GÖRKƏMLİ  ŞƏXSİYYƏTLƏRİN

QARA QARAYEV HAQQINDA SÖYLƏDİKLƏRİ

 

Qara Qarayev bizə özünün bədii dəyərinə görə va­lehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır. Bəstəkar, pedaqoq, alim, rəhbər, ictimai xadim olan Qara Qarayev həmişə və hər işdə alovlu-musiqiçi tri­bundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək, bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər.

Heydər Əliyev,

Azərbaycan xalqının

ümummilli lideri

 

Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan pro­fessional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir.

      İlham Əliyev  ,

 Azərbaycan Respublikasının

Prezidenti

 

 

Qara Qarayevin musiqisi əsl müasir musiqidir. Bizim günlərin musiqisidir, adamların kosmosu fəth etməsi dövrünün musiqisidir. Bu musiqidə günəş və cənub ehtirası var, ay və şimal romantikası var.

Nazim Hikmət,

türk şairi

 

Q.Qarayevin yaratdığı musiqi təkcə bərəkətli Azər­baycan torpağının, onun orijinal mədəniyyətinin inciləri deyil, bütün dünya musiqisinin bəzəyidir. Q.Qarayev bir də ona görə ölməzdir ki, tərbiyə etdiyi bəstəkarların böyük bir dəstəsini qoyub getmişdir. Həmin bəstəkarlar onun işini davam etdi­rəcəklər.

Fikrət Əmirov,

bəstəkar, SSRİ Xalq artisti

 

Qarayev görkəmli şəxsiyyət idi. Q.Qarayevin musiqisi, onun xeyirxah, gülər gözləri həmişə sevinc, mehribanlıq, səmimiyyət və müdriklik saçırdı. Müasir bəstəkarlıq məktə­binin layiqli başçısı olan Q.Qarayev öz ideyalarını, fikirlərini, elmə, incəsənətə baxışlarını səxavətlə başqaları ilə bölüşürdü. Q.Qarayevin musiqisi onun həyatının -sənətkar həyatının, parlaq, dolğun və istedadlı insan həyatının dəqiq inikası idi.

Niyazi,

dirijor, SSRİ Xalq artisti

 

 

Biz Q.Qarayevin adını müasir incəsənətin ən yaxşı, ən görkəmli xadimləri sırasında çəkirik. O, öz yaradıcılığı ilə Azərbaycan musiqisi üçün yaxın və uzaq ölkələrin ən böyük teatrlarına, ən yaxşı konsert səhnələrinə yol açmışdır. Bəstəkar öz xalqının musiqisini dünya musiqi mədəniyyəti orbitinə çıxarmışdır. Onun yaradıcılıq fəaliyyətinin tarixi əhəmiyyəti də bundadır, Qarayev dünya incəsənətini öz xalqının musiqisi ilə, özünün təkrarsız, orijinal istedadı və böyük sənətkarlığı ilə zənginləşdirmişdir.

D.Kabalevski,

bəstəkar, SSRİ Xalq artisti

 

 

Q.Qarayev mənim ən çox sevdiyim bəstəkarlardandır. Onun musiqisinin müvəffəqiyyətinin sirri xalq ənənələrini klassik irsin ən müasir musiqi formalarında parlaq istedadla, ancaq onu özünə xas olan tərzdə birləşdirilməsindədir.

Dmitriy Şostakoviç,

professor, bəstəkar, SSRİ Xalq artisti

 

 

Azərbaycanın görkəmli bəstəkarı Q.Qarayevin musiqisi sovetlər ölkəsinin çoxmillətli mədəniyyətində ən parlaq hadi­sələrdən biridir. Onun təkrarolunmaz fərdi dəsti-xəttinin fərq­ləndirici xüsusiyyəti əsərlərində milli və beynəlmiləl key­fiy­yətləri üzvi şəkildə birləşdirməsindədir.

Tixon Xrennikov,

bəstəkar, SSRİ Xalq artisti

 

Dərin milli sənətkar olan Qarayev milli məhdudluqdan tamamilə uzaqdır. Ü.Hacıbəyovla birlikdə onu cəsarətlə müasir Azərbaycan musiqi mədəniyyətinin banisi adlandırmaq müm­kündür. Müəlliminin ənənələrini davam etdirən Qarayev sözün əsl mənasında bütün janrlarda yaradır... Azərbaycan musi­qisində bu janrların çoxunu əməli surətdə məhz Q.Qarayev kəşf etmişdir. Ümumiyyətlə, onun yaradıcılığı milli musiqi mədəniyyəti üçün elə bil yeni pilləyə, yeni keyfiyyətə keçiddir.

Azərbaycanın yeni musiqisinin dünya meydanına çıx­ması Qarayevin adı ilə qırılmaz surətdə bağlıdır. O, yeni milli bəstəkarlıq məktəbi yaratmışdır.

Rodion Şedrin,

bəstəkar, SSRİ xalq artisti

 

Q.Qarayevin musiqisi, onun istedadı, pedaqoqluq mə­harəti, musiqi haqqındakı dərin fikirləri, ümumiyyətlə, gərgin əməyi keçmiş sovet mədəniyyəti xəzinəsinə möhkəm daxil olmuşdur. Biz hamımız uzun müddət bu xəzinədən bəhrə­lə­nəcək, bilik əxz edərək ilham alacağıq.

Q.Q.Paman,

 Latviyanın Əməkdar incəsənət xadimi

 

 

 

Q.Qarayev milli mədəniyyətin inkişafında yeni yollar açan cəsarətli, novator sənətkardır. O, geniş yardıcılıq vüsətinə malik ustaddır.

Nikolay Tixonov,

rus şairi

 

Onun musiqisi ilə görüş həmişə böyük sevinc gətirirdi, eyni zamanda mürəkkəb həyat problemləri haqqında dərin dü­şüncələr doğururdu. Zaman xatirələri soldurmağa qadir deyil­dir... İllər, on illər keçəcək, lakin yeni-yeni nəsillər Q.Qarayev musiqisinin zəngin xəzinəsinə qovuşmaq və ondan heç vaxt ay­rıl­mamaq üçün həmişə canlı yaradıcılıq çeşməsinə gələcəklər.

Nodar Dumbadze,

gürcü yazıçısı

 

Qarayevin yaradıcılığı sadəcə olaraq orijinal istedad sahibinin görkəmli əsərləri deyildir. Bu, XX əsr musiqi sənə­tinin zirvələrindən biridir, özündə dövrün yüksək ideallarını, vətəndaşlığı və vətənpərvərliyi təcəssüm etdirən hadisədir.

H.Abdullayev,

akademik 

 

Onun hər bir əsəri Azərbaycan musiqisinin inkişafında mühüm mərhələ olmuş, gənc musiqiçilər üçün geniş üfüqlər açmışdır.

Q.Qarayevin novatorluğu onun milli və dünya musiqi sənətində təşəkkül tapmış klassik ənənələrə ən dərin hör­mə­tindən irəli gəlir. Bəstəkarın yeni-yeni axtarışlar üçün möhkəm təməl olan cəsarətli, qeyri-adi üsullarının yaradıcılıq ölməzliyi də bundan ibarətdir.

Elmira Abasova,

professor, Əməkdar

incəsənət xadimi

 

Qarayev musiqisi ömrümüzün hər çağında könlümüzü ümidlə, qürurla, qüvvətlə doldururdu, ovundururdu, bizə dün­yanı izah edirdi, gələcəyə inandırmağa çağırırdı.

Q.Qarayev mədəniyyətimizdə gələcəyin səfiri idi, saba­hın elçisi idi və musiqimiz, musiqiçilərimiz, musiqi dinlə­yi­cilərimiz inkişaf edib irəlilədikcə qarşıdakı zirvələrdə həmişə Q.Qarayevlə rastlaşacaqlar.

    Anar,

Xalq yazıçısı

 

Q.Qarayev dünya miqyasında adlı-sanlı bəstəkardır. Onun musiqisi öz vüsəti, forma kamilliyi ilə dinləyicini həmişə valeh edir. Bəstəkarın nəcib ideallarla -humanizm, beynəl­miləlçilik idealları ilə aşılanmış yaradıcılığının dinləyicilər tərəfindən rəğbətlə qarşılanması geniş kütləyə məlumdur. Mən bunu İstanbulda konsert zamanı bir daha yəqin etdim. Orada yerli simfonik orkestrin ifasında “İldırımlı yollarla” baletindən məşhur süita əzəmətlə səsləndi.

Qarayevin vəfatı təkcə ölkə musiqi mədəniyyəti üçün deyil, eləcə də bütün dünya musiqi mədəniyyəti üçün də ağır itkidir. Artıq Qarayev həyatda yoxdur. Ancaq onun musiqisi öl­məz­dir.

Gülay Uğrata,

türk pianoçusu

 

 Müasirlik bəstəkarlarımızın diqqət mərkəzində dur­ma­lıdır. Bunu bizdən xalqımız və həyatımız tələb edir. Müasir həyatımızı tərənnüm edək -Q.Qarayevin bu sözləri sadəcə bir şüar deyil, əsl yaradıcılıq proqramıdır, bir bəstəkarı dövrümüzə layiq parlaq sənət nümunələri yaratmağa çağıran yaradıcılıq proqramıdır.

Biz Q.Qarayev musiqisində bəşəriyyəti tərəqqiyə çağı­ran müasir bəstəkarın alovlu səsini həmişə eşidir və eşidəcəyik.

Azər Rzayev,

professor, bəstəkar,

Əməkdar incəsənət xadimi

 

<< Geri