RӘSUL "DÜLGӘR"

 

 

 

 

Nuxa şairlәrindәn şair Rәsul İsmayıl oğlu Yuxarıbaş mәhәllәsindә sakin olurmuş. Şairin sәnәti dülgәrlik, bәnnalıq kimi memarlıq olubdur. Uşaqlıqda oxumaq-yazmaq tәlimindә olmayıb, ancaq sonradan özünün sәyü ehtimamı ilә bir qәdri savad kәsb edibdir. Bainhәmә şair Rәsulun savadı azmışsa da, tәbi rәvanmış vә lakin fünuni-şeriyyәdәn çәndan ittilaatı olmadığına görә, bir para şerlәrinin bәhrü vәzni dürüst gәlmir.

 

Şair Rәsul vәfat edibdir 63 sinnindә 1305-ci tarixi-hicriyyәdә zilqәdә ayında[1].

 

[1] 1888

 

Әsәrlәri çoxsa da, pәrişan vә övraqdır. Dostlarından usta Hüseyn nuxalıya onun tәrki-vәtәn olub, qövm-әqrәbanı yaddan çıxarmağı vә İlisuda üçüncü dәfә tәәhhül etmәyi barәsindә yazır:

 

Әya pirim, sizә mәndәn sәlami-bişümar olsun,

Cahanda ömrüm әl verdikcә hәr leylü nahar olsun.

 

Cünuni-hәsrәtәm, әfv et, gәr olsa sәhv әrzimdә,

Cünuni әfv edib rәhman ki, tәklifdәn kәnar olsun.

 

Yoxumdur sәbrü aramım, qәrarım qalmayıb әsla,

Fәraqın qoymayır bir lәhzә şüğlüm kәsbi-kar olsun.

 

Salıbsan bizlәri gözdәn, bu var: üz döndü, göz döndü,

Mәhәbbәt qәlbdә müzmәr, nә mümkün var kәnar olsun.

 

Nәdir bais ki, tәrk etdin bu qәdri sileyi-rәhmi,

Nә vәqtә kimi, bimürvәt, bu mәxluq intizar olsun?!

 

Әgәr cahil tuta hәr fel, ona yox eyb, cahildir,

Zәrurәtdir ki, kamillәrdә qәdrincә vüqar olsun.

 

Gәlәndә mövcә dәrya xatirin sal qәtrәni yadә,

Yazıb mәtlәb nә var, әmr et, hәqirә iftixar olsun.

 

Nәzәr ilә tәfәkkür qıl bahari-alәmaranı,

Xudayi-külli-әşyanın kәmali aşikar olsun.

 

Edibdir mürdәni әhya bu dәmdә xaliqi-yekta,

Qılıbdır qüdrәtin zahir ki, alәm mәrğzar olsun.

 

Edәr mürği-sәhәr әfğan, salıb gülşәn ara mәskәn,

Canından әl çәkib pәrvanәlәr şәmә düçar olsun.

 

Şükufә gunәgun açmış, hәrә bir növ zikr eylәr,

Çәkәrmi qәm olan aqil belә pәrvәrdigar olsun?!

 

Әbәsdir qullara etmәk olan batil xәyalatı,

Müqәddәrdir әzәl gündәn qәdәrdә hәr nә var olsun.

 

Hәrә öz rәyin eylәrsә, görәk dünya dolanırmı,

Gedәrmi kәsbinә hәr qul әlindә ixtiyar olsun?!

 

Nizami-sәltәnәt daim sürәr sultan nizamilә,

Nizamın hәr biri istәr ki, şahi-tacdar olsun.

 

Yetәr mәtlubinә әlan tutan ümmid rәzzaqә,

Qalan mәhrum o kәsdir kәsbinә ümmidvar olsun.

 

Yapışsan hәqqә sidq ilә sәni dünya arar kәndi,

Bu növdür xasiyәt dünyaya harisdәn fәrar olsun.

 

Bәsi әslәhdi, dәrviş ol, kilim altında rahәt yat,

Nelәrsәn padşahlıq kim, sәnә bu dünya dar olsun?!

 

Nizami-alәmi düzmüş xuda elmin qılır izhar,

Nә növ olsa, sәlahidir, qulun kasib-kübar olsun.

 

Nә görsә gözlәr alәmdә, tamami cifә dünyadır,

Çalış min gündә sәn cәm et, o, bir gün tarümar olsun.

 

Keçirmә fürsәti, zinәt ver ol baqi olan mülkә,

Pәşiman olmaz alәmlәr ki, bir kәs mülkәdar olsun.

 

Fәna mülki ziraәtdir, hәdis var dari-üqbayә,

Ötәr vәqti, әlә gәlmәz, onu qoyma sәvar olsun!

 

Müsәlmanlıq ibarәtdir, yәqin dünyadә qeyrәtdәn,

Müsәlmanda gәrәk qeyrәt, gәrәk namusü ar olsun.

 

Xәtadır işlәdib üsyan, qәzayә eylәmәk isnad,

Deyil hökmi-әzәl bir şey onu quldan sorar olsun.

 

Özün qul nәfsinә, nәfsi sәnә qul etmә, ey şahim,

Hәvada şahbaz oynar ki, ol yerdә şikar olsun.

 

Rәsuli-hәq buyurmuş kәndinә xud nәfsini düşmәn,

Vәli mәmur odur onda bu qövlә etibar olsun.

 

Neçün gümrah edirsәn izdivacә meyl edib şәb-ruz,

Zәif et nәfsini ol qәdr ona fәhmin hәsar olsun.

 

Әgәr mәqsudin övladdır, onu hәqq әmr edib fitnә,

Hanı saleh ki, yüz eybin birinә pәrdәdar olsun?!

 

Sәnә tәn etmәrәm, alma iki üz, nәfsinә zülm et,

Bacarsan әdlü ehsanı, nәdir eybi, çahar olsun!

 

"Ribaә" ayәsi hәqdirü in "xiftüm" ağır yükdür,

Birini sәrbülәnd etmә, birini qoyma xar olsun!

 

Cavabın söylә, bax, fikr et, hesab eylә bir ayәtdir,

O dәvayә nәdir üzrün ki, hökmi-kirdigar olsun.

 

Әgәr hal әhlisәn, al әhli-hali, xoş keçir övqat,

Gül ilә hәmnişin ol ki, zimistanın bahar olsun.

 

Şair Dülgәr dostuna yazdığı bu mәktubunda bir neçә rәyü etiqadlar izhar qılır ki, bir tәk şair o etiqadü әqidәdә olmayıb, bәlkә müsәlman qardaşların әksәri haman rәyü etiqadlara şәrikdirlәr. Amma hәqiqәti-halda bu etiqadlardır bizim ağlımızı, huş vә diqqәtimizi pәrdәlәyib qaranlıqda saxlayan. Әqlü fәrasәt haqq-taalanın öz bәndәsinә verdiyi әn ali vә gözәl nemәtlәrdir ki, insan onların vasitәsilә sair mәxluqat vә heyvanatın әfzәli vә әşrәfi olubdur. Hәr şәxs gәrәkdir bu gözәl nemәtin qәdrini bilib onunla şәrafәtlәnsin. Özgә ağıl ilә, özgә tәdbir ilә dolanan, öz ağlını unudub, öz fәhmü dәrrakәsini yatızdırıb qeyrilәrә tәqlid edәn, müridbazlıqda ömrünü zay edәn kәs hәmişә fәlakәtdә vә zillәtdә olacaqdır. Amma müsәlman ruhanilәri vә onlar ilә müttәfiq müsәlman әdib vә fazillәri mәqamında olan ağayi-möhtәrәmin çoxu bu әqidәdәdir ki, adam öz әqli-qasiri ilә iş görsә, axırda peşmanlıq çәkәr. Bәs lazımdır ki, öz rәyincә iş görmәyib qeyrilәrin buyurmağına qulaq asasan vә әmrinә tabe olasan. Ona binaәn şair Rәsul söylәdiyi sözlәr:

 

Hәrә öz rәyin eylәrsә, görәk dünya dolanırmı,

Gedәrmi kәsbinә bir qul, әlindә ixtiyar olsun--

 

--tәk onun qövlü fikri olmayıb, bәlkә ümum müsәlmanların rәyü fikridir. Çünki doğrudan da müsәlmanların çoxu bu әqidәdәdir ki, hürriyyәt vә azәdәlik ancaq fәsad vә inqilab törәdici[dir]. Onların sayәsindә rahәt mәişәt elәmәk qeyri-mümkündür.

 

Avama hürriyyәt verilsә, o öz bildiyini elәyәcәkdir vә belә olan surәtdә bir kәs onun xәtasından vә bәlasından eymәn vә fariq qalmayacaqdır. Bәs, bu xәtalardan vә fәsadlardan salamat qalmaq üçün nә lazım gәlibdir hәr kәs öz әqlü rәyini işlәtsin, ağıllılarımız vә işbilәnlәrimiz hәr nә buyursalar, sairlәri dә onların әmrinә müti olsunlar vә onlar göstәrdiyi yol ilә getsinlәr. Bir yana baxsan, bu, yaxşı mәslәhәtdir. Amma iş budur ki, ağıllılarımız vә işbilәnlәrimiz hәmişә avamın xeyrini mülahizә elәmir, onun nәfinә çalışmır, bәlkә onların әksәr övqat fikrü xәyalları budur ki, avamı avamlıqda saxlayıb, onların avamlığı vә qanmazlığı sayәsindә özlәri kәmali-rifahәt vә sәadәt ilә güzәran etsinlәr. Vә bir dә biz müsәlmanlar nә vaxta kimi avamlıq halında qalacağıq vә nә zamana kimi özümüzü qoyun sürüsünә müşabeh edәcәyik?

 

Hәr şeydәn әvvәl bizә lazım olan elm vә bilikdir. Elm vә kamalsız bizim tәrәqqimiz qeyri-mümkündür. Elm vә kamalımız olsa, öz başımız ilә iş görmәyә müqtәdir ola bilәrik, o halda bizә qәyyum dәxi lazım olmaz. Onda qoyunluq halından çıxıb çobansız da başımızı dolandıra bilәrik, onda hürriyyәtin dә sәmәri acı olmaz. Vә bir kәsin qeyrisinә xeyirdәn başqa zәrәri olmaz. Hәr bir şәxsin zәhmәti tәklikdә özünә nәf gәtirәn kimi, ümum nassә dә onun xeyiri  yetişәr.

 

Sonra şair Rәsul hamımızın dilindәn söylәyir ki, xudayi-müttәala ki, rәzzaqül-alәmindir, ümid bağlamaq lazımdır. Sidqi-dil ilә haqqa ümid olunsa, bәndә ac vә susuz qalmaz vә öz arzusuna yetişәr. Mәhrum qalan ancaq ümidsizlәr olubdur. Sidq ilә haqqa yapışsan, hәr niyyәtin hasil olunacaqdır. Dünyanın dalısınca düşüb onu aramaq әbәsdir.

 

Bu ümumi bir qaydadır: hәr kәs bir şeyi şövq ilә axtarsa, bir şeyә bәrk hәris olsa, o şey ondan fәrar edәcәkdir vә bir dә cәmi dünyanı gәşt elәsәn, onda qәdәrdәn qeyri bir şey bulmazsan. Ona görә huşyar adamlar daim qәzaya razıdırlar. Necә ki, şair bu mәtlәblәri nәzmә çәkibdir:

 

Yetәr mәtlubinә әlan tutan ümmid rәzzaqә,

Qalan mәhrum o kәsdir kәsbinә ümmidvar olsun.

 

Yapışsan [hәqqә] sidq ilә sәni dünya arar kәndi,

Bu növdür xasiyәt dünyayә harisdәn fәrar olsun.

 

Dolansan cәmi dünyanı qәdirdәn qeyri bir şey yox,

Qәzayә razıdır ol kәs ki, daim huşyar olsun.

 

Әlbәttә, rәzzağa ümid bağlamaq hәr bir cәhәtdәn yaxşıdır. Mәsәldir ki: "Ümidsiz düşmәnin olsun". Ümid olmayan yerdә insanın zindәganlığı nәyә lazımdır? İş ümid ilәdir, ümidә bağlıdır. Ümidsiz kim bir işә şüru edә bilәr? Ümid işin ruhudur. Amma söz buradadır ki, ümidә yetişmәk üçün, onun sәmәrini dadmaq üçün sәy vә zәhmәt lazımdır. Zәhmәtsiz murad vә mәtlәbә yetişmәk mümkün deyil, mümkün olsa da, zәhmәtsiz hasil olan muradın meyvәsi bir o qәdәr lәzzәtli vә şirin olmur. Necә ki, zәhmәt ilә yetişәn meyvәnin dadı lәzzәtli olur. Haqq özü dәxi ona ümid bağlayanı dost tutur, bәşәrti ki, ümid bağlayan şәxs әl-ayağını boşaldıb böyrü üstә yatmaya ki, "allah yetirәcәkdir" ki, "allahdan buyuruq, ağzıma quyruq", bәşәrti ki, ümid bağlayan şәxs alnının tәrini silә-silә zәhmәt çәkә vә haqqdan naümid olmaya. Atalar haqqın dilindәn deyiblәr: "Sәndәn hәrәkәt, mәndәn bәrәkәt". Hәrәkәtsiz bәrәkәt hәrgiz müyәssәr olmaz vә Dülgәrin bu barәdә qövlü batildir ki:

 

Qalan mәhrum o kәsdir kәsbinә ümmidvar olsun....

 

Kәsbinә ümmidvar olan, yәni zәhmәt çәkәn adam heç vaxt mәhrum qalmaz. Bu şәrt ilә ki, onun kәsbi halal olsun. Çün halal kәsb özü ibadәtdәndir. O ki, qaldı "qәzaya riza vermәk", bu xüsusda bizim dә rәyimiz budur ki, qәzaya lazımdır razı olmaq. Yәni insanın, başına qәzadan bir iş gәlsә, artıq cәza-fәza etmәmәk. Çünki ağlamaq vә ah-zar etmәk ilә vüqua gәlәn bәlavü müsibәti rәf etmәk olmaz vә lakin insan öz mәişәtini düzәldib arastә qalmasa vә boş-bikar oturub "hәr nә müqәddәrdir, o olacaqdır"--deyib bir şüğlü kәsb dalınca getmәsә, gün-gündәn pozğun vә pәrişan hala düçar olacaqdır vә öz pәrişan halını qәzavü qәdәrә hәml elәmәyin (bu әqidә eyni-batil әqidәdir) nәticәsi axırda fәqirlik vә dәrvişlikdir ki, onu şair bu başdan tövsiyә edir ki, dünyanın qilü qalına düşüb başını ağrıtma, dәrvişsifәt bir növ beş günlük ömrünü başa yetir:

 

Bәsi әslәhdi, dәrviş ol, kilim altında rahәt yat,

Nelәrsәn padşahlıq kim, sәnә bu dünya dar olsun?!

 

Keçirmә fürsәti, zinәt ver ol baqi olan mülkә,

Peşiman olmaz alәmlәr ki, bir kәs mülkәdar olsun.

 

Şair Rәsul bu kәlamı ümum müsәlmanların dünyaya vә insana vә insanın nә növ bu fani dünyada güzәran etmәsinә hankı nöqteyi-nәzәr ilә baxmağını ifadә etmәklә bizim nәzәrimizdә әhәmiyyәtlidir. Kәlamın axırında izdivac mәsәlәsi barәsindә dәxi bir neçә şerlәr deyibdir. O mәtlәbin nә dәrәcәdә haqq vә batil olmasını oxucuların öz nәzәri-tәnqidlәrinә vagüzar edirik.

 

Әyzәn kәlami-Dülgәr:

 

Eşq әhli olan tariki-dünya gәrәk olsun,

Alsın nәzәrә mәtlәbi-mövla gәrәk olsun.

 

Yüz gәz kәsilә әrrә ilә heç demәsin uf,

Taqәtdә misali-Zәkәriyya gәrәk olsun.

 

Eşq atәşini eylәyibәn sinәyә müzmәr,

Yusif deyәsәn misli-Züleyxa gәrәk olsun.

 

Hәr Qeys olub sidq ilә Leylanı sevәn kәs

Mәcnun kimi sәrgәşteyi-sәhra gәrәk olsun.

 

Tök, zahidә ver dürdünü, ey saqi, şәrabın,

Üşşaqlәrә badә mühәyya gәrәk olsun.

 

Zahid nә bilir mey nәdi, meyxanә nә yerdir,

Bu rahә gedәn aqilü dana gәrәk olsun.

 

Dülgәr, tut әlin rahi-şәriәtdәn, usanma,

Sail әlinә mötәbәr әsa gәrәk olsun.