DӘLI YIĞINCAĞI

 

 

 

 

Komediya 5 mәclisdә

 

 

M Ә C L I S   A D A M L A R I

 

1. H ә z r ә t  Ә ş r ә f -- hakim, 55 yaşında.

2. H a c ı  N a y i b-- (hakimin müavini), 45 yaşında.   

3. H a c ı  M ә h ә m m ә d ә l i   f ә r ş f ü r u ş -- dövlәtli  tacir,  50 yaşında.

4. H a c ı   X u d a v e r d i   Ş ü r ә k a --dövlәtli tacir, 50 yaşında.

5. H a c ı  C ә f ә r  K o m p a n i-- dövlәtli tacir, 50 yaşında.

6. D o k t o r   L a l b y u z-- (hәmişә gözündә eynәk), 55 yaşında.

7. F ә r r a ş  Ş i m r ә l i --30 yaşında.

8. F a z i l   M ә h ә m m ә d   i b n  Y ә q u b   K ü l e y n i --45 yaşında.

9. M ә ş ә d i   Z e y n ә b -- onun övrәti, 30 yaşında.

10. D ә l i  M o l l a  A b b a s  i b n  Y ә q u b -- Fazilin qardaşı, vaiz, mәrsiyәxan, yaxşı sәs sahibi, saqqalı vә başı ağarmış, 60 yaşında (Dәlilikdә meyli şadlığadır).

11. P ı r p ı z  S o n a -- dәli. Gah şad, gah qәmli. Molla Abbasın arvadı, gözәl saçları  dağınıq, 35 yaşında.

12. F a r m a s y o n   R ü s t ә m -- dәli, 40 yaşında (meyli şadlığadır).

13. S ә r s ә m   H e y d ә r -- dәli, 35 yaşında (meyli şadlığadır)

14.  H ә m z a d   Q u r b a n --dәli, 25 yaşında (meyli  qәmginliyәdir).

15.  C i n n i  M u s t a f a --dәli, 40 yaşında (hәmişә acıqlı).

16. H a c ı  B a ğ d a d--Farmasyon Rüstәmin qardaşı, 45 yaşında.

17.  K ә r b ә l a y ı  T ü r b ә t -- sәrsәm Heydәrin qardaşı, 40 yaşında.

18.  M ә k k ә  M ә h ә m m ә d -- Hәmzad Qurbanın qardaşı, 40 yaşında.

19. Ü m m i  G ü l s ü m -- Farmasyon Rüstәmin arvadı, üzü örtülü, tumanı dizdәn, qıçları açıq, 35 yaşında.

20. S ә k i n ә -- Hәmzad  Qurbanın  arvadı, üzü örtülü, tumanı dizdәn, qıçları açıq, 22 yaşında.

21. Ә m i n ә --Sәrsәm Heydәrin arvadı, üzü örtülü, tumanı dizdәn, qıçları açıq, 30 yaşında.

22. Ç a v u ş  Ә l ә l f ә l a h -- 35 yaşında.

23. B i r  k i ş i ,  o ğ l u  i l ә  b ә r a b ә r.

 

Bunlardan savayı çox camaat.

 

Cәmi mömünlәr ki, burada iştirak edirdilәr, hamısı әli tәsbehli vә dodaqları dua vird edir; mәsәla: "sübhanallah, sübhanallah"....

 

 

 

 

BIRINCI  MӘCLIS

 

 

Birinci mәclis vaqe olur şәhәrin hakimi H ә z r ә t  Ә ş r ә f i n   idarәsindә. Yuxarı başda sandalya üstә әylәşib Hәzrәt Әşrәf, yanında durub müavini  H a c ı  N a y i b. Bir tәrәfdә sandalya üstә әylәşib  d o k t o r   L a l b y u z, qabağında kürsü üstә kağız-küğuza baxır. Kәnarda әylәşiblәr şәhәrin mötәbәr tacirlәri: H a c ı  M ә h ә m m ә d ә l i  fәrşfuruş, H a cı   X u d a v e r d i  Ş ü r ә k a,  H a c ı  C ә f ә r  K o m p a n i. Qapının yanında durub fәrraş  Ş i m r ә l i.  H ә z r ә t   Ә ş r ә f   H a c ı  N a y i b ә  qanılmayan dildә yavaş-yavaş bir söz deyir.

 

H a c ı  N a y i b  (üzü camaata). Hacılar, burada bir vacib mәsәlә var ki, ondan ötәri dә Hәzrәt Әşrәf sizi buraya dәvәt edib; amma and verirәm sizi uzun qollu Hәzrәt Abbasa, burada, әgәr mümkünsә türkcә danışmayaq, çünki Hәzrәt Әşrәfin mәnә qeyzi tutur.

H a c ı  C ә f ә r  K o m p a n i  (Hacı Nayibә).  Hacı ağa, and verirәm sәni pәnctәni-ali-әbayә, bu dәfәliyә bizi әfv buyurunuz vә mәtlәbi

bizim dildә bәyan ediniz ki, başa düşәk: çünki mәcә dә ki, sizә mәlumdur. Hәzrәt  Әşrәf fәrmayiş etdiklәri dilә biz heç birimiz aşina deyilik. (Qorxusundan bir qәdәr yavaş deyir). Doğrusu, Hacı ağa, peyğәmbәrә and olsun, Hәzrәt Әşrәfin dilini biz başa düşmürük. Bәs buna

görә biz әhd edirik ki, Hәzrәt Әşrәfin xidmәtindә bundan sonra heç danışmayaq, heç danışmayaq. (Sağ әlini basır ağzına).

H a c ı M ә h ә m m ә d ә l i. Heç danışmayaq, heç danışmayaq. (Bu da әlini ağzına basır).

H a c ı X u d a v e r d i. Heç danışmayaq, heç danışmayaq. (Bu da sağ әlini ağzına basır).

 

Hacı Naib Hәzrәt Әşrәf tәrәfә әyilib ona yavaşca bir söz deyir vә o da buna yavaşca bir neçә söz deyir. Hәzrәt Әşrәf durub gedir içәri

otağa, sonra Hacı Nayib üzünü tutur hacılara.

 

H a c ı  N a y i b. Hacılar, әhvalat bu qәrar ilәdir ki, hәr bir hakimin birinci vәzifәsi mәmlәkәtin abad vә әhalinin istirahәt vә sәadәtidir. Vә Hәzrәt Әşrәfin amalı vә arzusu, bu mәmlәkәtә tәşrif gәtirәndәn indiyәdәk hәmişә bu yolda olubdur. Buna da allah-tәala özü şahiddir;

bu da ki, әzhәr minәş-şәmsdir. Hәmin bu cәnab (doktora işarә edir) ki, ismi şәriflәri doktor Lalbyuzdur.

H a c ı  M ә h ә m m ә d ә l i. Lalbyuz?

H a c ı  N a y i b. Bәli, Lalbyuz, doktor Lalbyuz ki, tәzәlikdә Әmristandan bizim vilayәtә tәşrif gәtiriblәr ki, ruh azarının burada camaat

içindә nә şәkildә zühura gәlmәyini tәdqiq vә tәhqiq edib, cünunluq mәrәzinin xasiyyәtini, tarixini, indiki Әmristan darül-elmlәrindә tәhsil etdiklәri elmi-psixikә tәtbiq buyursunlar.

 

Burada doktor bir lüğәt kitabına barmağını qoyub deyir.

 

D o k t o r. Dali, dali (yәni istәyir desin "dәli").

H a c ı  N a y i b (hәkimә baxıb). Yәni hәkim cәnablarının ixtisası hәmin dәlilik mәrәzinin, yәni ruh dairәlәrinin öz tәbii mahiyyәtindәn

 ixrac olub, rәxnә tapmağıdır ki, bunun nәticәsindә insanın qüvveyi-әqliyyәsinә xәlәl yetişir. Bәistilahi-türk, insan dәli olur. Bәs belә

olan surәtdә insaf vә mürüvvәtdәn uzaq olar, әgәr biz doktor cәnablarının şәhәrimizә tәşrifini qәnimәt saymayaq. Hәzrәt Әşrәfin

iradәsi bu yerdә qәrar tutub ki, bundan sonra şәhәrimizdә bir nәfәr dә dәli vә divanә küçә-bazarda sәrgәrdan dolanmasın vә doktor cәnabları o biçarәlәr üçün bir mәkan qәrar verib, onların müalicәsinә mәşğul olsun .... Belә bir iqdamatın iki qism gözәl nәticәsi ola bilәr: biri budur ki, şәhәrimizin küçәlәrindәn dәlilәri rәdd etmәk ilә vilayәtimizin abadlığı yolunda tәlaş etmiş olarıq ki, bu özü bizim

üçün müqәddәs bir vәzifәdir; ikincisi dә budur ki, o bәxtiqarә dәlilәrin xeyir-duasının feyzi bizim özümüzә dә kifayәt edәr, valideynimizә

dә kifayәt edәr vә abavü әcdadımıza da kifayәt edәr. Nә deyirsiniz, hacılar?

H a c ı  M ә h ә m m ә d ә l i  (әllәrini qalxızır duaya). Bari pәrvәrdigara, belә hakimlәrin sayәsini biz aciz bәndәlәrin başının üstündәn

әskik elәmә öz birliyin xatirinә.

H a c ı  X u d a v e r d i (әllәri duada). Ey gözә görünmәyәn pәrvәrdigar, bizә rәhmin gәlsin!

H a c ı  C ә f ә r  (әllәri duada). Amin!

 

Hacılar tәәccüblә doktora tamaşa edirlәr.

 

H a c ı  M ә h ә m m ә d ә l i. (Hacı Nayibә) Hacı ağa, mәn belә mәslәhәt görürәm ki, doktor cәnablarının şәhәrimizә vürudu çavuş

vasitәsilә әhaliyә elam olunsun vә car çәkilsin vә o biçarә dәlilәrin qohum-әqrәbasına müjdә verilsin ki, xudavәndi-alәmin lütf vә

mәrhәmәti sayәsindә o binәva dәlilәr mübtәla olduqları cünunluq mәrәzindәn tez bir vaxtda şәfa tapacaqlar.

H a c ı l a r  (Şimrәliyә tәrәf). Bәli, bәli, elam olunsun, car çәkilsin.

H a c ı  N a y i b.  (Şimrәliyә) Şimrәli, hacıların mәslәhәti pis deyil. Durma get, binagüzarlıq elә.

Ş i m r ә l i. Çeşm (çıxır, gedir).

H a c ı  M ә h ә m m ә d ә l i.  Pәh, pәh, pәh! Maşallah olsun doktor cәnablarının elminә; necә dә ki, әrәblәr deyiblәr: zahir batinin

ayinәsidir, elәcә doktorun zahirindәn elm yağır. A kişi, bizim müsәlmanların yәni hәkimlәri dә bir hәkimdilәr? Vallah, billah, and olsun getdiyim Imam Rzaya, heç baytal da deyillәr. Hәkim, bax, buna deyәrlәr ey! Amma heyf ki, deyәsәn, bizim dili yaxşı bilmir.

H a c ı   C ә f ә r.  Yәni, Hacı ağa, nә eybi var ki, bilmir?H a c ı   X u d a v e r d i.  Yәni, Hacı ağa, bizim dildә nә mәtlәb var ki, onu bilsin

ya bilmәsin? Bilәndә nә olacaq, bilmәyәndә nә olacaq?

H a c ı  M ә h ә m m ә d ә l i  (hacılara). Hacı ağa, and olsun allaha, mәn ona tәәccüb elәyirәm ki, bu zalım oğlu bizim dili bilmәyә-bilmәyә dәlilәrә necә müalicә edәcәk? Genә özgә azar ola, genә bilmәsә dә, o qәdәr eybi yoxdur. Amma Hacı Nayib ağa buyurmuş kimi, burada ruh mәsәlәsi var, burada dәlinin әhvalını yoxlamaq mәsәlәsi var.

H a c ı  X ud a v e r d i.  Xudaya, şükr sәnin cәlalına!

H a c ı   C ә f ә r.   Lahövlә vәla qüvvәtә illa billahü әliyül-әzim!

H a c ı  N a y i b.  Yәni Hacı Mәhәmmәdәli ağa, dili bilmәkdә, ya bilmәmәkdә bir mәtlәb yoxdur. Odur Hәzrәt Әşrәf dә bizim dili bilmir; indi görәk bunun bilmәmәyinin kimә nә zәrәri var? Hәkim dә bunun kimi. Nә eybi var? Hәkiminki odur ki, azarın özünә yaxşı tәşxis versin.

H a c ı  M ә h ә m m ә d ә l i  (Hacı  Nayibә). Xeyr, mәni әfv buyurasınız, Hacı ağa! Hәzrәt Әşrәfin işi bir özgәdir: o hakimdi, onun vәzifәsi ancaq әmr etmәkdi, çığırıb bağırmaqdı ki, burada bir özgә dili bilmәk әsla lazım deyil; amma hәkim bir az bilsә, nә eybi var?

H a c ı  N a y i b.  Bәli, hәlә bu belә. Indi, hacılar keçәk mәsәlәnin o biri tәrәfinә. Mәlumdur ki, hәr tәşәbbüsat ki, mәmlәkәtin abadlığı

yolunda başlanır, hökumәt xәzinәsinә çox da ağırlıq düşmәsin deyә, ağayani-tüccarın himmәtinin vücudu ilә nәticәbәxş olur; buna binaәn Hәzrәt Әşrәf dәlixananın tәsisinin mәsarifini siz cәnabların öhdәsinә mühәvvәl edibdi ki, indi biz bu saat doktor hәzrәtlәrinin müsvәddәsindәn hәmin binagüzarlığın mәxaricini tәxmin edә bilәrik. (Әyilib doktorun kağızına baxır).

 

Doktor gah kağızları, gah lüğәt kitablarını açır, Hacı Nayabә nişan verir.

 

Bәli, doktorun hesabı mövcibincә, әgәr biz istәyәk şәhәrimizdә bir dәlixana tәsis edәk, onun ildә iyirmi min tümәn mәsarifi olacaq.

H a c ı  M ә h ә m m ә d ә l i  (tәәccüblü). Iyirmi min tümәn?

H a c ı   N a y i b.  Bәli, Hacı ağa.

H a c ı   X u d a v e r d i   (tәәccüblü).  Iyirmi  min tümәn?

H a c ı   N a y i b. Bәli, Hacı ağa.

H a c ı   C ә f ә r  (tәәccüblü). Iyirmi min tümәn?

H a c ı   N a y i b. Bәli, Hacı ağa.

 

Hacılar bir-birinә baxıb, başlarını bulayırlar.

 

H a c ı  M ә h ә m m ә d ә l i  (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni sәyyidüş-şühәdaya, boşla getsin.

H a c ı  X u d a v e r d i  (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni qәrib Imam Rzaya, boşla getsin.

H a c ı  C ә f ә r  (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni çәhardәh mәsuma, boşla getsin.

H a c ı  M ә h ә m m ә d ә l i  (Hacı Nayibә). Әrz olsun Hacı Nayib ağanın hüzuri-mübarәkinә ki, o biçarә dәlilәrin ağlını alan o gözә görünmәyәn pәrvәrdigari-alәmdir ki, öz yaratdığı bәndәyә lazım olan yerdә ağlı verir dә, alır da. Bu bir mәşiyyәti-yәzdanidir ki .... (Iki әlini yuxarı qalxızıb, gözlәrini allaha tәrәf axıdıb, bu halәtdә olan vaxt Hәzrәt Әşrәf içәri qapıdan yavaşca başını çıxardıb çığırır).

H ә z r ә t   Ә ş r ә f.  Pul, pul!....  (Hәzrәt Әşrәf yenә yox olur. Hacılar xövfә düşürlәr).

H a c ı   M ә h ә m m ә d ә l i  (Hacı Nayibә) Hacı ağa, bu nә fәrmayişdi? Pul budur bizim cibimizdә. Bizim malımızın da, canımızın da

tәәllüqü Hәzrәt Әşrәfdir. And olsun xaliqi-lәmyәzәlә ki, burada xilaf yoxdu. Bu nә fәrmayişdi?

 

Fәrraş Şimrәli daxil olur.

 

H a c ı   X u d a v e r d i  (Hacı Nayibә). Hacı ağa, and verirәm sәni o uzun qollu Hәzrәt Abbasa, axı Hәzrәt Әşrәfin nahaq yerә qeyzi tutur; biz bir söz ki, demirik. Bir surәtdә ki, Hәzrәt Әşrәf fәrmayiş buyururlar, bizim nә sözümüz ola bilәr?

H a c ı l a r. Nә sözümüz ola bilәr?....

H a c ı   X u d a v e r d i. Axı, qurban sәnә, Hacı ağa, bircә mәtlәb burasındadır ki, hәrәnin öz damarına görә qan alarlar. Axı sәn özün bir mülahizә buyur gör, o iyirmi min tümәni biz üçümüz verә bilәrik ya yox? Görәk aya bu şәhәrdә bizdәn dә savayı tacir var ya yox?

H a c ı   C ә f ә r. Yaxşı, biz bәdbәxt nә deyirik ki! Xub, yarısını biz verәk, yarısını qeyri tacirlәr versin.

H a c ı   N a y i b. Hacı Mәhәmmәdәli ağa, and verirәm sәni mövlayi-müttәqiyanә, bu sözlәri mәnә demәyin. Sözünüz var idi, bayaq Hәzrәt Әşrәfin özünә әrz edәydiniz. Әgәr pul vermәk xәyalınız yox idi, heç öhdәnizә götürmәyәydiniz.

H a c ı   X u d a v e r d i.  Ay Hacı ağa, axı biz bәdbәxt nә vaxt öhdәmizә götürdük?

H a c ı   C ә f ә r. Allah şeytana lәnәt elәsin!

H a c ı   X u d a v e r d i.   Xudaya, şükür sәnin cәlalına!

H a c ı  M ә h ә m m ә d ә l i  (üzü hәkimә). Cәnab hәkim, gәl sәn bu daşı әtәyindәn tök!

 

Hәkim tәәccüblü baxır hacılara tәrәf vә bir şey başa düşmür.

 

H a c ı  X u d a v e r d i  (hәkimә). Ay hәkim, Hacı Mәhәmmәdәli ağa yaxşı deyir, axı bu dәlixana söhbәti nә bir söhbәtdi ki, bunun üstә özünüzә dә, bizә dә bu qәdәr dәrdi-sәr verirsiniz? Biz eşitdiyimiz budur ki, dәliliyin bir sәbәbi var. Bu bir bәladır; bu bir qismәtdir ki, hәr bir yaranmış ki, bu dәrdә mübtәla olur, gәrәkdir ki, tutduğu işin müqabilindә cәzasını çәksin. Bunun çarәsi "Cövşәni-kәbir" ya "Cövşәni-sәğir" duasıdır ki, yazıb tikirlәr dәlinin paltarına; özü dә gәrәk sol qoluna tikilsin. (Әli ilә qolunu göstәrir).

 

Hәzrәt Әşrәfin başı içәri otaqdan görsәnir.

 

H ә z r ә t   Ә ş r ә f   (çox ucadan vә hirsli). Pul! Pul!

H a c ı l a r   (tәşvişә düşürlәr vә qorxa-qorxa deyirlәr). Bәçeşm, bәçeşm. Pul hazırdır. (Әllәrini ciblәrinә uzadırlar).

Küçәdә Çavuş carlayır:

mücdә verilir şәhәrimizin dәlilәrinә, şәhәrimizә bir hәkim gәlib, daha bundan sonra hamı dәlilәr ağıllanacaq. Ay muştuluğumu verәnlәr, ay xәlәtimi verәnlәr!

 

H a c ı   M ә h ә m m ә d ә l i  (Hacı  Nayibә). Hacı Nayib ağa, xub, bir sözümüz yoxdu; pulu bu saat düzәldәrik. Amma and verirәm sәni

Imam Museyi-Kazimә, hәkimi bir tövr başa sal, xәrci azaltsın; yoxsa bizim şәhәrimizdә o qәdәr çox dәli yoxdu ki, iyirmi min tümәn onların müalicәsinә sәrf olunsun.

H a c ı   C ә f ә r.  Xeyr, xeyr, o qәdәr dәli harada idi? Cәmisi beş-altı nәfәr ancaq olar.

H a c ı  M ә h ә m m ә d ә l i  (Hacı Cәfәrә). Xeyr, Hacı ağa, bimari-Kәrbәlaya and olsun, dörd nәfәrdәn artıq deyil: biri dәli Molla Abbasdı, biri onun övrәti Pırpız Sonadı, biri, biri....

H a c ı   X u d a v e r d i.  Biri o Farmasyon Rüstәmdi-nәdi, biri odu, bir-ikisi dә ola-olmaya....

H a c ı   N a y i b  (әyilib hәkimin hesabına baxır). Burada әvvәl davaların xәrci yazılıb, mәsәlәn: psixikum-sulfirikum-bromatum, min tümәn ....  Nә bilim, çoxusunu oxuya bilmirәm.

 

Içәri otaqdan hәzrәt Әşrәfin başı görsәnir.

 

H ә z r ә t   Ә ş r ә f   (çığırır). Pul! Pul!

 

Hacılar tәlәsә-tәlәsә vә qorxa-qorxa ciblәrindәn bir qәdәr qızıl pul çıxardıb, tökürlәr Hacı Nayibin qabağına, bu da pulların yarısını yığır

aparır içәri, Hәzrәt Әşrәfә verir, qalan yarısını qoyur hәkimin qabağına, hәmin pulları dәstmala qoyur, kağız-kuğuzunu yığışdırır gedir;

hacılar ilә әl-әlә verir. Hacılar xahi-nәxahi әl verәndәn sonra, әllәrini qabağa uzadıb, havada saxlayırlar ki, sonra yusunlar. Doktor buna tәәccüb edib vә üzünu Hacı Nayibә tutub, guya bu işin mәnasını bilmәk istәyir. Hacılar narazı bir halәtdә istәyirlәr çıxıb getsinlәr, bu heyndә küçәdә qilü qal qopur. Daxil olur  H a c ı   B a ğ d a d      Ü m m i - G ü l s ü m

 

H a c ı   N a y i b. Xeyir ola, Hacı Bağdad, bu nә qiylü qaldı?

H a c ı   B a ğ d a d  (Hacı Nayibә). Hacı Nayib ağa, and verirәm sәni o gözә görünmәyәn pәrvәrdigara, bizi bu mәrәkәdәn xilas et.

H a c ı   N a y i b.  Nә var, nә mәrәkәdi?H a c ı   B a ğ d a d.  Hacı ağa, bizim qiylü qal ilә işimiz yoxdu. Biz allahın fәqir vә mömin bәndәsiyik. Mәnim o bәdbәxt dәli qardaşım Farmasyon Rüstәmin әlindәn bilmirik hara baş götürüb qaçaq. Bu övrәt (Ümmi Gülsümü göstәrir), ayıb olmasın, haman dәli qardaşımın övrәtidir. Indi bir-iki ay olar ki, mәn onu müvafiq-şәri-әnvәr özümә siğәsini oxudub, hәlal elәmişәm.

Siğәsini dә Fazil Mәhәmmәd özü oxuyub. Çünki gәrәk mәlumunuz ola ki, Fazil Mәhәmmәd özü keçәn il elan elәmişdi ki, cәmi dәlilәrin övrәtlәri әrlәrindәn boşdular vә azaddılar. Indi haman dәli Rüstәm qardaşım bu saat gәlib yapışıb bu biçarә övrәtin yaxasından ki, şәhәrimizә hәkim gәlib, mәnә dava verәcәk, ağlım başıma gәlәcәk. Indi istәyir zornan övrәti götürüb aparsın. Aman günüdür, Hacı ağa,

bizi dәli Rüstәmin şәrindәn xilas elә.

 

Hacı Nayib vә qeyrilәri  mat qalırlar.

 

H a c ı l a r.   Lahövlә vәla qüvvәtә illa billahü әliyyül- әzim!

 

Yenә küçәdә mәrәkә vә qiylü qal qopur. Daxil olurlar K ә r b ә l a y ı   T ü r b ә t,  M ә k k ә M ә h ә m m ә d,  Ә m i n ә  ö v r ә t, S ә k i n ә 

 ö v r ә t  vә bunlardan savayı  k ü ç ә   ә h l i. Daxil olanlar bir-biri ilә bu tövr giley-güzar edir: "A kişi, belә dә iş olar, necә ağıllanacaq, biçarә arvadın günahı nәdi?"  Küçәdә Çavuş yenә carlayır: "Ey şiәlәr, şәhәrimizә hәkim gәlib, dәlilәrә müjdә olsun. Hamısı bir neçә günün müddәtindә ağıllanacaq. Ey mәnә muştuluq verәn, ey mәnә xәlәt verәn!" Sonra adamlar başlayır çığırışmağa: "Әdә, dәlilәr gәlirlәr!" Qiylü qal qopur, ara qarışır, Hәzrәt Әşrәf başını içәri otaqdan çıxardıb çığırır: "Sükut!" F ә r r a ş şallaq ilә camaatı sakit edir.

 

H a c ı  N a y i b  (üzünü tutur camaata). Ey Hacı Bağdad, Kәrbalayı Türbәt, Mәkkә Mәhәmmәd! Ey-yer üzünün şiәlәri! Heç qiylü qal lazım deyil. Doğrudur, doktor Lalbyuz cәnabları xudavәndi-alәmin mәrhәmәti ilә şәhәrimizin cәmi dәlilәrini ağıllandıracaq. O ki, siz әrz edirsiniz dәlilәrin bir neçәsinin övrәtlәri öz qardaşlarına әrә gediblәr, bu mәsәlәlәr şәri bir mәsәlә olduğu halda, bunun hәllini Hәzrәt Әşrәf mühәvvәl edir şәhәrimizin şәriәtmәdarı Fazil Mәhәmmәd ibn Yәqubun öhdәsinә ki, bu barәdә hәr nә sәrәncam olsa, ona tәbәiyyәt etmәk cәmi yer üzünün şiәlәrinin vәzifәsidir. Dәxi burada bir özgә söhbәt ola bilmәz.

 

Hacı Nayib sözünü qurtaran kimi küçәdә sәs düşür ki, dәlilәr gәlir, C i n n i  M u s t a f a  gәlir. Adamlar qarışır bir-birinә, qaçan qaçır, qalan qalır.

 

P ә r d ә    s a l ı n ı r.

 

 

 

 

IKINCI MӘCLIS

 

 

Ikinci mәclis vaqe olur Fazil Mәhәmmәd ibn Yәqubun evindә. Oturub Fazilin övrәti  M ә ş ә d i  Z e y n ә b, başı aşağı, qәmgin; yanında beş-altı yaşında oğlu H e y d ә r  öz-özünә oxuyur. Uzaqdan küçә uşaqlarının qiylü qalı eşidilir vә küçә qapısını daşa basırlar. Daxil olurlar dәli  M o l l a  A b b a s  vә dәli övrәti   P ı r p ı z   S o n a. Bunları küçә uşaqları daşa basa-basa qovurlar içәri. Mәşәdi Zeynәb bunları görcәk tez durur ayağa vә yerdәn başmaq tayını götürüb, atır dәlilәrin üstә. Dәlilәr ağlamsınırlar vә bir tәrәfdәn küçә uşaqlarından qorxurlar, bir tәrәfdәn dә Mәşәdi Zeynәbin başmaq atmağından özlәrini qoruyurlar.

 

M ә ş ә d i   Z e y n ә b  (acıqlı). Itilin cәhәnnәmә buradan!

P ı r p ı z   S o n a.  Buy,buy, buna bax, sәn allah! Biz niyә cәhәnnәmә itilәk?  (Molla Abbasa) Molla Abbas, sәn allah biz cәhәnnәmә gedәcәyik? (istәyir ağlaya). Molla Abbas, sәn allah qoyma mәni cәhәnnәmә aparsınlar; mәn cәhәnnәmdәn qorxuram (qorxusundan titrәyir).

M o l l a   A b b a s  (Sonaya acıqlı). Kәs sәsini, bihәya qızı bihәya! (Bir qәdәr acıqlı baxır Sonanın üzünә). Çәpik çal, oynuyum. (Pırpız

Sona çәpik çalır, Molla Abbas düşür oynamağa).

M ә ş ә d i   Z e y n ә b   (acıqlı vә ucadan). Cәhәnnәm olun buradan, yoxsa vallah bu daşnan vurub başınızı yararam! (Әlindә bir şey

tutub  istәyir ata dәlilәrә. Onlar istәyir qaçalar çölә, amma  uşaqların qorxusundan  qapıdan yenә evә qayıdırlar).

M o l l a  A b b a s   (az qalır ağlasın).  Axı mәn hara gedim? Uşaqlar mәni daşa basır.

 

(Sona әyri-әyri baxır. Mәşәdi Zeynәbin üzünә vә birdәn onun üstünә hücum çәkib itәlәyir, Zeynәb ona bir-iki yumruq vurur).

 

M o l l a   A b b a s   (ağlaya-ağlaya). Ay arvadlar, siz allah dalaşmayın.

F a z i l   M ә h ә m m ә d   (daxil olub, başmaqlarını çıxardır). Genә bu nә qiylü qaldı? (Molla Abbasa). Genә bu küçә uşaqlarını niyә bura yığmısan? Nә istәyirsәn bunlardan?

Min dәfә sәnә demişәm bu colma-çocuğa qoşulma. (Sonaya) Hә, Sona, kefin necәdi, qızım?

 

(Sona da, Molla Abbas da ikiqat baş yendirirlәr vә bir söz demirlәr).

 

F a z i l  [M ә h ә m m ә d]  (Molla Abbasa) Abbas, genә sәndәn yana giley-güzar eşidirәm; genә sәndәn şikayәtlәr qulağıma çatır. Bir az özünә toxtaxlıq ver; axı eyibdir. Sәn mәnim ata bir, ana bir qardaşımsan; sәn camaatı üstünә güldürәndә, mәn xәcalәtimdәn küçәyә çıxa bilmirәm. Vallah biabır olmuşam. Bir dә bu qәdәr küfr, nasәza danışmağı tәrgit: allah ilә, peyğәmbәr ilә işin olmasın, yoxsa camaat sәni sәngsar elәr.

 

Dәlilәr ikisi dә Fazilә tәzim edirlәr, Zeynәb dә oturub qulaq verir.

 

F a z i l   [M ә h ә m m ә d]    (Molla Abbasa). De, de, de, görüm axı nә vaxtadәk dәlilik elәyәcәksәn? Axı bir söz de görüm nә deyirsәn?

M o l l a  A b b a s (Fazilә). Dadaş, izin ver oynuyum.

P ı r p ı z   S o n a   (Fazilә). Fazil dadaş, izin ver mәn dә oynuyum.

F a z i l  [M ә h ә m m ә d] (acıqlı). Siz gәrәk mәnnәn zarafat elәmәyәsiniz; mәn Fazilәm, mәnә hörmәt lazımdı. Tutax ki, mәn izin verdim; siz mәnim yanımda nә tövr cürәt edib oynarsınız?

M o l l a   A b b a s  (guya bir şey tapıb). Buy, dadaş, vallah oynaram. Istәyirsәn oynuyum? (әllәrini qalxızır ki, oynasın).

F a z i l  (çığırır). Sarsaqlama!

Molla Abbas qorxub qaçır çölә.

 

[ P ı r p ı z ]  S o n a.  Fazil dadaş, gör mәn nә yaxşı oynuyuram (Sona әllәrini qalxızır ki, oynasın, görür ki, Fazil dinmir; başlayır süzüb oynamağa. Saçları çiyninә tökülmüş halda süzә-süzә dolanır, gәlir Fazilin qabağından keçir).

F a z i l   [M ә h ә m m ә d]  (bir qәdәr mat-mat tamaşa edәndәn sonra üzünü kәnara tutub). Lәnәt şeytana!

P ı r p ı z  S o n a.  (Mәşәdi Zeynәbә). Zeynәb, ay qız, dur sәn dә oyna! (Zeynәb Sonanı itәlәyir kәnara, Molla Abbas oynaya-oynaya

girir içәri).

F a z i l  [M ә h ә m m ә d]  (Molla Abbasa). Cәhәnnәm ol buradan!

M o l l a  A b b a s. Dadaş, әgәr oynamağıma razı deyilsәn, izin ver mayallaq aşım (mayallaq aşır).

F a z i l  [M ә h ә m m ә d]  (durur Molla Abbası evdәn qovur). Cәhәnnәm ol! Çıx get! Yoxsa, vallah, bilmirәm ki, nә elәrәm! (Molla Abbas

vә Sona qaçırlar çölә, ara bir qәdәr sakit olur).

F a z i l   [M ә h ә m m ә ә d]  (Zeynәbә). Zeynәb, sәnә bir söz deyәcәyәm. (Zeynәb dinmir, qulaq asır). Qulaq as gör nә deyirәm. Şәriәtdә belә yazılıb ki, bir kişi ki, dәli oldu, onun övrәti ondan boşdu, onların talağı oxunmuş kimidi; bu mәnim bәdbәxt qardaşım Molla Abbasın dәli övrәti Pırpız Sonadır ki, mәnim qabağımda qol-qıçı açıq gәzir vә mәn dә ona xahi-nәxahi nәzәr etmәyә mәcbur oluram, buna şәriәt sahibi bәhәr hal razı ola bilmәz.

M ә ş ә d i    Z e y n ә b   (Fazilә). Bәs nә elәmәk istәyirsәn?

F a z i l   [Mә h ә m m ә d]  (bir qәdәr dinmir). Vallah, mәn özüm dә mәәttәl qalmışam; çünki o dәli övrәtdәn dә deyәsәn bir haray yoxdu.

(Bir qәdәr dinmir). Xub, dur gör Sona hara qaçdı getdi? Onu bir çağır gәlsin danışdırım. (Zeynәb çıxır, uşaq da onun dalınca qaçır. Fazil başını aşağı salıb, fikrә gedir, Zeynәb Sonanın әlindәn yapışıb çәkә-çәkә  gәtirir. Fazil başını qalxızıb Sonanı görür). Sona, yavuq gәl, sәnә söz deyәcәyәm. (Sona tәzim edir). Sona, gәl razı ol, sәni yaxşıca geyindirim, bәzәndirim, yuyundurum, sәliqәlәndirim; amma bu

şәrtnәn ki, ağıllanasan, dәxi üzü-gözü açıq küçәlәrә düşüb, dәlilik elәmәyәsәn.

[P ı r p ı z]   S o n a   (qorxur, az qalır ağlaya). Fazil dadaş, mәn sәndәn qorxuram.

F a z i l   [M ә h ә m m ә d]   (yumşaqlıqnan). Niyә mәndәn qorxursan, qızım?

[P ı r p ı z]   S o n a.  Qorxuram mәni döyәsәn.

F a z i l   [M ә h ә m m ә d]   (mehriban). Qorxma, qızım, döymәnәm; niyә döyüm? (yavuq gedir).

[P ı r p ı z]  S o n a. Axı mәn sәnin yanında oynadım, qorxuram acığın tuta.

F a z i l  [M ә h ә m m ә d] Yox qızım, acığım tutmur. Istәyirsәn genә oyna. (Sona әllarini qalxızır, istәyir oynasın, o tәrәf-bu tәrәfә baxıb, istәyir gedә çölә).

[P ı r p ı z[   S o n a.   Qoy gedim Molla Abbası çağırım.

F a z i l  [M ә h ә m m ә d]  (qabağını kәsir). Yox, getmә,getmә, dayan, dayan, gör nә deyirәm. (Sona Fazilә baxmayıb qaçır, çöl qapının ağzında durub, qorxa-qorxa Fazilә tәrәf baxır. Fazil bir qәdәr Sonaya baxandan sonra) Ay qız, bizә yazığın gәlsin; әgәr o bәdbәxt Molla Abbasa yazığın gәlmirsә,barı mәnә yazığın gәlsin, ağlını yığ başına. Axı bir mәnә de görüm, sәn nә deyirsәn, nә istәyirsәn vә özünü bu günә salmaqda xәyalın nәdir?    

[P ı r p ı z]   S o n a.   Fazil dadaş, mәn imamı axtarıram.

F a z i l  [M ә h ә m m ә d]. Necә imamı axtarırsan?[P ı r p ı z]   S o n a.   Mәn imam sahibbәzzәmanı axtarıram.

F a z i l   [M ә h ә m m ә d.]   Neylәyirsәn imam sahibbәzzәmanı?

[P ı r p ı z]   S o n a.  Mәn imam sahibbәzzәmana әrә gedәcәyәm.

F a z i l   [M ә h ә m m ә d.]  Qızım, sәn dәlisәn, onun üçün belә danışırsan.

[P ı r p ı z]   S o n a.   Yox, Fazil dadaş, sәn özün dәlisәn, onun üçün belә danışırsan.

F a z i l   [M ә h ә m m ә d.]  (bir qәdәr fikirdәn sonra). Nә deyim, qızım? Imama istәyirsәn, imama get; amma axı sәn ağıllanmasan, imam

sәni bu surәtdә qәbul elәmәz.

[P ı r p ı z]   S o n a.  (ağlamsına-ağlamsına). Mәn necәyәm ki? (öz üst-başına baxır). Mәn necәyәm ki? Yox, yox, mәn imamı istәyirәm. Mәni apar imamın hüzuruna; mәn imam sahibbәzzәmanı istәyirәm.

F a z i l   [M ә h ә m m ә d.]  (bir qәdәr Sonaya baxandan sonra). Qızım, mәn özüm imamın nayibiyәm, mәnim sözüm imamın sözüdü (başlayır ağlamağa vә diz üstә çöküb, başını әyir döşünә; әllәri ilә üzünü yumur. Bir qәdәr bu halәtdә hәrәkәtsiz qalandan sonra, başını dikәldir vә әllәrini qaziyül-hacata qalxızıb deyir).

 

Ey  ricalül-qeyb, hardasınız, niyә hәzrәt sahibәzzәmanı gәtirmirsiniz? Niyә onun rikabi-mübarәkindә zühür etmirsiniz ki, cahanı küfri-küffardan pak edәsiniz? Bari pәrvәrdigara, and verirәm sәni yetmiş iki şühәdanın nahaq tökülәn qanına, sәn әvvәla, mәnim bәradәrim Molla Abbasın tәqsirindәn keç vә nә qәdәr ki, indiyәdәk küçә vә bazarda sәnin cәlalına istehzalar törәdib, sәnin qüdrәtinә

şәkk gәtirib vә nә qәdәr ki, bundan savayı küfrә vә nasәza danışmağı özünә peşә edib, sәn onu әfv et; zira sәn әrhәmәrrahiminsәn.

Xudaya, and verirәm sәni mәzlumi-Kәrbәlayә, bu biçarә Sonanın qüvveyi-әqliyyәsinә bir qәdәr sihhәt kәramәt elә; ta qolu, qıçı vә üzü açıq namәhrәmlәr nәzәrindә gәzib dolanmağı tәrk etsin vә biz aciz bәndәlәrin hәdsiz mәsuliyyәtlәrinә bais olmasın, Allahümmә bәlliğ mövlayi-sahibәzzәman sәlavatullahi әleyhi әlaәnnә cәmiül-mömininә vәlmöminat, fi mәşariqül-әrz vә mәğaribәha! Qoy zühur etsin vә

asi bәndәlәrinә rәhmi gәlsin; qoymasın dünya dәrhәm-bәrhәm ola.  (Әllәrini daha da yuxarı qalxızır vә hәvәslәnir, cuşә gәlir vә gәldikcә sәsini ucaldır). Zühur et, ey sahibbәzzәman! Zuhur et! Vә hidayәt elә siratül-müstәqimә günahkar bәndәlәrini

 

M o l l a   A b b a s     S o n a   çöl qapıdan başlarını uzadıb xәlvәtcә baxırlar.

 

Ey sahibül-әsr vәz-zәman, zühur et! Mәnәm sәnin nayibin Mәhәmmәd, atam Yәqub, künyәm Küleyni (üzünü çöl qapıya tәrәf tutub çığırır). Ey mәşәrül-xәlayiq, elan olunur bu gündәn sizә ki, mәn ricalül-qeybin әtәyindәn tutub, hәzrәtin zühurunu istida etdim (gözlәri sәqfә baxır, әllәri duada, cuşa gәlir, ağzı köpüklәnir).

 

[P ı r p ı z]   S o n a  (Fazili bu halda görüb, Molla Abbası çağırır vә ağlayır). Molla Abbas, bura bax, bura bax! Fazil dadaşım dәli olub (çığırır).

 

Küçәdә   f ә r r a ş   Ş i m r ә l i  әlindә şallağ daxil olur vә Pırpız Sonaya deyir

 

F ә r r a ş   Ş i m r ә l i.   Tәrpәnmә, hәkim gәlir.

 

H ә k  m   L a l b y u z   daxil olur, bir әlindә mizanül-hәrarә, o biri әlindә yenә hәkimlikdә lazım olan qulaq lülәsi. Fazil Lalbyuzu görüb, çox tәәccüb edir. Molla Abbas çöl qapıda durub, adamların cәmisinә tәzim edir; habelә Pırpız Sona.

 

F ә r r a ş   Ş i m r ә l i  (Fazilә). Hәzrәt Fazilә әrz olsun ki, bu cәnab (hәkimi nişan verir) mәşhur professor Lalbyuzdur ki, dәlilәrә elә bir dava verir ki, dәli üç gün çәkmir ki, şәfa tapır vә sәnin-mәnim kimi ağlı başına gәlir.

F a z i l    M ә h ә m m ә d.  (ayağa durub, hәkimә hörmәt edir) Buyurun, әylәşiniz (üzünü fәrraş Şimrәliyә tutub). Bәli, bәli cәnab doktorun şәhәrimizә tәşrifini eşitmişәm. Bәndeyi-hәqir Әmristan mütәxәssislәrinin tibb elmindә mәharәtlәrinә şәkk vә tәrәddüdüm yoxdu vә lakin ruh mәrәzlәrinin şәfası ki, bu alicәnablar (hәkimә işarә edir) öz öhdәlәrinә götürüblәr,--elә bir müşkül әmrdir ki, bu barәdә bir nәticәyә nail olmaqlarına mәnim mütәәssifanә çox iştibahım var. Zira ki, hәqq-tәala özü buyurublar ki, qülir-ruhü min әmri-rәbbi. Hәrçәnd әmr lәfzinin keyfiyyәt vә mahiyyәtinin mәnasını bәyan buyurmayıblar, lihaza әql heyrәtdә qalır vә üqәlanın ixtilafı mәhz bu barәdәdir ki, aya ruh cövhәr qәbilindәndir ya әrәz vә cövhәr olduqda da aya mücәrrәddir ya qeyri-mücәrrәd. Çün hәzrәti Imam Cәfәr Sadiqdәn rәvayәtdir ki, zәmani ki, xudayi-tәala öz bәndәsinin qәbzi-ruhini mәlәkül-mövtә hәvalә elәdi, buyurdu: çıxart bәndәlәrimin ruhunu, gәtir mәnim yanıma ki, mәn onu rahәt edim (başlayır ağlamağa, hәkim tәәccüb edir vә yavaş-yavaş gedir Fazilin yanına) vә onlara rәhmәt bәxş edim. Ruhların hamısını mәlәkül-mövt gәtirir xudayi-tәalanın yanına (ağlayır, hәkim gedir, әlini qoyur Fazilin alnına vә üzünü fәrraşa tutur vә tәәccüb edir).

M o l l a   A b b a s  (hәkimә yalvarır). Ay hәkim, mәnim bu Fazil qardaşım dәlidi; ona bir dava ver, ağlı başına gәlsin.

F ә r r a ş   Ş i m r ә l i  (Molla Abbasa acıqlanır). Sarsaq, sarsaq danışma, düş qabağıma sәni aparacağam dәlixanaya!

 

Fazil әllәri ilә üzünü örtüb ağlamaqdadır, hәkim adamdarın üzünә baxır vә bir şey başa düşmür.

 

F ә r r a ş   Ş i m r ә l i  (hәkimә). Cәnab hәkim, bizim şәhәrin dәlilәrinin biri budur (Molla Abbası göstәrir), biri dә bunun övrәti Pırpız Sonadı (göstәrir).

[P ı r p ız]  S o n a  (hәkimә). Cәnab hәkim, bizim şәhәrin dәlilәrinin biri budur (ağlayan Fazili göstәrir), biri dә....

 

Fәrraş onu itәlәyib istәyir çıxartsın, hәkim әllәrini qalxızıb fәrraşın qabağını kәsir.

 

F a z i l   [M ә h ә m m ә d]  (başını qalxızıb yuxarı). Xudaya, sәn әrhәmәrrahiminsәn. (Hәkimә). Ey hәkim, and verirәm sәni Isa vә Mәryәmә, әgәr sәnin ixtiyarında olan dava-dәrmanlarda kәramәt varsa, bu biçarә övrәtә bir әlac elә ki, bәlkә bu qәdәr namәhrәm içindә qol-qıçı açıq gәzmәk mәsiyyәtindәn xilas olub, nә qәdәr nәfәsi var, cәnabınıza sәnaxan olsun.

 

Doktor Sonanın qol-qıçına vәravürd edir vә nәbzini әlinә alıb soruşur.

 

D o k t o r. Sәnin ad nә? (Sona dinmir). Sәnin ad nә? (Sona yenә dinmir).

F ә r r a ş   Ş i m r ә l i  (Sonaya). Ay qız, hәkim soruşur adın nәdi? Cavab ver dә! Kar deyilsәn ki!

M o l l a   A b b a s   (hәkimi yamsılayır). Sәnin ad nә?

 

Adamlar gülüşür.  Fәrraş Molla Abbas tәrәfә hücum edir, Molla Abbas qaçır,  Sona ağlayır.

 

[P ı r p ı z]  S o n a. Niyә mәnim Molla Abbasımı döyürsünüz? (Hәkimә). Ay hәkim, qoyma bu dәlilәr mәnim Molla Abbasımı döysünlәr (ağlayır).

F a z i l    [M ә h ә m m ә d]  (hәkimә). Ay hәkim, and verirәm sәni o yeri-göyü yox yerdәn xәlq edәn bir pәrvәrdigara, sәn mәnim bu dәli qardaşım Molla Abbasa da әtfi-nәzәr edib, bunun da dәrdi müalicәpәzir olan surәtdә, o da öz mәslәhәtinizdi. Nә eybi var, girәm ki, bu bәdbәxt bu qәdәr müddәtin әrzindә ki, xәbti-dimağ gәtirib, çöllәrә düşüb, xüdavәndi-alәmin әqllәri heyran qoyan mahiyyәt, kәmiyyәt vә keyfiyyәtini istehzaya qoyub danışmağı özünә bir vәzifeyi-şәniә qәrar verib. Vә şayәd bundan baş verәn küfr vә nasәzanın müqabilindә xüdavәndi-tәbarәk vә tәala tәrәfindәn (uşaq kimi ağlayır) bu övrәtә dә bir müalicә iltifat ediniz, ta ki, üzü-gözü açıq gәzib, bizi namәhrәmә baxmaq günahi-kәbirәsindәn xilas etsin.

 

[P ı r p ı z]   S o n a  (hәkimә yalvarır). Ay hәkim, sәn allah, sәnә qurban olum, mәnim bu Fazil dadaşıma da bir dava ver, ağıllansın vә mәni çox çimdiklәmәsin.

 

Hamı gülüşür, doktordan vә Fazildәn savayı.

 

F a z i l   [M ә h ә m m ә d]  (başını qalxıhzıb Sonaya bәrk vә çox ucadan acıqlanır). Yalan danışma, bihәya!

[P ı r p ı z]   S o n a  (istәyir ağlaya). Buy, buy! Yalan niyә danışıram? Bәs bunları kim çimdiklәyib? (Qolunda vә canındakı çimdik yerlәrini göstәrir, Molla Abbas qapıdan qah-qah çәkib gülür).

F a z i l    [M ә h ә m m ә d]  (әllәrini göyә qalxızıb). Әstәğfürullah rәbbi vә әtubi ileyh, lahövlә vәla qüvvәtә illa billahi әliyyül-әzim.

D ә l i l ә r  (Fazili yamsılayırlar).

 

Fәrraş onlara hәmlә edir. Dәlilәr qaçır çölә. Fәrraş qaçır onların dalınca vә çığırır.

 

F ә r r a ş   Ş i m r ә l i. Әdә, qoymayın, dәlilәr qaçdılar!

 

Fazil iki әli ilә üzünü örtür vә uşaq kimi ağlayır.

 

H ә k i m  (Heyran vә mat qalıb deyir). Kim dali? Kim dali?...

 

P ә r d ә

 

 

 

 

ÜÇÜNCÜ MӘCLIS

 

 

Küçәdә uzaqdan qiylü qal, sәs-küy eşidilir; qiylü qal gәldikcә yavuqlaşır vә küçәdә Molla Abbas görsәnir. Onun dalınca  Pırpız Sona vә bunların dalınca küçә dolusu küçә uşağı bunları daşa basır; dәlilәr dinmirlәr vә bir tövr özlәrini qoruyurlar.

 

M o l l a A b b a s. Ay camaat, vallah, bu uşaqlar mәni dәli elәyәcәklәr.

 

Uşaqlar atdıqları daşın biri küçә qapılarının birinә dәyir, haman qapı açılır vә oradan M ә ş ә d i   H a c ı -- әlindә tәsbeh, dodaqları dua

vird edir, -- hövlnak küçәyә çıxır vә qabaqca uşaqların üstünә çığırıb, onları söyüb qovur.

 

[M ә ş ә d I]   H a c ı.  Cәhәnnәm olun buradan, köpәk uşağı köpәk! (Sonra üzünü Molla Abbasa tutur). A kişi, genә bu yazıq övrәti

qol-qıçı açıq yanına salıb küçәlәri dolandırırsan? Allah sәnә dә lәnәt elәsin, sәni әkib-doğan kişiyә dә lәnәt elәsin!

 

Dәlilәr başlarını aşağı salıb, günahkar kimi baxırlar. Mәşәdi Hacı Sonaya bir qәdәr yavuq gәlib, onun qol-qıçına vәravürd edir vә deyir.

 

Allah şeytana lәnәt elәsin!

 

Küçә qapılarının o birisindәn   N ә c ә f ü l-Ә ş r ә f   çıxıb, dәlilәrin üstә çığırır.

 

N ә c ә f ü l-Ә ş r ә f (hәmişә әlindә tәsbeh, dodaqları dua vird edir). A kişi, genә bu bambılılar bilmirәn xalqdan nә istәyirlәr? (Övrәtin qol-qıçını vәravürd edir vә öz-özünә deyir). Allah şeytana lәnәt elәsin!

H a c ı   I s l a m  (hәmişә әlindә təsbeh, dodaqları dua vird edir, o biri qapıdan çıxır vә dәlilәrә çığırır). A kişi, bu mәlun oğlu mәlun genә buradadır? Bәs bunları aparacaqdılar dәlixanaya? Bәs burada nә qәlәt elәyirlәr? (Övrәtә vәravürd elәyir vә öz-özünә deyir). Allah şeytana lәnәt elәsin!

 

Dәlilәr başları aşağı tәzim edirlәr.

 

M ә ş ә d i   H a c ı   (Molla Abbasa). Hә, sözün nәdi, tәbiәt oğlu tәbiәt?

N ә c ә f ül-Ә ş r ә f   (Molla Abbasa).  Axı bir de görüm, nә deyirsәn? Axı yәni deyirsәn cәmi mәxluqat öz başına yaranıb da? Yәni bunları yaradan yoxdur da? Yәni allah-zad yalandı da? (Bu sözlәri deyә-deyә Nәcәfül-Әşrәf Molla Abbası çәnәsinin altından yuxarı dümsüklәyir).

H a c ı   I s l a m (Molla Abbasa tәrәf yumruğunu çәkib çığırır). Mәlun oğlu mәlun! And olsun allaha, şeytan deyir vur başı-gözü yarılsın (Övrәtә tәrәf vәravürd edir vә özü-özünә) Allah şeytana lәnәt elәsin!

 

Dәlilәr tәzim edirlәr.

 

M ә ş ә d i    H a c ı (övrәtә yavuqlaşır vә diqqәt ilә qol-qıçına baxır). Allah şeytana lәnәt elәsin!

N ә c ә f ü l-Ә ş r ә f (övrәtin yanına gedir vә qol-qıçına vәravürd edir vә deyir). Allah şeytana lәnәt elәsin!

H a c ı   Ә b d ü l ә z i m (әlindә tәsbeh, dua vird edә-edә küçә ilә gәldikdә). Genә bu dәli bambılılar nә düşüblәr küçәnin canına? Bәs bu

gün bunları dәlixanaya qatacaqdılar? Allahü әkbәr! And olsun Әbülfәzl Abbasa, ağayi-Nәcәfül-Әşrәf, biz bu dәli-divanәnin ucundan rüsvayi-cәhan olub gedәcәyik. Belә xәta burasındadır ki, bu mәlun oğlu mәlun (Molla Abbasa işarә) dilini farağat qoymur, qoymur; qardaş, qoymur; әmirәl-mömüninә and olsun qoymur.

M ö  m ü n l ә r. Xeyr, qoymur.

 

Dәlilәr tәzim edirlәr.

 

H a c ı  Ә b d ü l ә z i m.  Dünәn qәbristandan әhli-qübur ziyarәtindәn gәlirdim. Gör bu mürtәd oğlu mürtәd (Molla Abbasa işarә) o qәdәr camaatın içindә mәnә nә deyir? Deyir o hansı balıq idi ki, hәzrәt onu çağıran kimi başını sudan çıxardıb cavab verdi? Deyirәm. "Kәrkәrәt ibn Mәrmәrәt ibn әrәrә idi, buynuzları da var idi". Bu qәdәr adamın içindә bu farmasyon oğlu farmasyon (Molla Abbası göstәrir) qah-qah çәkә-çәkә gör nә deyir; deyir: balıq da danışarmı?

 

Burada Molla Abbas çıtmıq çalır, düşür oynamağa, Sona ona baxıb o da oynayır.

 

M ö  m ü n l ә r.  Allah sizә lәnәt elәsin! Allah sizә lәnәt elәsin!

H a c ı   M ә d i n ә  (әlindә tәsbeh, dodaqları vird elәyir. Küçә ilә gәldikdә Molla Abbasa). And olsun Fatmeyi-Zәhraya, sәni bu küçәdә yıxıb, o qәdәr ayaqlaram ki, beynin torpağa qarışar! Hәpәnd oğlu hәpәnd, hәzrәtin tuman bağı ilә nә işin var? (Hacı Mәdinә bu sözlәri deyәndәn sonra üzünü Sonaya tәrәf çöndәrib, onun qol-qıçına vәravürd elәyir).

M ә ş ә d i   H a c ı  (Hacı Mәdinәyә) Ağayi Hacı Mәdinә, әstәğfürullah, o nә sözdü fәrmayiş edirsәn? Әstәğfürullah!

M ö  m ü n l ә r.  Әstәğfürullah, rәbbi vә әtubi ileyhә!

H a c ı M ә d i n ә. Ağayi-Mәşәdi Hacı, allahın min bir adına and olsun, bu babi oğlu babi dünәn küçәdә camaatı başına yığıb, hәzrәtin tuman bağına lağ elәyir ki, guya nәüzibillah, hәzrәt eşiyә çıxanda tuman bağını tapşırardı sarbanına. Vә çün tuman bağı da xeyli qiymәtli imiş, onun üçün dә sarbanın gözü düşür tuman bağına vә küffarın qoşunu hәzrәti şәhadәtә yetirәndәn sonra, sarban gәlir haman tuman bağını hәzrәtin tumanından çıxartsın, hәzrәt әvvәl sağ әlini, sonra sol әlini qoyur tuman bağının üstә, amma o haramzada hәzrәtin әllәrini kәsib, tuman bağını qәsb elәyir. (Ağlayır vә mömünlәr dә ağlayırlar).

 

Molla Abbas başını salıb aşağı dinmir, mömünlәr ağlaya-ağlaya deyirlәr "Tuman bağına qurban olum, ya seyyidüş-şühәda!", başlarına döyürlәr. Hәkim Lalbyuz vә fәrraş Şimrәli xәlvәtcә bunlara tamaşa edir. Molla Abbas da mömünlәri yamsılamaq babәtindәn öz-özünә

tez-tez deyir.

 

[M o l l a   A b b a s.] Tuman bağına qurban olum, ya seyyidüş-şühәda! Tuman bağına qurban olum, ya seyyidüş-şühәda! (Vә birdәn qah-qah çәkib gülür vә çıxıb qaçır. Sona da qaçır).

M ö  m ü n l ә r  (bunun, dalınca). Allah sәnә lәnәt elәsin!

 

Fәrraş Şimrәli dәlilәri tutub saxlayır, hәkim dә gәlib durur mömünlәrin qabağında.

 

F ә r r a ş   Ş i m r ә l i  (dәlilәrә). Dayanın, hara qaçırsınız? Iki saatdı sizi axtarıram. Bu saat sizi aparacağam dәlixanaya, orada ağlınız

başınıza gәlәr vә dәxi hәzrәtin tuman bağını mәzhәkәyә qoymazsınız.

H a c ı   I s l a m  (fәrraşa). Ay Şimrәli, allah sәnә Kәrbәla qismәt elәsin, allah valideyninә rәhmәt elәsin; bu dәlinin öhdәsindәn bәlkә sәn gәlәsәn; yoxsa, vallahi, biabır olduq. Bir dә bu mәluna deyәn gәrәk, axı sәnin hәzrәtin tuman bağı ilә nә işin var? Qurban olum hәzrәtin tumanına da, tuman bağına da!

M ö m ü n l ә r  (ağlaya-ağlaya). Tuman bağına qurban olum, ya seyyidüş-şühәda! (Başlarına döyürlәr).

 

Hәkim gәlir ağlayanların yanına vә tәәccüb ilә әvvәl  bunlara vә sonra fәrraş Şimrәliyә tәrәf baxıb, işarә ilә soruşur ki, guya bunlar niyә ağlayır.

 

F ә r r a ş   Ş i m r ә l i  (hәkimә). Bir sәbәb yoxdu, ancaq riqqәti-qәlb üz verib.

M o l l a   A b b a s   (hәkimә). Hәkim, hәkim, gәl görәk kim yaxşı mayallaq aşar. (Özü mayallaq aşır).

M ә ş ә d i   H a c ı.  A kişi, bu bәdbәxt lap dәli olubdur.

 

Bu heyndә günorta әzanı deyilir vә küçә ilә hambal, bir tay dalında, keçir. Kәnarda bir pingçi dükanı görsәnir. Әzan deyilәn kimi mömünlәr, hambal vә pingçi şagirdi ayağa qalxıb, birdәn başlayırlar әllәrini qulaqlarına qoyub әzan çağırmağa "Allahü-әkbәr!", "allahü-әkbәr!"  "əşhәdü әn lailahә illәllah!" hәkim tәәccüb ilә әzan çağıranlara baxır vә yenә Fәrraş Şimrәlidәn işarә ilә soruşur ki, bәlkә bunlar dәlidirlәr? Sonra gәlir Nәcәfül-Әşrәfin yanına vә cibindәn lüğәt kitabını çıxardır, bir söz axtarır, amma tapa bilmir: sonra gәlir Hacı Mәdinәnin yanına vә әyilib bunun üzünün o tәrәfinә baxır, bu tәrәfinә baxır, başına vә alnına diqqәt yetirir va axırda gözlәrinә diqqәt verir. Molla Abbas da qabağa yeriyib, xahiş edir ki, ona da baxsın; hәkim onun da üz-gözünә qabaqkı sayaq baxdıqda Molla Abbas birdәn "pıqq" elәyib, göyә tullanır vә hәkimi elә qorxudur ki, hәkim az qalır yıxıla. Molla Abbas vә Sona qaçırlar, fәrraş istәyir tuta, amma hәkimi qoyub gedә bilmir. Mömünlәr yerdәn daş götürüb, dәlilәrin dalınca qaçırlar. Fәrraş Şimrәli hәkimi qucaqlayıb, qoymur yıxılsın vә ona deyir:

 

[Fә r r a ş]  Ş i m r әl i  (hәkimә). Vallah, hәkim, sәn ki, dәlidәn belә qorxansan, gәrәk bir dua yazdırıb yanında saxlayasan.

 

Hәkim  altdan yuxarı baxır Şimrәliyә vә bir söz demir.

 

P ә r d ә

 

 

 

 

DÖRDÜNCÜ   MӘCLIS

 

 

Dәlixana.    Dәli   M o l l a   A b b a s   ayaq üstә durub, әlini göyә qalxızıb, moizә edir. Oturublar dәlilәr:   P ı r p ı z   S o n a,   F a r m a s y o n   R ü s t ә m,  S ә r s ә m   H e y d ә r, H ә m z a d   Q u r b a n, C i n n i  M u s t a f a.   Dәlilәr dәli Molla Abbasın moizәsinә qulaq asırlar.

 

M o l l a   A b b a s. (sәsnәn, avaznan oxuya-oxuya deyir). Әlhәmdilillah rәbbül-alәmin vәssәlatü vәssәlam әla seyidәl-mürsәlin vә ilahit-tahirin, әmma bәd....

S ә r s ә m   H e y d ә r  (ağlaya-ağlaya yalvarır). Ay Molla Abbas qardaş, sәn allah bizә nağıl de, qulaq asaq.

M o l l a   A b b a s  (hirsli). Necә nağıl de?! Nә zәvzәk-zәvzәk danışırsan? Necә nağıl de? Mәn vaizәm, yoxsa nağılçıyam ki, sizә nağıl deyәm? Sözә bax, sәn allah! Deyәsәn mәn nağılçıyam! (hirsi tutur vә gözlәri qızarır. Sәrsәm Heydәr vә Hәmzad Qurban ağlayırlar. Cinni Mustafa acığından dizlәrini yerә çırpır vә yumruğunu sağa-sola tullayır. Molla Abbas birdәn qah-qah çәkib gülür). Bәs bu nağıl deyil,

nәdi? Bәs bu dediklәrim nağıl deyil, nәdi? (gülür).

H ә m z a d   Q u r b a n. Sәn allah, Molla Abbas, bir az moizә elә qulaq asaq.M o l l a   A b b a s  (guya Hәmzad Qurbanın sözünü eşitmәdi). Bәli, xudavәndi-alәmin izni ilә biz buraya cәm olmuşuq ki, bu beş günlük dünyayi-fanini quyudatından kәnara düşüb, allahın yolundan azanlara üzümüz sataşmasın. Onun üçün dә fürsәti qәnimәt bilib, Ağayi-Mәclisidәn sizә moizә edәcәyәm ki, feyziyab olasınız.

F a r m a s y o n   R ü s t ә m (cәld durur ayağa vә әllәrini ölçә-ölçә). De, de, ay atam-anam sәnә qurban olsun! Elәcә Ağayi-Mәclisidәn de!

M o l l a   A b b a s. Bәli, ey mәnim huş vә zәkavәt, әql vә fәrasәt sahibi olan yoldaşlarım! Әrz olsun xidmәti-şәrifinizә ki, Ağayi-Fazil Mәclisi öz "Ixtiyarat" kitabında belә rәvayәt edir ki, (avaznan) әz hәzrәt imam Mәhәmmәd Baqir mәnqul әst ki, hәr kәs rәcәb ayının birinci günü iki min rükәt namaz qıla vә qabaqkı rükәtdә iki min dәfә tövhid zikr edә vә üç min dәfә "inna әnzәlna" oxuya vә oxuyub qurtarana kimi üzü qiblәyә dura, haman şәxs ayın axırına kimi qarın ağrısı görmәz; vallahi görmәz, billahi görmәz.

 

Burada  F a r m a s y o n   R ü s t ә m    S ә r s ә m   H e y d ә r  qah-qah ilә gülürlәr;  H ә m z a d   Q u r b a n      P ı r p ı z   S o n a   ağlayırlar;  C i n n i  M u s t a f a  da dizlәrini yerә döyür vә çığırır. Bir neçә  m ö m ü n   әllәrindә tәsbeh, ağlaya-ağlaya daxil olub soruşurlar: "biz dә mәrsiyәyә, ağlamağa gәlmişik. Ağlayın ey şiәlәr!".

 

C i n n i   M u s t a f a  (ara sakit olandan sonra). Bax, Molla Abbas, istәyirsәn mәn dabanımı yerә vurum, buradan bir quş çıxsın? Bax, deyirsәn vurum? Mәn Ağayi-Mәclisidәn qorxmayacağam ki! (Dabanlarını vurur yerә). Bax, mәn dә üzü qiblәyә durmuşam. Bәs Ağayi-Mәclisi niyә üzü qiblәyә durur?

H ә m z a d   Q u r b a n  (Cinni Mustafaya yalvarır). Ay Mustafa qardaş, sәn allah dabanlarını yerә vurma, mәn quşdan qorxuram.

F a r m a s y o n   R ü s t ә m  (dik qalxır ayağa). Molla Abbas, Molla Abbas, mәnim bir atam var idi, peşәsi sәhәrdәn-axşama kimi ağacdan-ağaca uçmaq idi. Axırda xoruz oldu banladı. (Özü dә xoruz kimi banlayır). Sәn ölәsәn, Molla Abbas, yalan demirәm, odu bax (göyә baxır), atam uçdu getdi. (Qalan dәlilәr dә göyә baxırlar, guya bir şey axtarırlar).

M ö m ü n l ә r (bir-birinә). A kişi, bunlar bir özgә cürә danışırlar, gәlin çıxaq gedәk (gedirlәr).

M o l l a   A b b a s. Mәn hәlә quşdan savayı ağacların da göyә uçmağını görmüşәm, daşların da göyә uçmağını görmüşәm.

C i n n i  M u s t a f a (çağırır). Mәn ölüm, Molla Abbas, boş-boş danışma! Ağacların uçmağını deyirsәn de, amma daşların uçmağını demә; bu yalan oldu.

 

Hәmzad Qurban vә Pırpız Sona ağlayırlar

 

[P ı r p ı z]  S o n a. Sәn allah, ay Mustafa qardaş, acığın tutmasın, mәn qorxuram.

M o l l a  A b b a s  (Cinni Mustafaya). Hәlә mәnim dayımın oğlunun xoruzu var idi, heç hәyәtdә olmazdı, hәmişә damnan dama uçardı.

F a r m a s y o n   R ü s t ә m (qah-qah çәkib gülür). Mәn ölüm, Molla Abbas, sәn dә banna (bu da, Heydәr dә gülürlәr, Hәmzad Qurban vә Sona ağlayırlar, Mustafa dabanlarını yerә çırpır).

S ә r s ә m   H e y d ә r (dik qalxır). Sәn ölәsәn, Molla Abbas, mәnim uşaqlıqda bir xoruzum var idi (gülür).

[H ә m z a d]   Q u r b a n (ağlaya-ağlaya). Niyә mәnim xoruzum yoxdu? Niyә hamının xoruzu var, mәnim xoruzum yoxdu?

M o l l a   A b b a s (ucadan, avaznan).  Ey mәşәrül-xәlayiq! Eşidin vә agah olun ki, dörd yüz il bundan müqәddәm mәn getmişdim yәcuc-mәcucların vilayәtinә. (Hamı dәlilәr sakit olub, qulaq asırlar). Orada bu dılğır vәtәnim mәnim yadıma düşdü; mәni bir ağlamaq tutdu ki, bir dә gördüm (әllәrini dizlәrinә çırpır) dәryaların suyu qalxır yuxarı, az qalır mәni qәrq edә; mәn dә qalxmışam suyun üzünә.

[P ı r p ı z]   S o n a  (az qalır ağlaya). Qorxuram mәn dә qәrq olam Molla Abbas. (Titrәyir vә gәlir özünü salır Molla Abbasın qucağına;

Molla Abbas bunu kәnar edir).

M o l l a   A b b a s (Sonaya acıqlı). Mәn moizә elәdiyim yerdә, sәnin ixtiyarın yoxdu mәnim yanıma gәlәsәn.

 

(Sona indi dә gedir Mustafanın qucağına, o da rәdd edir).

 

C i n n i   M u s t a f a  (çox acıqlı). Çәkil kәnara, axmağın qızı! Sәn xoruzdan qorxanda, mәn dә gәrәk pişikdәn qorxam. Mau-mau (pişik kimi movuldayır, Rüstәm vә Heydәr gülürlәr).[H ә m z a d]   Q u r b a n (birdәn yerindәn qalxıb, başını elә bәrk vurur pәncәrәyә ki, şüşәsi sınır tökülür). Әdә, qoymayın! Ümman dәryası daşdı! Mәn boğuluram!

 

Bu heyndә  F ә r r a ş  Ş i m r ә l i  girir içәri vә әlindәki şallağ ilә Qurbanı bәrk döyür. F a r m a s y on   R ü s t ә m     S ә r s ә m  H e y d ә r  qaçıb bucağa sığınırlar. H ә m z a d   Q u r b a n    S o n a   ağlayırlar, C i n n i  M u s t a f a   ayaqlarını yerә vurub çığırır. M o l l a  A b b a s  başlayır çıtmaq çalıb oymamağa. Fәrraş Şimrәli Sonaya diqqәt salır vә sonra Molla Abbasa deyir:

 

F ә r r a ş  Ş i m r ә l i. Ay biçarә dәli, molla da mәgәr oynar?

 

Rüstәm vә Heydәr gülüşürlәr. Qurban va Sona ağlaşırlar, Mustafa çığırır. Şimrәli Sonaya tәrәf gedir vә xәlvәtlәyib onu çimdiklәyir Sona çimdiyin ağrısından vuyulduyur. D o k t o r   L a l b y u z  girir içәri. Ara sakit olur, çünki dәlilәr hamısı ayağa durub, doktora tәzim edirlәr.

 

[F ә r r a ş]   Ş i m r ә l i   (doktora). Cәnab hәkim, bizim şәhәrin dәlilәri bu altı nәfәr adamdı ki, yığıb gәtirdim buraya. Bu, dәli Molla

Abbasdı. Bu, onun arvadı dәli Sonadı. Bunun adı Farmasyon Rüstәmdi. Bu, Sәrsәm Heydәrdi. Bu, Hәmzad Qurbandı. Bu da Cinni Mustafadı.

H ә m z a d   Q u r b a n (hәkimә şikayәt edir). Ay hәkim, sәn allah, bu dәliyә deginәn (Şimrәlini göstәrir) bizi döymәsin!

C i n n i   M u s t a f a (hәkimә). Axı bu dәlini (Şimrәliyә işarә) gәtirib buraya qatmısınız, bizim günahımız nәdi ki, bizi şallaqlayır?

M o l l a  A b b a s (hәkimә). Axı mәn ki, oynayıram, bunun kimә bir ziyanı var ki, bu dәli mәnim oynamağıma lağ elәyir?

 

Rüstәm vә Heydәr gülürlәr.

 

[ P ı r p ı z]  S o n a  (hәkimә, ağlaya-ağlaya). Ay hәkim, bu dәli kişi (Şimrәlini göstәrir) mәni çimdiklәdi.

 

Rüstәm vә Heydәr gülür, Qurban ağlayır.

 

F ә r r a ş  Ş i m r ә l i (hәkimә).  Cәnab doktor, bunlar dәliliyin havasına danışırlar.

S ә r s ә m   H e y d ә r (dik atılır). Buy, hәkim and olsun allaha, biz dәli deyilik, özü dәlidi.

D ә l i l ә r  (hamısı birdәn). Vallah, dәlidi!

F ә r r a ş  Ş i m r ә l i (hәkimә). Doktorun başı üçün, mәn bunları döymәmişәm.

L a l b y u z   (Şimrәliyә). Bu, bu ....  (bilmir nә danışsın).

 

Dәlilәr hamısı hәkimә baş yendirib әdәblә dururlar.  Hәkim  mat-mәәttәl qalır, әvvәl ehtiyatla gedir dәlilәrin nәbzinә baxır, sifәtlәrinә vә gözlәrinә baxır, sonra Sonaya yavuq gәlib, qol-qıçına diqqәt salır, nәbzinә baxır, çәnәsini әllәyir

 

[P ı r p ı z]  S o n a (ağlaya-ağlaya). Ay hәkim, mәn sәndәn qorxuram; qorxuram sәn dә mәni çimdiklәyәsәn.

 

Molla Abbas, Rüstәm vә Heydәr gülüşürlәr. Qurban vә Sona ağlaşır. Mustafa dizlәrini yerә vurur, çığırır. Daxil olurlar  H a c ı  B a ğ d a d,

K a b l a  T ü r b ә t, M ә k k ә  M ә h ә m m ә d, Ü m m i  G ü l s ü m, Ә m i n ә, S ә k i n ә. S o n a  bunları görcәk başlayır qorxub gizlәnmәyә vә ağlaya-ağlaya deyir:

 

[P ı r p ı z]   S o n a. Hәkim, bu dәlilәri qoymayın bura gәlsinlәr, mәn onlardan qorxuram. (Titrәyir. Dәlilәr dә Sonanı tdsdiq edir, adamlar narahat, hәkim mәәttәl, çavuş dәlilәrә tәpinir vә aranı sakit edir).

K a b l a  T ü r b ә t (әlindә tәsbeh, dodaqları "sübhanallah" vird edir). Cәnab hәkim, mәn bir işdәn ötәri sizә zәhmәt vermәyә gәlmişәm.

Mәn bu dәli, sәrsәm Heydәrin ata bir, ana bir qardaşıyam. Әrz olsun ki, mәnim bu bәdbәxt bәradәrim, bir ildәn artıqdı ki, dәlilik azarına giriftar olub. Dua qalmayıb ki, yazdırmamış olaq; dәrman qalmayıb ki, yedirtmәmiş olaq.

 

Heydәr durur әdәblә qardaşı Kabla Türbәtә baş yendirir.

 

Dәrdi-sәr vermәkdәn mәqsәd budur ki, bu gün seşәnbә, bәli, çәrşәnbә, pәncşәnbә, cümә günü, yәni rәcәb ayının on doqquzunda,

hәzrәtin zühurudur ki, cәmi dәli kişilәrin övrәtlәri haman gün öz yavuq qohumlarının biri ilә bahәmlikdә hәzrәtin ziyarәtinә müşәrrәf olmalıdırlar.

 

Molla Abbas mayallaq aşır.  Rüstәm    Heydәr gülüşürlәr, "ğu-ğu" elәyirlәr. Sona    Qurban ağlaşırlar, Mustafa  çığırır.

 

K a b l a   T ü r b ә t  (Molla Abbasa). Allah sәnә lәnәt elәsin! Gәrәk imamın zühurunun söhbәtindә bu mürtәd mayallaq aşa. (Hәkimә). Hәkim cәnablarına bu dәrdi-sәri vermәkdәn mәqsәd bilmәkdi ki, aya bu üç günün әrzindә bu bәdbәxt Heydәrin ağıllanmağına bir ümid var ya yox? Çünki şayәd xudavәndi-alәmin şәfaәti sadir ola, ağıllana; әgәr ağıllanmasa, mәn özüm mәcburam övrәti Әminәni (Әminәyә tәrәf baxır) aparam hәzrәtin ziyarәtnnә....

Ә m i n ә  (gedir sәrsәm Heydәrin üzünә boğma çıxardır. Heydәr mat-mat baxır). Yalansa, bunun başına kül! Bir ildәn artıqdır bu gün

ağıllanır, sabah ağıllanır; mәni dә sәrgәrdan qoyubdu.

 

Cinni Mustafa çığırır.

 

K a b l a   T ü r b ә t (hәkimә). Cәnab hәkim, sizin rәyinizi bilmәk bizә lazımdı.

H ә k i m    (çiyinlәrini atır). Akademik, akademik.

 

Heç kәs başa düşmür. Rüstәm vә Heydәr gülüşür. Sona vә Qurban ağlaşırlar, Mustafa çığırır.

 

M ә k k ә   M ә h ә m m ә d   (әlindә tәsbeh, dodaqları vird edir vә hәkimә deyir). Cәnab hәkim, sizә dәrdi-sәr vermәkdәn mәqsәd budur

ki, әrz edirәm. Mәnim dә bu bәdbәxt ata bir, ana bir qardaşım Hәmzad Qurban bir neçә müddәtdi ki, dәli-divanә olub çöllәrә düşübdü.

Bu da onun övrәti Sәkinәdi. Dua qalmayıb ki, yazdırmamış olaq; dava-dәrman qalmayıb ki, yedirtmәmiş olaq. (Qurban durur ayağa,

qardaşı Mәkkә Mәhәmmәdә baş yendirir). Dәrdi-sәr vermәkdәn mәqsәd budur ki, cümә günü hәzrәt zühur edir; hökmdür ki, cәmi dәli kişilәrin övrәtlәri öz yavuq qohumları ilә birlikdә hәzrәtin ziyarәtinә müşәrrәf olalar.

 

Molla Abbas mayallaq aşır, mömünlәr bu dәfә onu döyә-döyә salırlar çölә. Rüstәm  vә Heydәr gülüşürlәr, Sona  vә Qurban ağlayırlar.

 

M ә k k ә   M ә h ә m m ә d  (Molla Abbasın dalınca). Hәr vaxt ki, imamın zühurundan söhbәt düşür, bu mәlun oğlu mәlun gәrәk mayallaq aşa. (hәkimә). Hәkim cәnablarına dәrdi-sәr vermәkdәn mәqsәd bilmәkdir ki, aya, bu üç günün әrzindә bu bәdbәxt Qurbanın ağıllanmağına

bir ümid var ya yox?

 

Sәkinә gedir Hәmzad Qurbana boğma çıxardır.  Qurban mat-mat baxır.

 

S ә k i n ә. Bunun başına kül! Nә qәdәr vaxtdı ki, elә ha bu gün ağıllanır, sabah ağıllanır; mәni dә sahibsiz qoyub.

Cinni Mustafa çığırır, dabanlarını yerә çırpır.

 

H ә k i m (çiyinlәrini atır). Akademik, akademik!

 

Heç kәs hәkim dediyini başa düşmür.

 

M o l l a   A b b a s  (qapıdan). Ay müsәlmanlar, vallah bu hәkim dәlidi.

 

Molla Abbas qapıda oynayır, Rüstәm vә Heydәr gülüşürlәr, Sona vә Qurban ağlayırlar; Mustafa çığırır va dabanlarını yerә çırpır. Şimrәli Molla Abbasa bir şallaq çәkir.

 

[P ı r p ı z]   S o n a (ağlaya-ağlaya, hәkimә). Ay hәkim, sәn allah bu dәlilәrә de, mәnim Molla Abbasımı döymәsinlәr.Uzaqdan çavuş carlayır, camaat salavat çәkir. Allahümmә sәlli әla Mәhәmmәdün vә ali Mәhәmmәd!

 

P ә r d ә

 

 

 

 

BEŞINCI MӘCLIS

 

 

Şәhәrin kәnarı, camaat ayaq üstә, әllәri duada, dodaqları dua vird edir. Çoxu müsafir paltarında zәvvardırlar. Çavuş oxuyur:

 

Düşüb könlüm mәnim dә iştiyaqә,

Gedin mәndәn qabaqca siz qabaqә,

Edin izzәt bu izzәtli qonaqә,

O hәzrәtdәn sizә fәrman çıxıbdır.

Bәr Mәhәmmәd vә alihü sәlavat!....

 

Camaat salavat çәkir, çavuş Ә l ә l f ә l a h,  F a z i l  M ә h ә m m ә d  i b n Y ә q u b,  H a c ı  B a ğ d a d, K ә r b ә l a y ı  T ü r b ә t  vә M ә k k ә   M ә h ә m m ә d,  bunlardan sonra övrәtlәr -- Ü m m i  G ü l s ü m,  Ә m i n ә,  S ә k i n ә....  Ә l ә l f ә l a h bir atın cilovundan çәkir, atın üstündә xurcun, içindә ölü sümüklәri görsәnir. Adamların dalınca dörd kәcavә, hәrәsi bir qatıra yüklәnmiş. Bunlardan savayı çox kişi vә övrәt gәlmәkdәdir. Hacı Mәhәmmәdәli fәrşfüruş, Hacı Xudaverdi Hacı Cәfәr dә burada durub ağlayırlar. Bir tәrәfdәn dәlilәr, Molla Abbas, Farmasyon Rüstәm, Sәrsәm Heydәr, Hәmzad Qurban, Cinni Mustafa, Pırpız Sona, Şimrәli әlindә şallaq dәlilәri gözlәyir.

 

F a z i l  M ә h ә m m ә d   i b n   Y ә q u b  (әllәrini qaziyul-hacata qalxızıb, bәlağәt ilә deyir). Allahümmә inni әsәlükә biismikә ya rәhman

ya rәhim! Sübhanallah, lailahә illa әntәl-qövs-әlqövs külli şeyin qәdir. Ey mәşәril-xәlayiq! Ey islam ümmәti! Ey yer üzünün şiәlәri! Bilin vә agah olun ki, dünyanı bәdbәxtlik hәr tәrәfdәn әhatә edibdi. Bunun ümdә sәbәbi gün-gündәn artmaqda olan mәsiyyәtlәrin vücudi ki,

ibarәt olsun dәli kişilәrin övrәtlәrinin sahibsiz qalmağından. Bir surәtdә ki, әz hәzrәt Yәqub mәrvist ki, әgәr övrәti-müslimә müddәti bisahib manәd, hәftad hәzar mәlәk bәәhaliyi-on vilayәt lәnәt günәd.

 

[Hәzrәt Yәqubdan rәvayәtdir ki, әgәr müsәlman arvad bir müddәt sahibsiz qalsa, yetmiş min mәlәk o vilayәtin әhalisinә lәnәt oxuyar.]

 

C a m a a t. Lәnәt!

F a z i l   M ә h ә m m ә d  (ağlayır). Indi bir mülahizә buyurun görün, bir mәmlәkәtә ki, yetmiş min mәlәk lәnәt oxuya, әlbәttә, orada dünya-alәm dәrhәm-barhәm olacaq. Ey yer üzünün şiәlәri, bu gün cümә günüdür, yәni bina bәrәvayәti-ibn Hәsәn Sәid ibn Ömәr Hәsәn

qeyr vahid, qalә yәxrucü qiamüna әhlül-beyt yövmül-cümә....  Baxın mәğrib tәrәfinә: gün oradan tülü edir; baxın mәşriq tәrәfinә: gün oradan qürub edir. (başını qalxızıb göyә baxır. Camaat tәәccüblü mәqrib vә mәşriq tәrәfә baxır).

F a z i l   M ә h ә m m ә d  (moizәsini elәyir). Odur, az qalır ulduzlar yerә tökülsün; az qalır vәlvәleyi-sәthi-xakdan olsun; az qalır zәlzәleyi-sәqfi asiman olsun. Bu özgә bir şey deyil, mәgәr sahibül-әsr vәzzәmanın zühurunun әlamәtidir.

Dәlilәr tәzim edirlәr, Hәmzad Qurban vә Pırpız Sona qorxularından titrәyirlәr vә ağlayırlar. Farmasyon Rüstәm vә Sәrsәm Heydәr gülürlәr vә Cinni Mustafa  çığırır. Molla Abbas çıtmıq çalır, düşür oynamağa, camaat acıqlanır vә onu oradan çıxardır.

 

C i n n i   M u s t a f a. Әdә, imam gәldi! Әdә, Molla Abbas, imam gәldi. (Dizlәrini yerә döyür).

 

Küçәdә camaat bu sözü eşidib, hәyәcanla yavuq gәlib, imamı  axtarır.

  

F a z i l   [M ә h ә m m ә d]  (moizә edir). Ey yer üzünün şiәlәri, bu gün bu ağanın (çavuşa işarә edir) buraya müsafirәtinin illәti budur ki, bütün yer üzünün şiәlәrinә elam olunsun ki, hәzrәt sahibül-әsr vәzzәman cümә günü Qaf dağının dalından min övladı ilә düşmәnin qabağına davaya çıxıb, elani-müharibә edәcәk.

M o l l a   A b b a s  (uzaqdan qah-qah çәkib gülür). Az da yox, min evladı ilә!

 

Şimrәli vә mömünlәr Molla Abbası bir xeylәk döyürlәr.

 

F a z i l   M ә h ә m m ә d.  Bәli, әzhәr minәş-şәmsdir ki, hәzrztin ümmәtinin törәyib artmağına böyük zәrurәt müşahidә olunur vә bu sәbәbdәn o hәzrәtdәn tәvәqqe sadir olub ki, (bir kağızı әlindә tutub) bәndeyi-hәqir hәzrәtin birinci nayibi-xassı Mәhәmmәd ibn Yәqub Küleyni ki, ibarәt olsun "Üsuli-Kafi" kitabının sahibindәn ki, şiә mәzhәbinin mәdari-dәyanәti hesab olunur. Bilin vә agah olun ki, budur o hәzrәtin hökmünün mәzmunu: bu vilayәtdә olan dәli kişilәrin övrәtlәri bir surәtdә ki, müvafiqi-şәri-şәrif әrlәrindәn boş vә azaddırlar, gәrәk öz әrlәrinin qardaşlarına siğә olub, bu kәcavәlәrә әylәşsinlәr, hәzrәtin ziyarәtinә müşәrrәf olsunlar. Zәmani ki, hәmin dәli kişilәrin övrәtlәri öz dәli әrlәrinin qardaşlarına siğә oldular, xudavәndi-zülcәlalın qüdrәti ilә bu övrәtlәrdәn (dәlilәrin üç övrәtinә işarә edir) yetmiş günün әrzindә yetmiş min övlad әrsәyә gәlәcәk.

 

Molla Abbas vә dәlilәr gülüşürlәr vә bunlar o büzürgüvarın kömәyinә gedәcәklәr vә o mәlun düşmәnә zәfәr yetirib, sәğәrin dib bucağına vasil edәcәklәr vә pak olan şiәlәrin nicatına bais olacaqlar vә bәlkә bu qәdәr intәhasız savabın müqabilindә dә bu biçarә dәlilәrә bir nicat yolu tapalar.

 

Hamı övrәtlәr kәcavәlәrә tәrәf hücum edirlәr.

 

F a z i l   [M ә h ә m m ә d]  (övrәtlәrә). Ey ağıllı övrәtlәr, bir sәbr ediniz, ta ki siğәlәr cari olsun.

F a r m a s y o n   R ü s t ә m  (övrәti Ümmi Gülsümә ağlaya-ağlaya). Ay mәnim övrәtim Ümmi Gülsüm, vallah, mәn dәli deyilәm; mәni

qoyub getmә.

H a c ı   B a ğ d a d  (qardaşı Rüstәmә). Qardaşım, allaha yalandan and içmә, günaha batdın.

S ә r s ә m   H e y d ә r  (övrәti Әminәyә yalvarır). Ay mәnim övrәtim Әminә, mәni tullayıb qardaşıma әrә getmә! Vallah, mәn dәli deyilәm (ağlayır).

K a b l a   T ü r b ә t  (Heydәrә). Qardaşım, Heydәr, allaha yalandan and içmә, günaha batdın.

H ә m z a d   Q u r b a n  (Sәkinәyә). Ay mәnim övrәtim Sәkinә, uşaqları tullayıb qardaşıma әrә getmә! Vallah, mәn dәli deyilәm (ağlayır).

M ә k k ә   M ә h ә m m ә d. Qardaş, Qurban, and içmә, günaha batdın.

Ç a v u ş   (oxuyur).   Hәr ki  darәd hәvәs hәzrәtna, bismillah!....

 

Camaat salavat zikr edir: "Allahümmә sәlli әla Mәhәmmәdün vә ali Mәhәmmәd". Dәlilәr tәzim edir. Övrәtlәr yenә kәcavәyә hücum çәkirlәr.

 

[F a z i l]   M ә h ә m m ә d   i b n   Y ә q u b.  Ey salihә övrәtlәr! Macal verin, siğәlәr cari olsun. (Fazil gәlir durur camaatın arasında vә başlayır siğә oxumağa) Әlhәmdü lillahillәzi әhәllәt-tәzvicә vәnnikahә, vәssәlatü vәssәlamü әla xeyri xәlqihi vә әcmәin әüzü billahis-sәmiil-әlimi minәş-şeytanir-rәcimi. Әnkәhtül-mәrәtәl-mәlumata lirrәcülil-mәlumi әlәssәdaqil-mәlumi. Qәbiltün-nikahә.

C i n n i   M u s t a f a  (dabanını yerә vurur vә çığırır). Oxuma, oxuma siğәni. Biz dәli deyilik.

 

Hәmzad Qurban vә Sona ağlayırlar Farmasyon Rüstәm vә Sәrsәm Heydәr qah-qah çәkib gülürlәr. Mömünlәrin bir neçәsi: "sübhanallah, sübhanallah", bir neçәsi: "lahövlә vәla qüvvәtә illa billahü әliyyül-әzim" deyir. Cinni Mustafa peydәrpey çığırır: "biz dәli deyilik! Biz dәli deyilik!".

 

F a z i l   M ә h ә m m ә d  (dәlilәrә). Necә dәli deyilsiniz ki, dünya vә alәm içrә bizim irz vә namusumuzu götürübsünüz?

 

Qeyri mömünlәr dә dәlilәrin üstә çığırırlar.

 

Necә dәli deyilsiniz ki, dünya vә alәm buna şahiddir?

 

Qiylu qal dәxi dә şiddәt edir.

 

Ç a v u ş   Ә l ә l f ә l a h  (Fazilә).  Xub, bir surәtdә ki, bu allah bәndәlәri (dәlilәri göstәrir) öz dәliliklәrini inkar edirlәr, xub, mәn eşitdiyimә görә, bu vilayәtdә Әmristandan tәzә varid olan vә ruh әmrazinә ixtisas yetirmiş tәbibi-haziq var. Xub, haman tәbibi dәvәt edin, özü tәşxis versin ki, aya bu camaat içindә kimdir ağıllı, kimdir dәli; dәxi mübahisәyә nә hacәt? Dәxi münaqişәyә nә lüzum, ey mәşәrül-xәlayiq?

D ә l i l ә r. Nә eybi var, hәkim özü tәşxis versin kimdir ağıllı, kimdir dәli. Mübahisәyә nә hacәt? Münaqişәyә nә lüzum?

M ö  m ü n l ә r. Nә eybi var, hәkim özü tәşxis versin, kimdir dәli, kimdir ağıllı. Mübahisәyә nә hacәt? Münaqişәyә nә lüzum?

 

Çamaat içindә "çәkilin, çәkilin" sәsi düşür, hәkim Lalbyuz girir camaatın içinә vә o tәrәf-bu tәrәfә baxır.

 

F ә r r a ş   Ş i m r ә l i  (hәkimә). Cәnab hәkim, sizә mühәvvәl olunur tәşxis vermәk kimdir burada dәli, kimdir ağıllı? Zira bu barәdә

mübahisә vә münaqişә vaqe olub.

 

Cәmi dәlilәr hәkimә tәzim edir, camaat sükutda vә müntәzirdir ki, hәkim nә tövr rәftar edәcәk. Hәkim at üstündәki xurcuna diqqәt verib, sümüklәrә gözü sataşır vә tәәccüb edә-edә oraya yavuqlaşıb, istәyir әlini vura sümüklәrә. Xurcun sahibi çavuş Әlalfәlah hәkimin әlini öz әli ilә rәdd edir ki, әli sümüklәrә dәyib, murdarlamasın. Hәkim tәәccüblü çavuşa baxır vә işarә ilә soruşur ki, bu sümüklәr niyә

buraya qoyulub vә hara aparırlar?

 

Ç a v u ş  (hәkimә). Cәnab hәkim, bu sümüklәr cәnnәt-mәkan atamın sümüklәridi; allah-taala cәmi mömün bәndәlәrini әrşi-әlada hurilәr ilә hәmcәlis elәsin ....  Bu sümüklәri aparıram әtәbati-aliyata hәzrәtin türbәti-mübarәklәrinә tapşıram. Çünki hәzrәt Museyi-Kazimdәn  rәvayәtdir ki, çün meyitra dәfn künәnd dәr bәrabәri-qәbri-hәrәt

 

[Elә ki, meyiti hәzrәtin qәbrinin yanında dәfn elәdilәr ....]

 

 .... (ağlayır vә başına döyür; cәmi dәlilәr qah-qah çәkib gülürlәr).

 

F a z i l   M ә h ә m m ә d. Vaveyla va müsibәta!....  Gör nә günlәrә qaldıq!

M ö m ü n l ә r. Vaveyla va müsibәta!....

H a c ı   B a ğ d a d. Atam-anam sәnә qurban, ya hәzrәt! (ağlayır, dodaqları vird edir: "sübhanallah, sübhanallah!").

K a b l a   T ü r b ә t. Fәda olum sәnә, ya hәzrәt! (Ağlayır. Dodaqları vird edir: "sübhanallah, sübhanallah").

M ә k k ә   M ә h ә m m ә d. Lahövlә vәla qüvvәta illa billahü әliyyül-әzim.

 

Hәkim Lalbyuz qalır mәәttәl; bilmir dәli kimdir, ağıllı kimdir.

 

M o l l a   A b b a s  (hәkimә, gülә-gülә). Hә, belә mәәttәl qalarsan ha? Elә bilirsәn dәlilәrә hәkimlik elәmәk hasand işdi? Hә, bizi әlә salıbsan, ya özünü әlә salıbsan? Sәn ki, bu camaatın dilini bilmirsәn, indi tap görüm dәli kimdi, ağıllı kimdi? Hә, niyә mәәttәl qalmısan?

Niyә lal olmusan, cәnab Lalbyuz? (qah-qah çәkib gülür, dәlilәr dә gülürlәr).

 

Hәkim yenә bilmir nә elәsin vә bir qәdәr dә o adama, bu adama diqqәt edәndәn sonra gedir ağlayan vә başına döyәn Çavuş Әlәlfәlahın papağını çıxardır vә qırxıq başına vә gözlәrinә diqqәt edir. Sonra dodaqları "sübhanallah" vird edәn vә gözlәri allahı axtaran Hacı

Bağdadın başına vә gözlərinә diqqәt yetirir. Farmasyon Rüstәm vә Sәrsәm Heydәr gülüşür. Mömünlәr narazı vә mәyusdurlar. Sonra hәkim gedir dodaqları "sübhanallah" vird edәn vә gözlәri allahı axtaran Kabla Türbәtin başına vә gözlәrinә baxır. Dәlilәr gülüşür. Bu minval ilә Mәkkә Mәhәmmәdә dә baxandan sonra hәkim cibindәn lüğәt kitabını çıxardıb, bir söz axtarır vә kitabın bir yerindә barmağını qoyub, bu kәlmәni çәtinliklә höccәlәyir vә deynr: "dali". Dәlilәr gülüşür, mömünlәrin gileyi-güzarı vә narazlığı intihaya çatır: "Bu necә hәkimdi? Bu nә qayırır? Hәkimin iştibahı var" sözlәri ucalır. Fәrraş Şimrәli dәlilәri vә ağıllıları şallaqlaya-şallaqlaya camaatı sakit edir.

Çavuş avazla oxuyur: "Zi türbәti-şühәda buyisib miayәd".

 

[Hәzrәtlәrin qәbrinin torpağından alma iyi gәlir.]

Camaat salavat çevirir.

 

F a z i l    [M ә h ә  m m ә d.]   Ey mәşәrül-xәlayiq! Vay dәlilәrin bәxti-qarә övrәtlәri! Hәr kәs öz әrinin qardaşına siğә olmağa vә hәzrәtin ziyarәtinә getmәyә razıdırsa, daxil olsun kәcavәyә.

 

(Ümmi  Gülsüm başını aşağı salıb gedir, kәcavәyә daxil olur)

 

Bәli, bu gedәn şieyi-salihә Ümmi Gülsüm, Farmasyon Rüstәmin bәdbәxt övrәtidir.

 

Rüstәm arvadının kәcavәyә tәrәf ketmәyinә baxıb, "ğu, ğu" elәyir. Molla Abbas vә Sәrsәm Heydәr gülüşürlәr, Sona vә Qurban ağlaşırlar, Cinni Mustafa dabanlarını yerә vurub çığırır. Sonra kәcavәyә Ümmi Gülsümün dalınca gedir Hacı Bağdad, ondan sonra gedir Әminә

övrәt -- Sәrsәm Heydәrin arvadı. Heydәr dә arvadına "ğu-ğu" edir, dәlilәr gülüşürlәr. Bunun dalınca Kabla Türbәt, ondan sonra Sәkinә övrәt, dalınca Mәkkә Mәhәmmәd. Dәlilәr "ğu-ğu" edib gülüşür. Fazil Mәhәmmәd siğәni alçaqdan oxuyur: "әngәhtü mәrәtül-mәlumә". Oxuyub tamam edәndәn sonra üzünü tutur camaata.

 

F a z i l    [M ә h ә m m ә d.]  Bәli, mәlumdur ki, bu vilayәtdә hamıdan artıq dәliliyi ilә şöhrәt qazanan mәnim bәdbәxt bәradәrim dәli Molla Abbasdır ki, onun biçarә övrәti Pırpız Sonanı hәzrәtin ziyarәtinә aparmaq zәhmәti mәnim öhdәmә mühәvvәl olunubdu. O, rәhim allahdan istiqasim budur ki, öz astanasında bu bәxti-qarә övrәtә şәfa kәramәt edib, bu mәrәzi-nagәhanidәn xilas edә. Daxil olsun kәcavәyә qol-qıçı açıq, mömün bәndәlәrin nәzәrindә küçә vә bazarda dolanan Pırpız Sona!

 

(Fazil Mәhәmmәd ibn Yәqub başı aşağı, gedir kәcavәyә tәrәf vә çönüb görür ki, Sona gәlmir. Sona dәlilәrin içindәn qabağa çıxır, üzünü tutur Molla Abbasa vә deyir:)

 

P ı r p ı z    [S o n a.]  Molla Abbas, qorxuram! Molla Abbas, mәni tut, mәn qorxuram! (әllәrini qabağa uzadır vә yalvarır). Molla Abbas, o arvadlar ki, öz әrlәrini tullayıb, әrlәrinin qardaşlarına qoşulub gedirlәr, o arvadların ucundan qorxuram dünya vә alәm dağıla, külli-küfan ola. Molla Abbls, qorxuram ulduzlar yerә tökülә (titrәyir). Vay, nәlәr gördüm, Molla Abbas!

 

(Ağlayır vә titrәyir. Fazil Mәhәmmәd istәyir qayıda gәlә Sonanı apara, Sona da istәyir qayıda gәlә dәlilәrin yanına).

 

M o l l a   A b b a s  (Sonaya). Sona, get, get, mәn sәnә izin verdim. Sәni aparan mәnim qardaşımdı.

 

Fazil Sonanı zor ilә çәkir kәcavәyә tәrәf, Sona çığırır. Dәlilәr hücum edirlәr Fazilin vә möminlәrin üstә. Fazil vә camaat hamısı qorxub qaçır, dәlilәr onları qovalayır. Molla Abbas Sonanı qucaqlayır vә әtrafa baxıb görәndә ki, bir kәs yoxdur, dizi üstә düşüb, başlayır Sonanın әllәrindәn öpmәyә vә ona deyir:

 

Neçә ildi özümü (öz üstünә baxır) bu hala salmışam ki, sәn dәlilәr içindә tәk qalmayasan! Yazığım sәnә dә, yazıq özümә dә! Çünki dәxi bizim günümüz belә keçәcәk vә axırda da divarlar dibindә can verәcәyik. Indi ki, getmәdin, getmә, qoy o bacı-qardaşlar (әlini zәvvara tәrәf tutur) o qayın-baldızlar әylәşsinlәr kәcavәlәrә vә yetmiş günün әrzindә hәzrәtin qoşunundan ötәri yetmiş min övlad әmәlә

gәtirsinlәr vә hәzrәtin düşmәnini sәğәrin dib-bucağına vasil elәsinlәr. Gedәk biz dә öz yoldaşlarımızın içindә qalaq. Doğrudur, onlar, hәzrәtin zühuruna inanmırlar, hәzrәtin zühurunda mayallaq aşırlar, amma heç olmasa, sәni dә çimdiklәmirlәr. (Dәlilәrә tәrәf üzünü tutub çığırır: "Yoldaşlar!" Dәlilәr gülә-gülә qayıdıb gәlirlәr. Dәlilәrә tәrәf acıqlı). Nәyә gülürsünüz? Mәn sizә min dәfә demişәm ki, әgәr siz mәni vaiz hesab elәyirsiniz, gәrәk mәn vәz edәn vaxt siz mәnim moizәmә huş-guş ilә qulaq asasınız. (Dәlilәr başlarını aşağı salıb dinmirlәr. Molla Abbas bir qәdәr fikrә gedәndәn sonra, bәlağәt ilә deyir:) Hindistan hükәmasından bilmirәm hansıdı -- adı yadımdan çıxıb, -- kitabında yazır: vaxt olur ki, insanın qәlbi hәr bir arzudan vә meyldәn xali olur, o vaxt qәlbdә bir növ xamuşluq әmәlә gәlir. Bu xamuşluqda insana elә bir iti zehn üz verir ki, dünyanın yaxşı vә yamanını hәkimanә bir surәtdә görә bilәr. Allah şahiddir ki, bir belә xamuşluq, bir belә sakitlik bu dәqiqә mәnim dә qәlbimdәdir. Onun üçün dә indi mәn hәzrәt sahibül-әsr vәzzәmanın xidmәtinә müşәrrәf olan bu camaatın (әlini zәvvara tәrәf uzadır) hәrәkәtinә diqqәt ilә tamaşa edib deyirәm: Vallah vә billah biz "dәli yığıncağına" düşmüşük.

 

Dәlilәr gülüşür, Sona ağlayır, Cinni Mustafa yumruğunu zәvvara tәrәf tutub çığırır.

 

P ә r d ә

 

Axırı