ANA DİLİ

 

 

 

 

Hәrdәn mәnim xәyalıma bir belә şey gәlir:

 

Mәn universitet, yәni darülfünundan tәzә qurtarıb vәtәnimizә gәlәn günü şәhәrimizin qazisi Axund Molla Sәbzәli gәldi bizim evә mәnim görüşümә. Evimizdә heç kәs yox idi, anamdan savayı. Bu övrәt dә çıxdı o biri otağa vә qazi ilә biz başladıq söhbәti. Demәyinәn yazıq anam da qapının dalında durub qulaq asırdı.

 

Qazi içәri girәn kimi mәn qabağa yeridim vә dedim: salam mәleyk. Cәnab qazi mәnә cavab verdi ay әssalamü әleyküm, ay xudahafiz, әhvali-şәrif, әnasiri-lәtif, maşaallah, maşaallah, Әxәvizadә, neçә müddәtdi müntәziri-vucudi-zicudunuz vә müştaqi-didarınız idim, inşaallah zati-alinizin mәzacı-mübarәklәri salimdir.

 

Mәn bir şey başa düşmәyib dedim: da.

 

Cәnab qazi bir qәdәr baxdı mәnim üzümә vә genә başladı:

 

Әxәvizadә, tәhsili-fünunuzu әncama yetiribsiniz, ya dübarә tәkmili-nöqsan üçün darülelmә әvdәt etmәlisiniz?

 

Mәn genә bir şey başa düşmәyib dedim ki, cәnab axund, yaxşı panimat elәmirәm ki, nә әrz edirsiniz.

 

Axund soruşdu: necә?

 

Mәn dedim: çto?

 

Söhbәtimiz elә bu cür qurtardı vә axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içәri vә mәnә dedi: balam mollaynan nә dil danışırdınız ki, mәn heç başa düşmәdim.

 

Dedim: ana, mollaynan biz ana dili danışırdıq.

 

Anam başını saldı aşağı vә bir qәdәr fikrә gedib dedi: Yazıq ana dili!

 

Hәrdәmxәyal

 

"Molla Nәsrәddin", 27 yanvar, 1907, ¹ 4.