BAHADIR VӘ SONA

 

 

 

 

BİRİNCİ  HİSSӘ

 

 

Yayın isti günlәrindәn idi. Günün axırıncı şәfәqi uca ağacların başını qızıl rәngindә etmişdi vә nazik yel yavaş-yavaş әsib yarpaqları tәrpәdirdi. Belә bir gözәl vaxtda ağacın altında, otun üstündә bir universitet tәlәbәsi, "student" әylәşmişdi vә hәrdәnbir öz әtrafına nәzәr yetirib fikrә gedirdi. Bu novcavan gül üzlü, xoş sifәtli olub, ağıl vә kamalı üzündәn mәlum edirdi. Amma bununla belә dә üzü ürәyindәki pünhan qәmini bәyan edirdi. Neçin bu qәm dәryasına batmışdı? Vә neçin kabab tәk qovrulurdu? -- sәbәbini bir özü, bir dә әlindәki dәftәrçә bilirdi.

 

Axşam yavaş-yavaş araya gәldi. Gün mәğribә yavuqlaşdı, Qalın meşә, yaşıl ot adam boyunda, gözәl quşların nәğmәlәri, iti bulaqların qıjıltısı, havanın tәmizliyi insana lәzzәt verir, kәrdişin comәrdliyini anlayırsan. Belә bir gözәl vaxtda hәmin meşәdә tәk, yaşıl otun üstә sәrilmiş gözәl bir qız görәrsinizsә, mәnzәrә daha artıcaq surәtdә gözәl görünәr....

 

Bahadır dәftәrçәsini xeylaq yazandan sonra meşәdә gәzirdi. Komalıqda gәzәrkәn nәzәri bir ağacın altına düşdü vә orada on yeddi yaşında aya bәnzәr bir qız görüb halı dәyişirildi. Qız arxası üstә uzanıb kitab oxuyurdu. İsti olmağa görә qız ağ, mәrmәr döşünü açmışdı vә hәrdәnbir әtrafına baxıb guya lәzzәt aparırdı. Bahadır bir ağacın dalına qısılıb mәzkur qızı yaxşı manşırladı. Qız Bahadırın orada olmağından xәbәrsiz idi. Bir az müddәt keçәndәn sonra qız şümşad әlini yaxasına uzadıb saata baxdı vә yerindәn tez durub getdi. Çünki qızın yolu Bahadırın yanından idi. Ona görә Bahadır istәdi ki, gizlәnsin ta qız onu görmәyә, qız isә Bahadırı görüb yanından keçәrkәn xumar gözlәrini Bahadıra süzdürdü. Qızın belә baxmağı Bahadırı özgә xәyallara saldı....

 

İki novcavanın meşәdә bir-biri ilә rast gәlmәklәri ikisini dә iztiraba saldı: qanları cuşә gәlib az qaldı ki, özlәrini itirsinlәr....  Bahadır qızın dalınca xeylaq baxdı: vaxt ki, qız gözdәn itdi, Bahadır yavaş-yavaş qızın dalınca gedirdi. Bu minvalla gәldi bazara, fәqәt qızı görmәdi. Bahadır mahud almaq fikri ilә bir mağazaya varid oldu. Bunun üzәrinә mağazanın sahibi gәlib Bahadıra:

 

"Buyurunuz, nә xahiş edirsiniz?"

 

Bahadır:

 

"Zәhmәt çәkib mәnә qara rәngdә mahud göstәriniz."

 

"Buyurunuz, " -- deyә göstәrir -- bu çox yaxşı mahuddur.

 

"Hәqiqәt, yaxşıdır! Neçәdir qiymәti?"

 

"Axır qiymәti: arşını dörd manatdır."

 

"Çox gözәl! İki arşın yarım kәsiniz."

 

Mağaza sahibi iki arşın yarım ölçüb kәsdi, sonra kağıza qoyub Bahadıra verdi vә bir az fikirdәn sonra Bahadırdan sual etdi:

 

"Cәnabınız studentdirmi?"

 

"Bәli, " -- Bahadır cavab verdi.

 

"Sizin yoldaşlardan burada çoxdurmu?"

 

" Xeyr, ancaq üç nәfәrik."

 

"Bәs sizlәrdәn heç müsәlman varmı?"

 

"Bәli, ancaq bir müsәlman var."

 

"Siz buyurduğunuz şәxs farsca bilirmi?"

 

"Bәli, bilir."

 

"Bәs nә vaxt siz zәhmәt çәkib mәni onunla aşna edәrsiniz?"

 

Bahadır bir az fikirdәn sonra cavab verdi:

 

"Mәlum ola ki, o student mәnәm, sizin qulluğunuzda durmuşam."

 

"Çox gözәl oldu ki, mәn sizinlә aşna oluram "-- Yusif, deyib Bahadıra әl verdi. Vә bir-birinә öz adlarını bәyan edәndәn sonra Bahadır bir az fikrә gedib sual etdi:

 

"Tәvәqqe edirәm buyurasınız görüm, siz neçin farsca bilәn axtarırsınız?"

 

"Sәbәb odur ki, -- cavab verdi Yusif -- mәnim bir qızım var, "Qız institutunu" qurtarıb, türkcә dәxi yaxşı bilir vә hәtta  yazır da. Amma indi farsca oxumaq istәyir, ona gәrә mәn dә adam axtarırdım. Sizә rast gәlib nәhayәtdә xoşhal oldum. Ümidvaram ki, bu barәdә mәnә kömәklik edәrsiniz."

 

Bahadır bir az fikirdәn sonra:

 

"Çox әcәb! Bu barәdә mәn sizә kömәklik edәrәm...."

 

"Çox  mәmnunәm, " -- Yusif Bahadırın әlindәn tutdu vә dedi: -- Bәs nә vaxt bizә buyuracaqsınız? "Nә vaxt istәrsiniz."

 

"Belә olan surәtdә tәvәqqe edirәm sabah günorta bizә buyurasınız, amma ... çünki evimizi bilmirsiniz, ona görә zәhmәt qәbul  edib mәnim yanıma buyurarsınız, buradan bir yerdә gedәrik."

 

"Çox әcәb, " -- Bahadır deyib çıxdı.

Bahadır üz qoydu öz evinә gәlmәyә. Ruzigar qaranlıqlaşmışdı. Bahadır şam yandırıb öz adәtinә görә başladı qәzetә oxumağa. Hәmin nömrәdә müsәlmanların mәdәniyyәt barәsindә dalda qalmağından yazmışdılar. Oxuyub qurtarandan sonra dәrin-dәrin fikrә gedib qәm dәryasına batdı vә qәlәm götürüb öz ruznamәsindә yazdı. Bir xeylaq yazandan sonra qәlәmi әlindәn buraxıb soyundu yatmağa. Bahadır yerinin içindә cürbәcürә fikirlәrә düşdü. Nәdәn fikir edirdi? Peterburqdanmı vә orada tәhsil etdiyi elmdәnmi? Xeyr, Bahadırın başındakı fikirlәr bunlar deyildi. Üç fikir onu mәşğul etmişdi: әvvәlinci öz millәtinin halı ki, qәzetәdә yazılmışdı. İkinci, o qız ki, ona meşәdә rast gәlmişdi vә üçüncü o qız ki, onu oxudacaqdı.... Bu tövr fikirlәrә gedәrkәn birdәn sәslә dedi: "Ah, nә olardı ki, mәn oxutduğum qız meşәdәki olaydı!" Sonra: "Belә iş olmaz" -- deyib ümidini yozdu. Bu fikirlәrdәn sonra Bahadırı ermәni qızının farsca oxumağı mәşğul etdi vә öz-özünә dedi: "Bu millәtә tәәccüb etmәlidir! Ermәni qızı neçin farsca oxusun? Neçin türkcә bilsin?...." Bu fikirdә olarkәn Bahadır yuxuya getdi.

 

Bahadırın atası qәdim bәylәrdәn olub, dolanacağı ancaq mülklәrinә bağlıydı. Çünki mülklәrini qeyrilәri dolandırırdı. Bir zamandan sonra borca düşüb var-yoxunu satıb borcunu verdi. Lakin iki min manatlıq yer anasının adına qalmışdı.Bahadır hәәnd atasının tәk oğlu idisә dә, bununla belә qeyrilәri kimi atasının dövlәtinә çox da ümid bağlamayıb oxumağa səy edirdi. Gimnaziyanın beşinci klasına keçәndә Bahadırın atası vәfat etdi vә bir il ondan sonra anası öldü. Atasının vә anasının bivaxt ölmәklәri, atasından sonra kömәksiz qalmağı vә oxumağa mәhәbbәti Bahadırı min-min fikirlәrә salıb bilmirdi ki, nә etsin. Bahadırın gözәl әxlaq vә әtvarına görә yoldaşları onu çox sevirdilәr. Bahadıra belә bәdbәxtlik üz verәndәn sonra yoldaşları sözlәrini bir edib başladılar Bahadıra layiqincә kömәk etmәyә, bu minvalla Bahadır gimnaziyanı qurtardı. Gimnaziyanı qurtarandan sonra yenә oxumaqdan әl çәkmәyib istәdi ki, anasının adına qalan yeri ucuz qiymәtә satıb universitetә getsin, taki, elmini başa çıxarda. Qeyrәtli yoldaşları: "Yer gәlәcәkdә sәnә lazım olar" deyib, onu belә fikirdәn daşındırdılar vә özlәri dәxi öz aralarında Bahadıra kömәk edirdilәr. Universitetdә Bahadırın işlәri yaxşı keçdi. Çünki özü üçün bir neçә dәrs tapıb ayda 40 vә 50 manata qәdәr pul qazanırdı. O pulla yoldaşlarından birinә dә kömәk edirdi. Üç il bu minvalla universitetdә oxuyub dördüncü il yay fәsli rüxsәt olunan vaxt bir neçә yoldaşları ilә Mәngilisә gәldi.

       *       *       *       *       *

 

Sabah açıldı. Bahadır hәlә üzünü yumamış ev yiyәsi qoca övrәt Bahadırı çay içmәyә çağırdı. Bahadır üzünü yuyub çay içmәyә getdi. İki stәkan çay içib öz otağına gәldi vә qәzetә götürüb oxumağa mәşğul oldu. Sonra Yusifgilә getmәk üçün hazırlaşıb yola rәvan oldu. Yusif  Bahadırı görüb nәhayәtdә şad oldu.

 

Yusif tiflisli mәşhur dövlәtli ermәninin oğlu idi. Atası mәdәniyyәtli olduğuna görә oğlunu da gimnaziyada oxudurdu. Yusif 18 yaşında ikәn atası öldü. Çünki Yusif atasının tәk oğlu idi, ona görә atasından sonra buna mümkün olmadı ki, elmlәrini başa çıxartsın. Bu sәbәbә Yusif gimnaziyadan çıxdı. Bir az müddәtdәn sonra Yusif bir gözәl ermәni qızına aşiq olub onu aldı. Bunun övrәti Avropa elmlәrindәn dadmış bir ağıllı övrәt idi. İki ildәn sonra bunlardan bir qız dünyaya gәldi adı Sәlimә (Salome), 17 yaşında ikәn әrә getdi. Sәlimәnin әri Mәngilisdә olurdu. Yusifin Sәlimәdәn başqa bir oğlu vә iki qızı var idi. Yusif uşaqlarının içindә hamıdan çox kiçik qızı Sonanı istәyirdi. Zira ki, Sona әxlaq vә әtvarda hamıdan gözәl bir qız idi. Sona oxumağı 8 yaşından başladı. Sonanın ibtida müәllimәsi nәhayәtdә ağıllı vә pedaqogika elmindә qabilә bir övrәt idi. Mәzkurә qız bir neçә vaxtdan sonra "Jenski institut" adlanan mәktәbdә oxuyurdu. Az müddәtdә bu qızı ağıl-kamalının sәbәbinәәllimlәri nәhayәtdә sevirdilәr; 15 yaşında firәng vә rus dilindә azadә danışardı. Bu dillәrdәn başqa dәxi türkcә yaxşı yazıb-oxuyurdu. Öz dilini demәk artıqdır! Çox çәkmәdi ki, bu qız institutu nişanla qurtardı vә ağıl-kamalı ilә mәşhur olub hәr yerdәn istәyirdilәr ki, onu alsınlar. Amma qız heç kәsә getmәk istәmәyirdi, çünki istәyirdi ki, ömrünü qәlәm işlәtmәklә millәtinin yolunda çürütsün....  Yusif bir neçә sәbәblәrә görә Mәngilisә gәlib orada mağaziyә açdı vә yer alıb bir yaxşı ev saldırdı. Payız fәsli Yusifin külfәti Tiflisdәn Mәngilisә köçdü. Amma nә fayda ki, Mәngilisin pis vaxtı idi. Çünki yayda gәlәnlәr hamısı köçmüşdülәr, bundan әlavә, ağaclar yavaş-yavaş solub havanın nәfәsi sovuqlaşmışdı. Sona üçün günlәr nәhayәtdә qәmgin keçirdi, bir dost-mehribanı yox idi. İti çovğunlardan sonra yaz fәsli gәldi. Mәngilis yaşıl mәxmәrlә bәzәndi vә Sonanın ürәyi qәfәsdәn çıxan bülbülün ürәyinә bәnzәrdi. Yay aralığa gәlib xalq yavaş-yavaş Tiflisdәn Mәngilisә köçdü. Bir az zamanda Sona özü üçün hәmsöhbәt tapdı. Gününü gah bağlarda vә gah meşәlәrdә  keçirirdi. Mәngilisin yay fәsli Sonanın nәhayәtdә xoşuna gәldi....

 

Bahadır Yusiflә bir böyük, gözәl bәzәnmiş zalda bulundular. Bunlar bir-biri ilә şirin söhbәtә mәşğul idilәr, Bahadır hәrdәnbir ürәyindәn bunu keçirirdi: "Allah! Görәydim o qızı ki, mәn oxudacağam, necә qızdır?"

 

Nәzakәtli Sona bir saat güzgünün qabağında gah aya bәnzәr camalı ilә, gah donu ilә mәşğul idi. Sona elә ki, geyinib hazır oldu, qapının arasından baxdı. Bahadırı görüb öz-özünә dedi: "Bu mәnә tanış surәtdir!".

 

Bir az keçәndәn sonra Sona anası ilә bәrabәr içәri daxil oldular. Yusif tez yerindәn qalxıb bunları adәtә görә Bahadırla dost etdi. Bahadır bir özgә halәtdә bulundu. Sona dәxi onun halını hiss etdi. Bahadır Sonanın meşәdә mәrmәr döşü açılmış, yaşıl otun üstündә sәrilmiş halını nәzәrә gәtirdi, gözlәrindәn od parıldadı....

 

Sonanın anası Maşo gülә-gülә Bahadıra dedi:

 

"Sizinlә dost olmağımıza nәhayәtdә şadam."

 

"Bәli, bu saat ki, sizinlә oturmuşam, ömrümdә gözәl saatlardan biri hesab edirәm. " -- Bahadır deyib Sonaya nәzәr yetirdi. Sonanın dәxi bu sözlәrdәn xoşu gәlib Bahadır tәrәfә baş әydi. Söhbәt bir az ara verәndәn sonra Yusif üzünü Bahadıra

tutub dedi:

 

"Allah-taala bizim dostluğumuzu hәmişәlik etsin vә tәvәqqe edirәm ki, bu gündәn bizә daşınıb bu üç ay yayı bizimlә olasınız."

 

Bahadır Yusifdәn elә ki, bu sözlәri eşitdi, nәhayәtdә şad oldu vә Yusifә kamal-әdәblә baş әyib dedi: "Çox tәşәkkür edirәm!"

 

Saat ikidә stol nahara hazır oldu. Yusif durub Bahadırı nahar olunan otağa dәvәt etdi. Hamısı nahar otağına getdilәr. Yusif stolun başında, Bahadır sağ tәrәfdәn vә Maşo, Sona sol tәrәfdәn әylәşdilәr. Xörәk dörd rәng idi. Stolun üstündә nә ki lazım idi, hamısı hazır olmuşdu. Nahar vaxtında millәtlәr barәsindә bir neçә söhbәt oldu. Ermәni millәtinin barәsindә söhbәt edәndә Sona ağzını açıb bülbül kimi ötürdü....  Nahar xeylaq uzandı. Nahardan sonra Bahadıra bir otaq verdilәr ki, orada bir az rahat olsun. Elә ki, saat altı oldu, Bahadıra qulluqçu su gәtirib üzünü yudurtdu. Ondan sonra hamı balkona yığılıb çay aralığa gәtirdilәr. Yusif çay vaxtı vәdә qoydu ki, Bahadır sabahdan daşınsın. Saat 8 olardı ki, çaylarını  qurtardılar. Bahadır bunlarla görüşüb öz evinә getdi.

 

       *       *       *       *       *

 

O biri günü saat 9-da Sonanın gәdәsi Bahadırın qapısında hazır oldu. Bahadır ev yiyәsi ilә hesablaşıb şeylәrini gәdәyә tapşırdı vә özü dә Sonagilә getdi. Bahadır uzaqdan Sonanı balkonda bunu gözlәyәn görüb ürәyi iti döyünürdü vә Sonanın dәxi rәngi tәğyir tapdı; elә ki, Bahadır Sonaya yavuqlaşdı, Sona gülümsünüb ağ әllәri ilә Bahadırın әlindәn tutub çәkdi. Bahadır hamısını hiss edirdi. İkisinә dә mәlum oldu ki, bunlarda mәhәbbәt әlamәtlәri vardır.

 

Sona vә Bahadır zala varid oldular. Bu vaxtda Maşo içәri daxil oldu vә onun dalınca çay gәtirdilәr. Çaylarını içәndәn sonra Maşo Bahadır ilә salamatlaşıb özgә yerә getdi. Evdә ancaq Sona ilә Bahadır qaldı. Ev qulluqçuları işә vә uşaqlar oynamağa mәşğul idilәr. Söhbәtlәri bir az ara vermişdi ki, Sona kamal-әdәblә Bahadıra dedi: "Bu otağa buyurunuz". Bahadır Sonanın dalınca gedib bir gözәl bәzәnmiş otağa daxil oldular. Pәncәrәlәrin qabağında cürәbәcürә güllәr vә üstündә bülbüllәr cәh-cәh edib öz nәğmәlәrini oxuyurdular. Otağın bir tәrәfindә kravat, balışları qu tükündәn, bir tәrәfindә dә miz, bir neçә stul vә әlüzyuyan. Sona otağı göstәrib dedi:

 

"Buranın sizә tәәllüqü vardır." Bahadır baş әyib dedi:

 

"Tәşәkkür edirәm. Bu vaxt gәdә gәlib xәbәr verdi ki, şeylәri gәtiriblәr."Sona hәmin saat şeylәri otağa daşıtdırdı.

 

Sona ev işinә mәşğul idi vә Bahadır öz şeylәrini yer-bәyer edirdi. Xülasә, axşam aralığa gәldi. Bahadır adәtә görә ruznamәsini götürüb bir neçә şey yazdı....  Elә ki, sabah oldu, Sona fars dilini oxumağa başladı. Bahadır bir neçә hәftә danışıqda çox işlәnәn sözlәri ona öyrәtdi vә sonra kitabdan az-az dәrs verirdi. Sonanın sәyi çox olmağa görә bir az müddәtdә farsca Bahadırın suallarına dәxi cavab verirdi....  Bir gün Bahadır millәt sözünü bәyan edәrkәn fikrә gedib ah çәkdi vә yavaşdan farsca bunu dedi: "Biçarә millәtim!" Bunu deyib rәngi tәğyir tapdı. Sona bunun sözünü yaxşı eşitmәyib sual etdi:

 

"Nә üçün siz ah çәkdiniz vә nә dediniz?"

 

Bahadır bir az fikirdәn sonra dedi:

 

"Sizә dair bir söz demәdim, ona görә tәvәqqe edirәm ki, ürәyinizә bir şey gәtirmәyәsiniz."

 

"Xeyr, sizin sözlәrinizdәn mәn özgә bir şey hiss etdim, tәvәqqe edirәm mәndәn heç bir şeyi gizlәtmәyәsiniz."

 

"Hәqiqәt, sizә dair bir söz demәdim."

 

"Bahadır bәy! Hәrgah indi buyurduğunuz mәtlәbi mәnә aşkar etmәsәniz, onda dәxi könlüm sizdәn dönәr. Mәlumdur ki, övrәtin ürәyi kişininki kimi olmaz. Hәrgah demәsәniz, öz canıma and verirәm."

 

"Sona xanım! Nә üçün öz canınıza and verirsiniz? Özünüz yaxşı bilirsiniz ki, hәrgah lazımlı söz olsa, sizdәn gizlәtmәrәm. O mәtlәb ki, mәn dedim sizә әsla lüzumu yoxdur. Sizin üçün xeyirsizdir. Mәn ancaq millәt sözünü bәyan edirdim, hәrgah mәnim ah çәkmәyim sizi şәkkә salır, tәvәqqe edirәm ki, bu barәdә özgә fikirlәrә düşmәyәsiniz, çünki ah çәkmәk mәnim hәmişә adәtimdir."

 

" Bahadır bәy! Tәvәqqe edirәm mәtlәbdәn kәnar olmayasınız. Nә dediniz vә nә üçün ah çәkdiniz, hamısını mәnә bәyan ediniz, çünki bu pünhanlıq mәndә bir böyük dәrd olar."

 

"Sona xanım! Sizdә dәrd olunca qoyun mәndә olsun!....  O ah ki, mәn çәkdim, millәtpәrәstlik ahıdır ki, hәmişә mәn çәkirәm. Sizә mәlum olsun ki, mәn millәt sözünü bәyan edirdim. O vaxt öz millәtim yadıma düşdü...."

 

Sona bu sözlәri eşidib bir az fikrә getdi vә dörd әtrafına baxıb gördü ki, heç kәs yoxdur, yavaşdan Bahadırın әlindәn tutub  dedi:

 

"Nәhayәtdә şadam! Çox gözәl ki, iki bir fikirli cavanlar bir yerә düşüblәr!...."

 

Bahadır fikirdә ikәn Sona yenә әlindәn tutub dedi: "Tәvәqqe edirәm bundan sonra bu babda mәndәn bir şey gizlәtmәyәsiniz, çünkn mәn dә siz fikirdәyәm "...  neçin bәs ah çәkdiniz?

 

"Ondan ötәri ki, bizim millәt qeyri millәtlәrdәn dalda qalıbdır...."

 

"Bәs buyurun görәk, aya, sizin millәt yәni necә dalda qalıbdır?" --Kitabı әlindәn yerә qoyub Sona Bahadırdan sual etdi.

 

" Әzizim Sona xanım! Dәxi necә dalda qalmasın bir millәt ki, dünya elmlәrindәn qaçaq düşübdür? Vә elmsiz millәt qabağa gedәrmi? Getdi zor dünyası!...."

 

"Haqq buyurursunuz, amma bu barәdә gәrәkdir sizin ruhanilәr çalışalar, çünki xalq onlara inanır."

 

"Bәli, doğru buyurursunuz, xalq ancaq mollalara inanır, yәni molla nә desә xalq ona әmәl edir."İslamın vә millәtin evini yıxan bu deyilmi? Müsәlman filosoflarından biri deyir: "Mәhәmmәd peyğәmbәr hazırda öz millәtinә nәzәr etsә, yәqin qoyduğu dini tanımaz".

 

Bahadır bu sözlәri deyib papirosunu yandırdı. Sona bu sözlәrdәn sonra bir az fikrә gedib dedi:

 

"Hәqiqәt, çox çәtin mәsәlәdir. Müsәlman millәtinin vә ya müsәlman dövlәtlәrinin hәr yerdә tәnәzzüldә yaşamaqlarına sәbәb nә ola, әcәba?! Mәsәlәn, mәn bir neçә filosof inşalarında oxumuşam, guya islam özü elmin intişar tapmağına manedir."

 

Bahadır bu sözlәrdәn sonra Sonaya diqqәtlә baxıb gülümsündü:

 

"Sona xanım! Zahirdә hәqiqәt belәdir, görünür. Fәqәt bu mәsәlәyә bir az ehtiyatlı girişmәk lazım gәlir: hamı millәtlәrdә ruhanilәr bir neçә sәbәblәrә görә dünya elmlәrinә hәmişә düşmәn olublar, yәni tәrәqqi yolunu mümkün olan qәdәr millәtin üzünә bağlı qoyublar. Lakin bu mәsәlәdә xristian alәmi ilә müsәlman alәmindә bir tәfavüt görünür. Xristian alәmindә ruhanilәr elmlәrә düşmәn olublarsa da, fәqәt padşahlar vә dövlәt ruhanilәrlә müdam müharibәdә bulunublar. Ruhanilәr әski qanunlara yapışarkәn camaatı qaranlıqda saxlamaq istәyiblәr."

 

Padşahlar--dövlәt isә zәmanәnin tәqazasına görә tәzә qanunlar meydana gәtirmәklә millәtin tәrәqqisinә çalışıblar. Xristian alәmi müdam belә bir müharibәdә olarkәn özünü ruhanilәrin zәncirindәn yavaş-yavaş xilas edibdir. Müsәlman alәminә diqqәt edәrsnniz isә bu müharibәni görmәzsiniz. Padşah hәm xәlifә olub da, hәm dövlәtin yol göstәrәni. Padşah--xәlifә, ya zәmanәnin әn böyük ruhanisi tәrәqqi yolunu camaatın üzünә qәsdәn, ya sәhvәn bağlayıbdır. İndi bu vaxtadәkOsmanlı padşahının xәlifә adlanmağı böyük bir dәlildir....  Daha açıq söylәyәlim: mәxsus insanın mәişәtinә, dünyasına dair qanunlar, ibadәtә dair olan qanunlarla bir gücdә saxlanıbdır. Xristian alәmi haman müharibәnin zoruna bu qanunları bilmәrrә ayırıbdır, yәni xristian ağlı müdam tәrәqqi yolunda işlәrkәn, müsәlman ağlı әski qanunlara kifayәt edib paslanmışdır.

 

İslamın barәsindә mәzkur bәdgüman olanlar demәk olar ki, "lojiq"alәmindә öz sәhvlәrini düşünmәyirlәr. İslam, hәqiqәt tәrәqqiyә, yәni elmә düşmәn olsaydı, Bәni-abbasilәr İspaniyada olan vaxt tәrәqqi yolunda bulunmazdılar: haman әrәblәr vә haman islam! Әcәba, nә sәbәbә o vaxt islam onların elm yolunda tәrәqqilәrinә mane olmurdu?....  Öz uşaqlarını hәlak edәn, murdar olmuş heyvanların әtini yeyәn, oğurluq, quldurluq ilә dolanan, bir allahın yerinә min dörd yüz bütlәrә sәcdә edәn,әxlaqı büsbütün pozulmuş әrәblәrә, әcәba, nә üçün dini-islam gәldi? Әlbәttә, әxlaqı pozğun millәtin әxlaqını düzәltmәk üçün, yәni ona tәrәqqi yolunu göstәrmәk üçün. Açıq söylәyәlim: bir camaat üçün müәyyәn bir din ortalığa gәlirsә, haman camaat sәbәb olur, deyilmi? Belә olan surәtdә demәk olurmu filan din, filan millәtin tәnәzzülü üçün gәlibdir? Buna bәrәks gәrәk deyilә: hәr din camaatın tәrәqqisi üçün gәlir. Din gәtirәn, camaatın xeyrini әlbәttә, nәzәrdә tutur....  Dini qәbul edib onun  intişarına çalışanlar nazik bir nöqtәni anlamaq istәmirlәr.... Xristian dinini intişar edәnlәr bir Lüterin çıxmağına sәbәb olan kimi müsәlman alәmi dә öz Lüterini gözlәyir. Bu Lüter gәlib dә deyәcәk: insan daima tәrәqqi yolunda yaşayarkәn  onun mәişәti vә ağlı müәyyәn, hәmişәlik bir qanuna kifayәt edә bilmәz. Haman bu mәtlәbi Mәhәmmәd peyğәmbәr aşkar deyibdir. Yәni hәr bir işi ağıla hәvalә et, ağıl nә buyurarsa, ona әmәl et....  Fәqәt iki mәnsәb bir vücudda olmaq, yәni zikr olunan müharibәnin olmamağı bu gözәl vә tamam düyünlәri açan sözlәrin gizlin qalmasına sәbәb olubdur. Sona Bahadırın bu sözlәrindәn sonra dedi:

 

"Bәli, haqdır. Günah din gәtirәndә deyil, bәlkә dini intişar edәnlәrdәdir...."

 

Bu minvalla Bahadır vә Sona hәr gün dәrsdәn sonra bu tövr söhbәtlәrә ciddi surәtdә girişirdilәr. Bu nazik mәtlәblәr hәr birisinin ürәyinin әn nazik hissli guşәsindә yer edirdi. Gündәn-günә bunların bir-birinә mәhәbbәtlәri artırdı. Fәqәt

cürәt edib aşkar edә bilmirdilәr. Bir neçә saat bir-birini görmәsәydilәr, hәr ikisi qәm dәryasına mübtәla olurdu....

 

       *       *       *       *       *

 

Saat olardı dörd. Nahardan sonra Bahadır pәncәrәdә oturub qabağındakı meşәyә tamaşa edirdi. Bir tәrәfdәn otaqdakı bülbüllәrin nәğmәsi, o biri tәrәfdәn meşәdә axan bulaqların sәsi vә gәrdişin comәrdliyi Bahadıra böyük bir lәzzәt verirdi. Nökәr içәri daxil olub Bahadıra bir şәxs onu görmәk istәyir dedi. Bahadır dişqarı çıxıb gördü ki, yoldaşı student Alekseydir. Bahadır Alekseyi evә dәvәt etdi. Hәr ikisi pәncәrәnin qabağında әylәşib ruzigara tamaşa edirdilәr. Bir az fikirdәn sonra Aleksey Bahadırdan sual etdi:

 

"Nә әcәb gәzmәyә çıxmırsan?"

 

"Kefim bir az nasazdır"--deyib cavab verdi.

 

"Sәbәb?"

 

"Neçә gündür başım ağrıyır."

 

""Tәrcüman" qәzetәsinin axırıncı nömrәsini oxudunmu?"

 

"Bәli, oxudum."

 

"Osmanlı dilinin barәsindә yazdığı haqdırmı?"

 

"Haqdır."

 

"Tәәccübdür!...."

 

"Nә üçün tәәccüb edirsәn?"

 

"Çünki hәr millәt bu zәmanәdә çalışır ki, dilini asana çıxartsın, amma onlar gedә-gedә dillәrini dәxi dә çәtin edirlәr."

 

"Bәli, bu bir naxoşluqdur ki, bizlәrә dә keçibdir. Bizim әhli-qәlәm, fikirlәrini bu yerә qoyublar ki, inşalarını hәmişә fәsahәt vә bәlağәtlә yazsınlar; çünki sadә türk dili ilә yazanları nadan hesab edirlәr."

 

"Aya, görәk bu inşaları hamı anlayırmı vә cәmaata nәf gәtirirmi?"

 

Bahadır tәbәssüm edib cavab verdi:

 

"Sәn elә fikir edirsәn bizim әhli-qәlәmin әksәri bir şey inşa edәndә fikirlәri o yerdә olur ki, oların әsәrlәrindәn camaat mәnfәәtbәrdar olsun? Xeyr! Yazanlarımızın әksәri әrәb vә fars sözlәrini bilmәkdә hünәrlәrini göstәrmәk istәyirlәr. Bundan savayı, bu cür dәxi әhli-qәlәm vardır ki, özlәrini xalqın nәzәrindә artıq göstәrmәkdәn ötәri şerlәr düzәldirlәr. Bu biçarәlәr gecәdә bir qafiyә düzәldib gözәl vaxtlarını puç edirlәr. Vә dәxi bir parası vardır ki, bu xeyirsiz işlәrә bәs etmәyib müsәlman millәtinә dair mәdәniyyәt vә mәişәt xüsusindә bir para lazım olan mәsәlәlәri rus qәzetәlәrindә yazırlar, tainki qeyri millәtdәn dә afәrin eşitsinlәr."

 

"Sәnin sözünün qüvvәti, keçәn il hәmin bu söhbәti Tiflisdә eşitdim."

 

"Yәni necә?"

 

"Keçәn il Tiflisdә "Badkubә" adlanan qәstindә oturub nahar edirdim. Mәn әylәşdiyim otağa 9 nәfәr cavan müsәlman gәlib nahar yemәyә mәşğul oldular vә mәdәniyyәtdәn söhbәt edirdilәr. Onlardan biri o birisinә dedi: "De görüm, aya, nә mәqsudla müsәlman çobanına rusca yazırsan ki, çobanlığı buraxıb elm dalınca getsin?".

 

Yoldaşı cavab verib dedi ki: "Nә eybi var, qoy qeyri millәt dә bilsin ki, bizdә dә rusca yazanlar var...." Çünki bu tövr cavab onun ağlının naqisliyini göstәrirdi. Ona görә mәn istәdim bilәm bu kim ola vә hәrçәnd adını dedilәr isә dә, amma heyfa ki, unutmuşam....

 

Bahadır dәxi fikir edib tapa bilmәdi vә bir az fikirdәn sonra dedi:

 

"Bәli, necә ki, әvvәl dedim, müsәlman arasında bu tövr әhli-qәlәm nәhayәtdә çoxdur....  Xülasә, saf ürәklә millәt yolunda zәhmәt çәkәnlәr çox azdır." Bahadır bu sözlәri deyib durub otaqda gәzindi. Bir az fikirdәn sonra Aleksey sual etdi:

 

" "Kәşkül" qәzetәsi alırsanmı?"

 

"Bura gәlәndәn "Kәşkül"ün üzünü görmәmişәm...."

 

"Onun hәmişә adәtidir: üç ayda bir, ya dörd ayda bir çıxar."

 

"Günah yalqız onda deyil. Günah bizim müsәlmanlardadır ki, biçarәyә kömәk etmirlәr...."

 

Bu danışıqda Yusif içәri daxil olub, "Mәni bağışlayın"--deyib Bahadıra әl verdi. Sonra Alekseylә dost oldular vә Alekseyә üzünü tutub dedi:

 

"Xoş gәlibsiniz!" Aleksey ikramla baş әydi.

 

"Nә barәdә söhbәt edirdiniz?"--Yusif deyib sual etdi.

"Söhbәtimiz bunların "Kәşkül" qәzetәsinin barәsindәdir. Bu qәzetә ayda bir, ya iki dәfә çıxır,"--Aleksey cavab verib Yusifә diqqәtlә baxdı.

 

"Doğru buyurursunuz,"--deyә Yusif cavab verdi--Biz Tiflisdә olan vaxtlar mәnim qızım türk dili oxuyan vaxt istәdi ki, haman qәzetәni alsın. Amma sonradan gördüm ki, hәqiqәt, gec-gec çıxır, ona görә almadım.

 

Aleksey cavab verib dedi:

 

"Bahadırın demәyinә görә günah tәk qәzetәnin mühәrririndә deyil vә hәtta millәtdәdir; çünki deyir, guya müsәlman camaatı qәzetә yazanlara kömәklik etmir."

 

"Bәli, haqdır. Hәrgah qәzetә işindә millәtin kömәkliyi olmasa iş qabağa getmәz."--Yusif deyib ayağa durdu.--Fәqәt onu da demәliyәm, qәzetә verәnlәrdә dә insaf gәrәkdir ola....

 

"Millәt necә kömәk etsin ki, qәzetә onun nәzәrindә yalançı bir şey görünür vә bir para mollalar qәzetә oxuyanları uşaq vә nadan hesab edirlәr"--Bahadır dәxi bu sözü deyib qalxdı.

 

"Buyurunuz zala,"--deyib Yusif әli ilә göstәrdi. Hamısı zala daxil oldular. Bir az müddәtdәn sonra Maşo vә Sona dәxi gәldilәr. Aleksey ilә dost olub hәr kәs öz yerindә әylәşdi. Aralığa çay gәtirdilәr.

 

Hamı xamuş olandan sonra Yusif dedi:

 

"Bәli, Bahadır bәy! Otaqdakı söhbәtimiz nә yerdә qaldı?"

 

Sona atasından bu sözlәri eşidib Bahadırın üzünә baxdı vә söhbәt nә barәdә olmağını sual etdi.

 

"Bizim qәzetәlәrә diqqәt tuturlar",--Bahadır başını aşağı salıb cavab verdi.

 

"Bahadır bәy! Hәqiqәt, diqqәt tutulasıdır. Amma biçarә mühәrrirlәr nә etsinlәr ki, müsәlman millәtindә hәmiyyәt yoxdur."--Sona bu sözlәri deyib Alekseyә baxdı:

 

"Necә yәni hәmiyyәt yoxdur?"--Yusif tәәccüblә Sonaya baxdı. Sona atasının cavabında dedi:

 

" Mәsәlәn, millәtin nәzәri qәzetәyә nәhayәtdә hәqirdir. Qәzetә onlar üçün artıq vә lazımsız bir şeydir. Bir şey ki, lazımsız ola, ona pul verәrlәrmi? Vә camaat qәzetәni almayanda biçarә mühәrrir nә ilә dolansın vә kimin üçün yazsın. Hәrgah müsәlman millәti bunu anlaya ki, qәzetә göz açar, insanı qaranlıqdan işıqlığa salar vә bilmәdiyini bildirәr, әlbәttә, onda qәzetәni alan da vә kömәk edәn dә çox olar. Vә nәinki qәzetә, özgә işlәr dә bunun kimi. Müsәlman cavanlarından hazırda yazanlar az deyil, mәn hәtta bir neçәsini bilirәm ki, biçarәlәr gözәl-gözәl kitabçalar yazıblar; lakin pulları olmadığına sәbәb basdıra bilmirlәr. Millәtdә hümmәt olsa, belә olmaz....  Siz elә bilirsiniz ki, bu qәdәr ermәni millәtinin arasında ki, kitab var, inşa edәnlәr özlәri basdırırlar?"

 

"Bizim işimiz başqa".--Yusif tәbәssüm edib dedi.--Biz evlәnәndә hәrgah uşağımız, qızımız da olmuş olsa yenә millәtin işini unutmuruq: hәmişә bir qәdәr pul, ya kitab basdırmağa, ya mәktәblәrә vә ya kәlisalara bağışlayırıq.

 

"Bәs bunu müsәlmanlar edә bilmәzlәrmi?"--Sona atasına baxıb dedi:--Mәgәr müsәlmandan azmı dövlәtli var? Bu biçarәlәrin hәtta cәmiyyәti-xeyriyyәlәri dә yoxdur. Xülasә, işlәri çox çәtindir, sözlә bunlara qandırmaq mümkün deyil, gәrәkdir ki, bu millәt arasında mәdәniyyәt yayıla, onda özlәri anlayarlar, millәt nәdir, hümmәt nәdir.

 

Bu minval çay qurtaranadәk aralıqda çox söhbәt oldu vә Sona dәxi verilәn suallara layiqincә cavab verirdi.

 

Aleksey Sonanın sözlәrinә diqqәtlә qulaq verib öz ürәyindә deyirdi: "Xoş olsun bizim millәtin halına ki, bu qanacaqda övrәtlәri dә vardır!".

 

Bir az söhbәtdәn sonra Aleksey mürәxxәs olub öz evinә getdi vә Bahadır dәxi öz otağına....

 

Bir azdan, Sona Bahadırın yanına gәlib adәtә görә akoşkanın qabağında oturdular. Dәrsdәn sonra Bahadır bu şeri avazla oxudu:

 

"Morğe-sәyyade-toәm, oftadeәm bәr dame-to,

Ya bekoş, ya dane deh, ya әz qәfәs azad kon".

 

[Tәrcümәsi: Sәnin ovladığın quşam, toruna düşmüşәm,

                    Ya öldür, ya dәn ver, ya qәfәsdәn xilas et.]

 

Sona bu sözlәri anlayıb ürәkdәn bir ah çәkib yanaqları od kimi parıldadı. Akoşkadan dişqarı baxıb dedi:

 

"Bahadır! Bir bax o biçarә bülbülә, gül üçün necә yanıqlı cәh-cәhlәr vurur."Bir nәzәr et gülә, necә qönçәsini açıb guya bülbülә deyir: "Bu can sәnindir, әzizim!...."

 

Bahadır Sonanın işarәsini başa düşdü vә cavab vermәyә imkanı olmayıb әylәşib iki әli ilә başını tutub dәrin-dәrin fikrә getdi. Sona dәxi Bahadırın әlindәn tutub dedi:

 

" Bahadır, o nә sirrdir ki, insan bir-birindәn tәfriqә düşübdür?...."

 

Bahadır Sonanın sualına cavab vermәyib ancaq dedi:

 

"Sona! Vaxt olar indi mәnә verdiyin sualın barәsindә söhbәt edәrik. "Bu sözlәrdәn sonra ikisi dә ixtiyarsız bir-birinin әlini tutdular, Sona yerә baxırdı, Bahadırsa onun üzünә. Bu halda bir neçә dәqiqә sözsüz qaldılar. Lakin әllәrinin titrәmәyini hәr biri hiss edirdi....

 

Bu vaxt qapıdan qulluqçu Sonanı atasının yanına çağırdı. Sona Bahadırın otağından çıxıb getdi. Bahadır dәxi Sonanın axırıncı sualını tәkrar edib qәm dәryasına mübtәla oldu. "Hәqiqәt, sәbәb nәdir ki, insan bir-birindәn tәfriqә düşübdür",sözlәri Bahadırı tövrlü-tövrlü fikirlәrә saldı....

 

       *       *       *       *       *

 

Avqust ayı aralığa gәldi, hava soyuqlaşdı, Mәngilisә gәlәn qonaqlar gündәn-günә azaldı. Vә Bahadır dәxi yavaş-yavaş hazırlaşırdı gözәl Mәngilis ilә ayrılsın. Sona bunu hiss edirdi vә öz-özünә deyirdi: "Kaş hәr günümüz bir il olaydı!" Hәrçәnd Bahadır üçün Sona ilә ayrılmaq nәhayәtdә çәtin gәlirdi, fәqәt nә etmәli? Lazım idi ki, elmini tez tamam edib azad olsun.

 

Avqust ayının 15-i idi. Bahadır Tiflisdәki yoldaşı Sultandan kağız aldı. Kağızı oxuyub gördü ki, yoldaşları Tiflisdә bunu gözlәyirlәr, tainki Rusiyәtә bir yerdә getsinlәr. Otaqda heç kәs yox idi. Kağızı oxuyandan sonra Bahadır bir saat fikrә gedib bilmirdi ki, nә etsin. Axırda fikrini dağıdıb başladı yavaş-yavaş şeylәrini yığışdırmağa. Sona qapının arasından bunu yığışırılan görüb tez içәri daxil oldu.

 

"Bu  nәdir? Nә edirsiniz?"--deyib Bahadırın әlindәn tutdu, Bahadır kağızı göstәrdi. Sona bir az sakit oldu vә ürәkdәn bir ah çәkib dedi:

 

"Görәsәn bizim ayrılığımız hәmişәlikdir, ya ruzigar bir-birimizlә görüşdürәcәkdir?..."

 

"Ümidvaram ki, gәlәn yay yenә bir-birimizin vüsalına yetişәk!"

 

Sona dişqarı çıxıb Bahadırın yığışmağını atasına vә anasına söylәdi. Maşo vә Yusif bu әhvalatdan nәhayәtdә qәmgin oldular; Bahadır üçün yola lazım olan şeylәri hazır etdilәr.

 

Sabahı günü troyka qapıda hazır oldu. Bahadırın şeylәrini lazımınca yığışdırıb hazır etdilәr. Hamı balkona, Bahadırı ötürmәyә çıxdı. Bәli, vaxt oldu ki, Bahadır hamısı ilә xudahafiz edib sevgili Sonası ilә ayrıldı.... Vә Sona "kağızınızı gözlәyirik" deyib atasını balkonda qoyub Bahadırın otağına tez gәldi vә gözlәrindәn qanlı yaşlar töküb uşaq kimi ağladı.

 

 

 

 

İKİNCİ HİSSӘ

 

 

Bahadır Sonadan ayrılandan sonra troyka çaparaq әyri-üyrü yollarla qalın meşәli dağın başında bulundu. Bahadır qeyri bir halәtdә idi. Bahadır üç verst bihuş gedib ancaq troykaçı dağın başında atın cilovunu düzәltmәk istәrkәn ayıldı. Gördü ki, Sonadan xeyli iraq düşübdür. Onun fikrindәn quş olmaq keçirdi ki, axırıncı dәfә uçub hәmәfkarlı, ruhuna vә ağlına lәzzәt verәn Sonaya baxsın, amma nә fayda!....

 

Troykaçı atları sürmәk istәyәndә Bahadır: "Yavaş bir az"--deyib troykanı saxlatdı. Bahadırın nәzәri Sona olan evә sataşıb bir neçә rüb gözlәrini bir nöqtәdәn çәkmәdi vә sonra çarәsiz qalıb troykanı sürdürdü.

 

Bahadırın başında min-min fikirlәr, tövrbәtövr xәyalat olarkәn "Piryut" adlanan qalığa yetişdilәr. Burada Novruz troykaçı atlara iki saat yorunuq vermәk istәdi: Novruz otuz yaşında, gödәkboy, canlı oğlan idi. Üzündә gözә sataşan bir eybi yox idi. Ancaq üzünün çopuru, gözlәrinin pişik gözünә bәnzәmәyi, burnunun nәhayәtdә böyük deşiklәri, qulaqlarının qoz yarpağıdәk sallanmağı insanın nәzәrini bir az mәşğul edirdi. Bahadır üzünü Mәngilis olan tәrәfә tutub ürәkdәn bir ah çәkdi. Gördü Sona ilә bunun arasında uca dağlar, qalın meşәlәr vardır. Әllәri qoynunda iki saat qoz ağacının altında dәrin fikirdә gah gәzirdi, gah otururdu. Qalıqda bunlardan vә qalıq yiyәsindәn başqa heç kәs yox idi. Gün yavaş-yavaş batmaqda idi vә nazik yel әsirdi. Quşlar yuvalarında oturub dimdiklәrini tәmizlәyirdilәr, sәs-sәmir yox idi, ancaq hәrdәnbir zorba hәyәt iti hürürdü. Troykaçının: "Ağa, әylәşin, vaxtdır" sәsi Bahadırın fikrini dağıtdı. Bahadır troykaya oturdu vә troykaçı atlara "fişt" edib istәyirdi ki, sürsün, birdәn qabaqlarına çapar çıxıb soruşdu:

 

"Hara gedirsiniz?"

 

"Tiflisә."--Bahadır başını qaldırıb cavab verdi.

 

"Bu vaxt mәn sizә mәslәhәt görmürәm gedәsiniz."

 

"Nә sәbәbә?"--Uca sәslә Novruz xәbәr aldı.

 

"Ondan ötәri ki, dünәn axşam "Piryut"dan üç verst o yana qaçaqlar on nәfәr adam soyublar."

 

"Bizә dәymәzlәr"--İstәr-istәmәz Novruz cavab verdi.

 

"-Özünüz bilәrsiniz, ancaq bu axşam vaxtı sizә mәslәhәt görmürәm."

 

Novruz istәyirdi atları sürsün. Bahadır bir az fikirdәn sonra dedi ki, sәbir etmәli, bәlkә bir xәbәr çıxa.

 

"Ağa, qorxma, hәrgah qaçaqlar dünәn adamları soyublar, bu gün bu yolda olmazlar. İndi görәsәn qorxularından hansı cәhәnnәmә itiblәr."--Novruz deyib Bahadırdan cavab gözlәdi.

 

"Yox, hәr işdә sәbir lazımdır."--Deyib Bahadır troykadan düşdü.--Bu gecә burada qalmağımız mәslәhәtdir. Sәhәr gecәdәn yola düşәrik. Atları aç!

 

Bu vaxt qalıq yiyәsi İvan bunların darvazada dayanmaqlarını görüb sual etdi:--Niyә getmirsiniz?

 

İvan sәbәbini bilib Bahadıra dedi:

 

"Ağa, mәn dә mәslәhәt görmürәm ki, bu vaxt gedәsiniz. Yaxşı olar bu gecә qalasınız, sabah gecәdәn gedәrsiniz. Bәlkә sәhәrәdәk bir xәbәr çıxa.

 

Novruz çarәsiz qalıb atları açdı. Bahadır yatmaq üçün İvandan yer istәdi. İvan göygöz, saqqalı ağarmış, üzü çil, ucaboy, arıq,pula görә çox qonaqsevәn qoca rus idi.

 

İvan Bahadırın tәvәqqesinә görә bir balaca otaq açdı. Otaqcığın bir tәrәfindә su qabı, bir tәrәfindә balaca taxt, üstündә samandan döşәkcә, illәrlә üzü yuyulmamış balış. Taxtın qabağında üçayaqlı miz, üstü bıçaq ilә cızmaqara çәkilmiş, mizin yanında bir ayağı sınmış kürsü, taxtın üstündә yarım arşın hündürlüyu, bir qarış eni pәncәrә. İki şüşәli, qurum vә toz basmış pәncәrәdә bir neçә hörümçәk vә milçәk ölüsü vә balaca çıraq, şişәsini qara his basmış vә piltәsi neçә günlәrlә kәsilmәmiş. İvan otağı göstәrib getdi. Bahadır taxtın üstә yıxılıb fikrә getdi. Qaçaqların xәbәri, tәzә otaqçanın tәhәr-tövrü Sonanın fikrini çәkmәyә mane oldu. Bundan savayı Bahadırı incidәn o oldu ki, vaxtında gedib Tiflisә çatmayacaqdır. Bahadır bu fikirdә ikәn İvan qapını açıb әlindә samovar, üstündә mis çaynik, iki fincan, bir neçә qәnd qırığı içәri daxil oldu vә dedi:

 

"Ağa, yoldan gәlibsiniz, yorulubsunuz, durun bir çay için. "Bu sözlәr Bahadırın fikirlәrini dağıtdı:

 

"Çox razıyam,"--deyib Bahadır başını balışdan qaldırdı. Hәrçәnd yemәk vә içmәk Bahadırın fikrindәn keçmirdi. Amma hazır samovara şad olub bir finçan çay içmәyә razılıq verdi. İvan iki fincanı da çayla doldurdu: birisini Bahadırın qabağına, o birisini öz qabağına qoyub dedi:

 

"Ağa, buyurun için. Görürәm yorulubsunuz, çay yornuğunuzu aparar."

 

Bu sözlәrdәn sonra İvan başladı hortuldatmağa. Bahadır bir fincan içәnәdәk İvan beş fincan hortuldatdı.

 

Bahadırsa iki fincan güclә içib İvana razılıq etdi. Bu vaxt İvan on birinci fincanı içirdi vә tәr üzündәn yağış tәk tökürdü. İvan Bahadıra dillә cavab verә bilmәyib baş әydi vә başını әyәn vaxt, çünki gözlәri Bahadırda idi, fincanın yarısı dizinә töküldü. İvan fincanın sanını unutdu. Samovardan su damcı-damcı gәlirdi ki, İvan çaydan әl çәkdi. Sonra cibindәn trubkasını çıxardıb tüstülәtdi vә Bahadıra nәzәr yetirib sual etdi:

 

"Siz nә millәtsiniz?"

 

"Mәn müsәlmanam,"--deyib Bahadır da papirosunu yandırdı. Bu vaxtadәk İvan Bahadırla rusca danışırdı. İvan Bahadırın müsәlman olmağını bilib başladı türkcә söylәmәyә. İvan türkcә çox yaxşı danışırdı. Bahadır bunun danışmağına tәәccüb edib sordu:

 

"Siz türkcә harda öyrәnibsiniz?"

 

"Bu yavuqda çox müsәlman kәndi var. Onlarla bizim işimiz çox olmağına görә türkcә öyrәnmişәm."--İvan bunu deyib trubkasını boşaltdı vә başını aşağı dikib dedi:

 

"Sizin müsәlmanlar yaxşı dolanmırlar."

 

"Necә?"--Bahadır soruşub başını әli ilә tutdu.

 

"Dәxi necә olacaqdır: peşәlәri oğurluq, quldurluq olub, nә allahdan qorxuları var, nә padşahdan."

 

"Bәli, gәrәkdir bunlara tәrbiyә verilә."

 

İvan, görükür, Bahadırın mәtlәbini anlamadı vә ikinci dәfә trubkasını doldurmaq istәrkәn çöldә qilü-qal düşdü. İvan tez dişqarı çıxıb gördü ki, bir neçә çapar öz böyüklәri ilә hәyәtdә danışırlar. Bahadır sәbir etmәyib otaqdan çıxdı. Bu vaxt çaparın böyüyü gülә-gülә İvana deyirdi:

 

"Qaçaqları qovduq Sarvan mahalına tәrәf, sonra gözdәn itdilәr."Bahadırın:

 

"Yol qorxulu deyil ki?"--sualına çaparbaşı cavab verdi:

 

"Xeyr, hәrgah istәyirsiniz bu aydınlıq gecәdә gedә bilәrsiniz vә bir çapar sizә verә bilәrәm."

 

Bahadır "çox sağ ol" deyib, Novruzu sәslәdi. Novruz sәs vermәdi. Bahadır atlar bağlanan yerә gedib gördü ki, Novruz xoruldayır. Bahadır vә İvan Novruzu çәtinlik ilә yuxudan oyatdılar. Novruz gözlәrini ovuşdura-ovuşdura açıb:

 

"Nә var? Nә istәyirsiniz?"--deyib sual etdi.

 

Bahadırın:

 

"Dur troykanı qoş,"--sözünә Novruz göyә baxıb dedi:

 

"Ağa, hәlә tezdir. Sәhәrә çox qalıbdır."

 

İvanın: "Novruz! Novruz!" sәsi Novruzu yuxudan ayıltdı vә әhvalatdan xәbәrdar olub getdi atların yanına.

 

Bahadır İvanın qulluğuna layiq ona pul bağışlayıb çox razılıq etdi. Yarım saatdan sonra troyka hazır oldu. Novruz:

 

"Ağa, buyurun, hazıram,"--deyib Bahadıra sәslәndi.

 

Bahadır İvanla vә çaparbaşı ilә salamatlaşıb troykaya әylәşdi. Novruz çaparı troykanın yanında görüb ürәklәndi vә atlara bәrkdәn, öz qaydası ilә "fişt" edib yola düşdülәr. Yolun iki tәrәfindә meşә, aydınlıq gecә! Tәkәrlәrin sәsi, atların ayaqlarının tappıltısı meşәlәrә sәs salırdı. Bahadır dәrin-dәrin fikirdә ikәn Novruz dodağının altında oxuyurdu. Çünki yol başı yuxarıydı, ona görә Novruz atları yavaş-yavaş sürüb özünә xoş gәlәn nәğmәlәrdәn oxuyurdu. Bunun bayatıları Bahadırın dәrdini dәxi dә artırırdı. Novruz Bahadırı qәmgin görüb dedi:

 

"Ağa, nә üçün fikr edirsәn, yoxsa qaçaqlardan qorxursan? Qorxma, indi bu yolda olmazlar vә bir dә qalığa yaxınlaşmışıq."

 

"Qaçaqlardan qorxmuram. Ancaq fikr edirәm ki, bu evi yıxılmışlar nә peşәdir ki, özlәrinә qәbul ediblәr."

 

"Ay ağa, elә demә. Mәn bunları heç qınamıram, bunların qaçaq olmaqlarına çox sәbәb var...."

 

"Görükür, çoxusu aclığından qaçaqçılıq edir."

 

"Xeyr, ağa, hamısının evindә bir parça çörәyi var. Ancaq bunları bu yola qoyan bizim böyüklәrimizdir....  Vә hamıdan baş sәbәb arvaddır, arvad!"

 

"Necә arvad?"

 

"Belә ki, bu evlәri yıxılmışlar bir-birinin nişanlısını qaçırdırlar. Bu bir adәtdir düşüb bizim aramıza, yenә qızın kәbini kәsilmәmiş olsa bir şeydir. Amma bu evlәri yıxılmışlar kәbinli-kәbinli qızları qaçırdırlar.... Әlbәttә, bu tövr işlәrdәn sonra әvvәlki nişanlısı dәli olub dağa-daşa düşür vә başlayır düşmәnindәn әvәz almağa. Bu yazığa yemәk lazımdır,ona görә görürsәn sәnin-mәnim kimi adamları soyub onunla dolanacaq edir."

 

"A kişi, nә deyirsәn? Kәbinli qızı da qaçırtmaq olarmı? Nә üçün şikayәt etmirlәr? Bәs qazı vә qeyri mollalar nәdәn ötrü tәyin olunublar?"

 

"Ah, ağa, kim-kimәdir! Mollalarımızın da xarabı çıxıbdır....  Odur, bir ay bundan qabaq bizim kәnddәn biri kәbinli qızı qaçırdıb apardı özgә kәndә, orada mollaya pul basıb kәbinini kәsdirtdi. Sonra molla eşidәndә dedi ki, mәn bilmirdim qız özgәyә kәbinliydi, ya yox....  Deyir qız özü razılıq verdi. Sonra iş getdi Tiflisә, oğlanın atası Tiflisә gedib-gәlmәkdәn hәlak  oldu.

 

"Nә üçün?"

 

"Nә bilim, deyir gedirsәn qazının yanına, deyir: "Sabah". Sabah gedirsәn, deyir: "Yazmışam yuxarı". Yuxarı gedirsәn, deyir: "Sabah". Sabah gedirsәn, deyir: "Nә ki, lazımdır edirik". Axırda yazıq bizar olub gәldi kәndә. Sәnin canın üçün, yazığı

Tiflisdә necә incitmişdilәrsә, hamı mollalara--böyük axunddan başlamış kiçiyinәdәk ağzından gәlәni deyirdi...."

 

"Heç şey edә bilmәzlәr. Onların borcudur şәriәtlә iş görәlәr."

 

"Axı onlar yazı-pozu edәnәdәk iş-işdәn keçir. Odur, keçәn yaz mәnim başıma da bu iş gәldi. Ancaq mәn tәk olduğuma görә vә bir dә dava sevmәyәn olduğuma, düz getdim Tiflisә, böyük axundun yanına. Ağzımı açıb dәrdimi demәk istәyirdim, qoymadı söylәmәyә, dedi ki: "O, qazının işidir. Әvvәl qoy oradan yazsınlar". Getdim yerinә dә mәlum etdim. İndi bir ildәn çoxdur arvadımı әlimdәn alıblar, bu vaxtadәk bir xәbәr yoxdur, Mәn dә sonra gördüm ki, düşmәnimlә bacarmayacağam, arvadın kәbinini geri edib işdәn әl çәkdim. Amma düşmәnim dörd ay Tiflisә getdi-gәldi. Özü dә pullu adamın oğlu idi....  Mәn dә işi duydum, bilmәrrә әl çәkdim....  Ah, ağa, azmı belә iş olur? Azmı belә dәrdlәrә yanan var? Hәrgah mәnim dә arxam olsaydı, indi mәn dә bir fәstay çıxartmışdım. İndi o tәrәfdәn dә, bu tәrәfdәn dә bir neçәsi qızıl güllәyә qurban olmuşdu...."

 

Novruz bu sözlәri deyib ürәkdәn ah çәkdi vә atları sürdü. Novruzun "ah" sözü Bahadırın qәlbindә dәrin-dәrin yer etdi. Bu "ah" sözü biçarә Novruzun gücsüz, pulsuz olmağına vә qeyrilәrinin biinsaf, bimürvәt, biqeyrәt vә bihәya olmaqlarına, öz mәnsәblәrinә layiq olmayan, dünya mәnfәәtindәn ötәri şәriәti satanlara işarә idi....

 

Bahadır bu fikirlәri başından keçirәrkәn "Biliduxan" adlanan qalığa yetişdilәr.

 

Bahadırın tәvәqqesinә görә Novruz bu qalıqda atları açmadı. Saat 6-da "Qocur" adlanan qalığa çatdılar. Qocurda bir saat yorunuq almaq üçün düşdülәr. Çapar bunları Qocurda qoyub geri qayıtdı. Bahadır salamat gәlmәklәrinә vә qaçaqların üzünü görmәdiyinә nәhayәtdә şad oldu. Qocurdan Tiflisi görәndә Bahadırın ürәyi qısıldı; çünki getdikcә sevgili dostundan iraq düşürdü.

 

Novruz troykanı hazırlayıb yola düşdülәr; saat 10-da Tiflisә varid oldular. Bahadır "Bakı" adlanan qәstinә düşdü. Novruz öz haqqını alıb bir çox razılıq edib Bahadırdan ayrıldı. Bahadır paltarını dәyişib qәstindәn çıxdı ki, yoldaşlarını axtarsın. Tiflisdә gәzdiyin adamı tapmaq istәsәn gәrәk "Qolovinski prospekt" adlanan küçәyә çıxasan. Bahadır bu fikirlә oraya üz qoydu. Bir az Qolovinskidә dolanarkәn yoldaşı student Sultana rast gәldi. İki yoldaş üç ay bir-birini görmüyüb indi rast gәlmәklәrinә çox şad oldular. Bunlar bir-birinin әhvalından xәbәrdar olandan sonra hәr ikisi "Bakı" qәstininә gәldilәr. Bahadır papiros yandırıb Sultandan soruşdu:

 

"Rәfiqim, de görüm bu yayı necә keçirtdin?"

 

"Pis keçmәdi! İyun ayını burada keçirtdim."--Deyib Sultan divanın üstünә uzandı.

 

"Yәqin çox isti idi?"

 

"Mәn bir elә isti hiss etmәdim. Ondan ötәri ki, sәhәrdәn axşamadәk evdә otururdum, ancaq axşamlar çıxıb bağlara gedirdim vә hәrdәnbir tәzә aşnalarım çay içmәyә aparırdılar.

 

"Tәzә dostlardan kimdir? Yoxsa....  Elә dost oldun? Hә?"

 

"Bәs necә! Bir dәfә evlәrindә nahar dәxi etmişәm."

 

"Qızını gördünmü?"

 

"Әsil mәqsudum o deyildimi?"

 

"Nә tövrdür? Yaxşıdırmı?"

 

"Zahirdә burnundan savayı bir eybi yoxdur, amma...."

 

"Hә, necә amma, de görüm sәn mәnim canım."

 

"Doğrusu, Bahadır, mәn qızdan bir şey anlamadım. Heyf o yeddi ilә ki, institutda zәhmәt çәkib dәrs oxuyubdur."

 

Sultanın söhbәti Bahadıra xoş gәldi. Vә yavuğa gәlib әlini Sultanın çiyninә qoydu vә dedi:

 

"Söylә, söylә görüm, sәndә xәbәr çoxdur."

 

"Sәn Mәngilisә gedәndә dedimmi, o qızı mәn gәrәk görәm."

 

"Hә."

 

"De qulaq ver: bir mәclisdә rast gәlib atası ilә dost oldum. Bununla bir az mәdәniyyәtdәn söhbәt edәndәn sonra görünür xoşuna gәlmişәm. Özü mәdәniyyәt dadmayıbsa da, ancaq müsәlmana mәdәniyyәt vacib olmağını söylәdi."

 

Bir az söhbәtdәn sonra mәn ona dedim:--Mәn çox şadam ki, siz nәinki bu fikirdәsiniz vә hәtta eşitmişәm qızınıza da lazım olan tәrbiyәni veribsiniz. Bunu deyәndә dostumun ağzı açıldı. Başladı qızını tәrif etmәyә. Xülasә, axırda ürәyindәn bu keçdi ki, qızımı görmәsәn onun tәrbiyәsini nәzәrә gәtirә bilmәzsәn. Bu fikrini mәnә bildirib mәni öz evinә çay içmәyә dәvәt etdi. Mәn buna çox şad olub söz verdim ki, sabah qulluğunda hazır olam. O biri gün dostumgilә getdim.

 

"Evlәri hardadır?"

 

"A kişi, nәyinә lazımdır?"

 

"Sәn mәnim canım, de."

 

"Aşağa "Ortaçala"dan bu tәrәfә."

 

"Hә, yaxşı, söylә."

 

"Dәxi nә? O biri günü getdim. Kişi qabağıma çıxıb mәni zala apardı. Bir az söhbәt edәndәn sonra mәni nahar otağına dәvәt etdi. Bir övrәt qabağımıza çıxdı.--Bu mәnim övrәtimdir, dedi, aşna oldum. Evinin sәliqәsinә söz yoxdur. Hәr şeyi Avropa qaydası ilә....  Bәli, bir az söhbәtdәn sonra çay ortalığa gәldi. Mәn başladım dostumun övrәtini tәrif etmәyә ki, bizim müsәlman övrәtlәrindәn belә övrәt az tapılar ki, qızına lazım olan tәrbiyәni verә. Bunu demişdim, övrәtin ağzı köpuklәnmiş açıldı, nә açıldı. Başladı: mәn belә, atam belә, qızım belә!

 

"Doğrudur,--dedi--Tiflisdә bir neçә adamın qızları oxuyub qurtarıbdır, amma mәnim qızım kimi hәlә qurtaran olmayıbdır,"--bunu deyib әli ilә divarda asılmış kağızı göstәrdi vә dedi:--Bunu yaxşı qurtarmağına görә veriblәr vә bir dә....

 

Burada kişi övrәtin sözünü kәsib dedi:

 

"Xeyr, bu şәhadәtnamәni hamıdan yaxşı qurtarmağına görә veriblәr."

 

Övrәti kişinin sözünü tәsdiq edib başladı:

 

"Heç bilirsiniz, oxumağına o qәdәr səy etmәmişik ki, nә qәdәr musiqiyә vә tansa. Bizim bir dostumuz var, famili dә yadımdan çıxdı.... " Kişi:--Aleksandr İvaniç --deyib övrәtinin yadına saldı.

 

"Hә, bax, Aleksandr İvaniçin qonaqlığı var idi, bizi dә çağırmışdılar. Beşәdәk kurs qurtarmış qız var idi. Amma elә ki, bizim qız başlayırdı tansı, hamısının ağızları açıla qalırdı...."

 

Kişi yenә övrәtin sözünü ağzında qoyub dedi:

 

"Bәs onu deyirsәn, neçә kәrә "Brava! Brava!" dedilәr." Bu sözlәrdәn sonra qapı açılıb tәrifi asimana çıxmış nazәnin daxil oldu. Mәn ayağa durub baş әydim vә sonra bir-birimizә әl verdik. Qız mәnә mәğrurluqla baxdı, bununla belә mәn dedim:

 

"Çox şadam ki, müsәlmanda da sizin kimi qızlar var. "Mәnim bu sözlәrimә "mersi" deyib başladı mәnimlә rusca danışmağa.

 

"Bәs burnunda nә eybi var?"--Bahadır soruşub papirosunu yandırdı.

"Burnu bir az ortadan qalxmışdır."

 

"Yaxşı, sonra."

 

"Dәxi nә sonra. Bәli, bununla söhbәti başladıq. Mәn türkcә sual edirdim, qız mәnә rusca cavab verirdi. Qız mәnimlә danışdıqca әr-övrәt bir-birinә baxıb lәzzәt aparırdılar. Mәnim: "Elmlәrdәn hansı xoşunuza gәlir?" sualıma qız: "Firәng dili" deyib mәndәn soruşdu: "Siz firәngcә bilirsinizmi?" Cavab verdim ki, bәli. Qız başladı söhbәti firәngcә. Bir az söhbәtdәn sonra zarafatca firәng dilindә soruşdum ki, әrә getmәk istәyirmi vә nә mәnsәb sahibinә getmәk istәyir? Cavab verdi ki, "hamıdan artıq әfsәrә...." Bu sözdәn sonra başımdan od parıldadı. Çünki bunlar ilә dost olmamışdan müqәddәm oxumuş Tiflis qızlarının barәsindә çox şey eşitmişdim vә qız bu sözlәri deyәndәn sonra dәxi şәkkim qalmadı. Mәnim sözümә:

 

"Doğrudur, bizim qızlar oxuyurlar, amma gәlәcәk zindәganlığa da gәrәk hazırlaşsınlar, yәni uşaqlara tәrbiyә vermәk, ev işlәrini görmәk gәlәcәk ananın borcudur."

 

Anası cavab verdi ki,."Xeyr, bizim qız әlini isti sudan soyuq suya vurmaz. Әrә verәndә elә adama verәcәyәm ki, evdә heç şey etmәsin. Uşaqlardan ötәri ayrı qulluqçu saxlasın, ev işlәrindәn ötәri dә bir ayrısını". Qızı da anasının sözlәrini tәsdiq edәndә doğrusu mәn sәbir etmәdim, hazırlaşırdım getmәyә, ancaq gah övrәtin vә gah әrinin tәrifi mәni biixtiyar saxlayırdı. Axırda fürsәt tapıb dedim: "Siz gәrәk çalışasınız ki, qeyrilәr dә qızlarını oxumağa versinlәr ona görә lazımdır ki, onlarla әlaqәniz ola, ta qızınızın tәrbiyәsini görüb onlar da qızlarını qoyalar oxumağa". Gör övrәt mәnә nә cavab verdi: "Biz,--dedi--doğrusu, hәr adamla durub-otura bilmirik. Qızım da bu vaxtadәk Tiflisdә heç bir qızla dostluq edә bilmir. Ondan ötәri ki, onlar nә oturmaqlarını bilirlәr vә nә durmaqlarını. Vә bir dә layiq deyil ki, belә mәdәniyyәtli qız elә adamlarla durub-otursun...."

 

Axırda mәnim:--"Türkcә yazmaq, oxumaq bilirsinizmi?" sualıma qız cavab verdi ki, "Türk dili nәdir ki, ona gözәl vaxtımı çürüdәm vә nәyә lazımdır...."Bu sözlәr mәnim qanımı dәxi dә xarab edib davam gәtirә bilmәdim, xudahafiz, deyib çıxdım.

 

Sultan bu sözlәrdәn sonra Bahadıra baxıb onun bu barәdә sözünü gözlәdi.

 

"Bәs belә,- "-Bahadır fikrә gedib dedi:--Gör bir, sәn özün türk qızı olasan öz dilini bәyәnmәyәsәn! Özün türk övrәti olasan, 20 il bundan müqәddәm sadә türk külfәtindәn çıxasan, indi....  Türk qızları ancaq әfsәrә getmәkdәn vә ya firәng dilini bilmәkdәn ötәri vә öz dilini, millәtini düşmәn tutmaqdan ötәri mәdәniyyәtin dalınca gedirlәrsә, heç getmәsәlәr yaxşıdır.... Bahadır fikrә gedib durdu otaqda gәzmәyә. "Belә fikirdә,--Sultan başladı--bir bu qız deyil, Tiflisdә vә qeyri yerlәrdә oxumuş qızların әksәri mәişәtә vә zindәganlığa bu tövr baxırlar." Sultan sözünü qurtarıb Bahadıra nәzәr yetirdi. Bahadırı isә Sultanın sözlәri dәrin-dәrin fikrә apardı. Bahadır öz Sonasını yadına salıb:--Afәrin, millәt!--dedi. Sultan bunun sözlәrini yaxşı başa düşmәyib dedi:

 

"Ah! Millәtin evi yıxılıbdır!" Hәr millәtin qabağa getmәyinә bais әvvәl övrәtdir. İndi bu tövr nәzәrli qızlardan biz nәgözlәyәk? Bunlar gәlәcәkdә ana olacaqlar....  Biçarә türk balalarına nә tәrbiyә verәcәklәr?....  Әlbәttә, uşaqlar tәmiz olacaqlar, hәr bir әdәbi öyrәnәcәklәr, bilәcәklәr, tans öyrәnәcәklәr, firәngcә donquldanacaqlar, amma öz dillәrini nәinki bilmәyәcәklәr vә hәtta istәmәyәcәklәr bilsinlәr. Çünki türk "madonnaları" tәrbiyәni elә verәcәklәr.

 

"Bәli, "--Bahadır cavab verdi.--Bir dilin qәdrini millәt o vaxt bilәr ki, haman dildә yazılan inşalar millәtin hәm bәdәninә vә hәm ruhuna tәrbiyә verә. Vә bir dilin o vaxt qiymәti olar ki, o dili tәlim verәnlәrdә qeyrәt, insaf ola. Mәktәblәrimizә baxırsan: yüz ildәn qalma qayda-qanunla dәrs verirlәr....  İnşa yazanlarımıza baxırsan: "әlfazlar" o qәdәr gözlәrini kor edib ki, әsil mәqsudi yaddan unudublar.... Vә bir neçәsi dәxi öz hissiyyatını qeyri dildә qәlәmә gәtirir. Bunlardan sual etmәli ki, ey ağlını nә yerә sәrf etmәk bilmәyәn biçarәlәr! "Xitayi millәt üçün türk dilindә yazmağın nә mәnfәәti?", "Hәkim azara görә gәrәk dava versiin. Yoxsa bu meymun әmәlini sevәnlәr fikir edirlәr öz bimәna, puç yazdıqları inşalar hәr iki tәrәfdәn afәrin alsınlar....  Naxoşun ruhunu tәmizlәmәkdәnsә, qarnını tәmizlәyirlәr. Yazdığınız inşalara bu yazıq millәtdәn afәrin gözlәmәyin! Çünki millәt nә qәdәr kor olmuş olsa, başına dәyәn toppuzu hiss edәr.... Bu sözdәn sonra Bahadır ah edib fikrә getdi. Sultan Bahadıra yavuq gedib dedi:

 

"Bu barәdә söhbәtimiz çox olacaqdır, hәlә qulaq as, gör ruhanilәrimiz nә edirlәr.... "

 

"Onlar ilәdәmi dost oldun?"

 

"Bәs nә!"

 

"Sәn "hüzuri-şәriflәrinә" gedib onları tanıyıbsan. Amma mәn o "müqәddәs" cәnabların üzlәrini görmәmiş tanımışam."Bahadır bunu deyib qoyun cibindәn dәftәrçәsini çıxardıb Sultana göstәrdi vә dedi:

 

"Yolda yazmışam, pis xәtt düşübdür, inşaallah Peterburqa gedәndә bir neçә yerini düzәldib verәrәm oxuyarsan."

 

"Burada yaxşı oldu ki, bir oğlanla dost oldum"--deyib Sultan dәftәrçәni Bahadıra qaytardı.--Haman oğlan söz verdi ki, Tiflisdә hәr nә әhvalat olsa yazsın. Sözündәn belә görükür özü dә türkcә yazır vә hәtta deyirdi, Tiflis müsәlmanlarının barәsindә bir әhvalat yazıbdır.

 

"Hәr halda, bu oğlan bizә lazım olacaqdır."

 

"Әlbәttә,"--Bahadır deyib oğlanın adını soruşdu.

 

"S ... "--deyib Sultan cavab verdi.

 

Bu vaxt qapı açıldı, qәstin qulluqçusu samovar gәtirdi. Bahadır çaynikә çay salıb qoydu samovarın üstә vә sonra Sultana vә özünә çay tökә-tökә sual etdi:

 

"Görükür, vaxtını boş yerә keçirtmәyibsәn."

 

"Mәn haçan vaxtımı boş yerә keçirtmişәm?"

 

"Sultan, öz aramızdır, keçәn il millәtin söhbәtini edәndә qulaqlarını tuturdun. Amma indi görürәm millәtә bir növ nisbәtlәri olan adamları özün axtarıb tapırsan."

 

"Bahadır! Sәn mәni başdan tәnbәl hesab edib mәnә qeyri nәzәrlә baxırdın. Sәn fikir edirdin mәn әsla öz millәtimlә әlaqәmi kәsmişәm. Sәhvsәn!"

 

"Yadından unudubsan: bir gün türkcә yazmaq barәsindә söhbәt oldu, sәn az qaldı mәnimlә dalaşasan."

 

"Doğrudur, o vaxt sәn mәnә deyirdin, vaxtını әbәs yerә keçirmә, bir şey yaz. Amma mәn fikir edirdim ki, bir mәnim yazmağımdan nә olacaqdır vә mәnim inşalarıma kim diqqәt edәcәkdir. Fikir edirdim: çox yaxşı, yazdım, kim oxuyacaqdır? Amma indi fikrimi dәyişdirmişәm, düşmüşәm sәn düşәn dәrdә...."

 

"Necә?"

 

"İndi ancaq anlamışam: millәtin fikrini biz çәkmәyәndә bәs kim çәkәcәkdir? Biz yazmayanda, kim yazacaqdır?

 

"Bәs belә! "--Bahadır deyib Sultanın boynundan qucaqladı,--indi bildim ki, qeyrәt meydanında tәk deyilәm. Birfikirli qardaşım! Millәtimiz bir haldadır ki, bir balaca nağıl da yazsan böyük iş etmiş kimisәn! Ancaq yazan şәxs gәrәk xalqın diqqәtindәn qorxmasın....  Mәrdanә, hәr sözü açıq desin, qardaşı olmuş olsa da. O ki, qaldı bir para adamlara ki, әllәrindәn bir şey gәlmәyib arada söz gәzdirәn övrәtlәr kimi hәsәdlәrindәn partlayıb zurnalarını bәm edirlәr, onlara qulaq asmamalı. Bu tövr şәxslәr hәr millәtdә var. Onlar axırda özlәrinә layiq olan mәrtәbәni tapırlar....  İnandırıram sәni, çoxu bu misal adamlardan qorxub öz mәlumatlarını gizlәdir. Budur, Tiflis! Azmı burada mәdәniyyәtli müsәlman cavanları var, nә üçün bir iş görmürlәr? Mәnim nәzәrimә burada mәdәniyyәtli müsәlman azdır. Mәn bir neçәsiylә aşna oldum. Hәrgah bunların fikirlәrini vә zindәganlığa nәzәrlәrini bilsәn, qanın xarab olar. Bunların barәsindә vaxtında danışarıq. Ancaq sәnә xәbәr verim Gәncәdәn.

 

"Hәqiqәt, kağız yazmışdın Hacıkәndә gedәcәyәm, getdinmi?"

 

"Getdim, bir hәftәdәn çox orada qaldım. Ondan sonra gәlib Gәncәdә bir hәftә qalıb getdim Şirvana. Gәncәdә "Avropa" qәstininә düşüb Ә ... bәyin barәsindә әhvalpürsan oldum, mәnә dedilәr ki, şәhәrdәdir. Bu xәbәrә çox şad oldum. Ondan ötәri ki, Gәncәdә ondan savayı yavuq dostum yoxdur. Әlimi yumuşdum, qapıçı gәldi ki, sizi xәbәr alırlar, buna tәәccüb etdim, fikir etdim ki, mәni burada Ә. bәydәn başqa heç kәs tanımır vә o da tezlikdә hardan bilәcәkdir. Xülasә, qapıçıya dedim: buyursun. Mәn bunu demәkdә qapı açılıb Ә. bәy daxil oldu. Mәn, hәqiqәt, belә rast gәlmәyimizә inanmırdım. Ancaq sonradan mәlum oldu ki, özgә adam axtarırmış taxtada mәnim adımı görüb tapıbdır....  Bir az söhbәtdәn sonra rәfiqim mәnә dedi ki, "A. F. şәhәrdәdir, gәrәk onun yanına gedәk". Bu xәbәrә mәn şad oldum; çünki eşitmişdim ki, A. F. çox qeyrәtli müsәlman hesab olunur. Çayımızı içib qәstindәn çıxdıq, fayton götürüb getdik. Zәngi çәkdik, qulluqçu çıxıb dedi ki, "Ağa bu saat gәlәcәkdir, buyurun әylәşin". Getdik otağa. Otağı hәlә nәzәrdәn keçirmәmişdim, rәfiqim dedi: "Arıq gәlir". Mәn әvvәl bunun sözlәrini anlamadım. Amma sonra elә ki, gözlәdiyimiz evin sahibi gәldi, bildim ki, Ә. bәy zarafatla deyirmiş arıq. Bәli, necә arıq? Üç sәn köklükdә!

 

Xülasә, bununla görüşdük. Sözündәn belә görünür ki, mәnim Gәncәyә gәlmәyimә çox şad olubdur.

 

A. F.-nın sözündәn belә mәlum oldu ki, Gәncәnin mәrifәtli müsәlmanları hәlә qәflәt yuxusundadırlar. Amma camaatı tәrbiyәdәn qaçaq deyil vә mәrifәtli cavanların yatmaqları vә ruhanilәrin bir neçәsinin millәt işinә qarışmaqları ümumi işlәri lәngidir. Sonra bildim ki, keçәn il orada böyük mәscidin yanında müsәlmanlar bir mәktәb binasını qoymuşlar, üsuli-cәdidlә hәm türkcә vә hәm dә rusca dәrs deyirmişlәr. Ancaq sonradan bir neçә avamın korluğuna görә vә qeyri mәktәbdarların hәsәdi ilә mәktәb pozulur, әsil sәbәb bu olubdur ki, türk müәllimi sünni imiş.... Sonra bir mәclisdә hәqiqәt türk müәlliminin müәllimlikdә mahir olduğunu eşitdim. Görünür, çox zәhmәt çәkirmiş, hәtta iki-üç ay mәvacibsiz dәrs deyirmiş; çünki mәktәb adına yığılan pulu udurmuşlar....  Xülasә, A. F. türk müәllimindәn çox razılıq etdi. A. F. dedi: "Nә etmәk, avamla hәlә çәtindir dava etmәk. Allah insaf versin bizim ruhanilәrә, onlar da avamlarla bir olublar. Beş, ya altı qanacaqlı adam bunların qabağında nә edәcәkdir. Yenә qәzetәmiz olsa, bunlarla dava mümkündür, amma nә fayda...."Doğrusu, A. F.-nın bu sözlәri mәnim xoşuma gәldi, çünki bu sözlәri ürәkdәn deyirdi. Sözlәrindәn vә üzündәn mәlum olurdu ki, qeyrәt tәzә rәfiqimi boğur. Axırda mәnә söz verdi ki, hәrgah qışda Gәncәdә qalmalı olsa, Gәncә müsәlmanlarının barәsindә bir neçә әhvalat yazsın. Söhbәtimiz çox çәkdi. Axırda A. F. vәdәmizi nahara alıb mәnә mәslәhәt gördü ki, böyük axundun yanına gedim. Mәn razı oldum. Naharadәkxahiş etdim ki, axundu ziyarәt edim. Ә. bәy axundun hücrәsini göstәrib dedi ki, axundla söhbәt edәndә qiraәtxananın da barәsindә danışın. Yolda bildim ki, iki ildir istәyirlәr qiraәtxana açmağa, ancaq axundun iltifat nәzәri olmadığına görә iş düz gәtirmir. Bәli-bәli, getdim cәnabi-axundun hüzuri-şәrifinә, çәkmәlәrimi çıxartdım vә salam verib әdәblә, "dәvә kimi" qapının ağzında dizi üstә çökdüm. Әmmamәli üç nәfәr adam oturmuşdu. Ona görә әvvәl bilmәdim onların hansı "cәnab axund"dur. İsmini sual edib әmmamәsi balaca olan böyük, ağ әmmamәliyә işarә etdi. Bәli, cәnab axund xoş üzlü, qırmızısaqqal, unutmuşam sarısaqqal yainki qırmızı....  Axund әlindә kağız yazırdı vә çünki әlindәn yerә qoymaq istәmirdi, ona görә bildim ki, çox lazımlı kağız yazır. Mәn başladım ki, Peterburqdan gәlmişәm, özümә vacib bildim ki, cәnabınızın hüzuri-şәrifinә gәlәm."Zәhmәt çәkibsiniz", --deyib axund gözünün biri ilә mәnә nәzәr etdi vә sonra yenә başladı yazmağa. Qeyri mollalar da әllәrindә hәrә bir kağız yazırdı, söhbәti mәn başladım mәktәbdәn. Hәr mәtlәbdәn sonra cәnab axundun tәnbәlliyi tutmayıb "bәli" deyirdi. Görünür biçarә o qәdәr әrәb sözlәrini mәxrәcdәn işlәdir ki, yazıq "bәli" kәlmәsini dә әrәb sözü edib boğazına әbәs yerә zәhmәt verirdi. Mәktәb barәsindә mәnә cavab vermәdi, ancaq "bәli" vә "xeyr"lә mәnim suallarımı rәdd edirdi. Doğrusu, axundun bu tövr hәrәkәti mәnә xoş gәlmәdi, çünki fikir etdim ki, ya cәnab axund mәnim sözlәrimi anlamır, yainki istәyir ki, mәn başından tez rәdd olam. Hәqiqәt, dizlәrim dә ağrıyırdı. Xülasә, kor-peşiman axunda әdәblә "xudahafiz" deyib çıxdım. Dizlәrimin ağrısından bir neçә addım axsadım.

 

"Bәs axunda bir şey demәdin? Mәn olsaydım, axunda balaca nәsihәt edәrdim."--Bahadır deyib durdu hirsli gәzmәyә.

 

"Nә deyәydim? "Xülasә, gәldim qәstinә, gördüm Ә. bәy oturub mәni gözlәyir, macәranı ona nәql etdim. O, az qaldı gülmәkdәnqәşş etsin vә sonra fikrә gedib dedi: "Bunlarda nәinki millәt qeyrәti yoxdur, hәtta din qeyrәti dә. Nәzәrinizә çatdımı mәscidin minarәlәri, neçә ildir dağılıb tökülübdür, amma bu vaxtadәk qayırmayırlar.... Mәscidin azmı pulu var? Nәyәmәsrәf olunur? Ancaq özlәri bilirlәr.... ". Bir az söhbәtdәn sonra Ә. bәy dedi ki, nahara getmәyin vaxtıdır.

 

Bәli, gәldik A. F.-gilә. Әhvalatı ona nәql etdim. Sözlәrim, görükür, ona çox әsәr etdi.

 

Sultan sözlәrini qurtarmamışdı, qәstin qulluqçusu içәri daxil olub Bahadırdan başburt istәdi. Bahadır çamadanını açıb başburt verdi. Sonra Bahadırın fikrinә düşdü ki, Sonaya kağız yazsın. Tez açıq kart gәtirtdirib yazdı.

 

"Kimә yazırsan?"--deyib Sultan Bahadırdan soruşdu. Bahadır kağızı yazıb qurtarandan sonra dedi:

 

"Bu kağızı bir qıza yazıram ki, yayda mәnim ruhuma lәzzәt veribdir, bәdәnimә yox, ruhuma! "Ruh" sözünü diqqәtlә demәkdә mәqsudim odur ki, özgә fikirlәrә düşmәyәsәn."

 

"Kim ola?"--Tәәccüblә Sultan soruşdu.

 

"Kim ola! Mәgәr dillә vәsf etmәk mümkündürmü? Ala, dәftәrçәni oxu, gör necә qızdır! Gör heç yarım saat bundan müqәddәm söylәdiyin oxumuş qızlara oxşayışı varmı? Gör bunun bir dırnağını bayaq söylәdiyin qızlara dәyişәrsәnmi? Millәt qeyrәti istәyirsәn onda, әsl-kamal istәyirsәn onda, bizimkilәr?! Necә ki, dedin, yeddi-sәkkiz il zәhmәt çәkib elm oxuyurlar, ondan ötәri ki, tans öyrәnsinlәr, öz dillәrini unutsunlar vә әrә dә gedәndә ancaq әfsәrә....  "Tfu!"--deyib Bahadır papirosunu yandırdı vә sonra Sultandan sual etdi:

 

"Bәs Badkubәyә gedә bilmәdin?"

 

"Nә qәdәr çalışdımsa, mümkün olmadı. Amma, allah qoysa, gәlәn il nә tövr olsa gedәcәyәm. Çünki yaxşı xәbәrlәr gәrәk orada  olsun.

 

"Bәli, hәr bir barәdә Badkubәnin әhvalatı qeyri şәhәrlәrdәn artıqraqdır. Amma ümidim var ki, yayadәk orada xәbәr olsun. Çünki bayaq dediyim qız qışda oraya gedәcәkdir vә öz hissiyyatını söz veribdir ki, yazsın."

 

"Tiflisdә Sarı paşanın barәsindә bir neçә әhvalat eşitdim, görükür, özünü Badkubәdә yaxşı düzәldibdir."

 

"Hә, Sarı paşa bir özgә "paşa" deyirlәr olubdur, mәn dә çox şey eşitmişәm, amma inandırıram sәni, eşidilәn әhvalatlara inanmıram. Çünki 14 il bundan müqәddәm Peterburqa gәlәndә eşitdin ki, nәlәr söylәyirdi? Mümkündürmü bu tövr mәdәniyyәtli şәxs dünya mәnfәәtindәn ötrü mәişәtә vә zindәganlığa olan tәmiz nәzәrini pula satsın, amma deyirlәr....

 

Bahadır sözünü qurtarmamışdı, qulluqçu poçtxanadan gәlib xәbәr gәtirdi ki, poçt vardır. Bahadır vә Sultan tez geyinib poçtxanaya getdilәr, Sultan o gün getdiklәrini qeyri yoldaşlarına mәlum etdi. Axşam saat 8-dә, o biri günü ikisi dә poçtxanada hazır oldular. Saat doqquzda Tiflisdәn Qafqaz yolu ilә Peterburqa üz qoydular....

 

       *       *       *       *       *

 

Bahadır gedәndәn sonra Sona heç yerә çıxmırdı. Atası, anası bir yerә qonaq gedәn vaxt Sonanı da istәyirdilәr aparsınlar. Lakin Sona "kefim yoxdur" deyib hәmişә evdә yalqız qalırdı. Sona Bahadırdan sonra yalqızlığı çox sevirdi. Vaxtını kitablar arxasında keçirirdi. İki saat oxumağa mәşğul olurdusa, bir saat da oxuduğu şeyi öz-özünә tәhlil edirdi: "Bu mәsәlәdә Bahadırın fikri nә ola? Bu әqidә Bahadırın әqidәsinә müvafiqmi, ya yox?". Bu tövr sualları verib Bahadırın әvәzinә özü cavab verirdi. Hәr bir işindә Bahadırın әksinә baxıb onun fikrini soruşardı. Axırda Bahadırın әksindәn bir balaca әks çәkdirib örtülü medalyonun içindә döşündәn asdı, fәqәt medalyonun içindә nә olduğunu evdә heç kim bilmirdi.

 

Sonanın atası vә anası Bahadır ilә Sonanın arasında olan mәhәbbәtә qeyri bir nәzәrlә baxırdılar. Bunlar fikir edirdilәr: Bahadır Sonanı sevir, çünki Sonanın әxlaq-әtvarı, әqli, әqidәsi Bahadıra xoş gәlir. Sona Bahadırı sevir,çünki Bahadır nәhayәtdә mülayim, ağıllı, qeyrәtli, insaflı, ürәyi tәmiz bir cavandır. Bahadırın müsәlman, Sonanın xristian olmağı Yusifi vә Maşonu tәşvişә salmırdı. Ata vә ana qeyri bir şey fikirlәrinә gәtirmәzdilәr....  Vә qeyri bir fikirdә olmağa da bir bәhanә yox idi. İki novcavan hәmәvaxt bir-biri ilә qardaş-bacı kimi rәftar edirdilәr.

 

Әcәba! Qardaş vә bacı arasında olan tәmiz mәhәbbәt iki novcavanın arasında ola bilmәzdimi? İnsan insanı sevmәk, bir-birinә mәhәbbәt bağlamaq tәbiidir. Bir qızın bir oğlana olan "ruhani mәhәbbәtinә" tәәccüb etmәlimi?

 

Hәqiqәt, axır vaxtadәk Bahadırın Sonaya vә Sonanın Bahadıra olan ruhani mәhәbbәtlәrindә şәkk yox idi. Hәtta ikisi dә çoxluca romanlar oxuyurkәn öz-özlәrinә deyirdilәr: bizim mәhәbbәtimiz qeyri bir mәhәbbәtdir! Haman romanlarda özlәrini görmürdülәr, bir növ sevinirdilәr, şadlanırdılar....

 

"Yox, belә bir tәmiz, saf mәhәbbәt heç kimdә görünmür!" fikrindә olarkәn hәr ikisi öz alәmindә qeyrilәrinә mәğrurluqla baxardılar vә hәr adama elә bir ali mәhәbbәtin barәsindә nәql etmәk istәyirdilәr.... Fәqәt belә bir fikirdә olarkәn

tәklikdә hәr biri vә alәmindә bir "sual"dan xilas ola bilmirdilәr.

 

Bahadır fikir edirdi: Mәn Sona kimi bir vücuda ehtiyacım olmağını düşünürәm. Mәn hәmişә istәrdim mәni bir adam tәmiz mәhәbbәtlә, var qüvvәtlә sevsin, mәni anlasın. Mәnim әqidәmdә mәnә yoldaş olsun. Sözsüz, felsiz mәnim ruhum nә

hiss etmәyini düşünsün; belә bir vücudu mәn tapdım. Sona haman aradığım vücud. Mәn artıq dәrәcәdә xoşbәxtәm, deyilmi?".

 

Sona da tәklikdә hәmin bu fikirlәri başından keçirәrkәn "Mәn artıq dәrәcәdә xoşbәxtәm, deyilmi?" sualını öz-özünә verәrdi. Fәqәt hәr ikisi "xoşbәxtәm, deyilmi?" sözlәrini deyib dә bir az fikrә gedirdilәr....  Başlarına ixtiyarsız qeyri bir fikir dә gәlirdi....  "Mәn artıq dәrәcәdә xoşbәxtәm" sözlәrindәn sonra: "Daha bizә bir şey dә gәrәkmi?" sualı bunları rahat qoymurdu.

 

Bu "sualı" hәr ikisi özündәn kәnar etmәk istәyirdi, var qüvvәtlәri ilә "daha bizә bir şey dә gәrәkmi?" sözlәrini özlәrindәn qovurdular. Lakin ixtiyarsız bu sözlәr yenә dә fikirlәrinә gәlirdi....  Hәtta bir gün Bahadır "bu sözlәri" bilmәrrә özündәn rәdd etmәk üçün istәdi bir bәhanә ilә mәnzilini dәyişsin, ancaq gündә gәlib dәrslәrini versin, getsin. Sonra öz-özünә dedi: "Әcәba! Mәndә o qәdәr qüvvәti-qәlb olmadımı ki, belә fikirlәri özümdәn kәnar edәm?!"

 

Sona isә "belә bu sözlәri" meydana gәtirәn romanları daha oxumurdu, roman әvәzinә filosofiya kitabları oxuyurdu. Bu minval Bahadır vә Sona öz nәfslәrini boğmağa çalışardılar. Hәrdәnbir yenә belә fikirlәrә düşüb gah qızarardılar, gah bir-birini görәndә yerә baxardılar....

 

Heç bir şeyi biri-birindәn pünhan saxlaya bilmirdilәr. Fәqәt nә isә bu "mәsәlәni" aça bilmirdilәr, bununla belә tәklikdә bu "fikirlәr" bunları rahat qoymurdu. Bahadırın ixtiyarsız dilinә gәlәn mәzkur şeri, Sonanın ixtiyarsız dediyi "nә sirdir insanlar bir-birindәn tәfriqә düşüblәr" sözlәri bunların pünhan fikirlәrini bir-birinә aşkar etdi....

 

"Daha bizә bir şey dә gәrәkmi?" sözlәri ayrılandan sonra daha artıq bunları narahat edirdi. Bahadır Sonanın әksini hәmişә qoynunda gәzdirib onunla tәsәlli taparkәn, Sona da Bahadırın әksini ufacıq çәkdirib medalyonda döşündәn asardı. Bir gecә Sona Bahadırın barәsindә çox fikirdә ikәn yerindә uzandığı yerdә medalyonu açıb әksә baxırdı. Başınadürlü-dürlü fikirlәr gәlib sonra yuxuya getdi. Medalyon isә açıq qaldı.

 

Anası Maşo adәtә görә Sonanın otağına gecәdә neçә dәfә gәlәrdi baxardı. Sonanı üstüaçıq yatmış görsә idi, üstünü örtәrdi. Bu gecә dә Maşo Sonanın yatacaq otağına gәlib onu döşü açıq yatmış gördü. Döşündә isә medalyonu açıq görüb içindәki әks kimin olmağını istәdi bilsin. Lampanı yavuq gәtirib Bahadırın әksi olmağını gördü....  Maşo tez Sonanın otağından çıxıb pәrişan halda, iki әllәri üzündә Yusif olan otağa getdi vә Yusifin taxtında әylәşib ixtiyarsız ağladı...--"Nә oldu sәnә?"--Yusif taxtından sıçrayıb Maşonun әlindәn tutdu.

 

Maşo gözlәrini silә-silә gördüyünü nәql etdi. Bir az sükutdan sonra Yusif dedi:

 

"Cavanlıqdır, zәrәr yoxdur. Onlar bir-birini çox sevirlәr. Mәn onların barәsindә heç vaxt bәdgüman olmaram, ikisi dә ağıllı, kamallı cavandırlar....

 

"Mәn dә bәdgüman olmuram, fәqәt işin aqibәti mәni tәşvişә salıbdır,"--Maşo deyib fikrә getdi.

 

"Qorxma!"--Yusif deyib uzandı--hәr halda sabah  açıq-açığına Sona ilә söhbәt etmәk olar.

 

Maşo bu sözlәrdәn sonra bir az rahat oldu, uzandı vә bir az fikirdәn sonra yuxuya getdi.

 

Sәhәr Sona yuxudan ayılıb medalyonu açıq gördü. Tez bağladı. "Anam gördümü, ya yox" fikri bunu narahat edirdi. Bununla belә özünә söz verdi ki, hәrgah bu barәdә söz açılsa, Bahadıra olan mәhәbbәtini açıq-açığına söylәsin. Sәhәr Sona çay vaxtıadәti üzrә anasını öpdü. Ancaq anası tәrәfdәn bir növ soyuqluq hiss etdi. Bu soyuqluq Sonanı şübhәyә saldı. Fәqәt bir söz söylәmәyib çayını içdi vә sonra öz otağına getdi. Anası isә onun dalınca gedib bilmәyirdi nә tövr söhbәt açsın. Sona bunun halәtini görüb soruşdu:

 

"Anacığım, sәnin ürәyindә bir söz olmağını düşünürәm. Nә istәyirsәn soruş, deyәrәm," Maşo Sonanın boynundan qucaqlayıb dedi:--Sevgili qızım! Sәn bilirsәn ki, mәn vә atan sәni nәhayәt dәrәcәdә sevirik. Sәn ali oxumuş bir qız, әlbәttә, çox şeyi bizdәn yaxşı bilirsәn, biz sәnin uğrunda can vermәyә hazır olduğumuz halda, sәnin ürәyindә olan dәrdi, başındakı fikirlәri bilmәk istәyirik. İxtiyarın var: deyә dә bilәrsәn, demәyә dә.

 

"Anacığım, açıq söylә. Mәn hamı suallarına cavab verәrәm. Yoxsa, gecә medalyonun içindәki әksi gördün, hә?"

 

"Doğrudur, qızım, gördüm vә bu әhvalat mәni bir az tәşvişә salıbdır...."

 

Sona bu sözlәri eşitcәk ucadan ağladı vә anasının boynunu qucaqlayıb dedi:

 

"Nә edim, sevirәm.... Mәn Bahadırı sevirәm. Anacığım, bu yolda mәnim elmim, qanacağım iş görmür, mәhәbbәtin müqabilindә ağlım çaşır. Ah, sevgili anacığım! Bir yol göstәr.... Mәn bu vaxtadәk mәhәbbәtimi pünhanda bәslәyirdim. Fәqәt indi söz açıldı. Mәn şadam!....  Ürәyimdәki sözlәri demәyә yol açıldı.....  Bahadır isә bu vaxtadәk ona nә dәrәcәdә mәhәbbәt bağladığımı bilmir. Burada ikәn bu hissiyyatımı ondan gizlәdirdim. İndi bu ayrılıq mәhәbbәtimi birә on artırıbdır. Ah, sevgili anacığım, bağışla mәni! Nә edim?"

 

Sona bu sözlәri deyib anasının qucağına yıxıldı vә uca sәslә ağladı.

 

"Sevgili qızım! Rahat ol, ağlama! Mәn sәni anlayıram....  Mәn özüm mәhәbbәtin oduna yanmışam, fәqәt mәnim atana olan mәhәbbәtimin çarәsi tapıldı. Mәn atana getdim.... Sizin mәhәbbәtinizin çarәsini görmәyirәm. Qızım! Sәn ağıllı-kamallı, millәtini, dinini sevәn bir qız....  Bahadır isә millәtini nәhayәt dәrәcәdә sevәn bir oğlan.... Nә tövr etmәli? Mәn özüm dә çaşıram."

 

"Mәni dә çaşdıran bu mәsәlәdir"--deyib Sona gözlәrini sildi.--Bәs nә tövr etmәk! Ah, sevgili anacığım, bu mәsәlәdә analığı unut, mәnimlә yoldaş ol, mәnә yol göstәr, mәni başımdakı qara fikirlәrdәn xilas et...."

 

Maşo: "Odur, atan gәlir", deyib dişqarı çıxdı vә Sona iki әllәri ilә üzünü tutub taxtın üstә yıxıldı.

 

Yusif Maşodan hamı әhvalatı bilib dәrin fikirlәrә düşәrkәn öz cavanlığını yadına saldı. Sonanın bu hәrәkәtinә heç tәәccüb etmәdi, fәqәt bunu da çaşdıran Bahadırın müsәlman vә Sonanın xristian olmaq mәsәlәsi idi. Yusif әvvәllәr hәtta fikir edәrdi: "Nә yaxşı olardı ki, Sonanın gәlәcәk yoldaşı Bahadır kimi ağıllı, tәmiz, saf ürәkli bir cavan olaydı". Hәqiqәt, әr vә övrәt Bahadırda nәinki bir eyib tapmırdılar, hәtta onu sevirdilәr. Ancaq Bahadırın müsәlman olmağı bunlarla Bahadırın arasında uçurum dәrә kimi bir şey meydana gәtirirdi. Ata vә ana gecә-gündüz fikir edib müәyyәn bir nöqtәyә gәlә bilmirdilәr. Ona görә dә Sonaya bir yol göstәrә bilmirdilәr.

 

Bununla belә, Bahadırın Peterburqdan bir kağızı Sonaya gәldi. Bahadır kağızında yazmışdı:

 

"Әzizim Sona xanım! Başımdakı min-min fikirlәrin hansından başlamaq? Bu günәdәk gördüyüm adamlardanmı? Ya gәzdiyim yerlәrdәnmi? Vә ya xeyr, ancaq öz hissiyyatımı söylәyim? Әvәt, xanım әfәndi! Ancaq öz hissiyyatımı söylәyim....  Qәribә bir halәtdir! Mәn sizinlә bir yerdә, bir otaqda zindәganlıq edәrkәn başımda olan min-min fikirlәrimi, bütün vücudumu iztiraba salan hisslәrimi әcәba nә üçün söylәyә bilmirdim. Yox, xanım әfәndi! Sәhv etdim, söylәyirdim, fәqәt dilsiz, hәr bir hәrәkәtimlә sizә olan mәhәbbәtimi bildirirdim. Әlinizi әlimә alıb fikir edirdim. Qolumdakı minlәrcә hiss damarları mәnim mәhәbbәtimdәn sizә xәbәr verirdilәr, deyilmi? Mәn sizin әlinizi tutanda bu halәtdә olurdum. Yәni, sizin qollarınızdakı hiss damarları sizin hissiyyatınızı mәnә hәzin-hәzin söylәyirdi.

 

Әliniz әlimdә ikәn tam fikirlәrinizi, hisslәrinizi oxuyurdum. Siz dә mәnim kimi, deyilmi? Biz biri-birimizin әlini gah sıxırdıq, gah tumar edirdik....  Hәr birinin ayrı bir mәnası olmağını sözsüz düşünürdük....  Ah, nә gözәl halәt! Nә gözәl hissiyyat! Dilә ehtiyacımız yox idi, qәlәmә dә hәmçinin. İndi isә dilә vә qәlәmә böyük ehtiyacımız olmağını hiss edirәm. Başımdakı min-min fikirlәri nә vasitә ilә sizә bildirmәk? Әliniz әlimdә olsa idi, әlinizi bir sıxmaqla hamı fikirlәrimi, hissiyyatımı bildirәrdim. Gözlәriniz gözlәrimә baxsa idi, hazır yazdığım sözlәri oxuyardınız. İndi isә heç biri müyәssәr deyil. Hazır bu kağızdan, mürәkkәbdәn vә qәlәmdәn başqa bir әlacım  yoxdur. Bunlar da gözlәrimin vә әllәrimin әvәzini vermәyәcәyini düşünürәm. O bir ayrı alәm, bu, bir qeyri alәm! Nә isә, ayrılığa tab gәtirә bilmәdiyimi hiss edirәm. Bir dәqiqә sizi fәramuş edә bilmәyirәm. Hәr gün, hәr saat sizinlә söhbәt edirәm. Bir iş edirәm, dәrhal sizi gözümün qabağında görürәm, görüb dә guya soruşuram: bu iş sizcә, nә tövr gәrәkdir ola? Hәr bir felim, qövlüm, hissiyyatım sizә bağlıdır. Mәn tam vücudumla sizә tәәllüq tapmağımı düşünürәm, bununla belә "Nә sirdir insanlar bir-birindәn tәfriqә düşüblәr?...." sözlәrinizin mәnә dәhşәtli bir kölgә olmağını da hiss edirәm....  Bu kölgәdәn mәn qorxuram. Harada olsam, nә söylәsәm, bu sözlәr fikrimә gәlirsә, әhvalımı büsbütün dәyişir, başımdan od parlayır, ürәyim iztirabda döyünәrkәn istәyirәm tam vücudumla bu kölgәni özümdәn rәdd edәm. İstәyirәm açıq-açığına bağıram: bәsdir! Mәni rahat qoy!....  Mәn bağırmaq istәrkәn haman dәhşәtli kölgә daha artıq qüvvәtlә mәnә yavuqlaşır: mәni hәr tәrәfdәn qara bulud alan kimi bürüyür, nәfәsimi tәnglәşdirir, ildırım çaxan kimi çaxır.... "Nә sirdir insanlar bir-birindәn tәfriqә düşüblәr?" sözlәri bir arşın boyunda qara taxtanın üstә tәbaşirlә yazılmış nәzәrimә gәlir. Mәn hirsli haman yazıları o taxtanın üzündәn silirәm, mәn sildikcә, daha zorba, daha aşkar xәtlә yazılmış görünür. Mәn taxtanı var qüvvәtimlә yox etmәyә çalışıram, sındırıram.... "Nә sirdir insanlar bir-birindәn tәfriqә düşüblәr" sözlәri havada yazılmış görünür....  Nә üçün bu sözlәri siz meydana gәtirdiniz? Nә üçün bu sözlәri әllәrimiz bir-birini tutan vaxt dediniz? Qeyri bir vaxtda, qeyri bir halәtdә bu sözlәri desә idiniz, ola bilsin ki, belә tәsiri olmaya idi.... Fәqәt indi.... İndi sözlәr deyilibdir. İndi bu sözlәr mәndәn, mәn sözlәrdәn ayrıla bilmirәm. Nә üçün bu sözlәri deyәndә әlimi sıxdınız vә gözlәriniziyumdunuz?....  Sizin sözlәriniz hәrәkәtinizә müvafiq olub, mәnә, guya dediniz mәn tam vücudumla sevirәm.... Mәn tam vücudumla sizinki olmaq istәyirәm.... Fәqәt bizi bir şey uzaqlaşdırır....  Bizi biri-birimizdәn tәfriqә salır.... Müsәlman-xristianlıq bizim aramızda uçurum bir dәrә ixtira edir....

 

Sözlәrinizә belә mәna vermәkdә sәhv etmәmişәm, zәnn edirәm. Sәhv edә dә bilmәrәm, çünki hәmin dәqiqә mәn dә bu fikirdәidim. Mәn istәyirdim deyәm, siz mәndәn cürәtli olub mәni qabaqladınız, qabaqlayıb da mәni daha artıq mәhәbbәtә mübtәla etdiniz.... Mәnim bütün vücudum, bәdәnim, ağlım, ruhum hamısı sizә tәәllüq tapır: hәyatım hәyatınıza bağlıdır.

 

Xanım әfәndi! Mәn ancaq camalınıza aşiq olsa idim, mәnim üçün şübhә yeri qalardı. Yox! Camalınızı sevirәm dә ruhunuzu, ağlınızı daha artıq dәrәcәdә sevirәm. Mәn özümü sizin bir hissәniz bilirәm. Әcәba! Necә ola bilәr ki, bizi "uçurum dәrәlәr" ayıra? Әcәba! Bu "uçurum dәrәlәri" biz insanlar düzәldibsә, onları mәhv etmәk bizim ixtiyarımızda deyilmi?.... Nә üçün mәn müsәlman, siz xristian, qeyrisi yәhudi vә ya bütpәrәst adlansınlar? Nә üçün bu insanlar sonradan düzәlmiş dürlü-dürlü qanunlara sitayiş etsinlәr? Tәbiimi? Yox! Tәbii, qanun hamı insanlar üçün bir gәrәkdir ola. Hamı insanlar bir nöqtәyә gәrәkdir yeriş etsinlәr. Bu nöqtә isә hürriyyәt, mәhәbbәt alәmidir.

 

Mәn sizi sevirәm, siz dә mәni. "Yox, sevmәk olmaz!" qanunu varsa, mәn tam vücudumla bu qanunu mәhv etmәyә çalışıram. Müsәlman, xristian, yәhudi vә bütpәrәst nә olmağını anlamıram vә istәmirәm dә anlamaq! Ah, sevgili Sona xanım!

 

Mәn millәtimi sevirәm; çünki anamı sevirәm. Mәn hamı dinlәri vә din gәtirәnlәri sevirәm; çünki hamısının әsil mәqsudi insanları qaranlıqdan işıqlığa çıxarmaq olubdur. Hamı dinlәr vaxtında insanları zәmanәyә müvafiq yaxşı yola dәvәt ediblәr, yәni ümumi bir nöqtәyә yeriş etmәk üçün hazırlayıblar. Peyğәmbәrlәr gәliblәr, heç vaxt demәyiblәr: "Biz islam, xristianlıq düzәltmәk üçün gәlmişik". Hamısı: "Biz insanları düz yola dәvәt edirik" deyiblәr....

 

Mәqsәd bir, yol bir, әcәba! Nә üçün insanlar bir-birindәn tәfriqә düşüblәr? Sәbәb? Sәbәb, ağlımızın naqisliyi. Biz әsil mәtlәbi әldәn buraxıb cüzi qanunlara sitayiş etmişik. Bir allahı buraxıb min allaha sәcdә edirik. Fәqәt әsil mәtlәbi anlayanlar birlәşirlәr, qonuşurlar vә mәhәbbәt nә olmağını düşünürlәr. İştә biz dә bu dәrәcәdә bulunuruqsa, mәhәbbәtimiz tәlәb edәn qanunlara sitayiş etmәliyik, deyilmi?....Bahadır".

 

Sona bu kağız Bahadırdan olmağını dәrhal bildi. Tez otağına gedib qapını örtdü vә әllәri titrәyә-titrәyә kağızı açdı oxudu. Hәr bir sözә, mәtlәbә diqqәt edib yenә dә oxudu. Bir az fikrә gedib üçüncü dәfә kağızı oxudu. Sonra "Ah, rәbbim!" deyib taxtın üstә yıxıldı. Bu vaxt Maşo içәri daxil oldu. Sona kağızı mizin üstә qoymuşdu. Maşo Sonanın bu halını görüb bir az tәşvişә düşdü. Sona tez ayağa durub mizә tәrәf getmәk istәdi ki, kağızı götürsün. Kağız isә Maşonun әlindә idi.

 

"Bu kağız Bahadırdandırmı?"--Maşo sual etdi.

 

"Bәli, Bahadırdandır"--deyib Sona başını aşağı saldı vә bir az fikirdәn sonra dedi.

 

"Anacığım, sәn dә vә atam da bu kağızı oxuyunuz...."Mәni bu vaxtadәk rahatsız edәn suallara mәn bu kağızda cavab tapıram....  Bәlkә siz dә tapasınız. Mәn sizdәn heç bir şey gizlәtmәk istәmirәm; çünki sizi çox sevirәm, sizin ruhunuza әziyyәt vermәk istәmirәm. Fәqәt nә edim, sevirәm....  Mәn Bahadırı sevirәm....  Bu kağız mәnim tamam şübhәlәrimi dağıtdı, gizlin nöqtәlәri aşkar etdi. Açılmayan düyünlәri açdı....  Bundan әvvәl ikimizin arasında görükәn "uçurum dәrәlәr" indi mәnim üçün görünmürlәr. Mәn insan, o insan. Bizi ölümdәn savayı hansı bir qüvvә ayıra bilәr?

 

"Qızım! Nә söylәyirsәn? Mәn düşünmürәm."

 

"Ah, anacığım! Oxuyunuz kağızı, duşünәrsiniz. Bәlkә mәn sәhv edirәm. Atamla bir yerdә oxuyunuz, mәslәhәt ediniz. Mәn sizin razılığınızla iş görmәk istәyirәm. Mәn sizi çox istәyirәm, siz dә mәni. Siz hazır ağlınıza tabesiniz, mәnsә ürәyimә. Ağlım ürәyimlә bir çox zaman müharibәdә bulundular: ürәyim ağlıma güc gәtirdi. Hazır bu işdә ağlım iş görmәyir."

 

"Yaxşı, qızım! Rahat ol. Atanla bu barәdә söhbәt edәrәm"--deyib Maşo otaqdan çıxdı.

 

Sona yenә taxta yıxılıb Bahadırın kağızını әzbәr oxuyurdu. Yusif evә gәlib Maşonun halını xeyli pәrişan gördü. Maşo kağızı Yusifә göstәrib dedi:

 

"Daha yatmaq vaxtı deyil. Gәrәkdir bir әncam çәkmәk, yoxsa qız özünü hәlak edәr."

 

Yusif kağızı diqqәtlә oxuyub dedi:

 

"Mәn hәrçi fikir edirәm, bir şey çıxmayır. Sonanı çağır buraya özü ilә söhbәt edim. Bizim özümüz Bahadırı çox sevirik, nә eybi var. Bahadır ağıllı-kamallı bir oğlandır, onun üçün hansı bir mәzhәbdә olmağın tәfavütü yoxdur. Bu әqidәdә olmaq kağızından mәlum edir. Ona görә hәrgah xristianlığı qәbul edәrsә, biz böyük şadlıqla onu qәbul edәrik.

 

"Ah, sevgili atacığım! Mәn tәvәqqe edirәm belә mәsәlәni heç ortaya gәtirmәmәk. Mәn heç vaxt elә sözlәri demәrәm vә razı da olmaram Bahadıra deyilsin. Nә üçün Bahadır xristian olsun vә yainki nә sәbәbә mәn müsәlman olam? Bizi xristianlıqmı vә ya müsәlmanlıqmı bir-birimizә yavuq etdi? Yainki özgә bir şey?"

 

"Yox, qızım, elә deyil. Hәr halda, biz bir millәtin hissәsi hesab olunuruq. Bu millәtә dair müәyyәn bir yol vә ya bir adәt var. Biz haman adәtlәrә bәrәks hәrәkәt edәriksә, bizә ayrı bir nәzәrlә baxarlar. Bizi camaatımız özündәn hesab etmәz. Sәn millәtini sevirsәn, onun uğrunda can qoymağa hazırsan, razı olarsanmı haman millәt sәni özündәn kәnar etsin?"

 

"Bәs Bahadırın millәtdәn kәnar olmağına necә razı olmaq?". "Qızım! Mәnim sәnә olan mәhәbbәtim hәr şeyi qәbul etmәyә vadar edәrdi. Mәn sizin mәhәbbәtinizә mane olmazdım, ixtiyarım da yoxdur vә genә dә olmuram. Fәqәt bunu demәk istәyirәm: Bahadırın vә sәnin fәlsәfәnizdәn millәtin xәbәri yoxdur. Tәklikdә fәlsәfәniz gözәl dә olmuş olsa, camaat haman fәlsәfәnizә nifrәtlә baxacaqdır. Camaatın fәlsәfәsi müәyyәn qanunlar vә ata-babalarımızın adәtlәridir, qızım!"

 

"Atacığım, sözlәriniz haqdır. Millәt, camaat ümumiyyәtliklә bizim fәlsәfәyә nifrәt nәzәri ilә baxacaqdır. Bunu yaxşı düşünürәm....  Bәs nә etmәli? Mәn çaşıram....  Millәtimdәn uzaq düşmәk istәmirәm. Mәn ömrümü millәt yolunda sәrfetmәyә hazıram, onu sevirәm....  Bahadırı da sevirәm. Bahadır burada ikәn belә şeylәr fikrimdәn keçmәyirdi.... Bәlkә bu ayrılıq sәmәrәsidir. Bәlkә bir yerdә olsaq vә yainki birlikdә mәslәhәt etsәk, özgә bir nöqtәyә gәlәrik, bilmirәm....  Başım işlәmәyir, fikrim dağınıqdır....  Әhvalım pәrişandır....  Bahadırın sözlәri vә әqidәsi haqdır. Camaata, millәtә dair dediyiniz sözlәri dә diqqәtsiz qoymaq olmaz....  Özgә bir yol, qeyri bir çarә yoxmu, sevgili atacığım? Yusif xeyli fikirdәn sonra dedi:

 

"Qızım! Mәnim başıma bir fikir gәlir: sәninlә bir yerdә Peterburqa gedәk, Bahadırla bir yerdә söylәşәk, bәlkә birlikdә bir çarә tapdıq."

 

Bu sözlәri Yusif hәlә qurtarmamışdı, Sonanın qara buluda bәnzәr üzü açıldı. Ucadan güldü vә atasının boynunu qucaqlayıb öpdü.

 

"Ah, sevgili atacığım! Nә yaxşı vә gözәl fikirdir! Mәn razıyam!"--Bu sözlәrdәn sonra "sevgili anacığım", deyib Maşonun qucağına düşdü:--Siz dә atamın fikrinә şәriksinizmi?

 

"Bu fikir mәnim başımda var idi. Mәn Bahadırın nәcibliyinә, kamalına ümid bağlayıb, yәqin edirdim birlikdә çarә tapılar...."

 

"Yaxşı, hazırlaşaq, iki gündәn sonra gedәrik."--Yusif deyib yerindәn durdu.

 

Sona şadlığından gah atasını, gah anasını öpürdü. Balaca uşaqlar kimi atılıb-düşürdü. Peterburqa getmәk mәsәlәsi Sonanın әhvalını büsbütün dәyişdi. Sevindiyindәn bilmәyirdi nә etsin. Gah anası ilә zarafat edirdi, gah qulluqçularla, gah şaq-şaq gülürdü, gah güldüyü zaman gözlәrindәn şadlıq yaşı gәlirdi. İşin aqibәti nә olmağını fikir etmәzdi....  Bir Bahadırı görmәk, onunla söhbәt etmәk, onunla bir yerdә oturub dәrin-dәrin fikrә getmәk, yoldaşlı mühüm mәsәlәlәri müzakirә etmәk,--ancaq belә fikirlәr Sonanı mәşğul edirdi.Yusif isә ancaq bu görüşmәyin barәsindә fikir edirdi. Nә tövr iş görmәk? Bahadıra nә demәk? Nә mәslәhәt etmәk? Bahadır filan söz deyәrsә nә cavab vermәk?

 

Maşonun müәyyәn bir fikri yox idi. Ümidini allaha bağlayıb ürәkdәn hәr iki novcavanın halına yanardı....

 

Getmәk vaxtı araya gәldi. Sona vә Yusif yola lazım olan şeylәri hazır edib troykaya mindilәr. Maşo bunlar ilә öpüşüb ağladı.

 

"Anacığım, ağlama!"--Sona deyib anasının boynundan qucaqladı.--Tez әhvalatı yazaram....

 

Troyka yola düşdü. Fәqәt troykanın zınqrovu qәmgin bir sәs verirdi....

 

       *       *       *       *       *

 

Bahadır kağızına cavab gözlәyirdi. "Sona bunun sözlәrinә şәrik olacaqmı? Bunun әqidәsinә rəy verәcәkmi? Yoxsa "uçurum dәrәlәr" ortalığa gәlәcәkdir? Bu fikirlәri başından keçirәrkәn Bahadır hәrdәnbir belә bir atәşli kağız göndәrmәyindәn peşiman olardı. "Sona millәtini nәhayәtdә sevәn bir cavan, Sona ata vә anasına artıq dәrәcәdә mәhәbbәt bağlamış bir qız.... Bu "uçurum dәrәlәri" keçә bilәcәkmi? Keçәrsә atasına, anasına әziyyәt olmazmı? Bunlar mәni öz övladları kimi sevirdilәr, mәnә hәr dürlü yaxşılıqlar ediblәr. Mәni tәmiz, saf ürәkli, әmin adam bilib qızlarını mәnә tapşırmışdılar....  Öz hissiyyatımı, mәhәbbәtimi açıq-açığına Sonaya yazmaq, Sonanı rahatsız edәcәkdir, qeyri bir fikirlәrә salacaqdır....

 

Mәnim bir kimsәm yox. Atam-anam qәbirdә, mәnim halıma yanan, mәnim dәrdimә qalan yox. Mәnә nә olursa-olsun heç kimә әziyyәt olmayacaqdır....  Sona isә atasının, anasının әziz pәrvәriş edilmiş qızı. Sona belә bir yaxşı gözәl külfәtin işığı...  Sonanın qәmi, ümumi külfәt qәmi, Sonanın bәdbәxtliyi, ata-anasının bәdbәxtliyi ...  yәqin ki, Sona mәhәbbәtini pünhan saxlaya bilmәyәcәkdir. Bu mәhәbbәtin aşkar olmağı atasının vә anasının rahatsız olmağına şәksiz sәbәb olacaqdır.

 

Ah, nә üçün mәn belә bir atәşli kağız yazdım? Nә üçün belә bir ali tәbiәtli validәlәrin ruhlarına әziyyәt vermәli oldum? Nә üçün?"

 

Bu fikirlәri Bahadır başından keçirәrkәn halı büsbütün tәğyir tapırdı. Ürәyi tez-tez döyünürdü, qayibanә Yusifdәn vә Maşodan xәcalәt çәkirdi.

 

Bir gün yenә başından belә fikirlәr keçirәrkәn artıq dәrәcәdә qәmgin oldu. Gözlәri mizin üstdәki tapançaya sataşıb әlinә götürdü. Bir az әlindә tutub: "Ah, bu nә halәtdir!" dedi vә әlindәn tapançanı buraxıb taxtın üstә yıxıldı vә üzünü әllәri ilә tutub uca sәslә dedi: "Ah, Sona! Ah, mәnim mәhәbbәtim!"

 

Bu vaxt qapını döydülәr, "giriniz" deyib, Bahadır cavab verdi. Qapı açılıb Yusifi vә yanında Sonanı gördü, әvvәl özünü itirib bilmirdi nә etsin. Sonra ixtiyarsız Yusifi qucaqladı vә sonra Sonanın әllәrini tutub kәrratla öpdü.

 

"Bizi gözlәmәyirdiniz, deyilmi?"--deyib Sona pәncәrәnin qabağında oturdu.

 

"Xeyr, xanım әfәndi, heç fikrimә gәlmәzdi." Bir-birinin әhvalından xәbәrdar olandan sonra Bahadır çay tәdarük etdi.

 

"Çay hazır olanadәk mәn özümә әlcәklәr alım,"--deyib Sona otaqdan çıxdı.

 

Yusiflә Bahadır keçmiş günlәrdәn söhbәt etdilәr vә Maşonun әhvalını xәbәr alıb Bahadır dedi:

 

"Әcәba! Maşo xanımı nә üçün gәtirmәdiniz?"

 

Yusif başını aşağı salıb bir az fikirdәn sonra cavab verdi.

 

"Bahadır bәy! Bizim gәlmәyimizә sәbәb mühüm bir mәsәlә olubdur...."

 

Bahadır tәәccüblә Yusifә baxıb soruşdu:

 

"Әcәba! Nә üz veribdir?"

 

"Sizin Sonaya vә Sonanın sizә olan mәhәbbәti mәni vә Maşonu böyük tәşvişә salıbdır. Siz özünüz bilirsiniz: dünyanın işığına Sonanın gözlәri ilә baxırıq. Biz Sonanın uğrunda can vermәyә hazırıq. İndi bu tәmiz, saf ürәkli qız sizә aşiq olub, gecә-gündüz aramı yoxdur. İndi ikimiz dә gәlmişik üçlükdә bu işә sәrәncam verәk. Sonanın öz millәtinә olan mәhәbbәti sizә mәlum. Bizim vә yainki sizin millәtin belә işlәrdә qeyri bir nәzәrdә olmağı da sizdәn gizlin deyil....  Özünüz, әlbәttә, düşünürsünüz...."

 

Sizin kağızınızı mәn oxudum. Fikirlәriniz düz, әqidәniz tәmiz, müqәddәs bir әqidә, fәqәt camaat....  Millәt....

 

"Bәli, bәli .... "--Bahadır deyib fikrә getdi.--Düz buyurursunuz....  Mәn....  Sәhv etmişәm ....  Mәnim mәhәbbәtim sizә әziyyәt veribdir....  Bağışlayınız....  Bağışlayınız....  Әfv ediniz mәni....  Mәn.... Mәn....

 

Bahadır özünü saxlaya bilmәyib uşaq kimi ağladı. Yusif dә buna baxıb ağladı....  Bu vaxt qapı açılıb Sona tәlәsmiş içәri daxil oldu. Bunları bu halda görüb heyran qaldı vә sonra bir söz dә söylәmәyib oturdu vә üzünü әllәri ilә tutub bir nöqtәyә baxdı. Yusif vә Bahadır gözlәrini silib xeyli vaxt sәssiz oturdular, bir azdan sonra Bahadır: "Çay içiniz", deyib Sonaya yavuq oturdu.

 

"Mәn sizdәn tәvәqqe edirәm nahara bizә buyurasınız. Bir yerdә söylәşib mәslәhәt edәrik....  Ümidvaram hamı düyünlәr açılsın...."

 

Yusif vә Sona söz verdilәr ki, nahara Bahadırın mәnzilinә gәlsinlәr. Bir neçә dost adamları görmәk qәsdi ilә Yusif vә Sona Bahadırla salamatlaşıb getdilәr.

 

Bahadır Sonanın dalınca diqqәtlә baxdı. Sonra xeyli vaxt otaqda gәzinib birdәn oturdu vә bu kağızı yazdı: "Tәvәqqe edirәm mәnim ölmәyimdә heç kimi müqәssir etmәyәsiniz. Mәn özüm öz әlimlә özümü öldürdüm....Ah, insanları bir-birindәn ayıran "uçurum dәrәlәr"! Mәn sizi mәhv etmәk istәrkәn siz mәni mәhv etdiniz....  Fәqәt әmin olunuz, siz axırda mәhv olunacaqsınız....Bahadır".

 

Bu sözlәri yazandan sonra tapançanı gicgahına sıxdı....

 

Bir dәqiqә bundan müqәddәm döyünәn ürәk, bir dәqiqә bundan müqәddәm hamı insanları birlәşdirmәk istәyәn beyin hәmişәlik rahat oldu....

 

Yusif vә Sona nahar vaxtı Bahadırın mәnzilinә gәldilәr. Bu dәhşәtli xәbәri eşidib Sona qәşş etdi vә sonra özünә gәlib yaman bir halәtdә bulundu....  Yusif Maşoya teleqram göndәrdi ki, tez gәlsin.

 

Maşo gәlib qızını dәlilәr azarxanasında gördü.