AZӘRBAYCAN PADŞAHLARI

 

 

 

 

Hәrdәn bir mәnim xәyalıma bir belә şey gәlir:

 

Azәrbaycanda neçә padşah var?

   

Bu barәdә Almaniya sәyyahı Reynqart vә ingilis sәyyahı Bekker kitablarında yazdıqları mәlumat bir-birilә müxtәlifdir.

  

Reynqart sәyahәtnamәsinin 65-ci sәhifәsindә yazır ki, Azәrbaycanda 2522 padşah var, amma Bekkerin sәyahәtnamәsinin 125-ci sәhifәsindәn anlaşılır ki, Azәrbaycanda 2323 padşah var.

 

Hәmin iki sәyyahın arasında keçәn il bu mәsәlәnin barәsindә sual-cavab var idi: Reynqrat Almaniyada çıxan "Trinxen" qәzetindә yazdığına Bekker İngiltәrәdә çıxan "Taymes" qәzeti ilә cavab verәrdi.

 

Axırda mәlum oldu ki, Bekker Azәrbaycanın Nәmin adında vilayәtini nәzәrә almayıb vә buranın padşahlarını hesaba daxil elәmәyib vә bu sәbәbdәn Bekkerin hesabında Azәrbaycan padşahlarının sayı 199 qәdәr әskik çıxıb.

 

Vaqeәn Nәmin vilayәtindә 199 padşah var ki, bu vilayәtdә onlara--"xan" deyirlәr.

 

Reynqart Nәmin vilayәti barәsindә belә yazır: "Nәmin vilayәtindә 199 xan var vә on beş fәqir vә biçarә rәiyyәt var vә burada bir yaxşı hamam var vә bu hamamın pakizә suyu var. Hәr bir xanın 99 oğlu var vә 99 әlquşu vә 99 tulası var. Xanların binayi-xeyirlәrindәn qırxa kimi darülfünun var vә bu darülfünunların xәrci güc ilә on beş nәfәr kasıb rәiyyәtdәn alınır vә bu mәktәblәrdә yaxşı elm oxunur. Mәsәlәn: "Cin Yusif", "mәşrubat", "qumar". Vә bu vilayәtdә rәiyyәtlәrin әkilmiş zәmilәri dә var vә hәrdәn bir xanların könlü gәzmәk istәyir, çünki allaha şükür keyflәri kök, damağları çağ, alacaq var, verәcәg yox, quş var, ar yox, tula var, insaf yox, yumruq var, allah yox....

   

Xülasә, a başınıza dönüm, bir gün bu padşahlar, yәni bu xanlar, adama bir at, 21 tula vә bir quş, 21 nökәr üz qoydular rәiyyәtin әkilmiş zәmilәrinә vә başladılar bu tәrәfdәn o tәrәfә çapmağa, o tәrәfdәn bu tәrәfә çapmağa. Çәkmәdi bir az, zәmilәr zirbәzir oldular vә әkinçilәr dә asudәliyә çıxdılar, çünki dәxi bir zәhmәtlәri qalmadı vә axşam vaxtı Nәmin padşahları, yәni xanlar belә әhәmiyyәtli fәth vә zәfәr ilә geri qayıdıb başladılar әvvәl "qaraxallı tulanın iy bilmәyini, tәrlan quşun ovlamağını" müzakirә vә mübahisә etmәyә. Vә sonra mübaşir oldular eyşü işrәtә.

  

İdarәdәn: Biz belә eşitdik ki, Reynqartın kitabında bu әhvalatı oxuyandan sonra Yevropada çox adam ağlayıb.

  

Amma bizlәrdә bir belә xәbәr qәzetdә ya kitabda oxuyanda öz-özümüzә deyirik: "Maşallah, maşallah!"

 

Uşaqlıqda bir gecә canıma bir "birә" girib qoymurdu yatam. Çağırdım xalamı vә ağlaya-ağlaya şikayәt elәdim. Xalam mәnә dedi: "Bala, yat, әlbәt allah belә mәslәhәt bilib". Dedim: "Xala, valla yata bilmirәm". Dedi: "Bala, yat, allah mәslәhәtidi". Dedim: "Xala, sәn allah bu "birәni" mәnim canımdan rәdd elә". Dedi: "Bala, yat, әlbәt allah belә mәslәhәt bilib". Xalam belә deyirdi.

 

Mollalarımız da deyir:

 

"Dәr dәfi-xәdәngi-sitәmi-gәrdişi-kәrdun

Behtәr zikifayati-ilahi süpәri nist".

 

Xanәndә vә sazәndәlәrimiz dә hәr toy mәclisindә әvvәl bunu başlayıb oxuyarlar:

 

"Bari xudaya, sәn özün hifz elә--Bu xan balasını, bu şahzadәni".

 

Adamlar da çıtmıq tutub oynayırlar.

 

Hәrdәmxәyal

 

"Molla Nәsrәddin", 17 mart, 1907, ¹ 11.