|
1918 |
Qara Əbülfəs oğlu Qarayev 1918-ci il, fevralın 5-də Bakı şəhərində məşhur
həkim, təbabət professoru Ə.F.Qarayevin ailəsində anadan olmuşdur. |
|
1930 |
Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən
Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil
olmuşdur. |
|
1935 |
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində
professor L.İ.Rudolfun sinfində təhsil almışdır. Təhsil müddətində
professor Ü. Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə
dərs almışdır. |
|
1937 |
Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilmişdir.
|
|
1938 |
Moskva Dövlət Konservatoriyasının tələbəsi olmuşdur. (Professor
A.P.Aleksandrovun sinfində); İlk böyük əsərini -xor, simfonik orkestr və rəqs ansamblı
üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını bəstələmişdir;Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün
iştirakçısı olmuşdur. |
|
1941 |
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri vəzifəsində işləmişdir. |
|
1943 |
Birinci simfoniyanı yazmışdır. |
|
1944 |
Azərbaycan Bəstəkarlar İttifaqı İdarəHeyəti sədrinin
müavini seçilmişdir; “Qafqazın müdafiəsi uğrunda” medalı ilə təltif
edilmişdir. |
|
1946 |
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında
D.D.Şostakoviçin bəstəkarlıq sinfini bitirmişdir;
Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləmişdir; SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi
seçilmişdir; “Vətən” operasına görə SSRİ Dövlət
mükafatı laureatı olmuşdur. (Cövdət Hacıyevlə
birlikdə). |
|
1948 |
SSRİ Bəstəkarlar İttifaqı İdarə
Heyətinin üzvü seçilmişdir; Azərbaycan Dövlət Konservatoriyasının dosenti
olmuşdur; “Leyli və Məcnun” simfonik
poemasına görə Dövlət mükafatına layiq görülmüşdür.
|
|
1949 |
Ü.Hacıbəyov adına İncəsənət İnstitutunun musiqi bölməsinin rəhbəri seçilmişdir.
|
|
1950 |
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur.
|
|
1952 |
Sülh uğrunda Müdafiə Komitəsinin üzvü seçilmişdir. |
|
1953 |
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir.
|
|
1955 |
Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq
görülmüşdür; Azərbaycan SSRİ Ali Sovetinin deputatı (IV
çağırış) seçilmişdir.
|
|
1956 |
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur.
|
|
1957 |
Birinci Ümumittifaq Sovet filmləri festivalının laureatı
(“Bir məhəlləli iki oğlan” kino musiqisinə görə) olmuşdur. |
|
1958 |
Azərbaycan SSR-nin Xalq artisti fəxri adını almışdır; İkinci Ümumittifaq Sovet filmləri festivalının
laureatı (“Uzaq sahillərdə” kinofilminin musiqisinə görə) olmuşdur.
|
|
1959 |
SSRİ Xalq artisti fəxri adını almışdır; Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi
üzvü seçilmişdir. |
|
1961 |
Los-Anjelosda keçirilən Beynəlxalq musiqi festivalının
iştirakçısı olmuşdur;
Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. |
|
1962 |
SSRİ Ali Sovetinə deputat seçilmişdir. (VI çağırış);
Azərbaycan Bəstəkarlarının İkinci Qurultayının nümayəndəsi olmuşdur;
SSRİ Bəstəkarlar İttifaqının katibi
seçilmişdir; P.İ.Çaykovski adına skripkaçıların İkinci Beynəlxalq
müsabiqəsinin juri üzvü olmuşdur.
|
|
1963 |
“Yeddi gözəl” baleti Birləşmiş Ərəb
Əmirliklərində səhnəyə qoyulmuşdur.
|
|
1965 |
Kamera orkestri üçün məşhur 3-cü Simfoniyanı bitirmişdir; M.F.Axundov adına Respublika mükafatı
laureatı (“Antoni və Kleopatra” dram əsərinə bəstələdiyi musiqiyə görə)
olmuşdur. |
|
1966 |
SSRİ Ali Sovetinin deputatı (VII çağırış) seçilmişdir.
|
|
1967 |
“İldırımlı yollarla” baletinə görə Lenin mükafatına layiq
görülmüşdür. |
|
1969 |
III Simfoniyası Yaponiyada səslənmişdir. |
|
1971 |
Moskvada açılan Beynəlxalq Musiqi Konqresinin yekun
konsertində III Simfoniya böyük uğur qazanmışdır.
|
|
1973 |
“İldırımlı yollarla” baleti Odessa Opera və Balet Teatrında
səhnəyə qoyulmuşdur. |
|
1975 |
Leninqradda yaradıcılıq gecəsikonserti keçirilmişdir. |
|
1976 |
III Simfoniya Praqa şəhərində uğurla səsləndirilmişdir. |
|
1978 |
60 illiyi münasibətilə Moskvada müəllif konserti təşkil edilmişdir;
Yaradıcılığına həsr olunmuş televiziya filmi çəkilmişdir;
SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə
Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür;
Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əlirza oğlu
Əliyev bəstəkara təntənəli surətdə Sosialist Əməyi Qəhrəmanının simvollarını:
Lenin ordeni və “Oraq və çəkic” qızıl medalını təqdim etmişdir.
|
|
1979 |
“Don Kixot” filminə musiqi bəstələmişdir. |
|
1982 |
Mayın 13-də Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda
dəfn olunmuşdur. |