MİRZӘ ӘLİӘSĞӘR "NOVRӘS"

 

 

 

 

Mirzә Әliәsğәr ibn Hacı Abidin xoştәb vә bir şairi-kühәnsaldır ki, Asinin vә mәrhum Hacı Seyid Әzimin müasiri vә sair şüәraların mümtazıdır. Tәvәllüd edibdir Şuşa şәhәrindә hicrәtin 1263-cü[1] ilindә vә haman şәhәrdә nәşvü nüma tapıb, müsәlmanca tәhsil alıbdır. Rus dilini Xan kәndindә hәrbi işkollada öyrәnib vә tәhsili-elm etdikdә bir sәnә yunkerlik edibdir.

 

[1] 1847.

 

Hәr qisim şerü kәlamı vardır vә qәvaidi-şeriyyәdәn kәmalınca baxәbәrdir. Tәbi rәvan vә mövzundur. Lakin cavanlıq sinnindә yazdığı әşarü kәlamlarda zövqü mәlahәt bu halda yazdıqlarından artıqdır.

 

İki mini mütәcaviz beyti vardır. Lakin tamamisi övraqü pәrişan haldadır. Heyfa ki, şair ömrünün axırında bәzi nasәza әdavü hәrәkәtlәr ilә özünü bir növ hörmәtdәn salıb, әqvamı arasında bisikkә olubdur vә buna da ümdә sәbәb yoxsulluq vә әliaşağılıqdır vә mәlumdur ki, fәqrü ehtiyac şirlәri rubәhmәzac edәn kimi, şairlәri gәdatәb vә rәzil qılır.

 

Mirzә Әliәәr Novrәsin hәqiqi şair vә әhli-hal olmağına mәrhum Hacı Seyid Әzim onun haqqında şikayәt tәriqi ilә yazdığı qәsidә dәlalәt elәyir. Çün bu qәsidәdә sәrvәri-şüәramız olan mәrhum Seyid öz hәmdәrdlәrindәn bәzilәrinin gülşәni-bәqaya vaxtsız pәrvaz edib, onu mәhzunü mәyus qoymalarını zikr edib hali-dildәn söylәyir, onu burada eyni ilә zikr etmәyi lazım gördük:

 

Sәlam olsun sәnә, ey Kәbeyi-әhli-sәfa, Novrәs!

Minayi-kuyinә olsun dilü canım fәda, Novrәs!

Mәnә [biganәdәn] biganә oldun aqibәt, ey şәh,

Sәninlә olmayaydım kaş әzәldәn aşina, Novrәs!

Mәgәr yox mehribanlıq Şişәnin abü hәvasında,

Dönübdür daşә könlün, ey rәfiqi-bivәfa, Novrәs!

Nә bir peyğam göndәrdin bu müddәtdә, nә bir qasid.

Mәgәr böylә olurmuş aşinalıq, mәrhәba, Novrәs?!

Әgәrçi dәhri-dunun inqilabından pәrişanәm,

Olub cәmiyyәtim bәrhәm, fәlәk etmiş cәfa, Novrәs!

Dağıldı yarü әnsarım başımdan, fәrd qaldım mәn,

Әlimdәn getdi Asi, ol rәfiqi-xoşәda, Novrәs!

Sәfa düşdü sәfadәn, Zәmzәmi-әşkim rәvan oldu,

Bu qәmdәn xaneyi-dil Kәbә tәk geydi qәra, Novrәs!

Nә Agah agah oldu halәti-pürixtilalımdan,

Nә rәf etdi mәlalım sәfheyi-dildәn Fәna, Novrәs!