MOLLA MӘHӘMMӘD BAĞDADİ "FÜZULİ" TӘXӘLLÜS

 

 

 

 

Molla Mәhәmmәd Bağdadi türk şairlәrinin babası hesab olunur. Ona binaәn, Azәrbaycan şüәra vә üdәbasından bәhs edib dә, onların sәrvәri vә pişrәvi mәqamında olan Füzulinin ismi-şәriflәrini zikr etmәmәk bir növ haqqı vә әmәyi itirmәk kimidir. Bir halda ki, ol fәsahәt vә bәlağәt kanının tәsiri bu әsrdәki şüәramızın asar vә әşarında dәxi müşahidә olunmaqdadır.

 

Mәşhur qövlә görә, Molla Mәhәmmәd ibn Süleyman Kәrbәlada vә Bağdadın hәvalisindә Hillә adlı balaca bir qәsәbәdә, Sultan Süleymanın әsrindә--hicrәtin 900-cü tarixindә tәvәllüd etmişdir. Bәzi rәvayәtә görә, yetmiş sәnәyә qәdәr ömür edibdir. Tarixi-vәfatı dürüst mәlum deyil isә dә, ömrünün müsinn çağında dari-bәqaya rehlәt elәmәyi öz kәlamından dәxi anlaşılır. Necә ki, deyibdir:

 

Ey Füzuli, qәdimiz qıldı fәlәk xәm, yәni

Vәqtdir çıxmağa dünya qapısından, әyilin.

 

Füzuli kimi mәşhur vә mötәbәr şairin tәrcümeyi-halına dair mәlumat, heyfa ki, çox azdır. Bu barәdә özgә bir mәxәz vә mәnbәdәn әhvalat götürmәkdә aciz qalıb, ol dürri-yeganәnin öz әsәrlәrinә rücu etmәkdәn başqa bir çarә bulmadıq. Divani-bәlağәtünvanının dibaçәsindә ol fәsahәt bustanının әndәlibindәn vә ibarәt çәmәninin bülbülündәn, yәni Füzulinin öz lisani-bәlağәtsәncindәn halına dair bir para mәlumat verilir, xüsusәn, onun türk lisanında yazmağına sәbәb nә olduğu filcümlә bәyan edilir.

 

Mәzkur müqәddimәdәn mәlum olur ki, Füzuli uşaqlıqdan şer vә qәzәl demәyә ziyadә hәvәsnak imiş vә ol [dürri]-yeganәnin hәnuz sәbi ikәn üfüqi-tәbinә hilali-mövzuniyyәt tülu etmişdir vә xurşidvәşlәrdәn iqtibasi-nuri-şövq qılmışdır vә onun әşarının şöhrәti çox yerlәrә dağılmışdır. Necә ki, özü deyir:

 

Seyti-fәsahәt ilә sözüm tutdu alәmi,

Mәn mәhdi-etibardә tifli-zәbun hәnuz.

 

Buyi-xoşumla oldu müәttәr dimağlәr,

Mәn nafeyi-vücuddә bir qәtrә xun hәnuz.

 

Vә lakin şair öz әsәrlәrinә diqqәt yetirib, onları hülyeyi-elmdәn müәrra görüb, bir müddәt nәqdi-hәyatın ülumi-әqliyyә vә nәqliyyә  kәsbinә sәrf  edibdir  vә öz әsrindә mütәdavil fünun  vә ülumun  cümlәsinә malik olmuşdur. Әgәrçi şair türk lisanında şer vә qәzәl yazmağına ümdә bunu sәbәb göstәrir ki, türk tayfalarının  sahibi-şövq vә mәzaqları dәxi onun bustani-kәlamından şükufәlәr dәrib bәhrәmәnd olalar vә bu tәklifi ona guya bir nigari-mişkinxәtt etmişdir vә lakin hәqirin anladığına görә, Füzuli özü türk oğlu olmağa binaәn, öz ana dilini artıcıq sevib dә, ona rövnәq vermәyi baş vәzifәlәrindәn birisi hesab edirmiş. Vә insafәn demәk olur ki, türk әdәbiyyatının banisi Molla Mәhәmmәd Bağdadi olubdur. Әgәrçi ondan müqәddәm türklәrdәn dә bәzi mötәbәr şairlәr olubdur, vәli onun kimi müqtәdir vә cәmi lisana malik vә camei-fünuni-nәzm vә nәsr olmayıbdır. Vә hәqiqәtdә demәk olur ki, türk dilinә rövnәq verәn vә onu xarü xaşakdәn tәmizlәyib bir göyçәk vә sәfalı çәmәnә bәnzәdәn Füzuli olubdur. Vә bununla biz türklәrin üstә ümumәn vә  Azәrbaycan türklәrinin boynuna [xüsusәn] böyük bir minnәt qoyubdur. Türk dilinin üstündә  sәrfi-himmәt vә qeyrәt göstәrdiyini  şair özü bir mәqamda bәyan etmişdir:

 

Ol sәbәbdәn farsi lәfzilә çoxdur nәzm kim,

Nәzmi-nazik türk lәfzilә ikәn düşvar olur.

Lәhceyi-türki qәbuli-nәzmi-tәrkib eylәsә,

Әksәri-әlfazı namәrbut, nahәmvar olur.

Mәndә tövfiq olsa, bu düşvarı asan eylәrәm,

Novbahar olğac tikandan bәrgi-gül izhar olur.

 

Burada bunu dәxi әlavә etmәk lazımdır ki, Füzuli özündәn müqәddәm vә ya öz dövründә olan ali vә rәqiq bir şair bulub da, onun әsәrlәrinә tәqlidәn bir şey vücuda gәtirmәmişdir. Nәsr vә nәzmdә bir şәxs onun ustadı olmayıbdır. Әazimi-üdәbadan bir nәfәrinin asarını sәrmәşq vә ittixaz etmәyibdir. Necә ki, bu barәdә Mәhәmmәd Cәlal "Osmanlı әdәbiyyatı nümunәlәri" nam mәcmuәsindә buyurubdur: "Bağdad gülzar әdәbiyyatının әndәlibi-xoşәlhanı olan Füzuli Osmanlı şairlәrindәn әsәrlәrinә әtba olunacaq bir şair vә yaxud nasir görәmәdiyi halda bu gün әdәbiyyati-sәhihәyi әhya edәcәk bәdaye vücuda gәtirmiş. Bu bәdayei bir şairdәn deyil, bәlkә dәrәlәrin cuşeşindәn, ruzigarın iniltisindәn, bir ahunigahın suzişindәn, bir tәbәssümün tәsirindәn, bir bәdәvi qızın hüsni-mәsumanәsindәn iqtibas eylәmişdir. Bu cәhәtlә әn birinci şair mütlәq Füzulidir".

 

Onun müqәllid olmadığı xüsusda Mәhәmmәd Cәlal belә yazır: "Әgәr bir şәxs bizә bu gunә sual versә: "Bәlkә Füzulidәn әvvәl әrәblәr, әcәmlәr "Leyli vә Mәcnun"u, "Yusif vә Züleyxa"nı, "Xosrov vә Şirin"i yazmış olsunlar da Füzuli dә tәqlid etmiş olsun?"

 

Biz cavab veririz: "Xeyr! Hәtta mәrhumun ruhi-lәtifi nitqә gәlib bizә bu babdә: "Bәn dә müqәllidәm!"--demiş olsa, inanmayız. Ehtimal ki, bu böyük şairin zehninә fikri-tәqlid gәlmiş olsun. Fәqәt "Leyli vә Mәcnun" tәqlid olmaq üzrә yazılan asardan deyil.

 

Bәs nәdir?

 

Bütün göz yaşlarıdır. Lakin burasını düşünmәli: iqtibas başqa, tәqlid yenә başqadır. Bünaünileyh "Leyli vә Mәcnun" bütün-bütün Füzuliyә aiddir. Bu xәzineyi-qiymәtdara heç bir әcnәbi müdaxilә edәmәz!"

 

"Leyli vә Mәcnun" barәsindә aşağıda söz olunacaqdır.

 

Divani-әşarın cәm etdikdәn sonra Füzuli kәmali-inkisar ilә әrbabi-bәlağәt vә әshabi-fәsahәtә üz çöndәrib, onlardan tәvәqqe elәyir ki, onun divani-kәlamını mütaliә etdikdә demәsinlәr ki, Füzuli tamami-ömrünü bir mәhәldә, yәni İraqi-Әrәbdә keçirib, qeyri bir mәmlәkәtә sәyahәt etmәyibdir vә lazimeyi-tәcrübә vә kәmali-tәhsil qılmayıbdır. Bu illәti mucibi-süquti-etibar bulmasınlar vә mәhәlli-mәqamına görә rütbeyi-istedadına hәqarәtlә baxmasınlar. Zira, qızıl torpaqda yatmaqla ciladan düşmәz....

 

Bundan sonra şair dәrgahi-ilahiyә üz tutub deyir: "İlahi! Bu mәhәbbәtnameyi-nami vә bu fәrzәndi-dilbәndi-girami ki, zadeyi-tәbi-füsunsaz vә nәticeyi-idraki-sehrpәrdazımdır, nә diyara getsә vә nә vilayәtә yetsә, mәqdәmi-şәrifin mübarәk vә meymun vә mәtlәi-lәtifin xücәstә vә hümayun edәsәn". Doğruluqla demәk olur ki, Füzulinin bu duası dәrgahi-hәqqdә dәrәceyi-qәbula irişdi vә onun tәbi-füsunsazından vücuda gәlәn fәrzәndi-dilbәndi, yәni divani-әşarı hәr ölkә vә diyarda әziz vә möhtәrәm oldu. Bundan әlavә, Füzuli hәqqdәn niyaz edir ki, "bu mәhbubi-cahanpeymanı vә şahidi-rәnanı ümumәn әhli-fәsaddan vә xüsusәn üç tayifeyi-bәdnihaddan hüsni-himayәtindә mәhfuz vә mәhrus qılsın. Bu üç tayifәdәn biri ol katibi-naqabildir ki, xameyi-müxalifәttәhriri tişeyi-bünyani-maarifdir vә kilki-küdurәttәsiri memari-binayi-zәxarifdir. Gah bir nöqtә ilә "mәhәbbәt"i "möhnәt" göstәrәr vә gah bir hәrf ilә "nemәt"i "niqmәt" oxudar:

 

Qәlәm olsun әli ol katibi-bәdtәhririn--  

Ki, fәsadi-rәqәmi sözümüzü şur eylәr.

Gah bir hәrf süqutilә qılır "nadir"i "nar",

Gah bir nöqtә qüsurilә "göz"ü "kur" eylәr.

 

Biri ol naqisi-bәdsavaddır ki, tәbi-namövzunu ilә mәclisü mәhafildә dәvayi-istedad qılıb, şer oxuduqda nәzmi nәsrdәn seçilmәyә vә әdayi-süstü ilә şahidi-mәni camalından niqab açılmaya:

 

Binәsib olsun nәimi-xülddәn ol zişt kim,

Namülayim lәhcәsi mövzunu namövzun edәr.

Tişeyi-lәfzi binayi-nәzmi viran eylәyib,

Süst göftarı fәsahәt әhlini mәğbun edәr.

 

Vә biri ol hasidi-cәfapişәdir ki, tәbi-namövzunu ilә dәvayi-şer edә, amma dәqayiqi-әşarә sahibşüur olmaya vә idraki-rәkiki ilә lafi-nәzm ura, amma hәqayiqi-göftarә rahi-tәsәrrüf bulmaya. Lacәrәm, hәsәd dideyi-insafın kor edib, idrakına etimad edә vә cahillәr hüzurunda bihudә-bihudә laflar urub, hәrzә-hәrzә dәxllәr eylәyә, ta kim, şerdәn zövqi-istima gedә:

 

Xәzandır gülşәni-ürfanә hasid,

İlahi, hasidi xar eylә daim.

İşidir mәrifәt әhlinә azar,

İlahi, hasidi zar eylә daim.

 

Füzuli türklәr әdәbiyyatında "Ustadi-şüәra" lәqәbini alıbdır vә bu zati-şәrif mәzkur lәqәbdәn sәva Azәrbaycan vilayәtindә "Ustadül-mәkatib" ismilә dәxi şöhrәtlәnmişdir. Füzulinin mәşhur әsәrlәri bunlardır: 1) "Külliyyati-divani-Füzuli", 2) "Hәdiqәtüs-süәda". 3) "Şikayәtnamә" ki, nәsr ilә yazılmışdır vә bu axırıncı әsәr bizim nәzәrimizә çatmayıbdır.

 

"Külliyyat"a daxil olan әsәrlәr bunlardır: Müqәddimәtül-kitab, qәsaid, tәrkibbәnd vә tәrcibәnd, "Bәngü badә", "Nişançı Paşa xidmәtinә yazılan mәktubi-hikmәtüslub", "Saqinamә", "Mәrsiyә dәr hәqqi-xamisi-Aliәba hәzrәti-Seyyidüş-şühәda", qәzәliyyat, müsәddәsat, müxәmmәsat, mürәbbeat, әlmüqәttәat, "Dastani-Leyli vә Mәcnun". Bu "Külliyyat"ın әn mötәbәr çapı sabiqdә İstambulda fars dilindә tәb olunan "Әxtәr" cәridәsinin mәtbәәsindә 1308-ci sәnәdә çap olunanıdır. Bu divani-Füzuli artıq diqqәtlә tәshih olunmuş nüsxәlәrdәn birisi olub, açıq vә aydın hürufat ilә sarı rәngә mail kağız üstә tәb olunmuşdur.

 

"Hәdiqәtüs-süәda" on bir baba tәqsim olunubdur. Bu qәrar üzrә:

 

Әvvәlinci bab bәzi әnbiyayi-üzam vә rüsüli-kiramın surәti-әhvalları bәyanındadır.

 

İkinci bab Hәzrәti-Rәsulun Qüreyşdәn çәkdiyi әzaların bәyanındadır.

 

Üçüncü bab hәzrәti-Seyyidül-mürsәlinin keyfiyyәti-vәfatı bәyanındadır.

 

Dördüncü bab Hәzrәti-Fatimeyi-Zәhranın vәfatı bәyanındadır.

 

Beşinci bab Әliyyül-Mürtәza hәzrәtlәrinin vәfatı bәyanındadır.

 

Altıncı bab Hәzrәti-İmam Hüseynin bәzmi-bәlada sağәri-bәqa nuş etdiyi bәyanındadır.

 

Yeddinci bab Hәzrәti-İmam Hüseynin Mәdinәdәn Mәkkәyә tәvәccöhü bәyanındadır.

 

Sәkkizinci bab Müslüm ibn Әqilin şәhadәti bәyanındadır.

 

Doqquzuncu bab İmam Hüseynin Mәkkәdәn Kәrbәlaya tәvәccöhü bәyanındadır.

 

Onuncu bab Hәzrәti-İmamın lәşkәri-Yezid ilә müharibәsi bәyanındadır.

 

On birinci bab xatimeyi-kitab vә müxәddәrati-әhli-beytin Kәrbәladan Şama getdiklәri bәyanındadır.

 

Tәtimmeyi-kitabda on iki imamın tәriqi-icmal üzrә әhvalları bәyan olunubdur.

 

"Hәdiqәtüs-süәda" dәxi türk dilindә inşa olunubdur. Bu bәrgüzidә әsәrin türk lisanında tәhrir olunmağının sәbәbini Füzuli bu minval üzrә bәyan edib, itmamına hәqqdәn müavinәt istәyir: "Çün cәmi müddәtdә mәcalis vә mәhafildә tәqrir olunan vәqayeyi-Kәrbәla vә keyfiyyәti-әhvali-şühәda farsi vә tazi ibarәtindә bәyan olmağın әşrafi-әrәb vә әkabiri-әcәm tәmәttö bulub, әizzeyi-әtrak ki, cüzi-әzәmi-tәrkibi-alәm vә sinfi-növi-bәni-adәm olub, sәtri-zaidi-sәhaifi-kütüb kimi süfufi-mәcalisdәn xaric qalıb, istifayi-idraki-hәqayiqdәn mәhrum qalırlardı, bu sәbәbdәn iqtizayi-ümumi-matәmi-Ali-әba zәbani-hal ilә mәni-xaksarә tәәrrüz etdi vә dәsti-tәәrrüz ilә giribanım tutdu ki, ey pәrvәrdeyi-xani-nemәti-şahi-Kәrbәla--Füzuliyi-mübtәla, nola ki, bir tәrzi-mücәddәdә müxtәre olasan vә himmәt tutub bir mәqtәli-türki inşa qılasan ki, füsәha türki zәbanında istemalından tәmәttö bulalar vә idraki-mәzmunundan әrәbdәn vә әcәmdәn müstәğni olalar.

 

 

Q İ T Ә

 

Tәkrari-zikri-vaqieyi-dәşti-Kәrbәla,

Mәqbuli-xasü amü siğarü kübardır.

Tәqrir edәnlәrә sәbәbi-izzü ehtişam,

Tәhrir edәnlәrә şәrәfi-ruzigardır.

 

Bu hәqir vә fәqir ki, bu nәsihәti isğa qıldım vә bu xidmәtin mәhz sәadәt olmağın mühәqqәq bildim, әdәmi-istitaәt vә qillәti-bizaәtdәn ehtiraz vә ictinab etmәyib tәrtibinә tәvәccöh qıldım. Әgәrçi ibarәti-türkidә bәyani-vәqaye düşvardır, zira ki, әksәri-әlfazı rәkik vә ibaratı nahәmvardır, ümmiddir ki, hikmәti-övliya itmamına müsaidәt vә әncamına müavinәt qıla.

 

 

N Ә 3 M

 

Ey feyzrәsani-әrәbu türkü әcәm,

Qıldın әrәbi әfsәhi-әhli-alәm.

Etdin füsәhayi-әcәmi İsadәm,

Mәn türkzәbandan iltifat eylәmә Lәm.

 

İlahi! Vaqifi-keyfiyyәti-hal vә alimi-dәqayiqi-әfalsan. Bilirsәn ki, sәndәn qeyri müinü müzahirim yoxdur vә әtrafü cәvanibdә hasidü müanidim çoxdur. Әmimi-mәkarimindәn vә kәrimi-mәrahimindәn tәvәqqe budur ki, bu binayi-mücәddәd tәmirindә vә bu mülki-müәbbәd tәsxirindә әlfazü mәanidәn cәmi mәsalihim mühәyya qılasan vә әrbabi-hәsәd vә әshabi-inad hücum etdikcә mәnә müinü müsaid olasan: "innәkә әlә kulli şeyin tәdirun".

 

Әgәrçi "Hәdiqәtüs-süәda" nәsr ilә tәhrir olunubdur vә bәzi mәqamlarda münasibi-hal vә müvafiqi-mәqal gözәl şerlәr vasitәsilә şәrhi-mәna qılınıbdır vә lakin bu nәsrdә Füzuli o qәdәr mәharәt vә fәsahәt göstәrmiş ki, vә әhvali-keyfiyyәti-şühәdanı elә bir gözәl vә şirin dil ilә yazmış ki, әhli-zövq vә әrbabi-mәrifәt indindә onun dәrәcә vә mәnzilәti çox nәzmlәrdәn artıqraqdır. Bu vaxta kimi füsәhayi-türk vә әcәmdәn bir kәs belә bir xoş ibarәli vә şirin lәhcәli vә gözәl şivәli әsәr vücuda gәtirmәyibdir--desәk, sәhv etmәmiş olarıq.

 

Füzulinin asari-qәlәmiyyәsindәn nümunәlәr göstәrmәyi lazım görmәdik. Bu cәhәtә ki, Azәrbaycan türklәrinin handa azacıq savadlısı varsa, onun әsәrlәri ilә az-çox tanışdır. Hәtta bu axır vaxtlara kimi onun divani-qәzәliyyatı vә "Leyli vә Mәcnun" hekayәsi mәktәblәrdә tәlim kitabı olub, uşaqlara ondan dәrs verilirdi. İndi dә köhnә mәktәblәrdә tәlim almış adamlardan hәr birisini dindirsәn, "Leyli vә Mәcnun" hekayәsinin ibtidasını--"Dehqani-hәdiqeyi-hekayәt, Sәrrafi-cәvahiri-rәvayәt...." başlayıb әzbәrdәn oxuyacaqdır. Amma çoxları bu qәribә hekayәnin mәnasını әsla fәhm etmәyib, tutuquşu kimi ancaq onun lәfz vә ibarәsini öyrәnmişlәr. O ki, qaldı Azәrbaycan şairlәrinә, onlardan çoxu Füzuliyә peyrәvilik edib, xüsusәn qәzәliyyat vә müxәmmәsat qismi әsәrlәrindә ustadi-giramilәri getdiyi tәriqi ixtiyar edib, onunla getmişlәr vә bәzilәri bu müqәllidlikdә övci-mәqama yetişib, fünuni-şerdә böyük bir mәharәt kәsb etmişlәr. Mәsәlәn, Nuxa şairlәrindәn mәşhur İsmayıl bәy "Nakam" tәxәllüs Füzulinin atidә zikr olunan müsәddәsinә yazdığı bir nәzirә xeyli mәrğub vә dilpәsәnd kәlamlardan birisidir.

 

 

MÜSӘDDӘSİ--FÜZULİ

 

Dün sayә saldı başimә bir sәrvi-sәrbülәnd-- 

Kim, qәddi dilrüba idi, rәftarı dilpәsәnd.

Göftarә gәldi ta ki, açıb lәli-nuşxәnd,

Bir püstә gördüm onda tökәr rizә-rizә qәnd.

Sordum:--Mәgәr bu dürci-dәhәndir--dedim, dedi;

--Yox, yox, dәvayi-dәrdi-nihanındürür sәnin!

 

Әymiş hilali üstünә tәrfi-külahini,

Çox dilşikәstәnin göyә yetirmiş ahini,

Zülfün dağıtdı, gizlәdi әbr içrә mahini,

Gördüm yüzündә hәlqeyi-zülfi-siyahini.

--Ol piçü tabı çox nә rәsәndir?--dedim, dedi:

--Dövri-rüxümdә rişteyi-canındürür sәnin!

 

Vermiş füruğ şәmi-rüxi gün çirağına,

Salmış şikәst sәrv qәdi gül budağına,

Dün sәrv tәk basanda qәdәm göz bulağına,

Bir neçә xardәn әlәm irmiş ayağına.

--Gül bәrginә batan nә dikәndir?--dedim, dedi:

--Mücgani-çeşmi-әşkfişanındürür sәnin!

 

Seyr ilә saldı bağә güzәr ol sәmәnüzar,

Әnvai-zibü zinәt ilә fәsli-novbahar,

Tökmüş gül üzrә sünbüli-giysuyi-müşkbar,

Yaxmış ayağına yenә gülbәrg tәk nigar.

--Nәsrinә rәngi-lalә nәdәndir?--dedim, dedi:

--Qәmzәm xәdәngi tökdüyü qanındürür sәnin!

 

Seyli-sirişkim oldu rәvan xaki-kuyinә,

Can valeh oldu lәli-lәbü göftguyinә,

Dil düşdü dami-silsileyi-müşkbuyinә,

Ol lәhzә kim, sataşdı gözüm zülfü ruyinә,

--Әqrab mәhi-münirә vәtәndir?--dedim, dedi:

--Vәhm eylә kim, xәtәrli qiranındürür sәnin!

 

Düşmüş üzarı üzrәәnbәr sәlasili,

Aşüftәhal edib neçә bisәbrü bidili,

Әqlimi valeh eylәdi şәklü şәmayili,

Göz gördü qamәtin, dilü can oldu mayili.

--Vәh, bu nә türfә sәrvi-çәmәndir--dedim, dedi:

--Mәnzuri-dideyi-nigaranındürür sәnin!

 

Dün sübhdәm ki, lalәvü nәsrin salıb niqab,

Gül çöhrәsindәn aldı sәba pәrdeyi-hicab,

Gülzarә çıxdı seyr edә ol rәşki-aftab,

Şәbnәm nisar etdi günәş lölöi-xoşab.

--Lölömü, yoxsa dürri-Әdәndir?--dedim, dedi:

--Әbsәm, Füzuli, әşki-rәvanındürür sәnin!

 

Bu dürri-Әdәn vә löleyi-xoşab ilә arastә vә tәrtib olunmuş kәlami-behcәtәngizә nәzirә olaraq İsmayıl bәy Nakam demişdir:

 

Kuyi-nigarә duş gedib eylәdim büka,

Guş elәyib fәğanımı ol türki-dilrüba,

Dәrdimi bildi, heyrәtimi gördü cabәca,

Rәhm etdi halimә, dedi:--Ey әrseyi-bәla,

Kim eylәmiş bu dәrdә sәni mübtәla? Dedim:

--Mәn bilmәm özgә, aşiqi-heyranınam sәnin.... i.a.

 

Bu kәlamın tamamisi cәnab Nakamın seyrü süluku babında dәrc olunacaqdır. Oraya baxmalı!

 

Nakamdan әlavә Qasım bәy Zakir, Abdulla bәy Asi, Mehdiqulu xan Vәfa, Hacı Seyid Әzim Şirvani, Bixud, Mustafa ağa Nasir, Qövsi, Molla Qәdir Naci vә Azәrbaycanın qeyri müzzәm vә mәşhur şairlәri Molla Mәhәmmәd Bağdadiyә peyrәvilik edib, fünuni-şerdә özlәri üçün şan vә şöhrәt kәsb etmişlәr. Zәnnimizcә, Fuzulinin nüfuzu xeyli müddәt bizim Azәrbaycan şairlәrinin asari-qәlәmiyyәlәrindә müşahidә olunacaqdır vә onun ruhpәrvәr olan әşari-mütәәddidәsinin hüsni-tәsirindәn bizim şüәranın da tәblәri sәfalanıb, nuraniyyәt kәsb edәcәkdir.

  

Füzulinin asari-qәlәmiyyәsinin hәlә daha da çox zamanlar hәyat üzrә davam edib, tәrü tәzә qalmağına iki ümdә sәbәb vardır. Onlardan birisi budur ki, haman әsәrlәrin tamamisi pak, hәqiqi vә tәbii hissiyyatdan nәşәt etmiş әsәrlәrdir ki, eşqi-hәqiqidәn bәhs edir. Füzulinin özü hәqiqi aşiq olduğu üçün kәlamı dәxi başdan-ayağa aşiqanәdir. O pakizәlik vә lәtafәt vә o naziklik vә nәzakәt ki, Füzulinin şerlәrindә hiss olunur, heç bir şairin kәlamında o dәrәcәdә mәhsus deyildir. Bilafәrq Füzulinin hansı qisim kәlamını mütaliә etmәk istәsәniz, mütaliә buyurun, onun hüsni-tәsirini oxuduqda öz vücudunuzda dәrk edәcәksiniz. Vә bu tәsirdәn içәri alәminiz bir növ tәmizlәnib paka çıxacaqdır, vicdanınız uyqudan ayılan kimi olacaqdır. Fikir vә xәyalınız sizi başqa bir ali mәqama-mәnәviyyәt alәminә tәrәf çәkәcәkdir. Burada nümunә üçün uzaq getmәyib, divani-qәzәliyyatından әvvәlinci qәzәlinә iktifa edәlim ki, mәhәbbәti-әzәli ilә başlanıbdır:

 

Qәd әnarәl-eşqә lil-üşşaqi mәnhacül-hüda,

Saliki-rahi-hәqiqәt eşqә eylәr iqtida.

 

Eşqdir ol nәşeyi-kamil kim, ondandır müdam

Meydә tәşviri-hәrarәt, neydә tәsiri-sәda.

 

Vadiyi-vәhdәt hәqiqәtdә mәqami-eşqdir-- 

Kim, müşәxxәs olmaz ol vadidә sultandan gәda.

 

Eylәmәz xәlvәtsәrayi-sirri-vәhdәt mәhrәmi

Aşiqi mәşuqdәn, mәşuqi aşiqdәn cüda.

 

Ey kim, әhli-eşqә söylәrsәn: mәlamәt tәrkin et!

Söylә kim, mümkünmüdür tәğyiri-tәqdiri-xuda?

 

Eşq kilki çәkdi xәtt hәrfi-vücudi-aşiqә--  

Kim, ola sabit hәq isbatında nәfyi-maәda.

 

Ey Füzuli, intihasız zövq buldun eşqdәn,

Böylәdir hәr iş ki, hәqq adına qılsan ibtida.

 

Bu şerlәri mütaliә etdikdә, filhәqiqә, oxucular bir növ hәqiqәt yolunda sәy edәn saliklәr cümlәsinә daxil olub, onların fikir vә xәyalı vadiyi-vәhdәt tәrәfinә meyl edir ki, onda sultan ilә gәda vә әğniya ilә füqәra arasında bir fәrq vә tәfavüt yoxdur. Füzulinin әşar vә kәlamının bәqasına ikinci sәbәb onların elm vә tәcrübә üzü ilә tәbi-sәlimdәn doğub vüqua gәlmәlәridir. Necә ki, şair özü deyir ki, şairliyim tәsdiq olub, avazeyi-nәzmim ilә alәmlәr dolub şöhrәt tapdımsa da, mәşşateyi-himmәtim rәva görmәdi ki, müxәddәreyi-hüsni-nәzmim pirayeyi-maarifdәn xali vә rişteyi-silki-şerim cәvahiri-elmdәn ari qalsın. Zira ki, elmsiz şer әsası yox divar kimi olur vә әsassız divar qayәtdә bietibar olur (Bu irada bizim şüәra diqqәt yetirmәlidir vә elm vә maariflә öz şerlәrinә möhkәm bina vә әsas saz etmәlidir). Pәs, Fuzulinin qәlәmi-gövhәrrizindәn vücuda gәlәn lölö vә cәvahir ilә tikilmiş imarәtin divarları elm vә maarifin möhkәm bünövrәsi üstündә qәrar tutmuşdur vә afәti-zәmanәdәn ona bir xövfü xәtәr yoxdur, zira bir xanәnin binası nә qәdәr möhkәm olsa, bir o qәdәr onun daimi vә әbәdi olması yәqindir. Bu cәhәtә, Füzulinin tәbi-gövhәrbarından zühur etmiş vә ülum vә maarifin әlәyindәn әlәnmiş vә әqli-sәlimin tәrәzisindә müvazinә olunmuş әşari-hәkimanә vә asari-fәlsәfanә onun ismi-şәriflәrini, necә ki, dünya vardır vә türk tayfaları sağdır, baqi saxlayacaqdır. Ol dürri-yeganәnin uşaqlar әlinә tәlim üçün verilәn "Leyli vә Mәcnun" dastanında o qәdәr hikmәtamiz sözlәr, dәrin fikirlәr, nazik imalar vә rәqiq işarәlәr, şairanә nәzmlәr vә fәlsәfanә şerlәr vardır ki, cümlәsini burada zikr etmәyә vә şәrh qılmağa nә xamәdә qüdrәt vә nә lisanda bir o qәdәr tәlaqәt vә fәsahәt vardır. Avropa hükәma vә fәlasifәsindәn mәşhur Şopenhauer "Mәhәbbәt nәdәn ibarәtdir" sәrlövhәsilә yazdığı bir әsәrindә bәst verdiyi şәrh vә bәyanatın çoxunu Füzulinin abdar şerlәrindә tapırıq. O fikirlәr ki, alman filosofu әlli sәnә bundan irәli bәyan etmişdir, onları Molla Mәhәmmәd Bağdadi üç-dörd yüz sәnә bundan müqәddәm xeyli әdibanә vә mәrğub surәtdә rişteyi-nәzmә çәkmişdir.

 

Fuzulinin hәkimanә kәlamlarından nümunә üçün ancaq "Leyli vә Mәcnun" hekayәsinin ibtidasında dәrc olunmuş münacatın bәzi yerlәrini burada yazmaqla iktifa edirik:

  

 

BU, MÜNACAT DӘRYASINDAN BİR CÖVHӘRDİR  VӘ TӘZӘRRÖ MӘDӘNİNDӘN BİR GÖVHӘRDIR.

 

Ya rәb, kәrәm et ki, xarü zarәm,

Dәrgahә bәsi ümidvarәm.

Topraqdan eylәdin bir insan,

Müstövcibi-әqlü qabili-can.

Gәr can isә xaki-dәrgәhindir,

Vәr әql isә saliki-rәhindir.

Mәn gülşәni-can içindә xarәm,

Ayineyi-әqli pürqubarәm.

Ol gün ki, yox idi mәndә qüdrәt,

Qıldın mәnә qeybәtimdә rәğbәt.

Can verdinü sahibi-dil etdin,

İdraki-ümurә qabil etdin.

Yüz şükr ki, yox sәnә xilafım,

İnsafım varü etirafım.

Öylә deyilәm ki, bu aradә

Sәdd ola sülukim etiqadә.

Rahi-tәlәbindә biqәrarәm,

Әmma tәlәbimdә şәrmsarәm.

Doğru yola getmәdim, nә hasil?

Bir mәnzilә yetmәdim, nә hasil?

Bir әrsәdә hәr әsәr ki, gördüm,

Sәnsәn dedim ol әsәr, yügürdüm;

Çün verdi xәyal ona xәmü piç,

Mәn münfәil oldum, ol әsәr hiç.

Mәn әqldәn istәrәm dәlalәt,

Әqlim mәnә göstәrәr zәlalәt.

Tәhqiq yolunda әql netsin,

Әmavü qәrib qanda getsin?

Tövfiq edәsәn mәgәr rәfiqim,

Ta sәhl ola şiddәti-tәriqim.

Dünya nәdirü tәәllüqatı,

Әndişeyi-mövtdür hәyatı.

Әmma demәzәm yalandır ol hәm,

Sәrmәnzili-imtәhandır ol hәm.

Billah ki, bu dilfәrib mәnzil

Öylә mәnә verdi rahәti-dil-- 

Kim, әski mәqamımı unutdum,

Sandım vәtәnim, mәqam tutdum.

Müşkül gәlir indi tәrkin etmәk,

Bir özgә mәqama dәxi getmәk.

Mәn böylә qılıram etibarı--  

Kim, bunda olur könül qәrarı.

Әmma çü sәnindürür bu göftar-- 

Kim, dünyadan özgә axirәt var.

Oldur ki, mәqami-cavidandır,

Kami-dilü rahәti-rәvandır.

Göftarına etiqad qıldım,

Ol dәxi yek olduğunu bildim.

Bildim bu imiş sәnin muradın-- 

Kim, әhli-kәmal ola ibadın,

Bunda yetә rütbeyi-kәmalә,

Onda yetә dövlәti-vüsalә.

Bu rahdәn etmәk olmaz ikrah,

Xoşrahdürür sәnә gedәn rah.

Ol lәhzә hәm etmә şәfqәtin kәm.

Tövfiqinә qıl rәfiq hәr dәm.

Çün әql ilә can әmanәtindir,

Mәndә әsәri-inayәtindir.

Bunları mәnimlә zar qılma,

Bir neçә әzizi xar qılma!

Ta kim, bu mәqamı tәrk edәndә,

Mәndәn sәnә әzm edib gedәndә,

Mәndәn cәzә ilә getmәsinlәr,

Dәrgahә şikayәt etmәsinlәr.

Şum olmasın onlara vüsalım,

Olmasın olardan infialım.

Etmәk gәrәk әhli-feyzi-biniş,

Tәhqiqi-vücudi-afәriniş.

Bilmәk gәrәk onu kim, cәvahir

Nә gәnci-nihandan oldu zahir?

Nә dairәdir bu dövri-әflak,

Nә zabitәdir bu mәrkәzi-xak?

Cismә әrәzi kim etdi qaim.

Narә nәdәn oldu nur lazim?

Hәr xilqәtә gәrçi bir sәbәb var,

Aya, sәbәbi kim etdi izhar?

Gәr kaf ilә nundan oldu alәm.

Aya nәdәn oldu kafü nun hәm?

Bihudә deyil bu karxanә,

Bifaidә gәrdişi-zәmanә.

Haşa ki, bu türfә nәqşi-qәrra

Nәqqaşından ola mübәrra.

Haşa ki, bu bargahi-ali,

Bir dәm әyasından ola xali,

Fikr eylә vә gör, nәdir bu üslub,

Nә saniәdir bu süni-mәnsub?

Hәr zәrreyi-zahirin zühuri

Bir özgәyә bağlıdır zәruri.

Gәr ğayәtә eylәsәn tәәmmül,

Zahir olur onda mәzhәri-küll.

Versәn özünә fәnayi-mütlәq,

İsbat olur ol fәna ilә hәqq.

Gәr var isә mәrifәt mәzaqi,

Fani sәnә bәs dәlili-baqi.

Hәqqa ki, hәmin vücud birdir,

Bir zatә vücud münhәsirdir.

Әksidir onun vücudi-әğyar,

Mәnidә yox etibar ilә var.

Var olanı xәlq yox sanırlar,

Yox varlığına aldanırlar.

Yoxdur bu vücudun etibarı,

Hәq ayinәdir, cahan qübarı.

Ey әql, әdәbә riayәt eylә,

Bu bilmәk ilә kifayәt eylә!

Tәhqiqi-sifatә qane olgil,

Әndişeyi-zatә mane olgil!

Ol pәrdәyә kimsә rah bulmaz,

Tәhqiq bil, onu bilmәk olmaz.

Gәr yetsә idi bu sirrә idrak,

Demәzdi rәsul "maәrәfnak".

Xәlq oldu bu bәhri-heyrәtә qәrq,

Ta xәlqdәn ola xaliqә fәrq.

Hәr riştә ki, hәqq әyan edibdir,

Sәrriştәsini nihan edibdir.

Faş oldu ki, sirri-hәq nihandır,

Alәmdә nişanı binişandır.

 

 

BU, İZHARİ-ETİRAFİ-CӘHALӘTDİR VӘ İQRARİ-İSRAFİ-MӘSİYYӘTDİR.

 

Ey hikmәtә baxmayan nәzәrsiz,

Әhvali-zәmanәdәn xәbәrsiz!

Tәn etmә ki, çәrx bivәfadır,

Daim işi cövr ilә cәfadır.

Şәrh eylә mәnә ki, çәrx netdi?

Ondan nә cәfa zühura yetdi?

Nәn var idi kim, әlindәn aldı,

Nә mәrtәbәdәn aşağı saldı?

Dövranә gәtirdi mehrü mahi,

İçindә sәpidiyü siyahi.

Gәh atәşә zәcri-ab verdi,

Gәh badә qәmi-türab verdi.

Şәmi-әmәlin münәvvәr etdi,

Hәr nә dilәdin müyәssәr etdi;

Qıldı sәni hiçdәn bir adәm,

Әsbabi-tәnәümün fәrahәm.

Çәrxin xud işi sәninlә böylә,

Sәn neylәdin onun ilә, söylә!

Hәr dәm onu bivәfa oxursan,

Dönsün--deyü bәddua oxursan.

Çün ol sәnә qıldı mehribanlıq,

Yaxşılığa eylәmә yamanlıq!

 

 

RUHA XİTAB

 

Ey ruh ki, cami-cәhl edib nuş,

Hübbi-vәtәn eylәdin fәramuş.

Kim saldı sәni bu tәng rahә,

Qandan düşdün bu damgahә?

Sәn tәrk qılıb әdәm diyarın,

Bulduqda vücud etibarın,

Qılmışdı sәninlә hikmәtüllah,

Әcnasi-hәvasü әqli hәmrah.

Ta alәmә qәldiyin zamanda,

Bazari-tәrәddüdi-cahanda

Sәrmayәlәrindәn edәsәn sud,

Ol sud nәdir?--Rizayi-mәbud.

Hala ki, xәsarәt oldu vaqe,

Sәrmayәlәrin tәmam zaye.

Heyranü mükәddәrü tәhidәst,

Әhvali xәrabü rütbәsi pәst.

Dönsәn yenә gәldiyin mәqamә,

Qabilmi düşәsәn ehtirama?

Әlbәttә, zәlilü xar olursan,

Bu fel ilә şәrmsar olursan.

 

 

NӘFSPӘRӘST QAFİLӘ XİTAB

 

Ey nәfspәrәstü cismpәrvәr,

Olma qәmi-hirs ilә mükәddәr!

Sәy eylә mәtai-mur yığma,

Cәhd eylә әzabi-gur yığma!

Alma әlә sәğari-meyi-nab-- 

Kim, qәrqә edәr sәni bu girdab!

Olma nigәrani-sәbzeyi-bәng-- 

Kayineyi-dininә salır jәng!

Dәf kimi köksdә lәhv qoyma!

Ney kimi hәvayi-nәfsә uyma!

Damani-tәriqi-şәri tutgil,

Hәr nә ki, xilafi-şәrdir, unutgil!

Tәhqiqi-vәsileyi-vüsul et!

Tәqlidi-şәriәti-rәsul et.

 

Qәdim Yunanıstanda şüәra sinfi bir qissә vә hekayәt yazmaq istәdiklәri әsnada Muza adlı şer ilahәsinә rücu edib, ondan kömәk vә mәdәd dilәrdilәr. Bu adәtә oxşar әski әcәm vә әrәb vә türk şairlәri dәxi saqiyi-safzәmirә vә sadәruya üz çöndәrib, ondan kәrәm vә himmәt dilәrdilәr. Füzulinin "Leyli vә Mәcnun" qisseyi-pürqüssәvü mәlalının ibtida vә intihasında vә hekayәnin bәzi mәqamlarında yazdığı saqinamәlәr onun әn xoşmәzmun vә dilpәzir kәlamlarından әdd olunsa gәrәkdir. Bu saqinamәlәrdә o qәdәr mühәssәnat, lәtafәt vә mövzuniyyәt vardır ki, onları yazmaqla başa gәlәsi deyil. Onları diqqәtlә oxuyanlar bir tәrәfdәn dünyayi-dunun qeydindәn vә nәfsi-şumun hirs vә tәmәindәn, alçaq vә rәzil әmәllәrdәn, pis işlәrdәn, fasid vә batil fikirlәrdәn xilas olub, nuraniyyәt kәsb edirlәrsә dә, digәr tәrәfdәn onların qәlbi bir növ mәhzun vә könlü tutqun olur. Bu hala sәbәb oldur ki, Füzuliyi-şikәstә-halın qәlәmi-gövhәrsәnci tökdüyü dürri-safın әksәri gözdәn tökülәn әşki-müsәffaya bәnzәyir, nәinki şadlıq çәmәnindә yağan barana. Füzuli, demәk olur ki, möhnәt yükünün barkeşi olub, alәmi-insaiyyәtdә tamami qәmzәdәlәrin vә möhnәtkeşlәrin yüklәrini götürmәk vә mәzlumların halına yanmaq üçün xәlq olunmuşdur. Füzulinin ahü nalәlәri qarelәrә dәxi sirayәt edib, onları da özü ilә atәşi-hüzn vә әlәmә yandırır. Amma bu yanmaqda bir feyz vә sәadәt vә ülviyyәt vardır ki, o atәşә yanan istәr ki, bir dә yansın. Bu cansuzluq pәrvanәnin şam başına dolanıb yanmağına bәnzәyir.

 

Füzuli tamam alәmin dәrd vә qәmin çәkdiyini "Hәdiqәtüs-süәda"nın axırında bәyan edir. Bu qәm vә әlәm nüsxәsini tamam etdikdәn sonra şair füzәlayi-bәlağәtpişә vә füsәhayi-diqqәtәndişәdәn tәvәqqe vә rica edir ki, binayi-tәlifinә vә tәrhi-tәsnifinә diqqәt yetirdikdә, islahi-xәtasına iqdam vә ehtimam edәlәr vә mühәrririn duayi-xeyir ilә yad edib, qәbuli-üzr ilә hәr nöqsanın tamam qılalar. Vә sonra bu şeri gәtirir:

 

Hücumi-möhnәti-dövran mәluli,

Giriftari-qәmi-alәm Füzuli.

Deyil ol lәhceyi-göftarә qabil--  

Kim, ola qabili-sәmi-әkabir.

Qılır cәmiyyәti-dil lәfzi dilkәş,

Müşәvvәş söylәmәz, illa müşәvvәş.

Gәl, ey hali-tәkәllümdәn xәbәrdar,

Tәrәhhüm qıl, tәәrrüz qılma zinhar!

 

"Leyli vә Mәcnun" hekayәsinin sәbәbi-nәzmini bәyan qıldığı saqinamәdә Füzuli deyir: Bu, bir bәzmi-müsibәti-bәladır ki, onun әvvәli qәm, sonu bәladır. Bu hekayәnin nә badәsinә nişatdan rәng, nә nәğmәsinә fәrәhdәn ahәng var. İdrakı verir xәyala azar, әfkarı edәr mәlali әfkar.

 

Hәrkah bu, bir bәhcәt gәtirәn vә fәrәh yetirәn hekayә olsaydı, bunun tövcihinә rağib olanlar çox olardı. Bu, pürmәlal bir dastandır ki, hәr bir fәsihin halını pәrişan edib nitqini bağlar vә sözlәrini kutah elәr. Necә ki, bu babda Nizamiyi-şirinkәlam deyibdir:

 

Әsbabe-soxәn neşato nazәst,

Zin hәr do soxәn bәhane sazәst.

Meydane-soxәn fәrax bayәd,

Ta tәb dәr u honәr nәmayәd.

Dor gәrmiye-riko sәxtiye-kuh,

Ta çәnd soxәn rәvәd beәnbuh. [1]

 

[1] Tərcüməsi:

Sözün lәvazimatı şadlıq vә nazdır,

Söz özünü bu iki vasitә ilә göstәrir.

Sözün meydanı gәrәk geniş olsun--

Ki, tәb onda hünәr göstәrә bilsin.

İsti qumda vә bәrk dağda

Heç qiymәtli söz demәk olarmı?!

 

Füzuli Şeyx Nizaminin bu sözlәrini saqinamәsindә zikr edib deyir:

 

Bir iş ki, qılır şikayәt ustad

Şagirdә olur rücui bidad.

 

Amma bu әmr nә qәdәr düşvar isә dә, Füzuli onu әncama gәtirmәyә şüru edib, öz tәbi-lәtifindәn vә qәlәmi-gövhәrrizindәn himmәt tәlәb edir;

 

Ey tәbi-lәtifü әqli-vala,

İdraki-bülәndü nitqi-guya!

Düşdü sәfәrim diyari-dәrdә,

Kimdir mәnә yar bu sәfәrdә?

Hәr kimdә ki, vardır istitaәt,

Dәrdü qәmü möhnәtü qәnaәt,

Oldur bu müsafirәtdә yarım,

Zövq әhlinә yoxdur etibarım....

 

 

QӘLӘMӘ  XİTAB

 

Ey xameyi-sәrkәşi-sәbükxiz,

Vәqt oldu ki, olasan göhәrriz!

Mәn acizәmü bu әmr müşkil.

İmdad dәmidir, olma qafil!

Asari-mürüvvәt eylә izhar,

Bir tәprәn, әgәr mürüvvәtin var!

Sәn qıl hünәri, mәn alayım ad,

Sәn çәk әlәmi, mәn olayım şad.

Çün nәxli-hәdiqeyi-hünәrsәn,

Müftahi-xәzineyi-göhәrsәn,

Cәhd eylә, çıxar cәvahiri-pak,

Fikr etmә ki, yoxdur әhli-idrak!

Demә ki, bulub kәsad bazar,

Bulmaz bu mәtaimiz xәridar....

 

       *       *       *       *       *

 

Ey bәxt, vәfasız olma sәn hәm,

Hәmrahlıq et bizimlә bir dәm.

 

Әlhәqq, demәk olur, bu әmri-müşkili, yәni "Leyli vә Mәcnun" hekayәsini ustadi-şüәra vә әfsәhi-füsәha Molla Mәhәmmәd Bağdadi Füzuli kәmali-fәsahәt vә bәlağәt ilә әncama yetiribdir ki, onda zәrrәcә bir qüsur yoxdur vә ümumi-şüәra vә üdәba bu qövlә şәrik vә müqirrdir.