MӘŞHӘDİ HİDAYӘT BӘY "XAKİ"

 

 

 

 

Mәşhәdi Hidayәt bәy Molla Abdulla oğlu Mirzәyev Gәncә şairlәrindәn birisi hesab olunur. Türkcә vә farsca yaxşı savadı var imiş, rusca da bilirmiş.

 

Mәrhum Mәşhәdi Hidayәt bәy cavanlığında Gәncә vilayәt idarәsindә (qubernski upravleniyedә) mütәrcim olub, çox sәnәlәr bu mәnsәbdә qulluq edibdir. Sonraları qocalıq halında istefa verib xanәnişin olubdur. Mәşhәdi Hidayәt bәyin tәxәllüsü "Xaki" olub, bәzәn "Hidayәt" dәxi yazarmış.

 

Yetmiş yaşı olduğu halda 1903-cü ilin oktyabr ayının 14-cü günündә Gәncә şәhәrindә vәfat edibdir.

 

Mәrhum Xaki çox mömin, mütәdәyyin, sadiq, әmin vә düzgün bir zat imiş ki, Gәncә әhli indi dә onu zikri-xeyir vә rәhmәtlә yad edir. Xaki mütәәddid övlad müsibәtinә düçar olduğu üçün yazdıqları әşarın bir çoxu növhә misallı hüznavәr kәlamlardır. Şer mәcmuәsi varsa da, hәnuz çap olunmayıbdır; öz övladındadır.

 

Şerlәrindәn nümunә:

 

Ey cövri-yardәn cigәri qan olan könül!

Mәtlubә yetmәyib belә giryan olan könül!

 

Bu qәm günündә bircә mәdәdkarı olmayan,

Zәrdü zәif, xәstәvü nalan olan könül!

 

Mәn çox dedim, eşitmәdin әsla nәsihәtim,

Ey eşq әlindә valehü heyran olan könül!

 

Gördün sәni nә günlәrә saldı bәlayi-eşq,

Divanәvar gündә hәrasan olan könül!

 

Müşküldür indi qurtarasan eşqi-yardәn,

Xaki kimi cigәrlәri büryan olan könül!

 

Dam altında qalıb vәfat edәn 8-9 yaşında oğlu Abbasa xitabәn yazmışdır:

 

Sübh oldu gәlmәdin, bala, barı naharә gәl!

Çox yatma qәbr evindә, amandır, kәnarә gәl!

Nәmdir yerin, qışın günü yatmaq rәva deyil,

Gir qoynuma, bala, barı dübarә gәl!

Olmur könül riza yatasan sәn mәzardә,

Qoy mәn girim, qocalmışam, ol mәzarә, gәl!

Baran misal göz yaşım olmuş rәvan mәnim,

Rәhm eylә, qoyma çox da mәni intizarә, gәl!

Vallahı, gündә min kәrә mәn mәrgә şayiqәm,

Mümkün olursa, eylә, oğul, sәn dә çarә, gәl!

Hicrin qәmilә öylә yәqin mәn gәrәk düşәm

Mәcnun sifәt hәmişә dәxi kuhsarә, gәl!

Bir vaxt tapdılar sәni, çıxsın gözüm mәnim,

Olmuşdu gül kimi bәdәnin parә-parә, gәl!

Qurban olum solan yüzünә, laxta qanına,

Dolmuşdu qoynuna sәnin, ey mahparә, gәl!

Sәbr elәyim nә növ ilә sәndәn sora, bala,

Qәddim dönüb kәmanә, nedim, yoxdu çarә, gәl!

Ömrüm nә qәdri var sәni yaddan çıxarmazam,

Gәllәm müdam sübhü mәsa ah-zarә, gәl!

Dünyada toy tutub sәni mәn rahәt etmәdim.

Qaldım, oğul, ölüncә dәxi intizarә, gәl!

Ya rәb, nolur ki, tapşırasan xakә Xakini,

Qәmdәn dönüb kamanә qәddi, bәxti qarә, gәl!

 

Mәrhum Xakinin bu hәr iki növhә misal, şikvә vә nalәamiz şerlәrindә, doğrusu ki, bir lәtafәt görmәdik. Hәm mәna vә hәm lәfzәn bunlarda bir lәyaqәt әsәri yoxdur. Şiveyi-lisan vә sәbki-kәlama gәldikdә bunlarda qüsur az deyil. Rәdif vә qafiyәlәrin bәzisi tәkrar olunur. Mәsәlәn, "çarә", "kәnarә", "intizarә". "İntizarә" sözü qafiyә üçün istemal olmağa görә, şerdә mәna vermir. Mәsәlәn, "qoyma mәni intizarә, gәl!" vә hәmçinin "qaldım, oğul, ölüncә dәxi intizarә, gәl!" hәr iki mәqamda "intizarә, gәl!" demәk dürüst deyil. "İntizarә" әvәzindә "intizar" vә yainki "intizarda" yazılmaq lazım gәlir.

 

Bütün növhәdә xoşmәzmun vә mövzun bir beyt vә ya misra tapılmaz ki, şair kәlamına bәnzәsin vә yainki bәnzәri olsa da, qeyrilәrdәn götürülmüş olmasın. Kәlamın özü dә xeyli binәmәk vә xoşa gәlmәyәn tәrzdә başlanır: "Sübh oldu gәlmәdin, bala, barı naharә gәl!" Ölәn adamı nahara çağırmaq qulağa әcibü qәrib gәlir. Bu kәlamın bir para qüsurunu özümüz düzәldib, bir beytini әsla daxil etmәdik. Haman beyt budur:

 

Qanlın mәnәm, apardım, oğul, sәni [haraya?]

Qoydum dam altında, gör necә qaçdım kәnarә, gәl!

 

Bәli ... bu da Mollaşәnbә şerinә bәnzәr bir şeydir.