MӘHӘMMӘD ӘMİN "DİLSUZ"

  

 

 

 

Dilsuzun әsli tәbrizlidir. Әşarü kәlamından belә mәlum olur ki, Dilsuz bir fәqirü xoşxülqü [xoş]xasiyyәt vә haqsevәn bir şәxs imiş:

 

Haqqı gör, haqqı danma, haq söz eşit,

Bәsdir, ey tirәqәlbi-kәcbünyad!

  

Şeyxülislamın mәdhindә yazdığı kәlamında Dilsuz öz bәxtindәn vә fәqirliyindәn şikayәt edib deyir ki:

 

Qiblәgaha, fәlәyin qәsdi dili-zardәdir,

Alәmin qüssәsi bu xatiri-әfkardәdir.

 

Günü gündәn, bәli, әnduhü qәmim artıq olur,

Bilmirәm bәxtdә, ya çәrxi-cәfakardәdir.

 

Alәmin dadrәsi sәnsәn, әya dadrәsim,

Bunu iqrar elәyir hamı kim inkardәdir.

 

Mәn fәqirin dә yetiş dadına, ey dadә yetәn,

Dәrdimin çarәsi budur ki, sәrkardәdir.

 

Mәn ilә buğdanın alәmdә sәn et divanın,

Görgilә mәndәdi tәqsir, o xunxardәdir.

  

Buğdanın kәmyablığından şikayәt edib, Dilsuz öz yoxsulluğuna vә ehtiyacda olmağına işarә edir. Buğdanın sorağınca kәndә gedir, buğda qaçıb kәndilәrdә (buğda anbarlarında) gizlәnir, şәhәrә gәlir, tikili yüklәrdә--çuvallarda әllafların anbarında ağzı bağlı görür vә onu әlә gәtirmәk bağlıdır dirhәmü dinara, o da şairdә yoxdur. İndi Dilsuz şeyxülislama xitabәn deyir:

 

Neçә müddәtdi әlimdәn qaçıb ol zalimi-dun,

Tutmuşam indi sorağın, sizin anbardәdir.

 

İltimasım budu sәndәn tutub ol sәngdili,

Verәsәn bәndәyә, çün qәsdi-dili-zardәdir.

 

Aparım mәn dә dәyirmanә onun başın әzim,

Dönmәyib ta ki, dәyirman, nә qәdәr kardәdir.

 

Mәnә hәr neylәsә sәhlidi, vәli cәnnәtdәn

Cәddimin çıxmağının cürmü bu bәdkardәdir--

 

Ki, gәrәk tәndir içindә bişirim, ta cәddim

Razı olsun ki, qisas oldu bu aşkardәdir.

  

Qeybdәn Dilsuzun qulağına nida gәlir ki, gecә vә gündüz fikirdә mәhzun olma:

 

Şeyxülislamә bu әsrarı әyan eylәgilәn,

O verәr gәr güzәranın neçә xәrvardәdir.

 

Mәlum olur ki, indiki ülәmavü müctәhidlәrin anbarları buğda vә sair qәllә ilә dolu olan kimi, ol vaxtın şeyxülislamının dәxi anbarı dolu olarmış.

  

Yenә özgә bir әsәrindә şeyxülislama öz fәqirliyini vә hali-dilini şәrhü bәyan edib, ondan müavinәt istәyir vә onun başına fәqirlikdәn nә bәlalar gәldiyini bildirir:

 

Bir soruş, ey dadrәs, çәrxi-cәfakardәn,

Bunca nә istәr görüm ta mәni-naçardәn?

Mәn füqәra dadına kim yetişir qeyri-sәn,

Nayibi-xeyrül-bәşәr Әhmәdi-Muxtardәn.

Xitteyi-Tәbrizdә bizlәrә sәndәn sәva

Kimsәnә yoxdur bu gün yarü mәdәdkardәn.

Tulini ömrün sәnin istәmişәm daima,

Xaliqi-fәrdü әhәd, qadirü qәffardәn.

Canә yetişdim dәxi, dәrdimә bir çarә qıl,

Tarı bilir gәlmişәm tәngә bu mәkkardәn.

Gah aparıb bәndәni şövq ilә baqqal edәr,

Gündә gәrәk dad edim bir para hәmkardәn.

Gah tütünçülüyә göndәri min şövq ilә,

Gah qaçırdır mәni mәhsilü pakardәn.

Gah dükandar edәr, sәn bilisәn bu sözü,

Hәqq özü bizardır cümlә dükandardәn.

Gәh salı zindana bir әrmәni üstә mәni

Gәh sizә növkәr verib xövfi-tәlәbkardәn.

Söz demәrәm ustama, çox yemişәm çörәyin,

Dadımı alsın tarı şatirü pişkardәn.

  

Bu şerlәrdәn mәlum olur ki, biçarә Dilsuz fәqirliyin ucundan cürbәcür bәlalara giriftar olubdur: gah dükançılıq edib, gah tütün satmağa mәşğul olubdur, gah baqqallıq edibdir. Hәtta bir ermәni üstә müttәhim olub, zindana dәxi düşübdür vә tәlәbkarın xövfündәn nökәrçilik dәxi edibdir:

 

Mirzә Әbülqasimi[1] xaliqi-alәm görüm

Hifz elәsin cümleyi-afәtü azardәn.

Verdi qәbz kәndinin kәdxudasından alam

Adı Mәhәmmәdәli Şimri-sitәmkardәn[2].

Mәn belә gördüm onu dinü imandan keçәr,

Keçmәyәcәkdir yәqin bircә çürük daridәn.

Әcz edәrәm hәr nә mәn, faidә vermәz ona,

Yox xәbәri qeyrәtü namusü hәm ardәn.

Onda bir üz görmüşәm, görmәsin heç әrmәni,

Lütf ilә imdad әgәr olmaya sәrkardәn.

Çörәyin çörәkçilәr satar üç abbasiyә,

Evdә çörәk yox, cibim pakdı dinardәn.

Qarı da evdә girib kürsüyә hökm eylәri:

Yoxdu pulun nisiyә alma bu bazardәn.

Bildir ağa lütf edәn buğdanı get, al, gәtir,

Bişirim evdә, olum eymәn uşaqlardәn.

Bu iki söz eylәyib dәhrdә aciz mәni,

Sәndәn utanır üzüm, şәrm edirәm qaridәn.

Zadeyi-xeyrül-bәşәr, müstәcibüd-dәvәsәn,

Münkir olanmaz bu gün kimsә bu göftardәn.

Ya sәnә әrzim budur, ey xәlәfi-Mustafa,

İstәgilәn sәn bunu qadirü qәhhardәn.

Ya ki, bizim qarını alsın әlimdәn mәnim,

Ya mәni etsin xilas әf-әfi-kaftardәn.

Varü yoxum anlamır, neylәsin ol binәva,

Acda olmaz iman, hәr şey olur vardәn.

Gәrçi bu Dilsuzda bir quru candır, vәli

Versәn alırsan әvәz Heydәri-Kәrrardәn.

 

[1] Mәlum deyil ki, Mirzә Әbülqasım şeyxülislamın öz pәdәrimi, yoxsa özgә ali cәnabdır.

[2] Ağanın malı gedәr, muzdurun canı.

 

Mәrhum Hacı Seyid Әzim Şirvani dәxi Dilsuz kimi fәqir olduğundan buğdadan zәrifanә şikayәt edib, onun sorağına düşür vә Mahmud ağanın anbarında onu tapır vә ol cәnabdan ilhah edib deyir:

 

Sahiba, Mahmud ağa, lütfü mürüvvәt dәmidir,

Eylәyib Seyyidi-miskinә xәyanәt buğda.

İndi beş aydı ki, mәndәn qaçıb ol ruysiyah,

Qoyub avarә mәni-zari bu nikbәt buğda.

Tutmuşam indi sorağın, sizin anbardadır,

Qorxuram ki, qaça ordan dәxi xәlvәt buğda.

Babamız Adәmin ol qәlbiqara düşmәnidir,

Eylәyib hәzrәti-Hәvvayә әdavәt buğda.

Qoyma anbardә qalsın, onu ixrac eylә,

Nә bilir nanü nәmәk, rәsmi-mәhәbbәt burda.

Ver mәnә, un tәk onu ta ki, dәyirmanda әzim,

Çox veribdi mәni-biçarәyә xiffәt buğda.

Sahiba, buğdanın әhvalın әgәr şәrh elәsәm,

Olar afaqdә bir tul hekayәt buğda.

Qәrәz oldur ki, bu il hәm dәxi bildirki kimi

Edәsәn Seyyidi-biyarә inayәt buğda.

Bir tağarın әdәdi qәdri hәq etsin ömrün,

O qәdәr Seyyidә olsun dәxi qismәt buğda.

 

Mәlum olur ki, Hacı Seyid Әzim Dilsuzun buğdanın haqqında yazdığı әşarı oxuyub, nәzirә sәbkindә haman mәzmunda özü dәxi Mahmud ağadan buğda tәmәnna edibdir. Amma Hacı Seyid Әzimin әşarı Dilsuzunkundan rәvan vә abdardır. Bu barәdә öz mәqamında danışılmışdır. İndi Dilsuza müraciәt edәk.

  

Dilsuzun divanında şairin öz әhvalından vә seyrü sülukundan vә tarixi-tәvәllüdü vәfatından bir xәbәr yoxdur. Amma belә anlaşır ki, şair hicrәtin 1250-ci[3] sәnәlәrindә hali-hәyatda imiş vә özü dәxi müsinn halında vәfat edibdir. Buna şahid özünün bir para әşarıdır.

  

[3] 1834.

 

Mәcmuәsinin başında, iyirminci sәhifәyә kimi, dәrc olunan kәlamın cümlәsi fars dilindәdir vә onlar hәzrәt Әlinin mәdhindә yazılan qәsidәlәrdәn vә Kәrbәla müsibәtinә dair növhәvü sinәzәnlәrdәn ibarәtdir. İyirminci sәhifәdәn başlanır türk dilindә yazılan qәsidә, növhә vә sinәzәnlәr vә әdәbiyyatın sair qisimlәri: qәzәliyyat, müxәmmәs, saqinamә, mәdhnamә, rübaiyyat, bahariyyat vә qeyrә.

  

Türk lisanında yazılan qәsidәlәrin bәrgüzidәsi xatәmül-әnbiya mәdhindә vә hәzrәt Әlinin şәnindә tәnzim olunan qәsidәlәrdir. Әn gözәl şivәdә vә rәvan dildә yazılan "Hәdisi-mәrdi-qәssab"dır ki, onda cәnab Әmirin bir para möcüzәlәri bәyan olunur. Burada şairin tәb vә elminin dәrәcәsini göstәrmәkdәn ötrü haman hәdisin ibtidasından bir neçә sәtir yazmağı lazım gördük:

 

İbtidayi-süxәn bәnami-xuda,

Xaliqi-kainatü әrzü sәma,

Qadiri-zulcәlalü fәrdi-vәhid,

Vahidü laşәrikü bihәmta.

Saxlayan bisütun nöh әflaki,

Xaliqi-abü narü xakü hәva

Gah әyan eylәyәn zimistani,

Gah fәsli-bahar edәn inşa.

Gah salan dәştә mәsnәdi-kafur,

Gah tökәn bәhrә löleyi-lala.

Şәkәri neydәn eylәyәn cari,

Sәngdәn abü abdәn xara.

Növi-insanı hәr şərafәtdә

Sairi-xәlqdәn edәn qәrra.

Bәdi-hәmdü sәnayi-hәyyü qәdim,

Eylәrәm mәn dә şövq ilә imla--      

Mәdhini bir peyәmbәrin kim, odur

Baisi-xilqәti-hәmә әşya.

Nami-paki-Mәhәmmәdi-әrәbi,

Dini-islamı eylәyәn bәrpa.

Nuri-pakından ol şәhәnşahın

Olunub rövşәn alәmi-bala vә hakәza.

 

Bu şerlәr Dilsuzun tәbinin ziyadә rәvan vә mövzun olmağına aşikarәn şәhadәt verir vә "Hәdisi-mәrdi-qәssab" axıra kimi belә açıq vә rәvan dil ilә yazılıbdır ki, oxuyanlar artıq dәrәcәdә müstәfid olurlar. Aşağıda zikr olunan әsәrlәr Dilsuzun mәrtәbeyi-tәbini vә mәslәkini bildirir. Sair qisim kәlamlarından bir neçәsini burada zikr etmәyi lazım gördük.

 

 

QӘZӘL:

 

Qoydu mәni bu dәhrdә avarә gözlәrin,

Saldı mәni bu qәmlәrә ol qarә gözlәrin.

 

Ey gül, işim olub gecә-gündüz fәğan mәnim,

Bülbülsifәt gәtirdi mәni zarә gözlәrin.

 

Ey Leylivәş, hәrayıma yet, olmuşam cünun,

Mәcnunsifәt salıb mәni kuhsarә gözlәrin.

 

Eşqin mәni bu dәhrdә bimar eylәyib,

Әmr et ki, eylәsin mәnә bir çarә gözlәrin.

 

Bir vәhşi baxışilә alıb ixtiyarımı,

Bәxtim tәk eylәyib günümü qarә gözlәrin.

 

Şәmi-ruxun fәdası olum, qıl nәzәr mәnә,

Pәrvanә tәk salıb mәni odlarә gözlәrin.

 

Kami-dilim hәr ikki cahanda rәva olur,

Bir lәhzә eylәsә mәnә nәzzarә gözlәrin.

 

Yusif kimi bu dәhrdә, ey şux dilrüba,

Çәkdi mәni nә şövq ilә bazarә gözlәrin.

 

Hәr dәm xәdәngi-qәmzә ilә qıldı çak-çak,

Zülm ilә etdi sinәmi sәd parә gözlәrin.

 

Bir baxmaq ilә aldı әlimdәn qәrarımı,

Saldı mәni bu bәstәri-bimarә gözlәrin.

 

Sәbrim alıb, tükәndi qәrarım hәrayü hay,

Dilsuzi gәtdi dәhrdә zinharә gözlәrin.

 

Әyzәn qәzәli-Dilsuz:

 

Sәnә mәnzil cahanda, ey Fәlatun, Dilmәqan[4] olmuş,

Mәnim darün-nişat içrә işim ahü fәğan olmuş.

 

[4] Yer adıdır.

 

Misali-әndәlibәm düşmüşәm mәn ayrı gülşәndәn,

Gül üzlüm, firqәtindәn bu әlif qәddim kәman olmuş,

 

Çıxan gündәn yәqin et xitteyi-Tәbrizdәn guya

Dağılmış zülmdәn bu xaneyi-eyşim, viran olmuş.

 

Gecәm il, gündüzüm qarә, kәsim yox, hәmdәmim nalә--        

Ki, bir badi-sәba guya mәnimlә hәmzәban olmuş.

 

Xәyal etmә deyil Tәbrizdә sәn gördüyün Dilsuz,

Çәkib әzbәs qәmü möhnәt, bu yerdә nimcan olmuş.

 

Yenә özgә qәzәl:

 

Zülfün düşәndә yadә, pәrişan olur könül,

Lәli-lәbin xәyalı ilә qan olur könül.

 

Seyli-sirişkim alәmi qәrqi-bәla edib,

Әzbәs ki, dudi-ah ilә tufan olur könül....

 

Gülzari-hüsn içindә әgәr qönçә lәblәrin,

Bir nim xәndә eylәsә xәndan olur könül.

 

Görsәm sәni rәqib ilә cami-mey içmisәn,

Rәşk atәşindә quş kimi büryan olur könül.

 

Qәmzәn oxun atanda kәman qaşdan keçәr,

Zәnbur xanәsi kimi şan-şan olur könül....

 

Hәr dәm görәndә bağdә ol sәrv qәddini

Bixud sәnin dalınca xuraman olur könül.

 

Ruyin xәyalı ilә yatıb xab eylәsәm,

Xәlvәtgәhi-vüsaldә mehman olur könül.

 

Dilsuzә lütf üzilә әgәr eylәsәn nәzәr,

Muri-hәqir olsa Süleyman olur könül.

 

Müxәmmәs, әsnafdan şikayәt:

 

Ey әzizan, bir yaman dәrd içrә zarü müztәrәm,

Yanmışam bu çәrx әlindәn, bircә kәf xakistәrәm.

Gәrçi xakistәr olub cismim, vәli bir әxkәrәm,

Bivәfa dövran әlindәn hәr zaman dad eylәrәm,

Arifa, tut bir qulağın, gör nә sözlәr söylәrәm.

 

Görmәdim mәn bu cahanda bir hәqiqi aşina,

Hәr nә gördüm, qәlp gördüm, әyri gördüm, bihәya,

Çәrxi-kәcrәftarnisbәt cümlәsi eylәr cәfa,

………………………………………………

Baz söylәr: mәn sәnә öz qardaşından behtәrәm.

 

Ey könül, gәl bu cahanın aşinasın tәrk qıl,

Olma qafil bu sitәmgәr dәhrә vermә çox da dil,

Mәrdi-rah ol, bircә bәdkirdar felindәn çәkil,

………dünyanın hәvasilә çox olma münfәil,

İstәr isәn mәn sәnә dәhrin cәfasın göstәrәm.

 

Qazisin gördün ki, qurmuş dam xәlqin malına,

Mollasın gör hiylәvü tәzvir külli-halına,

Hacısı tüksüzpәrәstdir, baxma yoğun şalına,

Rövzәxanlar tüpürürlәr bir-birinin yalına,

Bir-birilә bәhs edirlәr mәn dә sahibmәnbәrәm.

 

Ol hәkimlәr bilmirәm mәn neylәr axır kur ilәn,

Öldürürlәr dәhr ara çox naxoşi dәstur ilәn,

Alәmi sәrraf soyar, ağlar hәmişә şur ilәn,

Cümlә növkәr babi xәlqin malın alır zur ilәn,

Dinmәsәn, söylәr filan xan tövlәsindә mehtәrәm.

 

Cümlә baqqalü çörәkçilәrdә yoxdur zәrrә din,

Әllafı, qәssabı, yaran, xüşkәbarı hәmçinin,

Hamı başmaqçıların dabbaqçılar bükmüş belin,

Ol qapandarlar yıxarlar cümlәsi xalqın evin,

Hәr kәs istәr ev yıxa, yıxsın evin sahibkәrәm.

 

Mürdәşurü kurkәnlәr heç kimi sağ istәmәz,

Çuxaçı, börkçü, corabçı ildә bir doğru demәz,

Zәrgәrü dәrziyü şalçı zad halal olsa, yemәz,

Biimandır cümlә aşpәzü çilovpәz, nimpәz,

Söylәrәm hәcvin buların hәşrә dәk әl çәkmәrәm.

 

Ol palanduzlar tamamәn xişdir Dәccal ilә,

Ülfәt etmin siz dәxi, әlbәttә, hәm dәllal ilә,

Heç müsәlman aşinalıq etmәsin baqqal ilә,

Әttarı batman ilә alır, satar misqal ilә,

Bir dirәm hil, üç çәrәk kağız nәdәndir bilmәrәm.

 

Hamıdan bәdzat misgәr, sağrıduz, hәkkakdır,

Sinf arasında tütünçü hamıdan napakdır,

Tәbrizi bәdnam edәn hәm mütribü dәllakdır,

Culfavü hәllaclar hәr barәdәn bibakdır,

İstәrәm bunu yazıb mәn hәr diyarә göndәrәm.

 

Cümlә әrbabi-tәmәlәr kim, olublar çox yalaq,

Binәva dәrvişlәrin xurakıdır bәngü araq,

Yox aracçilәrdә iman, bağbanlarda qulaq,

Hәr necә yorğa at olsa, nalbәnd eylәr çolaq,

Nәqqaşın var iddiası tarı tәk surәtgәrәm.

 

Cümlә müstәcirlәrin qәbrini hәq nar eylәsin,

Nitq yox dildә qiflgәr hәcvin izhar eylәsin,

Nә deyim ayinәsazü mücrisaz ar eylәsin,

Hәq çubuqçiyü sәhafi dәhr ara xar eylәsin,

Daima mәn böylә vәqti, bu mәqamı gözlәrәm.

 

Hәr nә çertab ilә şәrbafә deyәm, әfsanәdir,

Әhli-tüllab hәr nә var xeyrat evi zurxanәdir,

Hәr nә bәngi, pilәkeş var yeri qәhvәxanәdir,

Heyf, yaran, xırdavatçı şәhrdә bir danәdir,

Mәn onu bu cümleyi-әsnafdәn çox istәrәm.

 

Fәlә, bәnnә, pinәçilәr, çәrçilәr, әhli-dehat

Hamı biqüslü tәharәt, hamı bixümsu zәkat,

Nilfüruş, xırdafüruş, tәxtәfüruşlar bisәbat,

Bәhlәduzü qәmmәsazü sәhmsazә yox nicat,

Fәxr edәrlәr hәr biri mәn ümmәti-peyğәmbәrәm.

 

Dülgәrü xarratlәr yonulmayıbdır heç biri,

Qalmasın Tәbrizdә, ya rәb, bir nәfәr gәcpәz diri,

Ol dәyirmançıların yoxdur bu dünyada yeri,

Dәn verәrsәn aparır dartarla yarma tәk diri,

....yemişәm onlara alәmdә mәn bir dәn verәm.

 

Zurxanә әhlinin vәsfin sizә eylim bәyan,

Qırxı bir dünbәklә oynar, yәni işlәr pәhlivan,

Şişәkәrü cümәdardan әql ummun siz, aman,

Suçilәrdәn [siz] soruşmun bir nәdir dinü iman,

Mәhkәmә şagirdlәrinin hamısına çakәrәm.

 

Qaldı sәrracü dәvatgәr, qabqacaqçı, kuzәgәr,

Bunların dördü, әzizan, bir-birindәn hiylәgәr,

Hәm tәkәltıduz, әlaqәbәndü saәtsazlәr,

Cümlә biimandır, bunlardan eylin siz hәzәr,

Xeyli qalayçı әlindәn bağlayıb könlüm vәrәm.

 

Müxtәsәr әlvatını gördüm tәmamәn bivuqar,

Bir-birinә rәng ururlar hiylәsazü әxzkar,

Gәr danışırsan, deyirlәr әqli kәmdir, etmәz ar,

Dinmәsәn, söylәr tәkәbbürdür, edin ondan fәrar,

Gәr müsәlman olsa bunlar bilgilәn mәn kafәrәm.

 

Sadәrulәr bәzisi kundadәvü biardır,

Kәrbәlayi, mәşhәdilәr lotidәn bәdkardır,

Cümlә hammam әhli ol şeytan ilә hәmkardır,

Tacirü bәzzaz xәlqin malına sәrkardır,

Şairәm mәn, bil, buların hamısından bәdtәrәm.

 

Mәn bu dәhrin möhnәtindәn canә yetdim, ya Әli,

Bәhri-qәmdә Nuh tәk tufanә yetdim, ya Әli,

Tapmadım bir dadrәs, hәr yanә getdim, ya Әli,

Dәrd әlindәn atәşi-suzanә yetdim, ya Әli,

Rәhm qıl, Dilsuzәm, ey mövla, qulami-Qәnbәrәm.

  

Şair әsnafların hәr birisinin övsafi-zәmimәlәrindәn şәmmәi zikr edib özgә bir kәlamında tüccarların üstә düşür vә bunların әmali-şәniә vә övsafi-mәzmumәlәrini birbәbir hәcv dili ilә bәyan elәyib deyir:

 

Adını hacı qoyub hiylәlәr eylәr bu qәdәr,

Xәlq eşitsin ki, dәyib hacıya on şahi zәrәr,

Әjdәha tәk hamının malını kamına çәkәr,

Ya Seyid hәmzәdә, ya müctәhid evindә keçәr

Hәftәvü ruzü mәhü salı bu tüccarlәrin.

 

Xalqın malını min cürә hiylәvü tәzvir ilә tovlayıb alıb, hacı övqatını müctәhidin evindә keçirir. O müctәhidin ki, tüccarın haram yol ilә qazandığı pulu vә dövlәti hiyleyi-şәr ilә halala çıxardıb, ona şәriklik edir vә hacı ilә nişәst-bәrxast etmәyә onun rütbәvü şәnini avamın nәzәrindә uca qılır.

  

Çün Dilsuz binәvanın başına çox bәlalar gәlibdir, ona binaәn könlünә xitabәn deyir ki, ey könül, bir adamı imtahan etmәmiş özünә dost tutma, öz sirrini hәr bir kәsә demә, dünyaya bel bağlama, adamların axtardığı puldur vә cifeyi-dünya üçün sәnә mehribanlıq göstәrirlәr. Guşeyi-vәhdәtdә әylәş, özünü qilü qala salma, salimlik vәhdәtdәdir. Dilsuzun zeyldә yazılan kәlamı onun dünyaya nә göz ilә baxmağını anladır. Mәlum olur ki, borc ucundan binәvanı dustağa salıblar vә şәriklәri ona әvvәlcә ümid verib, dar vә ehtiyac günündә onu qoyub qaçıblar:

 

Ey könül, әvvәl rәfiqi imtәhan etmәk gәrәk,

İmtәhandan çıxsa gәr, qurban can etmәk gәrәk,

Bu sözü şamü sәhәr virdi-zәban etmәk gәrәk,

Әldә bu nәqli hәmişә imtәhan etmәk gәrәk,

Hamıya bu qissәni bir-bir bәyan etmәk gәrәk,

Dildә daim bu müәmmanı rәvan etmәk gәrәk,

Şәhr içindә şöhreyi-pirü cәvan etmәk gәrәk.

 

Ey dili-gümrah, oyan, yatmagilәn leylü nәhar,

Uyma çox bu qәflәtә, al pәndimi, ol huşyar,

Dәhr ara hәr aşinayә bağlama bel, zinhar

Mәn dә sәn tәk bağladım bel, görmәdim bir etibar,

Axırı bir güni üstә oldu mәndәn dilfikar,

Yetmiş iki millәt içrә etmә sirrin aşikar,

Olsa gәr sirri-nihan, candan nihan etmәk gәrәk.

 

Görmәdim heç aşinadә zәrrә sifәt, hәq bilir,

Mәhz dildir әxzi-әklü şürbü şöhrәt, hәq bilir,

Çoxların yolunda çәkdim cövrü möhnәt, hәq bilir,

Qalmayıb bir para kәsdә buyi-qeyrәt, hәq bilir,

Hәr kәs ilә eylәsәn bir lәhzә ülfәt, hәq bilir,

Görmәdim axır vәfasın qeyri-töhmәt, hәq bilir,

Lalә nisbәt dәhr ara bu baği qan etmәk gәrәk.

 

Ey könül, bu alәm içrә sevmә hәrgiz qilü qal,

Yoxdu tәklikdәn cahanda yaxşı nemәt bimisal,

Adәm oldur eylәyә guşini kar, nitqini lal,

Sirrin heç kәs bilmәsә yetmәz sәnә hәrgiz zәval,

Üzünә hәr kimsә gülsә, olma ondan xoşxәyal,

Bәs nә vaxt adәm olursan, keçdi axır sinnü sal,

Gününü bu gün özündәn bәdgüman etmәk gәrәk.

 

Çün şәriklәr qoydular yalqız dükanda bәndәni,

Aşinalar söylәdilәr: qoymarıq pulsuz sәni,

Biri tәvid eylәyib birisi etdi kisәni,

Xәlqә xatircәm olub, hәm belә urduq damәni,

Başladıq borclulara "vәzzarәyat"u "әmmәni",

Axırı zindana saldı bәndәni bir ermәni,

Böylә dәrdi xәlq ara daim әyan etmәk gәrәk.

 

Dilsuza, vardır Әli tәk şahi-mәrdanın sәnin,

Qәm yemә, daim yetәr fәryadә sultanın sәnin.

Hәr iki dünyada versin dәrdә dәrmanın sәnin,

İstәsәn gәr rahәt olsun dәhr ara canın sәnin,

Әldә qalsın abiruvü dinü imanın sәnin,

Eylәsin şiri-xuda fәzl ilә divanın sәnin,

Müxtәsәr, sәhranı Mәcnun tәk mәkan etmәk gәrәk.

 

       *       *       *       *       *

 

Bilmirәm, ya rәb, yenә qәlbimdә bu qövğa nәdir,

Axiri-ömrümdә bu başımdakı sövda nәdir,

 

Gәh çәkәr deyrә, gәhi bütxanә, gah mәscidә,

Bilmirәm mәscid nәdir, deyrü kәlisa hәm nәdir,

 

Hәr nә gәzdim mәscidü meyxanәvü bütxanәdә,

Bilmәdim kimdir müsәlman, kafәrü tәrsa nәdir.

 

Aqilәm ya cahilәm ya möminәm ya kafirәm,

Bilmәdim cahil nәdir dünyada ya dana nәdir.

 

Zahidü müftiyü şeyx şәhnәvü ya zöhdü fisq,

Nurü zülmәt, xeyrü şәr ya ziştü ya ziba nәdir.

 

Eşq Mәcnun eylәyib saldı mәni sәhralәrә,

Bilmәdim Mәcnun nәdir, Leyla nәdir, sәhra nәdir.

 

Güldә nә hüsnü tәravәt, ya nәdir bülbüldә şur,

Gül nәdir, gülşәn nәdir ya bülbüli-şeyda nәdir,

 

Neçә müddәtdir tәkәllüm eylәrәm mәn nikü bәd,

Bilmәdim bu dil nәdir ya dildәki guya nәdir,

 

Ey mәni xәlq eylәyәn xaliq, özün imdad qıl,

Qalmışam valeh ki, bu dünya nәdir, üqba nәdir.

 

Gündә yüz yol kafir ollam, yüz yol iman istәrәm,

Bilmәdim gәh küfrü iman, gәh "bәli", gәh "la" nәdir.

 

Gah bu Fironi-nәfs eylәr mәni sәndәn cüda,

Bilmirәm Firon kimdir, Hәzrәti-Musa nәdir.

 

Turi-Sinadә münacat eylәrәm xәllaq ilә,

Gәh әsanı әjdәha etmәk yәdi-beyza nәdir.

 

Gah nәfsә әql olur qalib deyir: key nәfsi-şum,

Munca gәl sәrkeşlik etmә, xahişi-bica nәdir.

 

Bircә insaf eylә sәn dә zahidi-bidin tәk,

Bir belә hәr gündә nahәq verdiyin fitva nәdir.

 

Bir gecә bu fikr ilә yatdım dedim: Ya zülcәlal,

Sәn mәnә bildir görüm surәt nәdir, mәna nәdir.

 

Hatifi-qeyb ol zaman verdi cavab:--Ey bixәbәr,

Bir belә bihudә fikri-zahirü ixfa nәdir.

 

Bilmәsәn kimdir bu övzaә sәbәb ruzi-әzәl,

Baisi-icadi-alәm Adәmü Hәvva nәdir.

 

Sirri-hәq damadi-peyğәmbәr әmirül-möminin,

Görmüsәn sәn ol Әliyyi-aliyü әla nәdir.

  

Bu axırıncı fәrddәn sonra başlanır mәdhi-hәzrәt Әmir Әliyyül-Mürtәza vә qurtarır matәmi-seyyidüş-şühәda ilә vә ruzi-aşurada zülm ilә qәtlә yetәnlәri әşari-cigәrsuz ilә zikr edib, Yәzidi-pәlidә lәnәt oxuyub, bu sözlәr ilә xәtmi-kәlam edir:

 

Dilsuza, qıl müxtәsәr bu qisseyi-dilsuzi sәn,

Әcz ilә әrz et xudayә bu qәmi-üzma nәdir.

 

Lәnәt eylә sәn Yәzidә hәşr olunca dәmbәdәm,

Zülmi-bihәdd etdi zalim, bilmәdi fәrda nәdir.

 

 

QӘSİDӘ

 

Ey dil, nә yatmısan, gözün aç bir cahana bax!

Sәthi-zәmini seyr elәyib asimanә bax!

 

Sındır tilsimi-cismi, bu süfladә durma çox,

Çox da müqәyyәd olmagilәn, cismü canә bax!

 

Süfladә mәnzil etmә sәn, ülvimәqamsәn,

Ey şahbazi-qüds, elә övc, aşiyanә bax!

 

Sal yadә bir gedәnlәri ya bir gәlәnlәri,

Hәr kәs gәlir, gәrәk gedә, bir karvanә bax!

 

Әqli unutma, nәfsә әsir olma, hәqqi gör,

Nahәqqә ver tәmәyyüz bu sudü ziyanә bax!

 

Baxma bu xәlqә, bax özünә, hәqqi gör müdam,

Nә an gör, nә in, nә inü nә anә bax!

 

Ver bircә guş-huşini, әsrari-hәqq eşit,

Aç bir gözün, gözünlә bu razi-nihanә bax!

 

Bel bağlama bu dәhrә, fәnadır, bәqası yox,

Mövtü hәyat, nәqli-baharü xәzanә bax!

 

Şahü gәdayә vermәz aman gәlsә gәr әcәl,

İbrәt gözilә bircә müluki-Kәyanә bax!

 

Aya nә oldu söylә sәlatini-masәlәf,

Sәlcuqiyanü Sәncәrü Pişdadiyanә bax!

 

Gör bir nә oldu әfsәri-Daravü cami-Cәm,

Baş ziri-xakә çәkdi Әnuşirәvanә bax!

 

Şair bu qәrar üzrә keçmiş padşahların vә әnbiyayi-kiramın bu fani dünyaya gәlib-getmәklәrini zikr edib, sonra keçir hәzrәtin mәdhinә vә yenә qәsidәnin axırını Kәrbәlada vüqua gәlәn qisseyi-pürqüssә ilә qurtarıb deyir:

 

Yetmәz tamamә bu qәmi-üzma bәyan ilә,

Bu qәm cahanda şәrh ilә gәlmәz bәyanә, bax!

 

Dilsuz edәr hәmişә sәnә növhә, ya Hüseyn,

Bir lütf ilә cәza günü bu növhәxanә bax!