XURŞİDBANU "NATӘVAN"

 

 

 

 

Qarabağ mahalı, şәhri-Şişә Qafqaz qitәsinin Şirazı mәnzәlәsindә olduğu cәhәtә, onun torpağı ab-havası hәr qisim әhli-kәmal sahibi-elmü hünәr xüsusәn xoştәb şirinzәban әdiblәr şairlәr yetirib ki, cümlәsini zikr etmәklә qurtarmaz.

 

Bәlkә hәr әhli-savad böyük әdiblәrә peyrәvilik edib, şüәralıq iddiasına düşübdür dәrәceyi-tәblәrinә görә şerü qәzәl yazıbdır. Fünuni-şerә o qәdәr meylü rәğbәtlәri olub ki, çox vaxt irsal-mәrsullarını da nәzm ilә yazıblar Qarabağın ünas әhli dәxi şer demәklә öz qüvvәlәrini sınayıb imtahan ediblәr bu yolda çox şairәlәr zühur edibdir. Onlardan mәşhur olanları Aşıq Pәri Maralyani idi. Sabiqdә onun barәsindә mümkün olan qәdәri mәlumat verildi. Aşıq Pәridәn sonra cәnab Xurşidbanu bәyim "Natәvan" tәxәllüs Fatimә xanım "Kәminә" tәxәllüs olublar.

 

Cәnabi-meymәnәtmәab mәlәkeyi-müәzzәmeyi-әliyyeyi-mükәrrәmә Xurşidbanu bәyim qüfranpәnah Mehdiqulu xanın qızı İbrahimxәlil xan Cavanşirin nәvәsidir. Tәvәllüd edibdir tarixi-hicrinin 1253-cü sәnәsindә cәmadiyül-әvvәl ayının 15-ci günündә[1]. 1315-ci[2] tarixdә Şuşa qalasında daiyi-rәbbaniyә lәbbeyk deyib, bu dari-fәnadan alәmi-bәqaya rehlәt buyurublar.

 

[1] 17 avqust 1837. Son tәdqiqatda Xurşidbanu Natәvanın tәvәllüd tarixi 1830-cu il göstәrilir.

[2] 1897.

 

Mәrhumeyi-mәğfurә validi-әmcәdinin vәfatından sonra atasının yerindә әylәşib, bir müddәt artıq tәntәnә ilә atası kimi cәmi Qarabağa xanlıq elәdi. Әvvәlcә Dağıstan nücәbalarından knyaz Xasay cәnablarına әrә gedib ondan iki nәfәr övladı olubdur: biri Mehdiqulu xan sani biri Xanbikә ki, Naxçıvan xanlarından İsmayıl xanın oğlu Aman xana verilmişdi.

 

Xasay xanın vәfatından sonra Xurşid bәyim Qarabağın nәcib seyidlәrindәn Ağaseyid Hüseynә әqdi-nikah etdirib ondan dәxi neçә nәfәr oğlan qız övladları olubdur.

 

Seyid Hüseyn hәzrәtlәrinin hali-hәyatında onun tәdbir sәlahdidi ilә xeyli ehsanatlar edib ki, әzancümlә Xurşidbikә cәnablarının asari-cәmilәlәrindәn birisi Şuşa qalasına әtraf bulaqlardan külli xәrclәr töküb su çıxartmaq olubdur bu xeyir ittifaq düşübdür 1290-[3] sәnәlәrdә. Heyfa ki, Seyid Hüseynin vәfatından sonra xanlıq işlәrinә sәrkeşlik nәzarәt edәn olmayıb, xanlığın irәliki övzavü dәstgahı pozulmağa üz qoydu.

 

[3] 1873. Son tәdqiqatda bu tarix 1872-ci il göstәrilir.  

 

Ol vaxtlarda cavan Mehdiqulu xan rus qulluğunda olurdu vә bir dә ol cәnab alitәb bir vücud olduğundan çәndan dünya ümuratü sәlahına mәhәlgüzar olmazdı vә hübbi-cahü riyasәt onun tәbiәtinә müqayir olduğuna görә, övqatını Tiflisdә vә sair qәrib şәhәrlәrdә, vilayәtlәrdә keçirәrdi.

 

Xurşidbanu bәyim dәxi müsinn bir hala çatmışdı ki, әmlak işlәrinә nәzarәt etmәyә qüdrәti yox idi vә tamami mülkü dövlәti hәris vә tamahkar darğa vә vәkillәrin ixtiyarında qalıb, az vaxtdan sonra sabiqdә cahü cәlal vә malü dövlәtdәn ağır borclardan başqa bir әsә nişanә qalmadı.

 

Xurşidbanu elmü mәrifәt sahibәsi olmağa [görә], әksәri-övqatı ürәfa, şüәra vә üdәba dairәsindә keçirәrdi. Şer vә qәzәli sevib, özü dәxi gözәl vә zәrif tәb sahibәsi idi.

 

Mәrhum Qasım bәy Zakir vә sonralardan Abdulla bәy Asi vә onun müasirlәri vә xüsusәn hali-hәyatda olan Mirzә Rәhim Fәna cәnabları ol gövhәri-pakın iltifatü inayәtlәri sayәsindә tәblәrinә vüsәtü qüvvәt verdilәr.

 

Xurşidbanunun kәlamlarından nümunә. Öz fәrzәndi-әzizi Mehdiqulu xanın müfariqәtindә deyibdir:

 

Varımdı sinәdә dәrdü qәmi-nihan, ölürәm,

Fәda olum sәnә, gәl eylә imtәhan, ölürәm.

 

Fәraqdәn gecәlәr yatmaram sәbahә kimi,

Xәyali-zülfünә bağlı gedibdi can, ölürәm.

 

Bahari-hüsnün ara gör necә xәzanәm mәn,

Bahar qönçәsi tәk bağrım oldu qan, ölürәm.

 

Vәrәq-vәrәq dilü can hicrin ilә odlaşdı,

Misali-gәncәfә sәd parә oldu can, ölürәm.

 

O xaki-payini mәn aşiyan etmiş idim,

Vәtәndәn ayrı düşüb indi lamәkan ölürәm.

 

Dedin ki, çәk әlini damәnimdәn, әl çәkdim,

Tәrәhhüm eylәmәdin axır, ey cavan, ölürәm.

 

Fәda o qamәtinә kim, qәza nә xoş çәkmiş,

Qәdr büküb belimi, eylәyib kәman, ölürәm.

 

Fәraqdәn tükәnib tabü taqәtim, billah,

Vüsalә yetmәz әlim, zarü Natәvan ölürәm.

 

Әyzәn qәzәli-Xurşid bәyim düxtәri-Mehdiqulu xan Qarabaği:

 

Olmuşam dәhri-bәla içrә bu gün divanә mәn,

Varmadım meyxanәyә, sındırmadım peymanә mәn.

 

Әhdlәrdәn keçmәdim, peymanәlәr sındırmadım,

Lacәrәm bimehrlәr tәk olmuşam әfsanә mәn.

 

Tәrki-gülzar etmişәm bülbül kimi mәn, ey rәqib,

Aqibәt bir guşә içrә gәlmişәm әfğanә mәn.

 

Eşqi-ruxsarında bir dәm vәsl ilә şad olmadım,

Hәr tәrәf seyr eylәdim, düşdüm әcәb hicranә mәn.

 

Qәm yükün çәkmәkdәn, ey dil, bir dәm azad olmadım,

Hәrçi cәhd etdim, nә hasil, yetmәdim cananә mәn.

 

Duş gördüm kim, gәlibәn külbeyi-әhzanıma,

Ol zaman nәzr eylәdim canü dilim qurbanә mәn.

 

Yoxü varımdan qalan ancaq mәnim bir can idi,

Natәvan, daxi nedim, sәrf eylәyim mehmanә mәn.

 

Görmәyim düşvardır, billah, sәni mәn, ey rәqib,

Zülfә bağlı qoy gedim axır düşüm zindanә mәn.

 

Dövrü dönmüş dövr dövran etmәdi kamımca, ah,

Düşmәnimdir, bilmәzәm kim, netmişәm dövranә.

 

Әyzәn qәzәli-Xurşidbanu bәyim:

 

Dilbәra, dәrdi-dilimdәn belә ünvan etdim--     

Ki, qәmi-hicrdә dil mülkünü viran etdim.

 

Mümkün olmaz mәnә vәslin bilirәm hәşrә kimi,

Ol sәbәb mәskәnimi kuhü biyaban etdim.

 

Eşq sultanı mәnim qәtlimә fәrman gәtirib,

Etmәdim tәrki-vәfa, taәti-fәrman etdim.

 

Sәri-kuyindә qoyub başımı bir uf demәdim,

Sәri-sidq ilә dilü canımı fәrman etdim.

 

Yoxdu bir kimsә mәgәr dәrdimi bilsin, ya rәb--        

Ki, mәn öz qanım ilә dәrdimә dәrman etdim.

 

Dәrdi-hicrindә gözüm yaşı tutub dünyanı,

Nuh tufanı kimi gör ki, nә tufan etdim.

 

Natәvan, etmәdi ol sәngdilә nalәm әsәr,

Gecә-gündüz bu qәdәr nalәәfğan etdim.

 

Әyzәn qәzәli-Xurşidbanu bәyim:

 

Rәqib töhmәti etdi mәni cüda, ey dust,

Bu zülmü gördü rәva, görmә sәn rәva, ey dust!

 

Әgәr ki, tiğ çәkib öz әlinlә öldürsәn,

Deyil cәfa bu mәnә, bilmәzәm cәfa, ey dust!

 

Kәnardәn baxaram mәn hәqir hәsrәt ilә,

Bu, yaxşı şivә deyil, olma bivәfa, ey dust!

 

Sәnin bu hüsnünә layiq heyf ki, әhdin yox,

Nә qәdәr sәy elәdim, tapmadım dәva, ey dust!

 

Bәli, bu hicrin ilә mәn hәmişә xoşhalәm,

Görәk ki, neylәyәcәk axırı qәza, ey dust!

 

Rәqibә xoşdu hәmişә mәni kәnar etsin,

Fәda o himmәtinә, olasan riza, ey dust!

 

Çağırram allahı mәn hali-Natәvan ilә,

Mәgәr ki, tez verә hәq düşmәnә cәza, ey dust!

 

Bu iki beytlәr dәxi ol cәnabın kәlamıdır:

 

Әgәrçi xoşdu mәnә әtri, hәm sәfası gülün,

Cәfası çoxdu, nә hasil ki, yox vәfası gülün.

 

Cәfayi-xarı görüb köçdü bağdәn bülbül,

Görәn kim oldu bu gülşәndә aşinası gülün?!

 

Qasım bәy Zakir Xurşidbanu bәyimin әyyami-mәrәzindә ona yazdığı xeyir-duadan belә mәlum olur ki, ol vaxtı ismәtmәab Xurşidbanunun bir müddәt övladı olmayıbdır vә bu barәdә ol nәcibә qәmü xiffәt edib, övlad ümidi ilә özünә bir para müalicәlәr etdiribdir vә xәstә olubdur. Zakirin atidә dәrc olunan qafiyәlәri bu hala aşikarәn dәlalәt elәyir:

 

Sipehri-bәrinin hilalı sәnsәn,

Şәrafәtdә mәlәk misalı sәnsәn,

Gülşәni-Xәlilin nihalı sәnsәn,

Barvәr istәrәm xudadәn sәni.

 

Mәsihi çıxardan әrşi-әlayә,

Salan üftadәlәr başına sayә,

Yetmişdә İshaqı verәn Sarayә

Qurtarsın bu rәncü inadәn sәni.

 

Mәrhum Mirzә Fәtәli Axundov dәxi bu barәdә Zakirә yazdığı mәktubdan aşikarәn mәlum olur ki, Xurşidbanu bәyim övlad ucundan bәstәri-möhnәtdә bir müddәt rәncü tәәb çәkibdir. Mirzә Fәtәli Zakirә belә yazıbdır:

 

Rәvadırmı çәkә bixürdü bixab

Bәstәri-möhnәtdә bu qәdәr әzab?!

Duayi-xeyrinә eylәyin şitab

Siz mәnim kimi hәr leylü nәhar.

 

Belә pәriruyin, heç sәni tarı,

Rәvadırmı qәmdәn sola üzarı,

Hәm xәlәfdәn xali ola kәnarı?

Olsun ona mövlam yavәrü qәmxar....

 

Mirzә Fәtәli Axundovun Zakirә yazdığı bu mәktubu öz mәqamında tamamәn zikr olunacaqdır. Haman bu mәktub yazılıbdır mәhәrrәmül-hәramın ibtidasında 1271-ci[4] tarixdә ki, haman vaxta mәrhumeyi-mәğfurә Xurşidbanunun xәstә naçaq olmağı ittifaq düşübdür. Mәrhum Cәfәrqulu xanın tәsnifi olan bu beyt Xurşidbanu bәyimin möhüründә hәkk olunmuşdu:

 

Neşinәd ba mәlәk zanubezanu,

Kәnize-Fateme Xurşidbanu[5].

 

[4] 1854.

[5] Tәrcümәsi:

Fatimәnin kәnizi Xurşidbanu

Mәlәklә diz-dizә әylәşir.