MİRZӘ HӘSӘN ӘFӘNDİ ӘLQӘDARİ

  

 

 

 

Cәnabi-fәzailmәab sәdrül-ülәma Mirzә Hәsәn әfәndi ibn Әlhac Abdulla әfәndi Әlqәdari "Mәmnuni" tәxәllüs әsrimizin әn mәşhur әrbabi-qәlәmi vә әdibi vә әn mötәbәr tarixnәvisi hesab olunur. Bu zati-hәmidәxәsailin "Asari-Dağıstan" nam kitabında dәrc olunmuş әxbarü rәvayәtin cümlәsi müsәnnifin ziyadә mәlumatlı, fәsih vә kamil bir vücud olmasına dәlalәt edir. Ülumi-mütәnәvvәeyә dara olmaqdan maәda Mirzә Hәsәn әfәndinin tәbi-mövzun sahibi olmağı dәxi onun әşari-bәrgüzidәlәrindәn mәlum olur.

  

"Asari-Dağıstan"ın 249-cu sәhifәsindә Әlqәdari cәnabları kәmali-hәqarәtlә özlәrini Dağıstan ülәmaları silkinә daxil qılıb, tәrcümeyi-halına dair bir para mәlumat verirlәr vә biz dәxi burada haman mәxәzdәn nәfbәrdar oluruq. Mirzә Hәsәn әfәndinin validi-әmcәdi Dağıstanda Kürә nahiyәsindә Әlqәdar kәndinin sakini Әlhac Abdulla әfәndidir ki, ülәmayi-mütәbәhhirin cümlәsindәn әdd olunur vә öz kәndindә xeyli müddәt müdәrrislik edibdir. Ol cәnabın valideyi-möhtәrәmәsi Şeyx Mәhәmmәd әfәndi Әlyәrağinin qızı Hafizәdir. Mirzә Hәsәn cәnabları tәvәllüd edibdir Avar xanlığında Beylәqan adlı qәryәdә cәmadiyülaxirin 11-ci günündә hicrәtin 1250-ci[1] tarixindә. Bu halda Beylәqan Zaqatala okruğuna daxildir, ziyadә mәhsuldar vә meyvәcat gәtirәn bir yerdir.

  

[1] 1834.

 

Mirzә Hәsәn әfәndinin tәvәllüdündәn sonra onun atası vәtәninә qayıdıb, Әlqәdarda sakin olubdur vә öz valideyninin tәhti-nәzarәtindә nәşvü nüma tapıbdır. Haman qәryәdә olan mәdrәsәdә on beş sinnә qәdәr ülumü fünuni-әrәbiyyeyi-mütәdavilәnin tәhsilinә mәşğul olubdur vә hәm dә orada fars dilinin müәllimi olan ağdaşlı, Qaraxan kәndinin әhli Әsseyid Abdulla әfәndidәn fars vә türki lisanını layiqincә öyrәnibdir vә bir müddәt dәxi Kürәdәn yuxarı Yarağ qәryәsindә Әlhac İsmayıl әfәndinin hüzurunda qiraәt edibdir vә övqati-әxirәdә Axtı qәryәsindә müdәrrislik edәn әlqazi Mirzә Әli әfәndinin "Heyәt" vә "Hikmәt" nüsxәlәrini oxuyubdur. Tәhsildәn fariq olub, tәdrisә mәşğul olduqda ol cәnabı o zaman Kürәdә xan olan general Әlhac Yusif xan hüzurlarına aparıb, altı sәnәyә qәdәr onu öz yanında saxlayıbdır vә bu әsnada onun şüğlü kitabәt vә tәlim olubdur. Bәdәn Kürә nahiyәsindә rus divanxanası açılanda bir müddәt dә burada әvvәlcә mühәrrir vә bәdәn divanbәyi xidmәtindә iqamәt edibdir. Bundan sonra on iki ilә qәdәr dövlәti-Rusiyyә canibindәn cәnubi Tәbәrsәranda nayiblik edibdir.

  

1294-cü[2] sәnәdә Dağıstanda vüqua gәlәn iğtişaşda müttәhim olan әşxasın cümlәsindәn haqq-nahaq Mirzә Hәsәn әfәndi dә idrac olunub, dövlәti-Rusiyyә hökmü ilә Dağıstandan әhlü әyalı ilә Rusiyaya, Tambovski quberniyaya göndәrilibdir vә dörd ilә qәdәr haman mәkani-qürbәtdә üsrәt vә pәrişanhallıqla vәqti-әzizini sәrf edibdir.

 

[2] 1877.

 

Sonradan dövlәt tәrәfindәn Dağıstana müraciәt etmәyә izn verilib vә ol cәnab әyalü әtfalı ilә Kürәyә qayıdıb, vәtәni-әslisi olan Әlqәdar qәryәsindә sakin olubdur. Necә ki, yuxarıda zikr olundu, Rus dövlәti ilә Osmanlı dövlәtinin 1294-cü sәnәdә müharibәsi başlanan zamanı Dağıstanda böyük iğtişaş vә inqilab zühura gәldi vә izhari-bәğyü xәyanәt etdiklәrindәn ziyadә zәrәr vә xәsarәtә düçar oldular vә vaxtın qarışıqlığına görә haqq-nahaq әyri doğrudan seçilmәdi. Atalar sözü misdaqınca: "Quru oduna yaş da yandı". Ol әsnada cәnab Mәmnuni Peterburqda imperaturi-әzәmin hüzurunda konvoyi-mәxsusi xidmәtindә olan oğlu Әbumüslimә nәzmәn tәhrir qıldığı mәktubdan bәzi tәfsilati-vәqaye müstәfad olunur. O, mәktubu bu sayaq başlayır:

 

Ey Әbamüslim, ey әzizi-pәdәr,

Ey cigәrguşeyi-sütudәsiyәr,

Ola ömrün tәvili-sәhhәtdә,

Yarın olsun cahanda bәxti-zәfәr.

Dәstgirin ola hәmә övqat

Şahi-lövlak, saqiyi-kövsәr.

Bәd әzan ümdeyi-mәtalibimiz

Olmağındır hәmişә sәdәxtәr.

Saniyәn eylәsәn әgәr mәndәn,

Hәm bu әtrafdәn sual, xәbәr,

Hәmdilillәh bu vaxtacan sağam,

Әyzәn әmamü ixvәtü madәr,

Hәmçinin sairi-әqaribimiz,

Leyk bunda göründü çox işlәr.

Çәrxi-gәrdun edib bәәks mәdar,

Gәrdişi düzlüyündәn oldu bәdәr.

Aşikar etdi süni-buqәlәmun

Növbәnöv nәqşi-müstәnfәr.

Qırılıb rişteyi-qәladeyi-dәhr,

Tutdu gövhәr yerini möhreyi-xәr.

Oldu zahir fәsadi-sәfki-dima

Gәldi misdaqi-şәrri-qәmm bәsәr.

Düşdü xaki-mәzәllәtә birdәn,

Neçә xürrәm gәzәn bәyü әfsәr.

Yәni bu mәrz-bumi-Dağıstan

Olmuş ikәn fәraqәtә bәstәr,

Nagәhan etdi әhli-sәğri-Әkәk

Bir qәlәt kim, cahana saldı şәrәr.

  

Bundan sonra iğtişaş düşәn dehatın vә әdavәt göstәrәn әfradın filcümlә adları zikr olunub vә tәәccüb burasıdır ki, lәzgilәr dә bu axır vaxtlarda ermәni-müsәlman әdavәtindә müsәlman qardaşlar göstәrәn hәrәkatü әfalişәniәni büruz edib, bir-birlәrinin canına, malına yağı düşüblәr, necә ki, şair deyir:

 

Qaçdı bu iğtişaşda Kürәdәn

Bakı şәhrinә alişan kәslәr.

Qaldı әhli-Kürә sәrasimә,

Dedilәr: xәlvәt oldu bu dәrәlәr.

Bildilәr fürsәti qәnimәt ta,

Sandılar qarәti cahanda hünәr.

Bir-birin kәsdi-basdı axırda,

Tikdilәr ittifaq ilә sәrvәr.

  

Bundan sonra hәr yerin әhli özlәrinә min şәrarәtü xәyanәt ilә böyük tәyin edirlәr vә bu intixabda haqq vә әdalәtin üzünә nainsaflığın qara pәrdәlәrini çәkirlәr. Şair bu halı--Dağıstanın pәrişan övzaını görüb fәryad edir:

 

Ahü vahәsrәta bu ölkәlәrin

Cümlәsi etdilәr әzim zәrәr.

Yox imiş heç birindә bunların

Beş nәfәr müstәqim әqlü nәzәr.

Olmadı hiç yerdә asudә

Kәnd әhli, qudurdu oğrulәr.

Götürüldü bulardan insanlıq,

Çoxusu döndü qurda, qәlbi hәcәr.

Sirqәtü qarәtә olub mayil,

Az qalıb bir-birin boğub yeyәlәr.

Füqәra çöllәrә qaçıbdı tamam,

Qarışıb sәslәri tәbiü bәqәr.

Qalmış idi yetim, dul övrәt,

Soyuq altında bid tәk titrәr.

Kәsmәyirdi yağış arasını nәf

Vermәyirdi olara zilli-şәcәr.

Qayalar altı döndü qәlәlәrә,

Sanki hәr bir mağara bir Xeybәr.

  

Burada şair müvәqqәti rәyasәt edәn kәslәrin zülmü sitәmindәn vә namәşru әmәllәrindәn filcümlә [....] bәyan edir. O әsnada Şimali vә Şәrqi Qafqazın hәr yerlәrinә şurişü vәlvәlә düşür [....] vә әhaliyi-şәhrü dehat böyük xövfü әndişәyә düşür. Dağıstanın yavuqunda olanlar hәrә bir canibә qaçırlar. Necә ki, şair deyir:

 

Düşdü Dәrbәndü Qübbәyә nifrin,

Gәldi ha, gәldi lәzgi, eynә mәfәr?

Çox әkabir edib әyal ilә,

Hacıtәrxana kәşti ilә sәfәr.

Çoxu hәm ehtiyat edib oradan,

Saldı dәryada neçә gün lәngәr.

Mәn dә Dәrbәndә eylәdim rehlәt,

Әlqәdardan edib burada hәzәr.

Gәldi xani-mükәrrәmim oraya,

Hәm neçә әhli-qәryeyi-digәr,

Leyk gördük orada çox qiybәt,

Danışıb üstümüzdә hәr әbtәr.

Bu sәbәbdәn olunmuşuq mәhbus,

Ta ola sidqü kizb müstәhzәr.

  

Bundan sonra Mәmnuni Rusun qoşunu gәlib, ölkәni әmnü asayişә salmağından vә әhli-fәsada tәnbihü bazxast yerişmәyindәn danışıb, oğluna xitabәn bu nәhv xәtmi-kәlam edir:

 

Ah, çoxdur burada әhvalat,

Var kitabәtdә ehtiyat әksәr.

Ancaq ümmidvarıq allaha--         

Ki, qıla lütfünü bizә rәhbәr.

Çünki oldur müsәbbibül-әsbab,

Qüdrәtilә dönәr mәhü xavәr.

Onun әmrilәdir tәqәllübi-qәlb,

Әmәli-rәfü nәsb, mәnsәbü cәr.

Ummarıq üstümüzdә eylәyә o,

Hükәmayi-üzami dilpәrvәr.

Ey oğul, ol hәmişә nikәmәl,

Olma heç vaxt maili-münkәr.

Eylә mәktublarınla Mәmnuni

Dәmbәdәm şad, ey ziyayi-bәsәr.

 

Cәnab Mәmnuninin fәrzәndi-dilpәsәndinә tәhrir qıldığı bu mәktubu onun mövzun vә mötәbәr kәlamlarından birisidir. Mirzә Hәsәn әfәndinin beş-altı nәfәr zükur övladı vardır ki, cümlәsi pәdәri-büzürgvarları getdiyi yol ilә zahib olub, elmü mәrifәt kәsbi ilә özlәrinә şöhrәt vә hörmәt qazanıblar. Onlardan böyüyü Mirzә Әhmәd әfәndi mәhkәmeyi-qәryәdә qazilik etmәkdәdir. Qeyrilәri isә qisim-qisim dövlәti qulluqlarda vә kәsbi-ülumda yaşamaqdadırlar. Haqq-taala cümlәsinә ömri-tәvil vә xoşbәxtlik әta elәsin.

 

Cәnab Әlqәdarinin asari-qәlәmiyyәsinә gәldikdә, deyә bilәrik ki, onlar hәddәn mütәcavizdir. Әksәri әrәb lisanında olmağa binaәn, onların barәsindә burada bәhs olunmayacaqdır. Türk dilindә nәzmәn tәrtib olunmuş әsәrlәri bunlardır: 1) "Mәnzum üsuliddin", 2) "Әlfulül-matәm fihәqqil-matәm", 3) "İzharül-hal fixüsusil-al", 4) "Asari-Dağıstan" nәsrәn vә bunlardan әlavә xeyli әşari-mütәnәvveәlәri vardır ki, onlardan bir neçәsini nümunә üçün öz mövqeyindә göstәririk.

  

Alimi-mühәqqiq Mirzә Hәsәn әfәndinin asari-qәlәmiyyәsinin cümlәsindәn biz Azәrbaycan türklәrinә artıq müfidü zәrur olanı vә bizi öz tariximizlә bәlәd edәni "Asari-Dağıstan" adı ilә tәb olunmuş kitabıdır ki, hәr әhli-savada onun mütaliәsini nәinki mәslәhәt, hәtta borc görürük. Bu әsәr açıq vә asan türk lisanı ilә yazılmış, 255 sәhifәdәn ibarәt xoşsәliqә bir kitabdır. Qiymәti dәxi ağır deyil, bir manatdır. Bakıda kitabfüruşların mağazasında satılmaqdadır. Müsәnnifin özündәn dәxi yazıb gәtirtmәk mümkündür. Oxucularımızı bu kitabın mündәricatı ilә aşina etmәk üçün onun bir müqәddimәsi vә on iki babları vә nә mәtlәbü mәbhәsdәn söylәdiyini müxtәsәrәn burada zikr elәyirik:

  

"Asari-Dağıstan"ın müqәddimәsi Dağıstan әhalisinin bu ana qәdәr әsnafü nәvahilәri bәyanında vә burada müstәmәl olan әlsinәvü lüğati-mәşhurә bәyanında, hәmçinin islamdan irәli burada sakin olan xәlayiqin әqayidi xüsusundadır.

  

I bab dini-mübini-islam bu diyara varid olandan sonra Teymurlәngin bu tәrәflәrә xüruc etdiyi zamana qәdәr bu yerlәrdә vaqe olan әhvalat xüsusundadır.

 

II bab Teymurlәng zahir olandan sonra dövlәti-Osmaniyyә vә dövlәti-Sәfәviyyәnin (qızılbaşların) rәyasәt vә siyasәtlәri bu әtrafa yetәnәcәn zühur edәn vәqaye barәsindәdir.

  

III bab haman iki dövlәti-islamiyyә zühur edәndәn sonra Rus dövlәtinin әvvәl dәfә varid olduğuna kimi vüqua gәlәn әhvalat xüsusundadır.

  

IV bab Rus dövlәtinin qoşunu әvvәl dәfәdә Dağıstan canibinә vürud edib, oradan qayıdana kimi cari olan әhvalat vә güzarişat bәyanındadır.

 

V bab Rus qoşunu Dağıstandan qayıdan zamandan Pyotri-kәbirin әsakirlә Dağıstana yeriş etmәyinә kimi vüqua gәlәn әhvalat bәyanındadır.

 

VI bab imperator Pyotri-kәbir Dağıstandan müraciәt etdikdәn sonra Nadir şahın zühuruna kimi vaqe olan әhvalat bәyanındadır.

  

VII bab Dağıstanda Nadir şah xüruc etdikdәn sonra onun qәtlinәcәn burada ittifaq olan әhvalat bәyanındadır.

 

VIII bab Nadir şah mәqtul olandan sonra rus әsgәrlәri üçüncü dәfә bu әtrafa gәlәnәcәn vaqe olan әhvalat bәyanındadır.

  

IX bab üçüncü dәfә Rus dövlәtinin qoşunu Dağıstana daxil olub, buradan müraciәt elәyәnәcәn zühura gәlәn әhvalat bәyanındadır.

  

X bab rus әsakiri üçüncü dәfә Dağıstandan qayıdandan sonra dövlәti-Qacariyyә zahir olanacan vә rus qoşunu dördüncü dәfә bu әtrafa gәlәnәcәn burada olan әhvalat bәyanındadır.

  

XI bab dövlәti-Qacariyyә zahir olandan sonra vә Rusiya әsakiri dördüncü dәfә buraya gәlәndәn sonra ol iki dövlәt mabeynindә "Müsaliheyi-Gülüstan" iniqad olana kimi vüqua gәlәn әhvalat bәyanındadır.

  

XII bab bu zikr olunmuş iki dövlәtin aralarında "Gülüstan müsalihәsi" iniqad olunandan sonra bu vaxta kimi Dağıstanda vaqe olan hadisat bәyanındadır.

  

Әlxatimә Dağıstan әhalisinin әxlaqü adәti bәyanında vә bir para ümәravü mәrhumiyn vә ülәmavü ümәrayi-әhya halü şәnlәri barәsindәdir.

  

Bu mәlumatın tәmamisi ziyadә әhәmiyyәtli vә lazimәli olmağa görә, biz dәxi onların tәhsilini әbnayi-vәtәnә tövsiyә qıldıq. "Asari-Dağıstan"ın ibtidasında tәb olunmuş qәzәl kitabın tәlifinә bais hәmidi sakini Әhmәd xanın fәrzәndi Bәybala bәy olduğunu bәyan elәyir; necә ki, deyibdir:

 

Bu tәlifә olub bais mәnә bir fәxri-Dağıstan,

Әmiri-binәzirü dilpәzirü sahibi-ürfan.

 

Tәbәsәran diyarında әmarәt xanәdanında

Kәmalati edib tәhsil, olan sәramәdi-әqran.

 

Tәvaze әhli, xoş әxlaqü xoşdidarü xoşsöhbәt,

Hәmidi sakini Bәybala bәy fәrzәndi-Әhmәd xan.

 

Xuda qılsın onu har dәm mükәrrәm әqrәbasilә,

Müvәffәq eylәsin әmali-xeyrә daimül-әhyan.

 

Әgәr düşsә bu asarım rәkikü lәfzim aşüftә,

Sәzadır kim, mәni әyzәn qılıb aşüftәdil dövran.

 

Verәn varın utanmaz, mal bәnzәr malikә, hәqqa,

Bular doğru misallardır, mәnim әhvalıma şayan.

 

Bu tәlifin şüruindә yazıb Mәmnun bu tarixi:

"Ğәvaşi" lamsuz sali, mәhi şәvvali-xoşünvan.

  

Zeyldә yazılan mәnzumat dәxi "Asari-Dağıstan"ın dibaçәsindә dәrc olunmuş vә ixtisar vәchdә Dağıstanın keçmiş halına vә onda vüqua gәlәn asarü әlamata vә onun şimdiki pәrişan әhvalına işarә edici şerlәrdir ki, müәllifin qәlәmindәn südur etmişdir:

 

Qәrәz oldur ki, bizdәn qaib ixvanә ola әşar,

Fәramuşxanә Dağıstan diyarından neçә asar--       

Ki, bilsinlәr necә bunda olubdur naili-zәhmәt,

Qәriqi-bәhri-rәhmәt olmuş әbrarü ulul-әbsar.

Neçә әshabi-peyğәmbәr dәxi әtbai qılmışlar

Xәzәrdәn bu diyarı pakü çәkmişlәr cәfa bәsyar.

Necә almış Әbumüslim bu ölkә fatehi namin--      

Ki, ta mәhşәr olur adı duayi-xeyr ilә tәzkar.

Neçә şamxalü xanlar, usmiyü mәsumü qadilәr

Qılıblar xәlq içindә bunda, dini-hәqqi, istiqrar.

Neçә mәscidlәri mәmur ediblәr hәsbәtüllahi,

Neçә tәdrisxanә, xanәgahü qәlәni әmar.

Neçә yüz il idarә eylәmişlәr bu nәvahidә,

Vәli tәfsil ilә mәlum deyildir imdi ol rәftar.

Olub hami sәlatini-bәni-Abbas bunlarә--        

Ki, ta Teymurlәng etdi buları lәng bir miqdar.

Gәhi şahani-İran etdilәr bunda rәyasәtlәr,

Gәhi qıldı siyasәtlәr burada bir neçә xunkar.

Gәhi tarixi-hicrәtdәn zamani-qәrni-aşirdә

Açıldı lәzgilәr başı, cahanı qıldılar bizar.

Biri çәkdi qoşun Şirvanü Gәncә, Әrdәbil üstә,

Birisi cari Gürcüstanı qıldı xeylinә mizmar.

Gәhi çәkdi Krım sultanları bu canibә lәşkәr,

Gәhi avarә düşdü bu tәrәfdә firqeyi-tatar.

Gәhi tәcdidi-dinә oldu dai bunda Şeyx Mәnsur,

Gәhi Qazi Mәhәmmәd, gah Hәmzә etdi istikbar.

Gәhi Şamil әfәndi bunda qıldı hökmünü şamil,

Çıxardı hәr tәrәf әmr etsә bundan lәşkәri-cәrrar.

Bihәmdillәh düşüb hazırda növbәt dövlәti-Rusa,

Olubdur xәlq arasında әdalәt işlәrә meyar.

Açıldı әhli-Dağıstana kәsbi-elmin әbvabı,

Olubdur gәrmü rayic kәsbi-mala hәmçinin bazar.

Vә lakin lәzgilәr vaxtı edib tәzyi, yatmışlar

Tәğafül bәstәrindә, olmayırlar xabdәn bidar.

Demәzlәr barı indi biz dә insanıq bu alәmdә,

Edәk tәlim övladı ki, bilsinlәr nә yox, nә var.

Açılsın gözlәri alәmdә, görsünlәr nә lazımdır,

Hәm etsinlәr paroxodlar, dәmir yollar ilә әsfar.

Qalıbdır lәzgi qardaşlar fәnavü fәqr küncündә,

Sanasan bunlara göydәn yağar әrzaq ilә iftar.

Әgәrçi var bularda bәzi әhli-mәrifәt әşxas,

Olublar müqtәzayi-dәhrdәn agahü bәrxürdar.

Edәrlәr ehtimami-tәlim övladi xüsusunda,

Vәli bir neçә gül qılmaz belә sәhraları gülzar.

Gәrәk әyyami-istiqbalә etsinlәr dürüst himmәt,

Gәrәk fürsәt zamanın etmәsinlәr bad ilә imrar.

Mәsәldir: arifә bәsdir işarә, annamaz cahil,

Oxunsa üstünә Tövratü İncilü Zәbur tәkrar.

Gәrәk zәrә tәәhhüd iştidadi-hәbbәdәn әqdәm,

Gәrәk әşcar ola islah, ta saleh ola әsmar.

Xuda tövfiq versin qullәrinә himmәti-xeyrә,

Budur Mәmnun duası isticabәt eylәsin qәffar.

  

Cәnab Әlqәdarinin әbnayi-vәtәni olan lәzgi qardaşların pәrişan halına canü dildәn yanması bica deyil. Ümumәn, lәzgilәr zirәk, maddәli, qoçaq vә qabili-tәrbiyә bir tayfa olub da, belә elmü mәrifәtcә hamıdan geridә qalmaqları, yoxsulluq vә dilәnçilik halında yaşamaqları cümlәmizә gәrәkdir bir dәrәcәdә tәsir edib, qәlbimizi mәhzun vә mükәddәr qılsın vә onların tәrbiyәvü tәlimi yolunda cümlә әrbabi-bәsirәt vә sahibi-miknәtü mәrifәt gәrәkdir sәrfi-himmәt elәsin.

  

Ustadi-möhtәrәmimiz vә mürşidi-kamilimiz olan Mirzә Hәsәn әfәndi lütfü şәfәqqәt edib öz tәrcümeyi-hallarını iki sәnә bundan irәli nәzmәn tәrtib qılıb bәndәlәrinә göndәrmişdir. Әgәrçi ol cәnabın seyrü süluku fövqdә tәhrir olunubdur, amma bu mәnzumәni dәxi burada yazmağı münasib gördük. Çünki bu mövzun kәlamda müsәnnif hәzrәtlәrinin tәrcümeyi-hallarına dair bir para mәlumat tәfsilәn bәyan olunubdur:

 

 

BİSMİHİ SÜBHANӘHÜ VӘ TAALA

 

Bihәmdillәh, yetişdi sinnim islam içrә hәştadә--       

Ki, iman ilә varam rehlәti-üqbayә amadә.

Sual olsa, nә gördün, nә qazandın dari-dünyadә,

Nә xeyri eylәdin tәqdim ki, zadın olsun üxradә?

Cavabımdır ki, gördüm hәr nә, gördüm mәhz röyadә.

 

O röyanın budur bir müxtәsәr tәqrirü tibyani,

Uşaqlıqdan tutub tәhsil qıldım dәrsi-Qurani,

Әrəbcә әsli-dini elmi-sәrfü nәhvü mizani,

Әruzi, mәntiqi, elmi-bәyani, şәrhi-Fürqani,

Әhadis içrә bәzli-himmәt etdim elmi-isnadә.

 

Oxudum hikmәti, elmi-hesabi, elmi-heyati,

Üsuli-fiqh ilә fiqhi, hәm üstürlabi-miqati,

Zәbani-farsü türkiyә lәvazim istilahati,

Xülasә, xaki-Dağıstanda mümkün әdәbiyyati,

Atamın ehtimamı rәhbәrim oldu ol irşadә.

 

İyirmi üç sәnә ömrüm tәmamindә qәza qalib

Gәlib tәdbirimә, oldum bir özgә sәnәtә sahib--    

Ki, mәrhum Hacı Yusif xan mәni ikram ilә katib

Edib yanında qaldım altı il, oldum ona rağib,

Hәm övladına tәdris eylәdim elmi ol әsnadә.

 

Helә ki, oldu Dağıstanda xanlıq rütbәsi tәtil,

Açıldı bunda rus divanı, oldu zabitә tәbdil,

Bu divanda kitabәt xidmәtindә qalmışam üç il--        

Ki, ta qıldı qubernaturi-Dәrbәnd bәndәni tәhvil,

Niyabәt xidmәtinә qәryeyi-Yaraği-süfladә.

 

Bu naiblik ibarәtdir Tәbәsәranın әrzindә,

Cәmii әlli dörd kәnddәn on iki sal әrzindә

Dolandırdım oları müqtәzayi-әsri-fәrxündә,

Poruçik çininә çatdım ki, ğәrsәd inqirazında,

Dolandı çәrxi-kәcrov, özgә babәt oldum üftadә--

 

Ki, yәni ol sәnә rus etdi cәngin türk ilә elan,

Verildi әhli-Dağıstana әzmi-rәzminә fәrman,

Bu fәrmandan neçә kәnd әhli oldu sanki rugәrdan,

Cahandan bixәbәr lәzgilәr içrә bir neçә fәttan

Edib tәzvir, qılmışlar buları türkә dildadә.

 

Büruz etdi qәzavәt fikri tüfrakdan әlәlqәflә,

Qumuq әhli yetirdilәr kübari-dövlәti qәtlә,

Ol atәşdәn dağıldı yerbәyer әtrafına şölә,

Olub yari zәd Qarulu, Әşәbaşlı filcümlә,

Tәbәsәran, Axtı, Qübbә düşdülәr ifsadә.

 

Bәs etdi әsgәri-dövlәt oları fövr ilә tәfriq,

Neçә әyani darә çәkdi, qıldı evlәrin tәhriq,

Neçә әşxasi hәbs etdi, neçәsin eylәdi tәzyiq,

Vәli bir paralar haqqında әsla olmadı tәhqiq,

Süründülәr Saratova naxır tәk ahü veyladә.

 

O hәşrü nәşr arasında mәni hәm etdilәr mәhbus--         

Ki, guya ol zamanda xidmәtimdә zәf olub mәhsus,

Yarım il qәleyi-Dәrbәnd içindә qalmışam mәhrus,

Şikayәt eylәdim divanә versinlәr mәni, әfsus,

Qәbula keçmәdi әrzim, tәarüz[3] oldu Şuradә[4].

 

[3] Tәriz--manelik.

[4] Şura--Teymurxanşura şәhәrindәn ibarәtdir.

 

Vәziri-daxiliyyә hökmü oldu bir zaman tәrtib,

Olundum Tambova istitan[5] üçün tәğrib,[6]

Hәm әhli-beytimi cәbr ilә qıldılar mәnә tәznib,

Mürur etdi orada vәqtimiz üç il әlәttәqrib,

Zühura gәldi bir әmri-qәribi-xariqüladә.

 

[5] İstitan--vәtәn olunmaq, vәtәn etmәk.

[6] Tәğrib--vәtәnindәn qürbәtә göndәrilmәk, sürülmәk.

 

Cәnabi-imperaturi-zaman--İskәndәri-sani

Olub mәqtul, ta ki, oğlu oldu Rus sultani,

Bunun vәqti-cülusunda verildi әfv fәrmani,

Ümumәn әhli-Dağıstanә keçdi lütfi-rәbbani--        

Ki, divansız mәğarib qismi küllәn oldu azadә.

 

Rücu etdim oradan Kürrәyә әhlü әyalımla,

Mәaşım oldu kәndimdә müyәssәr mülkü malımla,

Hәzaran şükr ola pәrvәrdigara sidqü balımla[7],

Keçirdim bunda övqatı üluma iştiğalımla,

İyirmi iki il tәdris qıldım bu zәvayadә[8].

 

[7] Bal--xövf, qorxu.

[8] Zәvaya--zaviyә, guşә

 

Bu işdә ümdә mәqsudim oldur hәsbәtә lillah,

Olam nәşri-ülumi-din ilә әqranıma hәmrah,

Dәxi taliblәrim әyzәn olalar bәndәyә eşbah--         

Ki, bu minval ilә mәhfuz ola şәri-rәsulüllah,

Sәlat olsun ona al ilә tәslimati-müzdadә.

 

Bәli, övladıma sorsa, olur naqabili-tәqsim

Әsәrlәr kim, oları eylәdim mövquf bittәmim,

Yenә cüzi ziraәt әrzi-mәrci, nә zәrü nә sim,

"Vә ma min-daabbәtin illa"nı[9] qıldım onlara tәfhim,

Gәtirsinlәr halal kәsbi ilә mәnasını yadә.

 

[9] Vә ma min daabbәtin illa [vә ma min daabbәtin fil әrzi illa әlәl-lahi. rizquha....]--Yer üzündә elә bir canlı yoxdur ki, onun ruzusu allah yanında müәyyәn edilmәsin. Quranın "Hud" surәsinin 8-ci ayәsindәndir.

 

Dәxi etdim olara bu vәsiyyәt ki, qılıb zәbtin,

Ümur içrә müraat eylәsinlәr rahi-mövsutin,

Oxutsunlar uşaqlarına dinü mәrifәt şәrtin,

Әrәb hәm türkü rusü farsın әlsinәsin, xәttin,

Әzimәt eylәsinlәr zәri-әrzә dadü bәstadә.

 

Cәnabi-müstәtabi-hәzrәti-әllameyi-tәhrir

Firidun bәy, xuda qılsın onun mәtlubini teysir

Mәnә fәrmayiş etmişdi ki, onunçun edim tәhrir

Hәqirin sәrgüzәştin, ixtisar ilә budur tәqrir

Edib, göndәrdim anı dәәvat ilә ol ustadә.

 

Rәbiülaxirin nisfindә tarixi-sәnә "ğәşkәb"

Hәyati-müstәarım baqidir, amma budur mәtlәb--        

Ki, hәngami-vәfatımda olam iman ilә hәmlәb,

Lihaza eylәrәm mәnnanıma fәryad ruzü şәb--       

Ki, ya rәbbi, tәrәhhüm eylә bu Mәmnuni bizadә.

   

Kürә mahalının xanı general Әlhac Yusif xan 1295-ci[10] sәnәdә Dәrbәnd şәhәrindә vәfat edib, Qırxlar ziyarәtgahında mәdfun olunmuşdur. Necә ki, sabiqdә zikr olundu, cәnab Mirzә Hәsәn әfәndi o alişan xanın yanında altı sәnә qalıb, onun övladı tәlimü tәrbiyәsinә mәşğul olubdur.  

 

[10] 1878.

 

Bu zati-şәrif qayәtdә pәhrizkar vә taatü qәrabata mülazimü müttәqi vә dindar bir şәxs olduğundan, özünә artıq hörmәt vә mәhәbbәt qazanmışdı vә necә ki, Әlqәdari cәnabları öz kitabında yazıbdır, ol cәnabın otaqları daima mәdrәsә kimi tәlim vә tәәllümi-ülumü fünundan xali olmazdı vә bundan әlavә ol mәrhumun himmәt vә xәrci ilә Kürә nahiyәsindә çoxlu körpülәr tikilib, yollar qayrılıb vә mәscidü mәdrәsәlәr tәmir olunubdur. Öz ehsanatü xeyratı ilә külli-Dağıstanda şöhrәt kәsb edibdir.

 

Cәnab Mirzә Hәsәn әfәndi mәrhum xanın vәfatı ittifaqında atidә zikr olunmuş mәrsiyәni inşad qılıbdır ki, xeyli mәrğubü dilpәsәnd kәlamlardan birisidir:

 

Dәriğa, ahü vaveyla ki, alicah Yusif xan

Edib darül-bәqa әzmin, cahandan oldu rugәrdan.

Vücudi zinәti-Qafqaz idi, hәm әhli-islamә

Pәnahi-xas olmuşdu, olanda müztәrib dövran.

Qalıbdır indi başsız әhli-islam bu diyar içrә,

Sәzadır kim, ona matәm tuta mәcmui-Dağıstan.

Xudaya, mәrqәdi-pakın münәvvәr eylә lütfünlә,

Hәm әmsalın onun nәslindәn etmә hiç dәm nöqsan.

Xitami-şәhri-zilqәdә vәfatına olub tarix,

Keçәndә sali-hicrәtdә min iki yüz beşü doxsan.

Tutun, ey nazirin, ibrәt, әcәldәn olmayın qafil,

O mәrhumi duayi-xeyrdәn hәm etmәyin nisyan.

 

İki sәnә bundan müqәddәm sünni vә şiәmәzhәb idareyi-ruhaniyyәlәrin qәrardadlarını әsrimizin iqtizasına müvafiq vә tәğyirü tәbdil vermәk üçün Tiflisә cәm olan ülәmavü ürәfa silkindә hәqir dәxi olub, orada cәnabi-fәzilәtmәab Mirzә Hәsәn әfәndi Әlqәdari ilә bir azacıq vaxtda görüşüb tanış oldum. Bu zati-şәrif ziyadә xoşsima vә xoşxülq olduğuna binaәn, bir baxışda cümlәnin meylü mәhәbbәtini öz ağıllı gözlәri, güşadә vә nurani üzü ilә cәlb elәyir. Mirzә Hәsәn әfәndinin bu halda yetmiş iki sinni vardır. Yaşı nәzәrә çox gәlirsә dә, möhtәrәm әfәndinin bәdәni sağ vә salamatdır vә mәrhәmәti-ilahi ilә daha da çox yaşamasına ümidimiz vardır.