AŞİNA SӘDASI

 

 

 

 

Aşina danәd sәdayi-aşina.

 

 

Mәnim aşnam "Tәzә hәyat"ın 119-cu nömrәsindә hәcc mәsәlәsindәn söhbәt açanda, söz yox, bilmirdi ki, onun "Aşina sәdası"nı hamıdan qabaq Molla Nәsrәddin eşidәcәk.

 

Min yaşasın sözün açıq danışan qәlәm sahiblәrimiz!

      

       *       *       *       *       *

  

Bu müxtәsәr vә qәlbi xeyir-duadan sonra "aşnama" bir neçә söz demәk istәyirәm.

  

Mәqalә sahibi belә yazır: "Cahil ruhanilәrimiz hәcc mәsәlәsinә yanlış mәna vermәkdәn hәya etmirlәr vә avamı inandırırlar ki, hәccә gedәnlәr ömrlәrinin müddәtindә nә qәdәr günah ediblәr, hamısı bağışlanacaq vә bu biçarә qırmızısaqqallılarımız bu cahilanә tәriflәrә inanıb vә övladi-әqrabalarından min-min mәşәqqәt ilә pul tapıb, Hicaza gedirlәr. Bunların qәsdi, әvvәlәn, günahlarını bağışlatmaqdır vә ikinci, vәtәnә qayıtdıqdan sonra nüfuz, hörmәt vә etibar sahibi olmaqdır. Bunların çoxu oxumaq vә yazmaq bilmәdiklәrindәn qәzet vә kitab oxumaqla mәşğul olmazlar, ancaq saqqallarını qızardıb vә bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi kәmali-әzәmәtlә orada-burada dolanırlar".

  

Sonra "aşnam" deyir: "Hәccә getmәyin hikmәti-siyasiyyәsi budur ki, hәr il dünyanın hәr ucundan olan müsәlmanlar bir nöqtәyә cәm olub, bir-birinә mәlum olmayan nöqsanlarını vә dәrdlәrini vә siyasi hallarını bir-birinә bildirsinlәr, bunların islahı xüsusunda tәdbir vә vasitәlәr tapsınlar vә vәtәnlәrinә qayıdandan sonra vәtәndaşlarını bu tәdbir vә vasitәlәrdәn hali edib, bunları әncama gәtirsinlәr".

 

Ey mәnim "aşnam!"

  

Qadan alım, bizi niyә belә bәrkә qısnayırsan? Balalarına qurban olum, ey mәnim "aşnam", bizi, axır, niyә zora salırsan? Qurban olsun sәnә mәnim canım! Deyәsәn, elә Firәngistanda, maşallah, anadan olub, ömrünu orada keçiribsәn vә deyәsәn heç bizlәrdәn xәbәrin yoxdur! A belә atam-anam sәnә qurban, bizә niyә yazığın gәlmir, niyә bizi zora salırsan? Axır, biz haradan alaq sәn deyәn hacıları ki, "gedib Hicaza, müsәlmanların nöqsanlarını, dәrdlәrini vә siyasi hallarını bir-birinә bildirsinlәr, bunların islahı barәsindә tәdbir vә vasitәlәr tapsınlar"?

  

Qadan alım sәnin, ey mәnim "aşnam!" Axır, bir bizim dә halımızı mülahizә elә, yoxsa biz biçarәlәri bәrkә qısnamaqdan qәsdin nәdir? Ey mәnim başımın sahibi "aşnam", bizi niyә zora salırsan?

  

Bir yandan özün deyirsәn "qırmızısaqqallılarımız", bir yandan da deyirsәn ki, "Hicaza gedib, siysi hallarını bir-birinә bildirsinlәr". Ey mәnim tacisәrim "aşna!" "Qırmızısaqqal" hara, "siyasi hal" hara? Heç bilirsәnmi nә danışırsan? Qırmızısaqqad hacı hara, kitab vә qәzet oxumaq hara?

  

Ey mәnim gözümün nuru "aşnam" bir dә bunu deyirsәn ki, "qırmızısaqqal hacılarımız hәccdәn qayıdandan sonra mәhz bunu bilirlәr ki, bez parçasını papaqlarına sarıyıb, hind toyuqları kimi orada-burada dolanırlar". Bu sözlәri oxuyanda mәnim xәyalıma bir şey gәlir, mәnim qәlbim bir şey arzu edir, bunu arzu edir ki, günlәrin bir günü "aşnama rast gәlib, o vücudi-әzizi ziyarәt edәydim vә әl-әlә verib deyәydim:

 

"Min yaşasın sözü açıq vә mәrdanә danışan qәlәm sahiblәrimiz!"...

 

Keçәk mәtlәbin özgә tәrәfinә.

  

Ey mәnim әzizim "aşna"! Sәndәn bircә söz dә xәbәr almaq istәyirәm: belә fәrz edәk ki, hәccә gedәnlәrimiz elmli, şüurlu vә gözüaçıq müsәlmanlardır. İndi mәnә izn ver, sәndәn bir söz soruşum: bir mәnә cavab ver görüm, bu elmli, şüurlu vә gözüaçıq hacılarımız nә cürәtlә Osmanlı torpağına ayaq basa bilәrlәr?! Mәgәr bilmirsәnmi ki, Osmanlı torpağına bir tәzә adam daxil olan kimi xәfiyyәlәr milçәk tәki gәlib әtrafını alırlar vә ciblәrini vә yüklәrini axtarırlar ki, görsünlәr bu adam nә işin sahibidir?

  

Şükr allaha, qırmızısaqqal hacılarımıza osmanlı mәmurları indiyә kimi etdiklәri hörmәtin altından nә qәdәr ki, bizim canımız sağdır, qurtara bilәyәcәyik. Çünki hәr bir kәs bunu yәqin edibdir ki, bizim indiki hacılarımızın ciblәrindә çoxluca puldan savayı vә sәlamәtlik duasından savayı bir şey tapılmaz. Amma sәn deyәn kimi şüurlu, elmli hacıların birinin cibindә olacaq "Türk" qәzeti, birinin cibindә olacaq "Hәblül-mәtin", birinin cibindә "İctihad", "Şurayi-Osmani" vә qeyri bu cür bic-bic qәzetlәr. Mәgәr sultan Әbdülhәmidin vәkillәri vә "şәrifi-Mәkkә" vali paşaları vә bunların kompaniyaları o cür şüurlu adamları Mәkkәyә qoyarlarmı ki, oradakı camaatın da gözlәrini açsınlar? Mәkkәyә oxumuş vә elmli hacılarımız getsәlәr, o vaxt "şәrif"lәrin ya "vali"lәrin sandıqları nә ilә dolacaq vә bu zalımlara vә dinsizlәrә kim boyun әyәcәk?

  

Ey mәnim nuri-çeşmim "aşna"! Niyә mәni dәli-divanә edirsәn? Niyә qoymursan öz yerimdә oturum, bozbaşımı yeyim vә allaha şükr elәyim? Niyә bizi zora salırsan ki, sultanın vә onun dostlarının yanında bu qәdәr biәdәblik göstәrәk?

  

Sәn elә bilirsәn ki, әgәr Mәkkәyә şüurlu adamlar getsәlәr, oradakı müsәlmanlarla siyasi mәsәlәlәr barәsindә söhbәtlәr edәrlәr. Amma burasını nәzәrdәn çıxardırsan ki, osmanlıların әn şüurlu vә әn hәmiyyәtlilәri Mәkkәdә vә Mәkkәnin әtrafındadırlar. Mәgәr bunlar burada ağız açıb danışa bilәrlәr? Mәgәr eşitmirik ki, ayda vә bәlkә hәftәdә bir millәt fәdaisi Osmanlı hökumәtinin vәhşi mәmurlarının әli ilә tәlәf olunur? Mәgәr bu biçarәlәrin dadü fәryadı hәzrәtin pak ruhunu narahat etmir? Mәgәr hәr an o müqәddәs mәqamlar bir bigünah hürriyyәtpәrvәrin al qanı ilә boyanmır? Mәgәr Midhәt paşa vә yoldaşları Taifdә kәndirlә boğulmadılar? Kimә mәlum deyil ki, bu zamanda Mәkkә vә әtrafı әn dәәtli bir qәtlgah olubdu?

 

Ey mәnim "aşnam"! Yoxsa sizin qәsdiniz budur ki, osmanlı qurbanlarının üstünә beş-on da Qafqaz qurbanları qoyulsun?!..

 

Vallah, billah, bu sözlәr heç kәsә lazım deyil.

 

Molla Nәsrәddin.

 

"Molla Nәsrәddin", 8 oktyabr, 1907, ¹38.