Şərqin ən sehrli səsi: Alim Qasımov

 

Türkiyənin ZAMAN qəzeti Məqalədə Alim Qasımovun ifası “Şərqin ən sehrli səsi” kimi təqdim olunur onun sənəti ən böyük ustad musiqiçilərin irsi ilə müqayisə edilir

Türkiyənin ZAMAN qəzeti mədəniyyətimizin təbliği məqsədilə tez-tez maraqlı yazılar verir. Qəzet son saylarının birində Azərbaycan muğamının mahir ifaçısı, musiqimizi dünyada uğurla təmsil edən Alim Qasımovun sənəti ilə bağlı geniş yazı çap edib. Məqalədə Alim Qasımovun ifası “Şərqin ən sehrli səsi” kimi təqdim olunur və onun sənəti ən böyük ustad musiqiçilərin irsi ilə müqayisə edilir.

Bütün dünyada “Qafqazın sehrli səsi” kimi təqdim edilən və heyranlıqla dinlənilən Azərbaycan xanəndəsi Alim Qasımovu Türkiyədə kifayət qədər tanımırlar. Heç Türkiyədə onun bir albomu sənətsevərlərə təqdim edilməyib. Halbuki Alim xarici ölkələrdə çıxış edərkən, sadəcə, Azərbaycanı deyil, türk dünyasını təmsil etdiyini söyləyir.

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov bu günlərdə Beynəlxalq Caz Festivalında türk sənətsevərləri ilə görüşdü. O, Aya İrini Muzeyində Türkiyənin sayılan bəstəkarlarından Erkan Oğur və klassik kamança ustadı Dərya Türkanla eyni səhnədə çıxış etdi. Bu, Alimin Türkiyədə ilk konserti deyildi. Belə ki, 1990-cı illərin sonlarında Fransa Böyükelçiliyinin dəvəti ilə Türkiyəyə gələn Alim Qasımov daha sonralar İstanbul, Konya, Ankara, İzmir kimi şəhərlərin səhnələrində uğurlu konsertlər verib. Azərbaycanın Neşet Ertaşı kimi tanınan sənətçi öz ifa tərzi ilə Şərqin ən önəmli sənətkarlarından olan Nüsrət Əli Xanın varisi kimi dəyərləndirilir. Azərbaycan muğamını ifa edərkən o, sufi ənənələri ilə də diqqəti çəkir. Konsertlərində bardaş quraraq çıxış edən sənətçinin Amerikadan Fransaya, Braziliyadan İrana qədər olan geniş coğrafiyada dinləyici kütləsi var.

 

“Türkiyədə albomum buraxılmayıb”

 

1999-cu ildə YUNESKO-nun mükafatına layiq görülən Alim Qasımov Türkiyədə lazımi qədər tanınmır. Heç Türkiyədə onun bir albomu da buraxılmayıb. Bu barədə söz düşəndə o: “Mənə çox qəribə gəlir. İndiyədək Türkiyədən albomumun hazırlanması barədə bir təklif də almamışam. Yəqin düşünürlər ki, bu, gəlir gətirməz. Əgər pul qazandıracağına inansaydılar, indiyədək yüz dəfə buraxardılar”, - deyir. Xaricdə albomlarının satıldığını deyən sənətçi məhz buna görə ona pul da göndərildiyini söyləyir: “Bir çox ölkələrdən mənə pul göndərirlər. Demək, albomlarım yaxşı satılır”.

Alim Qasımovun ifa etdiyi muğamlar türk xalq musiqisinə bənzəyir. Bizim klassik musiqimizdə olduğu kimi, muğamın da məqamları var. O, görkəmli türk sənətkarları Saadəttin Kaynak, Hafiz Burhan, Münir Nurəddin Selçukun musiqisini çox sevdiyini deyir.

Toy-düyündə muğam ifa edən bir sənətçinin indi bütün dünyada sevildiyini Alim Qasımov “Allahın qisməti” kimi dəyərləndirir: “Mən özümə təsir edən muğamları və xalq mahnılarını oxuyuram. Hər şeyi unudub, o musiqi ilə səhnədə yaşayıram. Zənn edirəm ki, insanlar da bundan təsirlənirlər. Bu məqama çatmaq üçün çox çalışmışam. Axı hər şey zəhmətlə başa gəlir. Bir işi həvəslə, ürəkdən görəndə o sevgi dinləyicilərə də sirayət edir”.

 

“...Azərbaycandan çox türk dünyasını təmsil edirəm”

 

1996-cı ildən Alim Qasımov səhnəyə qızı Fərqanə ilə çıxır. Dünyanı bir yerdə gəzən ata və qız İstanbulun başqa bir şəhər olduğunu söyləyir. “Azərbaycanı bütün dünyada təmsil edirsiniz”, - deyəndə o: “Bizim işimiz budur. Eyni zamanda Azərbaycandan çox, türk dünyasını təmsil edirəm”, - cavabını verir. Konsert verdiyi ölkələrdə tez-tez qarşılaşdığı mənzərəni isə belə anladır. “Haradan gəldiniz?” deyə soruşanda “Azərbaycandan” cavabını verirəm. Amma onlar Azərbaycanı tanımırlar. Türkəm, Türkiyədən gəlirəm deyəndə o zaman: “tamam” deyirlər”.

Klassik türk musiqisinin Azərbaycanda o qədər də tanınmadığını bildirən Alim Qasımov Tarkan, Sibel Can, İbrahim Tatlısəs, Sərdar Ortaç, Hadisə kimi şərqiçilərin Azərbaycanda çox sevildiyini söyləyir. O, bu musiqiləri dinləyən yeniyetmələrin musiqi zövqlərinin bayağılaşmasından da şikayətlənir: “Bizdə türk musiqisi o qədər sevilir ki... Gənclər davranışlarını belə bilmirlər. Könülləri oxşayan bir musiqi deyil pop musiqisi. Bunu da əməlli-başlı oxuyan yoxdur. Bu sənətə sevgi üçün deyil, pul qazanmaq üçün gəlirlər”.

Alim Qasımov dünyanın hər yerində pop musiqisinin geniş yayıldığını qəbul edir: “Əsl musiqinin olduğu yerdə tamaşa az olur. Füzulini kim dinləyir? Hər vaxt belədir. Füzuli zamanında yaxşı yaşamadı. Nəsiminin dərisini soydular. Keçmişdən bu günədək bu, belədir”.

O, türk seriallarının Azərbaycanda böyük maraqla izlənildiyini deyir: “Gənclər artıq azərbaycanca deyil, Osmanlı türkcəsində danışmağa başlayıblar. İndi serialların Osmanlı türkcəsində yayımına qadağa qoyulub. Halbuki biz “Samanyolu”ndakı “Sirr qapısı”nı sevərək izləyirdik”. Alim Qasımov Azərbaycandakı türk liseylərinin çox böyük uğurlara imza atdığını söyləyir. O: “Bir çox məktəblər açdılar. Allah razı olsun. Bu liseylərin tədbirlərinə böyük həvəslə qatılaram”, - deyir.

 

 

Zaman.- 2009.- 16-17 iyul.- S. 7.