BABİLӘR

 

 

 

 

Tәbrizdә bu saat qәhәtlikdir vә əhali çörәk üzünә hәsrәtdir. Dәyirmanları sularını kәsiblәr ki, dәyirmanlar yatsınlar. Şәhәrin әtrafını atlılar bürüyüblәr vә hәr yandan tәrәddüd kәsilib. Mәşrutә tәrәfdarlarının övrәt-uşaqlarının tәlәf olanı olub, olmayanı Ermәnistana pәnah aparıblar. Bağmeşә, Bilanku, Pürsәnku, Xiyaban, Bazarçay, Maralyan mәhәllәlәri tәmamәn dağılıb talan olublar. Burada bir mәtlәb var.

      

İşdәn xәbәrdar olmayan elә xәyal elәyә bilәr ki, Tәbriz davası politika davasıdır; yәni elә xәyal elәyә bilәr ki, mәşrutiyyәt tәrәfdarları azdırlar ki, basılırlar vә padşah tәrәfdarları çoxdur ki, qalib olur vә basır. Belә deyil.

  

İranda Mәmmәdәli şahın tәrәfdarı mәhz bir neçә adamdır ki, öz şәxsi mәnfәәtlәri üçün, yәni kimi rüşvәt alıb vә kimi vәdә alıb, şaha kömәk elәyirlәr; mәsәlәn, Tәbrizdә Hacı Mirzә Hәsәn müctәhid, İmam Cümә, Mir Haşım, Hacı İbrahim sәraf, Hacı Mir Manaf, Hacı Nizamüddövlә, Şücainizam, Hacı Fәramәrz, Zәrğam, Lotu Kazım, Lotu Hәsәn, Lotu Әskәr; yәni Tәbrizdә ancaq on iki adamdır, Tehranda da hәmçinin.

  

Amma biz görürük ki, bütün Tәbriz camaatı hücum çәkib mәşrutәçilәrin mәhәllәlәrini dağıdıb, özlәrinin qanını içirlәr. Heç kәs demәsin ki, hücum çәkәnlәrin qәsdi padşahın düşmәnlәrini yox elәmәkdir vә köhnә idarәni geri qaytarmaqdır. Xeyr, saydığımız on iki adamdan savayı dәxi Tәbrizdә bir adam tapılmaz ki, buna razı olsun. Bәs bu nә qovqadır?

  

Bir az işlәrә diqqәtlә baxsaq, görәrik ki, burada bir belә hikmәt var: Hacı Mirzә Hәsәn Tәbriz meşәlәrindә ot otlayan müsәlmanları inandırıb ki, mәşrutiyyәt istәyәnlәrin hamısı babidir. Dәxi qurtardı getdi. "Dәdәm mәnә kor deyib".

 

“Әdә, qoyma, tut bu pәdәr süxtә babini!”

 

“Vur, tut

 

“Haray, qoyma qaçdı

 

“Al-gәldi, qırın bu babilәri

 

“Urra, urra!”

 

Budur Tәbriz davası!

  

Vә özgә çür dә ola bilmәzdi. Mәsәlәn, mәnә deyirlәr ki, filankәs babidir; yәni mürtәddir. Mәn dә bilirәm ki, onun qәtli vacibdir. Dәxi qurtardı getdi. Yoxsa bir dә özümә zәhmәt verib başlayım sual-cavabı ki, aya doğrudanmı filankәs babidir, yainki hürriyyәti-vicdan adına durum hәlә bir az fikir dә elәyim? Qadan alım, Dәvәçi mәhәllәsi hara, hürriyyәti-vicdan hara. Bu işlәr bizim vilayәtdә yerimәz, vәssalam.

 

Budur Tәbriz davası.

 

       *       *       *       *       *

 

Müctәhid, bәli, müctәhid....

 

Hacı Mirzә Hәsәn ağa müctәhidin gözünün qabağında Tәbrizdә bir müsәlman uşağını ayıb olmasın müsәlman qaydası ilә bihörmәt elәyiblәr.

 

Hacı Mirzә Hәsәn ağa müctәhidin gözünün qabağında minlәrcә müsәlman övrәt-uşaqları Ermәnistana qaçıb әcnәbilәrin evindә gizlәniblәr. Amma rus bankının rәisi Bidoloviç beş min tümәn xәrclәyib vә sahibsiz qalan ac müsәlman övrәt-uşağına çörәk verib ki, aclarından tәlәf olmasınlar.

  

Biz keçәn vaxtdan yazmışdıq ki, müctәhidlәr palçıqda hambalların dalına minir, bizdәn incimişdilәr. İndi tәvәqqә edirik ki, Hacı Mirzә Hәsәn ağa müctәhidi dә görsünlәr. Görsünlәr ki, belә lotular vә quldurlar da dünyada ola bilәrmişlәr.

 

Molla Nәsrәddin.

 

"Molla Nәsrәddin", 30 iyun, 1908, Ή 26.