E L E K T R O N  M Ə L U M A T  B A Z A S I

 

KONSTİTUSİYA TARİXİ



1918-ci il İstiqlal bəyannaməsi
 

Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsi (Misaqi-Milli) idi. Bu hüquqi (həm də siyasi) sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı (xalq cümhuriyyəti formasında) bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının
təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması istəyini nümayiş etdirirdi. İstiqlal bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda milli dövlətin siyasi əsaslarını, yəni demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda milli siyasətin əsaslarını, vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirdi. Lakın bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi və Azərbaycan Cümhuriyyətinin Konstitusiyasının dövlətin ali orqanı - Müəssislər Məclisi (Parlament) tərəfindən qəbul edilməsi nəzərdə tutulurdu. 1918-ci il iyunun 17-də müəyyən səbəblər üzündən Azərbaycan hökuməti Milli Şuranın qanunvericilik funksiyalarını öz üzərinə götürərək, dövlətin hakimiyyət strukturlarının yaradılması ilə yanaşı, qanun yaradıcılığı prosesini həyata keçirməyə başladı. İlk əvvəl yeni dövlətin daxili və xarici siyasətini əhatə edən qanunların qəbul edilməsinə başlanıldı. Bunların içərisində ən əhəmiyyətliləri 24 iyun və 9 sentyabr 1918-ci il tarixli dövlət bayrağı haqqında; 27 iyun tarixli dövlət dili (Azərbaycan dili) haqqında; 21 iyun tarixli milli komitələrin ləğvi haqqında; 10 avqust tarixli Azərbaycan gömrüyünün təsis edilməsi haqqında, 11 avqust tarixli Azərbaycan ordusuna çağırış haqqında, 28 avqust tarixli məktəblərin milliləşdirilməsi haqqında və s. hökumət qərarları idi. Azərbaycan hökuməti qısa müddət ərzində ictimai və dövlət həyatının hüquqi əsaslarının yaradılmasının qeyri-mümkünlüyünü və qanunauyğunluğun təmin edilməsi məqsədilə müəyyən müddətə qüvvədə saxlanılmasının məcburiliyini nəzərə alaraq 23 iyun 1918-ci il tarixində «Rusiya və Zaqafqaziya qanunlarının müvəqqəti qüvvədə saxlanılması barədə» qərar qəbul etdi. Qərara əsasən məhkəmə və idarəetmənin bütün sahələrində fəaliyyətdə olan qanunlar onların dəyişdirilməsinə və ya ləğv edilməsinə qədər öz qüvvəsini saxlayırdı. Parlament fəaliyyətə başladıqdan sonra qanun yaradıcılığı prosesi geniş vüsət aldı. Ali qanunvericilik orqanının bu sahədəki fəaliyyəti iki istiqamətdə qurulmuşdu:
1.Yeni qanunların qəbul edilməsi;
2.Qüvvəsini müvəqqəti olaraq saxlamış qanunlara dövlətin və xalqın mənafeyinə uyğun olan dəyişiklik və əlavələrin edilməsi yolu ilə onların təkmilləşdirilməsi.
Müəssislər Məclisinə seçkilərə hazırlıq işləri 1920-ci il aprelin 20-dək aparıldı və həmin gün seçkilərin keçirilməsi planlaşdırıldı. Lakin Xalq Cümhuriyyətinin süqutu həmin seçkilərin keçirilməsinə mane oldu. Azərbaycanın Müvəqqəti Hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağınm təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Müstəqil Azərbaycan Respublikasınm Dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsinin maddələri müasir Azərbaycan dilində belə səslənir:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssisələr Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.
 


<< Geri