SUAL-CAVAB

 

 

 

 

S u a l. Heç elә şey ola bilәrmi ki, bir şeyin adı ola, amma özü heç yerli-dibli olmaya?

  

C a v a b. Bәli, olar! Mәsәlәn, Bakı ilә Gәncәnin "Cәmiyyәti-xeyriyyәlәri"nin adları var, amma özlәrindәn heç bir әsәr yoxdur.

* * *

S u a l. Hәsәnqulu, nә qayırırsan?

 

C a v a b. Dәstәmaz alıram!

 

S u a l. Nәdәn ötrü?

  

C a v a b. Dünәn әllәrimlә bir müsәlmanın başını kәsmişdim, indi Ağdaş vaizi Molla Sәmәd әfәndinin sözlәrinә әmәl edib, dәstәmiz alıram ki, әllәrimin günahı rәf olsun!

* * *

Bir әcnәbi (kamali-tәәccüblә). Bu ölәn kimdir ki, bu dәbdәbә, bu tәntәnә, bu cahu cәlal ilә cәnazәsini tәşi edibsiniz vә belә atәşin nitqlәr söylәyirsiniz?

  

M ü s ә l m a n. Bu ölәn, müsәlman millәtinә әn böyük qulluqlar göstәrmiş vә millәt yolunda hәr bir şeyi qurban etmiş bir şәxsdir!

 

Ә c n ә b i. Bәs nәdәn vәfat edib?

 

M ü s ә l m a n. Deyirlәr ki, acından....

* * *

S u a l. Nәdәn ötrü müsәlmanlar bir bu qәdәr cәmiyyәtlәr düzәldirlәr?

  

C a v a b. Ondan ötrü ki, axırda "cәmiyyәtin" adamları bir-biri ilә savaşsınlar.

  

S u a l. Yaxşı, mәgәr ayrı yerdә "cәmiyyәtsiz" savaşmaq olmazmı?

  

C a v a b. Olar, ancaq "cәmiyyәt" içindә savaşanların hәr biri "haqq, hәqqaniyyәt" vә "millәt" adına savaşıb, öz şәxsi düşmәnçiliklәrini pәrdәlәmәyә yol tapırlar.

* * *

S u a l. O kimdir ki, yazıq camaatın alın tәri ilә, әl zәhmәti ilә hüsula gәlmiş bütün rizq vә ruzusunu öz altına qoyub, nәrildәyә-nәrildәyә, guruldaya-guruldaya, xurdu xaş elәyir vә özü dә heç "doydum" demir, camaat da gendәn durub tamaşa edir vә yaxın durmağa qorxur? İndi deyәcәksiniz ki, Mәmmәdәli şah! Vә ya İran xanları! Xeyr!... dәyirman daşı!...

 

* * *

S u a l. Hacı Sәfәr, nә üçün bidamaqsan?

 

C a v a b. Balam, üstümә kağız gәlibdir ki, gәrәk 3 gündәn sonra 5 min manat pul verәm.

 

S u a l. Paho, görünür ki, anarxistlәr yazıblar!

 

C a v a b. Xeyr, kağız bankdan gәlibdir.

* * *

Şamaxı yolundakı müsәlman gecә kurslarının müәllimlәrindәn birisi mәnә rast gәldi. Gördüm binәvanın әhvalı çox pәcmürdәdir. Soruşdum ki, nә olubdur?

 

D e d i: -- Başım da ağrıyır, belim dә!

 

D e d i m: -- Bәs sәbәb nәdir?

 

D e d i: -- Başımın ağrımağına sәbәb odur ki, başımda olan biliyi çıxardıb gecә kurslarının mütәәllimlәrinә verdim. Belimin dә ağrımağının sәbәbi odur ki, oradaca paltonumu da çıxardıb, vallah mәn heç kәsә vermәdim, amma hәr kәssә, görünür ki, başımdakı biliklә bәrabәr, әynimdәki paltonu da istәyirmiş. Ona görә hәr ikisini dә aparıbdır.

  

Dedim: -- Zәrәr yoxdur, biz müәllimlәr nәşri-maarif yolunda elm vә biliyimizdәn başqa, hәrdәn bir paltomuzu da sәrf etmәliyik.