HACI MOLLA ABBAS "ŞÖLӘ"
Mәrhum Hacı Molla Abbas Hacı Abdulla
oğlu әslәn isfahanlı imişsә dә,
yenә Gәncә şüәrasının
zümrәsindәn hesab olunur.
Hacı Molla Abbas "Şölә"
tәxәllüs tәxminәn qırx beş
sәnә bundan müqәddәm Gәncәyә
gәlib, orada evlәnibdir vә lakin övladı
olmayıbdır. Şölә Hindistanı, İranın
çox yerlәrini, Әrәbistanı vә Misiri
seyrü sәyahәt edib xeyli bilik vә
tәcrübә kәsb etmiş bir vücud idi.
Qafqaziyanın dәxi çox yerlәrini gәzib, onda olan
müxtәlif әqvamü milәlin adabü ayini ilә
bәlәd olmuşdu.
Mәrhum Şölә
tәvәllüdü zamanından ömrünün
müsinn çağına qәdәr xәstә
olmadığını vә hәtta baş vә diş
ağrısı nә olduğunu bilmәdiyini öz dost
vә tanışları yanında iddia edәrmiş.
Şölә fars vә türk dillәrini kamil
vәchdә bilirmiş. Amma әşarü
kәlamının çoxusu türk dilindәdir.
Yazdığı әşarın әksәri, demәk
olur ki, Gәncә şәhәrinin xüsusi
vüquatına vә onda vaxtbәvaxt zühur edәn
әlamata, vüqua gәlәn tәğyirata vә
Gәncә әhlinin әxlaqü adatına dairdir.
Şölәnin dili açıq vә sadә olduğuna
binaәn, onun kәlamları hәr kәsә, hәtta
kәmsavad adamlara da xoş gәlir.
Mәcmuәsi var, amma çap
olunmayıbdır. Şölә vәfat edibdir
Gәncәdә 1899-cu ildә, tәxminәn yetmiş
yaşında.
Әsәrlәrindәn nümunә
üçün Gәncәnin vәsfindә
yazdığı şerlәri burada gәtiririk:
Gәl, ey alәm ara qәmxanә
Gәncә,
Dönübsәn mәhbәsü
zindanә, Gәncә!
Әgәrçi zahirәn abad olubsan,
Olubsan batinәn viranә Gәncә!
Sәnin üstündә çox qanlar
tökülmüş,
Binayi-dәhrdәn piranә Gәncә!
Gәhi Osmanlının, gәh Rusun oldun,
Nәsib oldun gәhi İranә,
Gәncә!
Bu çәrxin qafil olma
gәrdişindәn,
Olur
dövran yenә
dolanә, Gәncә!
Yәqin et, sәndә heç bir qәlb açılmaz,
Gedә gәr bağ ilә bostanә, Gәncә!
Olur şad ol zamanda kim, ayağın
Qoyar bir mәscidә, meydanә,
Gәncә!
Bina tutmaz birisi sәndә yayda,
Atarsan hәr birin bir yanә, Gәncә!
Әdәb, hörmәt aradan oldu nabud,
Çü fayton gәldi bu meydanә,
Gәncә!
Keçәnlәr öldü qurtardı,
yerindәn--
Ki, biz gәldik yaman dövranә,
Gәncә!
Hәqiqәt Qafqazdә şәm idin
sәn,
Cәmii-şәhrlәr pәrvanә,
Gәncә!
Sәdaqәtlә rәfaqәt itdi, getdi,
Dönüb işlәr hamı yalanә,
Gәncә!
Lisanlar cümlәsi tәğyir olundu:
"Pajalusta" olub qurbanә, Gәncә!
Mәqamı kәfşkәn
kәslәr keçәrlәr
Necә gör sәdrә bir şahanә,
Gәncә!
Olar kim, beş qruşa yalvarırdı
Demәzlәr indi pul milyonә,
Gәncә!
Nә günlәr sәndә
gördüm bundan әqdәm,
Hәzaran heyf ol dövranә, Gәncә!
Ağardı baş, dişim sәndә
töküldü,
Mәni hәsrәt qoyubsan nanә,
Gәncә!
Olar kim, tülküdәn eylәrdilәr
xövf,
Dönüblәr şir ilә aslanә,
Gәncә!
Tamam iftardә paprus
çәkәrlәr,
Olubdur çün әvәz
qәlyanә, Gәncә!
Әcәb iftar, әcәb ruzә,
әcәb rәsm,
Şәriәt düşdü çox
nöqsanә, Gәncә!
Gözüm yaşı bu ruxsarә
rәvandır
Gedәndә sәmti-qәbristanә,
Gәncә!
Çәkәr meydanü mәscid
iştiyaqi,
Gedәndә Şölә Hayestanә,
Gәncә!
Şölә bu şerlәrindә
Gәncәnin özünü vә hәm dә
әhalisini tәzmimü tәyib edib, onu bir
mәhbәsü zindanә oxşadır ki, ol qәmxana
zahirdә abad görünürsә dә, batindә
viranәdir. Onun üstündә çox qanlar tökülüb,
canlar fövt olubdur; gah Osmanlıya tabe olubdur, gah Rusa vә
gah da İran qoşunu onu tәsxir edibdir.
Gәncәdә yüz bağ vә bostana
seyr üçün gedilsә dә, bir kәsin
könlü açılıb, ürәyi şad olmaz.
Burada ancaq qәlbi şad edәn bir mәsciddir, bir dә
Gәncәnin gen vә vәsi meydanı.
Keçmişdә sair şәhәrlәrә
nisbәt Gәncә şәhәri şam
imişsә dә vә sair şәhәrlәr pәrvanә
misal onun başına dolanarmışsa da, indi onun
rövnәqi dönüb vә övraqı pozulubdur.
Әhali arasında adabü әrkan
götürülübdür. Xüsusәn fayton
çıxandan bәri xalqın әxlaqı xarab olub,
dillәrini dә dәyişiriblәr. İndi hәr bir
şey bir "pajalustaya" münhәsrdir. Әdna
şәxslәr vә kәfşkәndә
mәqamı olanlar sәdri-mәclisә keçiblәr
vә beş qruşa möhtac olan adamlar indi milyona da pul
demirlәr vә bu pulun vә dövlәtin
sәbәbinә tülkümәzac vә qorxaq
vücudlar indi aslanә dönüblәr. İftarda
qәlyan әvәzinә papiros çәkirlәr.
Xülasә, sabiqdәki rәsmü qayda
götürülüb, dinә rәxnә vә
şәriәtә nöqsan yetişibdir. Bu
şerlәrdәn görünür ki, mәrhum
Şölә köhnәmәslәk vә bir növ
fanatik adamlardan birisi imiş ki, şәriәtin nöqsana
düşmәyini ramazan ayında qәlyan
әvәzinә papiros çәkilmәkdә vә
camış arabasının әvәzindә fayton
minmәkdә görür. Bu mәslәkdә davam
edәn köhnәpәrәstlәr indi dә
içimizdә az deyil. Şair keçmiş vaxtları ki,
onda Avropa rәsmü adәtindәn bir әsәr yox
idi, hәsrәtlә yad edib deyir:
Nә günlәr sәndә
gördüm bundan әqdәm,
Hәzaran heyf ol dövranә, Gәncә!
Ağardı baş, dişim sәndә
töküldü,
Mәni hәsrәt qoyubsan nanә,
Gәncә!
Yuxarıda zikr olunan mәnzumata bәrәks
olaraq mәrhum Şölә özgә bir
kәlamında Gәncәni bu sayaq tәrif qılır:
Gәldi bahar, oldu әcәb
çağı Gәncәnin,
Bazarә gәldi süd ilә qaymaği
Gәncәnin.
Bir vaxt var o şәhrdә çox-çox
fәsadlәr
Yapraq açanda çubi-çinaranı
Gәncәnin.
Qış fәsli sәbzәcat,
әlәf, sairә nәbat,
Әltafi-hәqqdir Әrәbistanı
Gәncәnin.
Artmazla xәlqi, bilmirәm aya sәbәb
nәdir,
Ya rәb, mәgәr ki, vәqfdi
torpağı Gәncәnin.
Hәr kim ki, getmәyibdi, yәqiqәn
gedәn bilәr,
Guya ki, bir behiştdi yaylaği
Gәncәnin.
Çox yerdә vardı mәscidi-came
zәmanәdә,
Heç yerdә yoxdu mәscidinin tayı
Gәncәnin.
Çöl әhlinin müәzzini
çaqqallar olur,
Qiblә olubdu Haçaqaya dağı[1]
Gәncәnin.
[1] Haçaqaya adlanan dağ Kәpәz
dağıdır ki, Gәncәnin cәnub
sәmtindә vaqe olduğu üçün avam xalq
qiblәsini onunla tәyin edir.
Etmә güman ki, xәlq qoyub
ehtiyatını,
Pünhan olub yapıncı da,
çomağı Gәncәnin.
Şölә bu qәdri vәsf
elәmә, әlqәrәz budur,
Yoxdur cahanda tay ilә ortağı
Gәncәnin.
Şölәnin hәr iki şerlәri ki,
burada tәhrir olundu, Gәncәnin keçmişdәki
övzavü әhvalına dair mәlumat vermәyi ilә
layiqi-diqqәtdir vә şerlәrdәn onun
sahibi-tәb olması anlaşır. Vә lakin ikinci vә
üçüncü beytlәrdә
"çinaranı" vә "Әrәbistanı"
sözlәri rәdif olaraq qeyrilәrlә mütabiq
gәlmir. Bu isә tamami kәlama bir növ nöqsan
gәtirir.
Aşağıda yazılan beytlәr dәxi
Şölәnin kәlamlarındandır. Bunlardan
başqası әlә düşmәdi:
Әcәb divanәdir, yaran, görün bu
mәrdümi-alәm,
Bәla zәncirinin adın qoyublar
türreyi-pürxәm.
* *
* * *
Mәnә bir navәki-peykan vurubdur ol
kәmanәbru--
Ki, hәrgiz Әşkbusi vurmayıb bu
şәstlә Rüstәm.
* *
* * *
Gәrçi çox müşkül olur
darü diyar ayrılığı,
Hamıdan müşkül olur sevgili yar ayrılığı.