bunu deməyə də çəkinmirəm. Hərədən bir şey öyrənmişəm.

“Çox xoşbəxtəm, atama bu hissi yaşada bildim”

- Həyatda ən böyük təsəlliniz nədir?

- Bir dəfə İsmayıllıya gedirdik, rəhmətlik atam sağ idi. Gedə-gedə, maşını saxlamadan insanlarla zarafat edirdim. Daha sonra bir neçə yerə getdik, oturub yeyib-içdik və s. Orda bir an oldu - atam qayıdıb mənə dedi ki, tanıyırlar ha səni, maşallah. Evə qayıdanda dedilər ki, bax bu kişi Tərlanın atasıdır. O da güldü bu sözə. Mənim həyatda ən böyük təsəllim odur ki, atamın sağlığında ona oğlunun nəyəsə nail olduğunu və onun istəyini doğrultduğunu vermişəm. Hər bir valideynin arzusudur ki, ona kiminsə atası, kiminsə anası olduğunu desinlər - yaxşı mənada. Pis mənada isə ata-ana üçün ən böyük dərddir. Çox xoşbəxtəm, mənim üçün ən böyük təsəlli odur ki, mən atama bu hissi yaşada bildim ki, atam özü də sonradan dedi ki, oğul, sənə görə məni tanıdılar, yaxşıdır. Bildilər ki, mən sənin ataman. Hər bir uşağa bu cür olmağı arzulayıram, hər bir valideynə də, içi özüm qarışıq, yaxşı bir övladın atası, övladın anası olmağını eşitməyi arzulayıram.

Zaman.-  2016.- 27 fevral.- S.6-7