Məqsədimiz İsmayıllını turizm mərkəzinə çevirməkdir

 

Son 4 ilədək İsmayıllı respublikamızın ümumi inkişaf sürəti ilə, demək olar ki, ayaqlaşa bilmirdi. Çox gözəl təbiəti olan bu diyarda hətta adi abadlıq belə, yada düşmürdü. Sanki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının bu rayona əsla dəxli yox idi... Lakin 3 il öncə rayona başçı təyin olunmuş Nizami Ələkbərov öz işgüzarlığı ilə az vaxt ərzində bu boşluğu, sözün həqiqi mənasında, doldura bildi.

 

Bəli, son illər təbiətin İsmayıllıya verdiyi gözəlliyə insan əlinin zəhməti əlavə olunub. Yeni tikililər, abadlıq-quruculuq işləri rayona gələn hər kəsin ilk baxışdanca diqqətini cəlb edir. Belə ki, İsmayıllı şəhərinin mərkəzində Heydər Əliyev Muzeyi, inzibati binalar, əlillər şəhid ailələri üçün 52 mənzilli 2 yaşayış binası tikilib istifadəyə verilib. Rayonda müasir mədəniyyət istirahət kompleksi yaradılıb. Bir sözlə, illərdən bəri yığılıb qalan, rayon əhalisini narahat edən problemlərin həlli istiqamətində görülən işlər rayonun simasını tamamilə dəyişib. Bu mənada son üç il bu rayonun tarixinə abadlıq, quruculuq illəri kimi düşüb.

 

Quruculuq davam edir...

 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev rayon miqyasında görüləcək işlərdən söz açaraq bildirdi ki, gələn il rayonda 3 emal müəssisəsinin (çörək, süd, ət emalı) tikilməsi planlaşdırılıb. Şəhərdə iki ədəd yeddimərtəbəli, bir doqquz-mərtəbəli və üçmərtəbəli yaşayış binalarının inşası davam etdirilir. Onu da deyim ki, bu binalar müstəqillik illərində İsmayıllıda inşa olunacaq ilk çoxmərtəbəli binalar olacaq. Mərkəzi Xəstəxana əsaslı təmir olunacaq, bir neçə məktəb tikiləcək. Hazırda rayonda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Bu obyektin bu ilin sentyabrında istifadəyə verilməsi gözlənilir. Texniki Peşə Məktəbinin inşasına başlanılıb. Bu il şəhərin su və kanalizasiya sisteminin yenidən qurulmasına da start veriləcək. Əlillər və şəhid ailələri üçün 52 mənzildən ibarət iki bina istifadəyə verilib. Hazırda daha bir belə bina inşa olunur.

 

Lahıca diqqət artırılıb

 

Daha sonra hər bir turistin diqqət mərkəzində olan Lahıcdan söz açan Rövşən müəllim bu məkanın onun özü boyda muzey olduğunu dilə gətirdi. Qeyd edək ki, cəmi 80 hektar ərazidə yerləşən Lahıcda yüzə yaxın tarixi abidə var. Odur ki, İsmayıllıya gələn hər kəs ora baş çəkməyə cəhd edir. Rövşən müəllimin sözlərinə görə, sel sularından mühafizə məqsədilə Lahıcda bəndin tikintisi başa çatdırılıb. Eyni zamanda bu qəsəbəni ətraf kəndlərlə birləşdirən körpü də inşa olunub: BMT-nin İnkişaf Fondunun Gözəl Azərbaycan layihəsi əsasında Lahıcın tarixi görkəminin bərpası sahəsində çox işlər görülüb. Belə ki, müasir standartlar əsasında salınmış darvaza, qapı və pəncərələr evləri öz keçmişlərinə qaytarıb. Yaponiyanın ölkəmizdəki səfirliyinin vəsaiti ilə Lahıcda 500 tonluq su anbarı da inşa olunub. Yeri gəlmişkən, onu da deyim ki, qəsəbədə ən müasir tələblərə cavab verən Lahıc-Tur turizm-informasiya mərkəzi də fəaliyyət göstərir. Çalışacağıq ki, Lahıc ilin bütün fəsillərində ən tələbkar turistin belə, zövqünü oxşasın. Bütövlükdə isə son illər İsmayıllıda 10-dan artıq istirahət mərkəzi istifadəyə verilib. Hazırda Talıstan kəndi ərazisində 502 yerlik Turizm İstirahət Kompleksi də inşa olunur. Şirinsu turizm kompleksinin biznes planı isə nazirliyə təqdim edilib. Həmsöhbətimiz bununla bağlı söhbətini bu sözlərlə tamamladı: Məqsədimiz İsmayıllını Azərbaycanın turizm mərkəzinə çevirməkdir. Rövşən müəllimin sözlərinə görə, İsmayıllı, Qobustan, Şamaxı rayonlarındakı meşə zolaqları da daxil olmaqla təşkil olunacaq Milli park bu rayonun da təbii ehtiyatlarının qorunmasına öz töhfəsini verəcək.

 

Üzümçülüyə yaşıl işıq...

 

İsmayıllı yollarında Üzümçülüyü bərpa edək şüarına tez-tez rast gəlmək mümkündür. Bununla əlaqədar ünvanladığımız sualı cavablandıran Rövşən müəllim dedi ki, sovetlər dönəminin son illərində Kürdəmir üzümçülüyü, sözün həqiqi mənasında, yerlə yeksan edildi. Bununla da əhali əsas gəlir mənbəyindən məhrum oldu. İndi bu sahəni dirçəltməklə də camaatın rifahını yaxşılaşdırmağa çalışırıq. Artıq proqramın qəbulundan ötən dövr ərzində 700 hektara yaxın sahədə üzüm bağları salınıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bir məsələni də qeyd edim ki, Tircan kəndində fəaliyyət göstərən arıçılıq təsərrüfatı da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq təsərrüfat kimi təsdiq olunub.

 

Kəndlərə qaz verilişi bərpa olunur

 

Hazırda rayonda 8022 qaz abonenti var. Rayonun 101 kəndi var ki, indiyədək onlardan 15-i mavi yanacaqla təmin olunub. Bu ilin mayında daha 10 kənd qazla təmin olunacaq. Onun sözlərinə görə, ötən il istifadəyə verilmiş yeni 5 saylı qazpaylayıcı stansiya kəndlərin qazla təchiz olunmasına real şərait yaradır. Qeyd edək ki, sovet dönəmində İsmayıllının 38 kəndi qazlaşdırılmışdı. Bunlarla yanaşı, qeyd etmək lazımdır ki, qaz təminatı ilə əlaqədar bir çox kəndlərdə təmir-bərpa işləri görülsə , əksər yerlərdə qazın təzyiqi aşağıdır.

 

 

Babək Əsgər,

Qvami Məhəbbətoğlu

 

Zaman.-2009.-7-9 fevral.-S.10.