HӘFTӘ FӘRYADI

 

 

 

 

Ölmәk sәnә gәr verәrsә dәhşәt,

Müştaqi isәn bәqa vә ömrün.

Cәmiyyәtә sәn gәl eylә xidmәt,

Qüdsiyyәtin  anla  belә ömrün.

Baqi bu cahanda tәk camaat,

Hәr fәrdә bәqa onunla qismәt.

 

ŞİLLER

 

Nә gözәl sözlәr! Nә hakimanә fikirlәr! Bәli, istәyirsiniz adınız baqi qalsın, tәk özünüz üçün, öz nәfsiniz üçün yaşamayınız, hәmcinslәrinizi arayınız, arayıb tapınız, sonra toplanınız, cәm olunuz vә cәm olub birlikdә ümumi vә müştәrәk bir mәqsәdә çalışınız. Tәklikdә bәdәninizlә bu әfkarınız, amalınız, mәnәviyyatınız da fani olar, fәqәt ümumi işdә çәkdiyiniz zәhmәtlәrin asari baqi qalar, çünki baqi qalan ancaq "camaat" olacaqdır....

 

Haman camaatdan ötrü çәkdiyiniz zәhmәtlәr, әlbәttә, baqi qalıb isminiz hәmişә zikr olunacaqdır. Biz istәrdik Şillerin bu sözlәri qızıl suyu ilә, gözәl xәtt ilә yazılıb bir qitә, bir lövhә halında hәr müsәlmanın evindә gözә dәyәn yerlәrә asılsın, tainki uşaqlarınız hәmәvaxt oxuyub әzbәr edә bilsinlәr, bәlkә әzbәr edә-edә axırda bu sözlәr qәlblәrindә yer edib, gәlәcәk balalarımız indiki kәsalәti bәdbәxt millәtin üstündәn götürәlәr. Yüz illәr ilә әqlini, ixtiyarını buxovlatmış "camaatı" buxovdan xilas edib insaniyyәt, camaat, millәt, vәtәn nә olmağını vә hankı yol ilә yeriş edib insan cәrkәsinә daxil olmağını bildirәlәr....

 

Biz doğrusu, hal-hazırda hәyatını "sürüklәyәn" camaatdan bir şey gözlәmiriz.... Bunların tәrbiyәsilә böyüyüb axırda camaatın üzvü vә hәtta pişvaz olanlara da böyük ümidlәr bağlamırız. Özlәri nә edirlәr, nә etmişlәr ki, "bunların" vasitәsilә tәrbiyә alanlar da bir hümmәt, bir qeyrәt, bir hәmiyyәt göstәrәlәr.

  

Bәlkә ikinci, hәtta cürәtlә deyә bilәrik, üçüncü arxa, üçüncü bәtn bizim başımızı bir yerә yığıb bizim dә "insan" olmağımızı andıralar, bizә dә "camaat" olmağa qabiliyyәtimizi göstәrәlәr.

 

Biz ümidimizi ancaq bunlara bağlamışıq. Yoxsa bu nә hәyat? Nә dolanacaq? Nә camaat? Nә insaniyyәtdir?

 

Siz gülәcәksiniz, deyәcәksiniz, әcәba, bu silsilәnin ikinci, ya üçüncü bәtnlәrindә nә olacaq, ya gәlәcәk balalarımız nә işlәr görәcәklәr! Bizә nә? Dәrdimiz indi azmıdır ki, bir dә yüz il bundan sonra nә әhvalatlar olmağının dәrdini çәkәk? Siz tәәccüb edәcәksiniz, lakin sizin böylә sözlәrinizә biz tәәccüb etmiriz. Sizin tәrbiyәnizi, dolanacağa tәsәvvürünüzü bilib dә, siz bizә tutduğunuz irada irad etmiriz....

 

Biz çox da dedik ki, iisan tәrәqqi üçündür. Bu gün dünyaya gәlib-gedәn sonradan yeni dünyaya gәlәnә bir yol "gәrәkdir" göstәrsin, tainki yeni dünyaya gәlәnlәr bunları insan görüb daha ziyadә tәrәqqi edәlәr, tәrәqqi yolunu "sirati-müstәqimi" qayadan-daşdan, tikandan, quyudan, uçurumdan tәmizlәyib insan üçün ümumi bir nöqtәyә, bir kәbeyi-amala yeriş etmәyi daha ziyadә asan edәlәr....

 

Nәdir o bir nöqtә? Hanı cәmi bәşәriyyәtin qibleyi-müştәrәkәsi ki, bütün insanlar xah müsәlman, xah nәsrani, xah yәhudi, xah bütpәrәst o nöqtәdә ittihad edә bilәcәklәr? Hansı bir nöqtәdir ki, insan haman nöqtәyә bir az çatıb da rahat nәfәs alacaqdır? Özünü hәqiqәt dünyanın padşahı görüb, verilәn nemәtlәrin qәdrini bilib onu bәxş edәnә mәdhlәr söylәyәcәkdir?

 

Biz hәmin nöqtәyә hürriyyәt adı qoysaq, siz yenә gözlәrinizi açıb tәәccüblә bizә baxacaqsınız, sonra aşkar demәsәniz dә, fikrinizdәn keçirәcәksiniz....  Ah, biçarә nә yaman sәhvdәdir. "Sizin" fikrinizlә dünya, hәyat nә olmağını dürüst anlamamağımıza istehza edәcәksiniz. Lakin biz yenә dә "sizin" istehzanıza tәәccüb etmәyәcәyiz, niyә dә edәk? İnsan hamı bir tәsәvvürdә olsaydı, biri hürriyyәt yolunda can verәrkәn, ol biri haman yarımcan cәmdәyi ayağı ilә çığnamazdı....

 

Yox, әfәndim! Tәәccüb etmәyәcәyiz.

 

Rus şairlәrindәn biri deyir: "Hәyat axmaq bir zarafatdır"....  Siz dә belә bir tәsәvvürdә olsanız, kimin sözü var! Siz dә hürriyyәt barәsindә bir qeyri fikirdә olmağınızı söylәsәniz, kim bir şey deyә bilәr? Biz hürriyyәti belә anlamışıq, biz deyiriz: sizi yaradanı arayırsınızsa, onun göndәrdiyi ehkamı sevirsinizsә, hürriyyәtә çalışınız....

 

Siz deyirsiniz: hürriyyәt odur ki, mәnim heç kәsdәn möhtaclığım olmasın. Vaxtı fövt etmәyib yalan, doğru öz dolanacağımı xoş keçirmәkdәn ötrü pulum olsun. Pul ki, oldu, "hürriyyәt", yәni azadәlik әlindәdir. Heç kimsәdәn ki, ehtiyaclığın olmadı "azadә" bir adamsan, nә istәyirsәn elә, nә qәdәr kef çәkirsәn çәk, "kimi" istәyirsәn al, "kimi" istәyirsәn sat, "kimi" istәyirsәn öldür, ya öldürt, "kimi" istәyirsәn "dirilt" daha bundan artıqmı da "azadәlik?". "Pul hürriyyәti" olan vaxt kimdir mәnim yolumu tutan? Kluba da gedәrәm, teatrda lojada da oturaram. "Mәni" әvvәl oraya qoymayan adamlar ilә "bәrabәr" oturub çörәk yeyәrәm, şampanı içәrәm, hәlә istәyirsәn tans da edәrәm. Buyurunuz, bu da sizin "bәrabәr", müsavat istәdiyiniz! Mәndәn әdalәtmi gözlәyirsiniz, buyurunuz: bundan müqәddәm bir adam әmanәt tapşıranda onu alәt edirdim, indi etmәyirәm. Ancaq prosent alıram. Bundan müqәddәm yüzә otuz prosent alırdım, indi on elәmişәm. Bundan müqәddәm iki-üç arvad alanda köhnәlәrini zirzәmidә saxlayırdım, tәzәni yuxarı mәrtәbәdә. Birinә zәr alanda, o birinә çit alardım, birinә can deyәndә, digәrinә çor deyәrdim; indi xeyr, hәrәsinә ayrı ev tuturam, köhnәyә zәr dә almasam, çılpaq da qoymuram, çor da demәsәm, aylar ilә üzünü görmürәm....

 

Buyurunuz, bu da sizә әdalәt. İndi görürsünüz ki, hәr şey, yәni "hürriyyәt" cәmi "quyruqları ilә" bir pula bәnddir. Pul oldu, "hürriyyәt" dә olacaqdır. "Müsavat", "әdalәt" dә onunla belә....

 

Yox, çaşmısınız, düz yoldan kәnar düşübsünüz, zülm pulsuzluqdan olar....  Bir yaxşı fikir ediniz, yәqin ki, mәnim sözümü tәsdiq edәrsiniz, daha bundan sonra zәhmәt çәkib hürriyyәtdәn dәm vurmazsınız. O ki, qaldı cәnab Şillerin sözlәrinә, yәni öz adını ölәndәn sonra baqi qoymaq istәyәnlәr gәrәkdir camaat işinә qarışalar, o da bizim tәsәvvürümüzcә düz deyil. İsmin baqi qalmaq üçün övlad lazımdır. Lakin övladın üçün çalışıb onu "bizim hürriyyәtә" çatdırmaq, biz "hürriyyәti" pul qazanandan sonra hiss ediriksә, övladımız uşaq vaxtından haman "hürriyyәti" hiss edәcәkdir. Klublarda, restoranlarda, qәstinlәrdә "azadә" kef çәkәcәkdir. Madonnalara "yüzlüklәrdәn yorğan qayıracaqdır", adı hәr yerdә çәkilib deyәcәklәr: "bu filankәsin oğludur!" Bu da siz buyurduğunuz "tәrәqqi" yolunu asan etmәk! Bu da ismimin baqi qalmağı! Daha nә istәyirsiniz?! Mәqsәdimiz bir ikәn yolumuz ayrıdır. Siz bir yol ilә gedib istәyirsiniz hamı hürriyyәtә çatsın, mәn bir ayrı yol ilә gedib öz nәfsimi "hürriyyәt"ә çıxarmaq istәyirәm. Hamı mәnim kimi hәrәkәt etsә, axırda görәrsiniz ki, hamı "hürriyyәtә" çatıbdır....

 

Bәli, cәnab qare. Belә bir "hakimanә" sözlәrinizә dә yenә dә tәәccüb etmәyiriz. Nә vermişik ki, nә dә tәlәb edәk? Nә vaxt biz sizә hürriyyәt nә olmağını söylәdik? Nә vaxt? Nә vaxt yaxşını yamandan ayırıb sizә tәrbiyә verdik? Nә vaxt yaralarınızı açıb da әlacını göstәrdik?

 

Bizә belә sualları vermәkdә haqqınız var. Lakin әsil sәbәb kim oldu? Kim idi bizim ağzımızı yüz illәr ilә bağlayan? Kim idi bizi ana dilinә hәsrәt qoyan? Kim idi milli hissiyyatımızı mürur ilә puç edәn? [...] Kim idi "Tarixi-müqәddәs"i xarici dildә oxutduran? Kim idi sәni özünә qul edib cәmi ixtiyarını çığnayan? Bizmi, ya

bizdәn bir qeyrisi? Bu bir ilin әrzindә top-tüfәng, bomba sәsi, talan olmuş kәndlәr, ayaqyalın, başaçıq, vәhşi kimi öz yollarından qaçanlar, küçәlәrә tökülәn yetimlәr sizi ayıltmadımı? Dostunuzla düşmәninizi tanımadınızmı? Ya tanıyıb da anlamadınız. Bütün bәlanın içindә olarkәn, dininiz, diliniz әldәn gedәrkәn, camaatınız qaranlıqda boğularkәn, ancaq öz nәfsinizi bәslәmәyә mәşğul idiniz....

 

Biz öz günahımızı gizlәtmәyәcәyiz. Bizә cürәtsiz, xәyanәtçi demәyә ixtiyarınız var. Biz indi әlimizә qәlәm götürüb sizi toppuzlayan bu işlәrin hamısını bilib dә, anlayıb da әlimiz qәlәm tutarkәn, başımız işlәyәrkәn, vaxtında yaralarımızı cürәt edib açmamışıq. Kәrpici kәrpic üstә qoymamışıq. Canımızı haqq yolunda fәda etmәmişik. Bunlar hamısı haqq! Hәr nә desәniz haqqınız var....

 

Lakin bu bir ilin әrzindә özgәlәr vasitәsilә bir növ ixtiyar alıb meydana çıxmışıq, cürәt edib doğru, haqq yola dәvәt etmişik. Keçәn sәhvlәrimizi yavaş-yavaş düzәltmәyә çiddü-cәhd ediriz. Siz camaat bunun müqabilindә nә etdiniz?

 

Heç bir şey etmәyirdiniz, lamәhalә yüz illәr ilә hәsrәtindә olduğumuz "cәmiyyәti-xeyriyyә"yә kömәk edә idiniz. Kor, şil, yetim, sahibsiz oxuyan uşaqlarımız әllәri qoltuqlarında qalıb "cәmiyyәti-xeyriyyә"dәn kömәk gözlәyirlәr.... "Cәmiyyәti-xeyriyyә" isә bacardığı yerәdәk kömәk edib, indi qalıbdır pulsuz. Bir belә "cәmiyyәtә" kömәk edib onun halından xәbәrdar olmayanda daha danışmağa da hünәrimiz olacaqmı?

 

Yox, әfәndim! "Camaat" nә olmağını hәlә anlamamışıq. Anlamağımıza da çox qalıbdır. Biz ikinci, üçüncü bәtn silsilәsini gözlәyiriz, sizin balalarınızdan olan balalar bizim sözlәrimizi anlayıb dәrdimizi, camaat nә olmağını anlayacaqlar. Anlayıb da dәrdimizә çarә tapacaqlar; onu da yәqin ediniz: sizin nәvәlәriniz sizin üstünüzә, sizin hürriyyәtә olan tәsәvvürünüzә gülәcәklәr.

 

Sizә istehza edәcәklәr, sizә indi Dumanın qovulmağı әsәr etmәyirsә, sizin dә hәyatınızın fani olmağı әsla onlara әsәr etmәyәcәkdir. Çünki siz tәklikdә çalışıb-çabaladınız, camaat işinә qarışmadınız, qarışsaydınız, qalardınız baqi....