Fərhad Bədəlbəyli: “Şuşada yaşadığım hisslər məni əməliyyat stoluna apardı”

 

Sentyabrın 18-də ölkəmizdə Milli Musiqi Günü, başqa sözlə desək, Üzeyir Musiqi Günü növbəti dəfə qeyd olundu. Şərqdə ilk operanın yaradıcısı, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun doğum günündə qeyd olunan bu tədbir musiqi ictimaiyyətini yenə bir araya gətirdi. Tədbirdən sonra Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli ilə görüşüb, bizi maraqlandıran suallarla ona müraciət etdik. O, söhbətə elə  günün təəssüratı ilə başladı:

- Dahi Üzeyir bəyin doğum gününün açıq havada təntənə ilə  qeyd olunmasının ilk təşəbbüskarı maestro Niyazi (o, Üzeyir bəyin qardaşı oğludur) olub. Bakı Musiqi Akademiyasının önündə düzənlənən bu tədbir artıq neçə ildir ki, qeyd olunur. Çox arzulayıram ki, bu günü Şuşada təşkil edək.

- Fərhad müəllim, eşitdiyimizə görə, Üzeyir bəyin doğum gününün bu şəkildə qeyd olunmasına onun vəfatından sonra start verilib...

- Yanlış informasiyadır. Bu ənənənin əsası ötən əsrin 70-ci illərinin əvvəllərində qoyulub. 1995-ci ildə isə ölkə başçısı Heydər Əliyev Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində həmin günün Milli Musiqi Günü kimi qeyd olunması barədə fərman imzalayaraq, necə deyərlər, bu ənənəni rəsmiləşdirib.

- Bir anlıq belə təsəvvür edək ki, Üzeyir bəyimiz yox idi...

- Bunu təsəvvür etmək çətindir. Nə yaxşı ki, Üzeyir bəyimiz var. O, musiqimizin Bethoveni, Baxı, Motsartıdır. O olmasaydı, nə bu səviyyədə musiqimiz olardı, nə də musiqi təhsilimiz. O, mədəniyyət tariximizə bəstəkar, nəzəriyyəçi, dirijor, jurnalist kimi daxil olub. Azərbaycanda opera, operetta, simfonik, instrumental, kamera, xor, kütləvi mahnı, romans janrlarında yazılmış ilk əsərlər onun qələminin məhsuludur. O, “Azərbaycan xalq musiqisinin əsasları” yaradıb. Respublikamızda musiqi məktəblərinin texnikumlarının, Dövlət Konservatoriyasının , notlu xalq çalğı alətləri orkestrinin,  dövlət xorunun,  dövlət simfonik orkestrinin, musiqili teatrın, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçısı olub. Onun opera və komediyaları da milli zəngindir. Məsələn, “Koroğlu” operası. Bu əsərdə operaya məxsus bütün ünsürlər - arıya, duet, ansambl, reçitativ var.

- Amma, nədənsə, “Koroğlu” hələ Avropa səhnələrinə çıxmaqda, sanki, çətinlik çəkir?

- Bu, hər şeydən əvvəl, həmin operanın daha çox milli olmasından irəli gəlir. Başqa sözlə desək, xalq musiqisi əsasında qurulub. Qərb vokalçıları belə əsərləri oxuya bilməzlər axı? Buna baxmayaraq, onu dünya arenasına çıxarmaq lazımdır.

 

“Fikrimdə hələ də israrlıyam”

 

- Fərhad müəllim, son günlər bir sıra açıqlamalarınızla gündəmdəsiniz... Şuşada musiqi məktəbi tikdirəcəyinizi demisiniz...

- Bəli demişəm, bu fikrimdə də israrlıyam. Məktəbin layihəsi də hazırdır, üstəlik, sponsorlar da tapmışam. Yəni sabah desələr ki, Şuşaya köçürük, mən dediyim o işə başlaya bilərəm. Yeri gəlmişkən, bilirsinizmi, mənim fikrimcə, Qarabağ problemi Şuşasız həll oluna bilməz. Çünki Şuşa Qarabağın tacıdır. Şuşa musiqimizin simvoludur. Görün, o şəhərdən nə qədər dahi adamlar çıxıb... Biz o yerlərə mütləq qayıtmalıyıq və qayıdacağıq da. Belə olan təqdirdə, həmin qayıdışa psixoloji cəhətdən hazır olmalıyıq.

- Bəs Dağlıq Qarabağa növbəti səfərdən niyə imtina etdiniz?

- Sözün düzü, mən növbəti dəfə oraya elə-belə getmək istəmədim. Çünki ortada konkret heç bir yoxdur. Bu məsələ yenidən gündəmə gələndə dedim ki, bir məqsəd yoxdursa, mən ora niyə gedim axı? Yəni bu vəziyyətdə görüşməyə heç ehtiyac da duymuram. Dostum Polad Bülbüloğlu da sonradan açıqlama verdi ki, onlar heç bir kompromisə getmək istəmirlər, başqa sözlə desək, onlar sülh istəmirlər.

- Yəqin ki, o səfər zamanı siz ağrılı hisslər yaşadınız...

- Bəli, birinci dəfə Şuşada Bülbülün evi olduğu ərazidə olarkən, sözün həqiqi mənasında, şok yaşadım... Özümə zorla gəldim. Sonradan bu yaşantılarım üzərimdə aparılacaq əməliyyatlara səbəb oldu. Bilirsinizmi, orada olmaq, ermənilərin törətdikləri vəhşilikləri görmək necə ağırdır...

 

“Üzeyir bəyin güllələnmiş büstünü öpməklə mənəvi təskinlik tapıram”

 

- Fərhad müəllim, yeri gəlmişkən, Şuşa yalnız dağıntılardan ibarətdir?

- Orada hər şey dağıdılıb. Bu, bir tərəfdən o anlama gəlir ki, ermənilər oranın müvəqqəti sakinləri olduqlarını, azərbaycanlıların öz yurdlarına qayıdacaqlarını bildikləri üçün belə ediblər. Amma axırıncı dəfə Şuşaya gedəndə orada müəyyən inkişafın şahidi oldum. Bu isə, zənnimcə, olduqca təhlükəli prosesdir.

- Bəs Şuşada güllələnmiş, sonradan Bakıya gətirilərək R. Mustafayev adına İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş büstlərə - Üzeyir bəyə, Bülbülə, Vaqifə, Natəvana hər dəfə baş çəkəndə hansı hissləri keçirirsiniz?

- Hər dəfə yolum ora düşəndə elə anlar keçirirəm ki... Lakin bütün bu yaşantılarıma baxmayaraq, Üzeyir bəyin güllələnmiş büstünü öpür bununla mənəvi təskinlik tapıram.

 

Qəbələdə nələr oldu?

 

- Bu günlərdə Qəbələdə keçirilən I Beynəlxalq Musiqi Festivalı barədə deyə bilərsiniz?

- Biz belə bir festival keçirməklə dünyanın diqqətini bir daha Azərbaycana, onun mədəniyyətinə, musiqisinə yönəldə bildik. Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilən bu tədbir yüksək səviyyədə keçdi. Bunu tədbir iştirakçıları da etiraf etdilər. Zənnimcə, bu festival  müasir musiqimizə, onun inkişafına öz töhfəsini verəcək. Onu da deyim ki, bu festivalı mütəmadi təşkil etmək niyyətindəyik.

- Həmin festivalın iştirakçısı olmuş dünya şöhrətli dirijor violonçel ifaçısı Dmitri Yablonskinin Bakı Musiqi Akademiyasına dəvət olunması səhihdirmi?

- Bəli. Onu da deyim ki, Dmitrinin anası tanınmış pianoçu Oksana da akademiyamızda professor vəzifəsində çalışacaq. Bu mənada onları müstəqillik illərində akademiyamızda çalışan ilk əcnəbi qaranquşlar kimi xarakterizə etmək olar. Bilirsinizmi, biz onları Bakıya cəlb etməklə Üzeyir bəyin ənənəsini bərpa etmiş olduq.

- Bəzi söhbətlərinizdə nəfəs alətləri ifaçılarının yoxluğu ilə bağlı narahatçılığınız açıq-aydın sezilir.

- Bu məsələ problem olaraq qalır. Zənn edirəm ki, gələn il Qəbələdə təşkil olunacaq növbəti tədbir bu problemi çözməyə imkan verəcək.

 

“İstedadlı uşaqlara deyirəm ki...”

 

- Sirr deyil ki, beynəlxalq müsabiqələrdə iştirak edən gənclərin çoxu daha sonra xarici ölkələrə üz tuturlar...

- Sözün düzü, mən istəmirəm ki, istedadlı gənclərimiz ancaq ancaq Bakıda otursunlar. Fikrimcə, yeni musiqiçilər nəsli Avropanı dolaşmalıdır. Çünki onlar Azərbaycanda oturub, karyera qura bilməzlər. Bu ya digər ölkədə ölkəmizi təmsil etməlidirlər. Bir , belələrinin dil problemi olmamalıdır. Bu gün hansısa bir xarici dil bilmədən Qərbdə karyera qura bilməzsən. Dmitri Yablonski beş dildə öz fikrini sərbəst ifadə edə bilir. O, gələn festivala kimi Azərbaycan dilini tam öyrənmək niyyətindədir. Bir sözlə, bu sahədə dil bilmək önəmlidir. Odur ki, mən istedadlı uşaqların hər birinə deyirəm ki, dil öyrənin, sizi mütləq xaricə göndərəcəyik.

- Fərhad müəllim, Bakı Musiqi Akademiyasının rektoru kimi yeni nəsil musiqiçilərin savadı sizi qane edirmi?

- Yox... Bizim nəsil daha qüvvətli idi. Çünki onlar daha çox kitab oxuyurdular. Ədəbiyyatı, tarixi, coğrafiyanı yaxşı bilirdilər. Mən məktəbdə oxuyarkən Napoleon haqqında məruzə etmişəm. Amma indikilərin bəziləri... Hərdən soruşursan ki, Hüseyn Cavid hansı əsərləri yazıb, bilmirlər. İnandırım səni, elələri var ki, Sabirin şeirlərindən, onun “Uşaq buz”undan xəbərsizdir. Riyaziyyatı, fizikanı, kimyanı demirəm, bu fənlər bir qədər çətindir, amma musiqiçi hər halda öz tarixini, ədəbiyyatını bilməlidir. Yəni demək istəyirəm ki, müasir gənclər çox az kitab oxuyurlar. Səhərdən axşama kimi internetdən çıxmırlar. Demirəm, kompyuter lazım deyil. Lazımdır, amma kitab başqa şeydir. Kitab insana çox şey verir, kompyuter isə kitabın verdiyini verə bilməz.

 

 

Qvami Məhəbbətoğlu

 

Zaman.- 2009.- 29-30 sentyabr.- S. 13.