İRӘVAN ŞAİRLӘRİ

 

 

 

 

İrәvan qәdim şәhәr[lәr]dәn birisi hesab olunur. Bu şәhәrin binası vә tәmiratı Zәngi adlanan çayın sol kәnarında vaqe olubdur. Şәhәrin bir hissәsi Zәngi çayının kәnarında ucalmış tәpә üstündә, digәr bir hissәsi çuxurda düşübdür. Şimali-qәrbi vә şimali-şәrqi tәrәflәrdәn şәhәr әhatә olunubdur uca tәpәlәr ilә, amma cәnub vә qәrbi-cәnub tәrәflәri açıq vә düz yerlәrdir ki, onda gözәl bağ, bağça vә mәzrәәlәr vardır. Zәngibasarda xeyli böyük vә abad dehat vә şenliklәr vardır. Bu yerlәrin әhalisi öz torpaqlarından pambıq, çәltik, buğda әkmәklә vә bağ becәrmәklә yaxşı mәhsulat götürürlәr. Vә lakin müsәlman tayfası elmü mәrifәtdәn bibәhrә olmağına görә, nә qәdәr artıcıq kәsbü qazanc edirlәrsә dә, yenә fәqirdirlәr ki, fәqirdirlәr. Qazandıqları mәdaxilin әksәri özgәlәrin cibinә girib, yerdә qalanı öz mәaşlarına kifayәt elәmir vә borca düşüb, zillәt vә üsrәtdә güzәran etmәkdәdirlәr. İrәvan şәhәrindәn cәnub vә qәrbi-şimal tәrәfә baxdıqda göz önündә qәribә bir mәnzәrә açılır, cәnub sәmtindә bir cüt piramid şәklindә gözәl, başı qarlı dağlar--Ağrı dağları göy sәmtinә tәrәf gәrdәnkeş olub, buluddan başlarına әmmamә sarıyıblar vә guya zәbani-hal ilә xәlayiqi asiman tәrәfә--ülviyyәt alәminә dәvәt edirlәr. Böyük Ağrının tәpәsi hәmişә qar ilә örtülü olur, amma Balaca Ağrının başı yay fәslindә qardan xilas olub, onun üstündә ağaclar vә hәr qisim çiçәklәr vә әlәfiyyat bitib göyәrir. Bәzi rәvayәtә görә, Nuh nәbinin gәmisi tufandan sonra Ağrı dağının qüllәsindә dayanıbdır vә "ya әrz üblәi maәki"[1] hökmü sadir olduqdan sonra yer üzündәn tezlikdә sular çәkilib, әtrafü әknaf sәbzәzar olubdur vә Nuh peyğәmbәr gәmidәn çıxıb, qadiri-zülcәlala sәcdә edib, şükrü sәnaları yerinә yetirdikdәn sonra haman yeri xoşlayıb, orada mәskәn salıbdır.

 

[1] [Vә qiylә] ya әrz, üblәi maәki--[deyildi ki,] ay yer, öz sularını ud.... Quranda "Hud" surәsinin 46-cı ayәsindәndir. Dini rәvayәtә görә Nuhun tufanı qurtaranda allah әmr edir ki, ay yer, öz sularını yenidәn ud, ay göylәr, siz dә öz sularınızı geri çәkin. Guya bu zaman, әmr icra olunur; sular çәkilir vә Nuhun gәmisi yerә oturur.

 

Ermәni müvәrrixlәri dәxi bu rәyә--yәni Nuh gәmisinin Ağrı dağı üzәrindә dayanmasına müvafiqәt edib deyirlәr ki, Nuh gәmidәn çıxanda әvvәlcә İrәvan şәhәrinin yeri onun gözünә sataşdı vә o öz dilindә kәsrәti-fәrәhdәn sәda etdi:--Vidi, yәni görünür (ermәnicәdә "görsәnmәy"ә "vidi" deyilir). Buna binaәn ermәnilәr öz millәtini Nuha mәnsub qılıb, onu uluğ babaları hesab edirlәr. Hәr halda bu rәvayәtlәr hәr şeydәn әvvәl İrәvan şәhәrinin çox qәdim olmağına dәlalәt edirlәr.

 

Tarixdәn anlaşılana görә, miladın 1441-ci sәnәsinә kimi İrәvan şәhәri ermәnilәrin tәhti-hökumәtindә olubdur. Ondan sonra İrәvan dörd әsrin müddәtindә İran hökumәti ilә Osmanlı dövlәtinin mabeynindә illәti-nizavü dava olub, gah İrana vә gah Osmanlıya tabe olubdur. Tarixi-miladın 1582-ci ilindә Osmanlı dövlәti İrәvan mahalına malik olub, şәhәrin cәnub sәmtindә Zәngi çayının üstündә bürc vә hasar tәmir etdilәr. Bu qalanın asarı indi dә baqidir. Sonradan sәfәvilәr әyyamında İrәvan yenә İran dövlәtinin ixtiyarına keçib. Şah Abbas 1604-cü sәneyi-miladidә şәhәrin әtrafına yenә tәzәdәn uca vә möhkәm bir sәdd çәkdirdi. 1804-cü ildә knyaz Sisianov ki, "Şpextor"[2] lәqәbi ilә Zaqafqaz türklәri arasında mәşhurdur vә 1808-ci sәnәdә qraf Qudoviç İrәvanın üstünә rus qoşunu ilә gәlib kәrrat ilә hücum etdilәrsә dә, onu tәsxir etmәkdә aciz qalıb geri qayıtdılar.

 

[2] İnspektor demәkdir.

 

Ancaq keçәn әsrin 1827-ci ilindә Paskeviç İrәvanı mühasirә edib az müddәtin içindә (sentyabrın 25-dәn oktyabrın әvvәlinә kimi) şәhәrin Rus dövlәtinә tabe olmasına xalqı mәcbur qıldı (şәhәri fәth etdikdә 49 top, 4 beydәq vә 4 minә kimi әsir sәrbaz alınmışdır). Paskeviç İrәvanı fәth etmәyә görә, ona "Paskeviç-İrәvanski" deyilir.

 

Şәhri-İrәvan keçmişdә mәrkәzi-ülәma, füzәla vә şüәra olub, Axund Molla Mәhәmmәd İrәvani kimi böyük alim vә müctәhidlәr yetiribsә dә, axır vaxtlarda belә fazil vә alim şәxslәrdәn vә dәqiq әdiblәrdәn vә xoştәb şairlәrdәn mәhrum qalıbdır. Elm vә mәrifәt әshabı varsa da, onların әdәdi avama nisbәt çox azdır, yoxluq mәnzәlәsindәdir. İrәvan şairlәrindәn mәşhuru Mәşhәdi İsmayıl Hacı Kazımzadә "Bәzmi" tәxәllüsdür.