E L E K T R O N M Ə L U M A T B A Z A S I

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir"

H.Ə.Əliyev


"Kitab hər bir xalqın milli qüruru, vətənə məhəbbət mənbəyidir"

A.A.Xələfov


Həyat və yaradıcılığı  

Xələfov Abuzər Alı oğlu Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq  İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universiteti kitabxanaşünasılq kafedrasının müdiri, tarix elmləri doktoru, professordur.

Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilalçılarından biri, respublikanın görkəmli elm və mədəniyyət xadimi Abuzər Xələfov 1955-ci ildən səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Mədəniyyət, kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informatika sahələrinin tarixinə və nəzəriyyəsinə dair 150-dən artıq monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalə, tədris metodik materialı və s. əsərlərin müəllifidir.

O, 1931-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1941-1946-cı illərdə kolxozda işləmiş və 1941-1945-ci illər Böyük Vətən müharibəsində “Rəşadətli əməyinə görə” medalı ilə təltif edilmişdır.

1950-ci ildə orta təhsilini başa vurmuş və Bakı Dövlət Universitetinin kitabxanaçılıq şöbəsinə daxil olmuşdur. 1955-ci ildə ali təhsilini tamamlayaraq universitetin kitabxanaşünaslıq və biblioqrafiya kafedrasında müəllim vəzifəsində saxlanmışdır. 1961-ci ildə ilk dəfə olaraq Azərbaycanda kitabxana işinin tarixinə dair namizədlik dissertasiyası müdafiə etmişdir.

1962-ci ildə A.A.Xələfovun fəal iştirakı ilə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil kitabxanaçılıq fakültəsinə çevrilmiş və dosent Abuzər Xələfov fakültənin ilk dekanı vəzifəsinə scçilmişdir. O, 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. A.A.Xələfov, eyni zamanda, 1963-cü ildən bu günə kimi kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində uğurla çalışmaqdadır. O, 1969-cu ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

A.A.Xələfov 1975-ci ildə Azərbaycanda ilk dəfə olaraq kitabxana işi sahəsində doktorluq disserlasiyası müdafiə edərək tarix elmlərı doktoru alimlik dərəcəsi almış, 1978-ci ildə ona professor elmi adı verilmişdir.

A.A.Xələfov yüksək səviyyəli alim, pedaqoq, rəhbər isçi, fəal ictimai xadimdir. Onun səmərəli elmi tədqiqat fəaliyyəti Azərbaycanda və xarici ölkələrdə geniş şöhrət qazanmışdır.

Yaradıcılıq fəaliyyətinın lap əvəllərindən başlayaraq mədəniyyət və kitabxana işi quruculuğunun tarixi problemləri, kitabxanaşünaslığın nəzəriyyəsi və metodologiyası, ali kitabaxanaçılıq-biblioqrafiya təhsili məsələləri, habelə kitabxana işi nəzəriyyəsi və bir sıra digər aktual elmi problemlər Abuzər Xələfovun diqqət mərkəzində dayanmışdır.

Onun elmi-tədqiqatlarının nəticələri bütövlükdə mədəniyyətşünaslıq, kitabxanaçılıq elmi və təcrübəsi üçün böyük əhəmiyyət kəsb edən sanballı əsərlərdə öz parlaq əksini tapmışdır. Bu əsərlərin əksəriyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə yüksək qiymətləndirilmişdir.

A.A.Xələfov Azərbaycanda kitabxana işinin çoxəsirik tarixinə onlarla kitab, elmi məqalə və başqa materiallar həsr etmişdir. Onlardan "Azərbaycanda kitabxana işinin tarixindən (ən qədim zamanlardan başlyaraq XVIII əsrə qədər)", "Azərbaycanda kitabxana işinin tarixi (1870-1920-ci illər)", "Azərbaycanda kitabxana işinin tarixindən (1920-1932-ci illər)", "Azərbaycanda kitabxana işinin tarixi (1933-1959-cu illər)", "Kitabxana işinin tarixi kursu", "Azərbaycanda kütləvi kitabxanaların inkişafı" və s. göstərmək olar. A.A.Xələfovun elmi tədqiqat fəaliyyətində humanitar elm kimi kitabxanaşünaslığın ümumnəzəri və metodoloji problemlərinin işlənilməsi, kitabxanaların sosial funksiyalarının inkişafinın araşdırılması, cəmiyyətin intellektual inkişafi prosesində, insanların mədəni-mənəvi tərbiyəsində, təhsil prosesində kitabxanaların rolunun öyrənilməsi çox böyük yer tutur. Alimin "Kitabxanaşünaslığa giriş" adlı sanballı monoqrafiyasında (2001) bütün bu məsələlər yüksək elmi səviyyədə ümumiləşdirilmişdir.

Həmin  monoqrafıyada  dünyada və Azərbaycanda kitabxanaşünaslıq fikrinin inkişaf tarixi, kitabxanaşünaslığın nəzəriyyə, metodologiya və metodikasının əsasları, elmlər sistemində kitabxanaşünaslığın yeri, kitabxanaların bir sistem kimi struktur xarakteristikası, kitabxanaların tipologiyası, kitabxanaçılıq peşəsi, bir sözlə, kitabxanaşünaslıq elminin inkişaf problemləri və müasir vəziyyəti və s. kimi aktual məsələlər əhatə olunmuşdur.

A.A.Xələfovun elmi araşdırmalarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinın tarixi və nəzəri problemləri mühüm yer tutur. Onun "Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı", "Azərbaycanda ali kitabxanaçılıq təhsili" kitabları, çoxsaylı məqalələri, tədris-metodik materialları respublikada kitabxanaçılıq-biblioqrafiya təhsılinin, yüksək ixtisaslı mütəxəssislər hazırlanmasının konseptual cəhətdən həllinə ciddi təsir göstərmişdir.

Elmi-pedaqoji kadrlar hazırlığında da A.A.Xələfəvun xidmətləri böyükdür. Onun rəhbərliyi ilə 20 namizədlik dissertasiyası müdafiə edilmiş, xüsusi elmi məktəb yaranmış, Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq kafedrasında kitabxanaçılıq işinin tarixinə və nəzəriyyəsinə dair irihəcmli nəzəri tədqiqatlar yerinə yetirilmişdir. O, həmçinin Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana işi quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş çoxlu namizədlik və doktorluq dissertasiyalarının opponenti olmuşdur. A.A.Xələfov uzun illər ərzində Sovet İttifaqında Moskva şəhərində   fəaliyyət  göstərmiş  doktorluq   dissertasiyalarının    müdafiəsi    üzrə    vahid    ixtisaslaşdırılmış şuranın üzvü olmuşdur.

A.A.Xələfov öz yetirmələri olan çoxsaylı kitabxana ictimaiyyəti arasında çox böyük hörmətə və nüfuza malikdir.

A.A.Xələfov özünün çoxcəhətli elmi və pedaqoji fəaliyyətini səmərəli ictimai işlə sıx əlaqələndirir. Son 20 il ərzində o, Respublika Kitabxana Şurasına rəhbərlik etmiş, 1998-ci ildə isə ilk dəfə olaraq Azərbaycan Kitabxanaçılar Cəmiyyəti yaratmış və onun ilk prezidenti seçilmişdir.

A.A.Xələfov   bir sıra dövri mətbuat orqanlarının, "BDU-nun elmi əsərləri"nin, kitabxanaşünaslığın tarixi və nəzəriyyəsi üzrə elmi məqalələr məcmuələrinin, mədəniyyətə dair qəzet və jurnalların redaktoru və ya redaksiya heyətlərinin üzvüdür. O, həmçinin elm, mədəniyyət və təhsil sahələrinə dair bir sıra elmi şuraların, komissiyaların və ictimai birliklərin üzvüdür.

Son illərdə A.Xələfovun elmi-tədqiqat istiqamətlərindən birini ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafındakı xidmətlərinin təhlili, onun nəzəri irsinin kitabxanalarda təbliği məsələləri təşkil etmişdir. Onun 2006-cı ildə çapdan çıxmış “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı fundamental monoqrafiyası, 2009-cu ildə nəşr edilən “Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinası uğurla davam edir” kitabı mühüm tarixi elmi əsər kimi mütəxəssislərin diqqətini cəlb etmiş, həm elmi nəşrlərdə, həm də kütləvi informasiya vasitələrində çox yüksək qiymətləndirilmişdir.

Professor A.Xələfovun 2006-cı ildə nəşr etdirdiyi “XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin inkişaf istiqamətləri (mülahizələr, təkliflər və proqnozlar)” monoqrafiyası müstəqillik illərində Azərbaycanda kitabxanaşünaslıq fikrinin zirvəsi hesab edilir.

XXI əsrin əvvəllərində Abuzər Xələfovun xalqımızın mədəniyyət tarixinə verdiyi qiymətli töhfələrindən biri də 2004-2010-cu illərdə çap etdirdiyi 3 cildlik “Azərbaycanda kitabxana işinin tarixi” adlı dərslik olmuşdur. Ümumilikdə 32 kitabın-monoqrafiya, dərslik və dərs vəsaitinin, 300-dən çox elmi məqalənin müəllifidir.

A.Xələfovun kitabxana işinin hüquqi normalarının işlənilib hazırlanmasında da xidmətləri olmuşdur. Alim 1999-cu ildə qəbul olunmuş “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanması üzrə işçi qrupuna rəhbərlik etmiş, 2009-cu ildə qüvvəyə minmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun hazırlanmasında yaxından iştirak etmişdir. Professorun fəal iştirakı ilə “Azərbaycan respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır.

2010-cu ildən nəşr olunan və kitabxanaşünaslığa, kitabxana işinin tarixi, nəzəriyyəsi və təcrübi problemlərinə dair elmi məqalələr dərc edən, nüfuzlu elmi jurnallardan hesab edilən “Kitabxanaşünaslıq və informasiya” adlı elmi-nəzəri və praktiki jurnalın təsisçisi və baş redaktoru da məhz Abuzər Xələfovdur.

A.A.Xələfovun cəmiyyət qarşısında xidmətləri bir sıra medallarla, dövlət orqanlarının və ictimai təşkilatların   fəxri   fərmanları   ilə   qiymətləndirilmişdir.

 

A.A.Xələfovun elm, mədəniyyət və təhsilin inkişafındakı xidmətləri Azərbaycan Respublikasının ən yüksək dövlət mükafatı olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

2001-ci il BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilməsi onun xidmətlərinin beynəlxalq miqyasda tanınmasını bir daha təsdiq edir.

2006-cı ildə “Əlаçı təhsil işçisi” döş nişаnına layiq görülmüş, 2007-ci ildən isə Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Fəхri Təqаüdçüsü olmuşdur.

2008-ci ildə Təhsil hаqqındа Аzərbаycаn Rеspublikаsı Qаnununun lаyihəsini hаzırlаyаn işçi qrupunun üzvü olmuşdur.

2009-cu il 9 iyulda "Qızıl qələm" mediya mükafatı laureatı və  2009-cu il 16 oktyabrda "İlin nüfuzlu ziyalısı" fəxri adı ilə təltif olunmuşdur.

 

 2011-ci il may ayının 24-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq üzrə elmi-tədqiqat işlərinin Ümumrespublika müsabiqəsi”nin yekunları ilə bağlı keçirilən tədbirdə Kitabxanaşünaslıq üzrə ən yaxşı elmi-tədqiqat işinə görə professor Abuzər Xələfov diplomla təltif edilmişdir.

 
Azərbaycan Milli Kitabxanasэ

Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır