Əli Haqverdiyev

 Qarabağın qədim tarixindən

Qarabağ dünyanın insan yaşayışı üçün ən əlverişli, ən qədim zonalarından biridir. Buna görədir ki, dünyanın ən qədim insan məskənlərindən biri Qarabağ ərazisində aşkar edilmişdir. Bu ərazidəki Azıx və Tağlar mağaraları paleoloit dövrünün abidələridir. Azıx mağarasında aparılan qazıntılar Qarabağ ərazisində insanın 1 milyon 200 min il əvvəldən yaşadığını təsdiqləyir. Min illər Quruçay dərəsindəki mağaralarda düşərgə salıb yaşayan insanlar burada özlərinə məxsus mədəniyyət yaratmışdılar ki, o da arxeoloji mədəniyyətlərdən biri olan “ Quruçay arxeoliji mədəniyyəti”dir. 

Quruçay mədəniyyətinin varisləri Qarabağ ərazisində mezolit və neolit dövründə də özlərinə məxsus maddi-mədəniyyət yaratmışdılar. Burada yaşamış əhalinin neolit dövründə ovçuluqdan maldarlığa, yığıcılıqdan əkinçiliyə keçməsi ilə mənimsəmə təsərrüfatı istehsal təsərrüfatı ilə əvəz edilmişdi. Lakin mezolit və neolit dövrü Qarabağ regionunda zəif öyrənilmişdir. 

E.ə. VI - V minilliklərdə Qarabağ ərazisində yaşayan qəbilə və tayfalar ilk dəfə metalla – mislə tanış olmuşlar. Qarabağın dağlıq hissəsində mis yataqlarının geniş yayılması Azərbaycan ərazisində mislə ilk tahışlığın burada baş verdiyini söyləməyə əsas verir. Qarabağ ərazisində aşkar edilmiş çoxlu və zəngin abidələr tunc dövründə burada əhalinin sıx yaşamasından xəbər verir. Qarabağ ərazisində tunc dövrü abidələri içərisində Füzulidə Qaraköpəktəpə, Ağdamda Üzərliktəpə, Xocalıda Xocalı abidələri öz zənginliyi və möhtəşəmliyi ilə fərqlənirlər. Qarabağ ərazisində bir sıra qəbir abidələri - kurqanlar, torpaq və daş qutu qəbirlər və s. də tədqiq edilmişdir. Qarabağ Qafqazda ən mühüm metallurgiya və dulusçuluq mərkəzlərdən biridi. Üzərliktəpə abidəsinin tədqiqi bu regionda şəhər mədəniyyəti izlərinin tunc dövründən meydana çıxdığını söyləməyə əsas verir.

Əkinçilik və maldarlıq təssərtüfatında bir sıra yeniliklər baş vermiş, yeni sahələr - üzümçülük və bağçılıq təsərrüfatları yaranmış, süni suvarmadan istifadə edilmişdi. Maldarlıq əkinçilikdən ayrılmış və yaylaq-qışlaq maldarlıq forması yaranmışdı. Qarabağın dağlıq ərazisində yaşayış genişlənmiş və burada daimi yaşayış yerləri meydana gəlmişdi.

Tunc dövründə Azərbaycanda yaranmış üç büyük arxeoloji mədəniyyətin biri də Qarabağ ərazisində formaıaşmış “Xocalı-Gədəbəy mədəniyyəti”dir. Bu mədəniyyətlərin formalaşması həmin ərazidəki əhalinin etnik konsolidasiya prossesində olmasının əlamətidir. Qarabağ ərazisində bu prosses tunc dövründə başlamışdır. 

E.ə. I minillikdə Qədim Şərqin Assuriya, Urartu, Midiya, Əhəmənilər kimi güclü dövlətlər Azərbaycanın cənub ərazisinə müdaxilələr edərdilər, lakin onların Azərbaycanın Arazdan şimaldakı hissəsinə, o cümlədən Qarabağ ərazisinə müdaxiləsi yox dərəcəsindədir. Qədim Şərq yazılı mənbələrində Qarabağa dair bir məlumata təsadüf etmirik. Lakin burada yaşayan tayfaların Ön Asiya ilə iqtisadi və mədəni əlaqədə olması şübhəsizdir. 

E.ə. VIII əsrin sonu VII əsrin əvvəllərində Cənubi Qafqaz və Ön Asiya kimmer-sak-skif tayfalarının hücümlarına məruz qalır. Dərbənd vasitəsi ilə Azərbaycana gələn sak-skif tayfaları burada öz padşahlıqlarını yaradırlar. Sonrakı antik müəlliflər onların yaşadıqları ərazini Sakasena adlanmışlar. Beləliklə, Qarabağın ilk adlarından biri – Sakasena adi qeydə alınır. Qarabağ ərazisində Sakasena, Arsaq inzibati vahidləri sakların adı ilə bağlı olmuşdur. Midiya dövləti gücləndiyi dövrdə Azərbaycanın Arazadan şimaldakı torpaqlarının, o cümlədən Qarabağın onun təsiri altına düşdüyünü ehtimal etmək olar.

E. ə. VI əsirin ortalarında meydana çıxan Əhmənilər dövləti öz təsirini Böyük Qafqaz dağlarına qədər yaymış, Qarabağ ərazisini də nominal olaraq özünə Əhəmənilərə tabe etdirilmişdi. E.ə.I minilliyin ikinci yarısında Qarabağ ərazisində yaşayan tayfalar alban tayfa ittifaqına, daha sonra e. ə. III əsrdə yaranmış Albaniya dövlətinin tərkibinə daxil olmuşdular. Mənbələrdə bu ərazidə yaşayan uti, qarqar, saqdey, sakasen və digərlərinin alban tayfaları olduğu qeyd edilir.

Lakin tarixi reallığa məhəl qoymayan erməni tarixçiləri Qarabağ torpaqlarının, habelə Kürdən cənubda Azərbaycan torpaqlarının ermənilərə məxsus olması barədə əsassız iddialarla çıxış edirlər. Bir qrup erməni tarixçiləri B. Ulbabayan, Ş. Smatyan, X.Svazyan, A. Akopyan və başqaları Albaniyanın Kürün sağ sahilində olan torpaqlarını əsassız olaraq erməni torpağı, əhalisinin isə ermçənilər olmasını iddia edirlər.

Onlar bu ərazini 387-ci ildə Albaniyaya verilməsi barədə yalan uydurur və A. Akopyan kimi falsifakotorlar bu yalanı arxeoloji “dəlillərlə” sübut etməyə çalışırlar. O göstərir ki, “Yaloylutəpə arxeoloji mədəniyyəti” Kürdən şimalda yayılmış alban etnisuna mənsubdur, “küp qəbirlər mədəniyyəti” isə Kürün sağ sahilində yayılmış erməni etnosuna mənsubdur. Lakin cənab Akopyan yaxşı bilir ki, hər iki mədəniyyətin nümunələri Kürün həm şimalında, həm də cənubunda yayılmışdır və bu elmi şəkildə sübut lunmuş faktdır. Amma faktları qəsdən təhrif etməklə, uydurmaçını “sübut” etmək istəyir. Əslində Albaniyanın sağ sahil torpaqlarında heç vaxt ermənilər yaşamamış və bura erməni torpağı olmamışdır.

İkinci qrup erməni alimləri isə Albaniyanın Kürün sağ sahilıindəki vilayətlərini erməni çarlarının işğal edərək erməniləşdirilidiyini sübuta yetirməyə çalışırlar. S. Yeremyan yazır ki, Albaniyanın Kürün sağ sahilində olan vilayətləri (Arsaq və Uti) altı əsr Ermənistanın tərkibində qalmış Arsaq tamamilə, Utinin isə bir hissəsi erməniləşdirilmişdir. Lakin heç bir antik mənbədə erməni çarlarının bu vilayətlərə hücumundan bəhs edilmir. Erməni alimləri öz fikirlərini antik müəlliflərin (Strabon və başqaları) Kürün sağ sahilində olan alban vilayətlərinin adlarını erməni vilayətlərinin adları ilə bir yerdə çəkdiyi ziddiyyətli fikirləri ilə əsaslandırmağa çalışırlar. Ola bilsin ki, Erməni dövləti qüvbvətləndiyi dövrdə (xüsusi ilə II Tiqranın zamanında) qısa bir müddətdə bu vilayətlər Erməni dövlətinin nominal təsiri altında olmuşdur. Lakin e. ə. 60-cı illərdə romalılar II Tiqranı məğlubiyyətə uğratmış, onu tabeçiliyində olan vilayətlərdən məhrum etmişdilər. Bununla da Kürün sağ sahilində olan alban vilayətləri də ermənilərin təsiri altından çıxmışdı.

Roma ilə İran arasında Cənubi Qafqaz uğrunda I-IV əsrlərdə başlamış kəskin mübarizə IV əsrdə daha şiddətlənmişdir. 371-ci ildə Ermənistan ərazisində sasani – alban və roma – erməni qoşunları arasında döyüşlər baş verən zaman, erməni qoşunları Albaniyanın Kürün sağ sahilindəki vilayətlərini işğal və qarət etmişdilər. Lakin 387-ci ildə Romalılar ilə Sasanilər arasında sülh bağalandı, Ermənistan və Gürcüstan onların arasında bölünərək müstəqilliyini itirdi. Sasanilərin təsiri altına düşən Albaniya isə ərazi bütövlüyünü və dövlət müstəqilliyini saxlaya bildi. İşğal olunmuş Albaniya vilayətləri özünə qaytarıldı.

Bir sıra ilk orta əsr erməni müəllifləri bunu Kürün sağ sahilində olan vilayətlərin Sasanilər tərəfindən ermənilərdən alınıb albanlara verilməsi faktı kimi qələmə vermişlər. Erməni alimləri isə öz iddialarında buna əsaslanmağa çalışmışlar. Lakin onlara cavabı öz həmkarı - ABŞ Kolumbiya universitetinin professoru, milliyyətcə erməni olan N. Qorsyan vermişdir. O yazır ki, erməni müəlliflərinin ilk orta əsrlərə aid fikirləri zərdüşt İran təhlükəsinə qarşı duran vahid Ermənistan ideyasını əks etdirir. Bu mənzərə real gerçəkliyi əks etdirmir, çünki Ermənistan V əsrdə birləşmiş halda deyildi. 

Beləliklə, alban arşakilər sülaləsinin hakimiyyəti dövründə Kürün sağ sahili Albaniyanın hakimiyyəti altında idi. Hətta Albaniya dövlətinin paytaxtı V əsrdə Qarabağ ərazisinə - Bər-dəyə köçürülmüşdü. Qarabağ daha sonra - VII – VIII əsrlərdə isə bu ərazi Mehranilər sülaləsinin hakimiyyəti altında olmuşdur.

Albaniya dövlətinin ərəb işğalı nəticəsində süqutundan istifadə edən erməni kilsəsi alban kilsəsini ərəblərin vasitəsi ilə özünə tabe edərək, burada qriqorianlığı yaymağa başladı. Qarabağın dağlıq zonasında yaşayan əhalinin bir hissəsi qriqorianlaşdırıldıqdan, sonra onların erməniləşdirilməsinə şərait yarandı. Lakin buna baxmayaraq, öz keçmişini unutmayan və alban ruhunu itirməyən albanlar IX əsrdə Dağlıq Qarabağ ərazisində alban knyazlığını bərpa etdi. XIII – XIV əsrlərdə Xaçın knyazlığı yarandı. Dağlıq Qarabağın xristian əhalisi öz keçmişini unutmamışdı onlar sonralar da XVIII əsrin brinci yarısında rus çarı I Pyotura yazdıqları məktubunda özləri göstərirlər ki, biz erməni deyilik, bizim əcdadımız albanlardır.

Beləliklə, ta qədim zamanlardan Qarabağ erməni yox, əzəli və əbədi Azərbaycan torpağıdır və buranın əhalisi isə azərbaycanlıların əcdadıdır.