Akif Nağı

Hərbi yolun labüdlüyünə dair

Bir sıra həlledici amillər Ermənistanın təcavüzü və onun nəticələrinin aradan qaldırılmasının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsinin yalnız hərbi yolla, güc tətbiq ediılməklə mümkün olduğunu göstərir.

1. Beynəlxalq təşkilatların, birinci növbədə ATƏT-in və onun nəzdində yaradılmış Minsk qrupunun fəaliyyəti təcavüzün nəticələrinin dinc vasitələrlə aradan qaldırılmasının qeyri – mümkünlüyünü nümayiş etdirmişdir. BMT yalnız məlum 4 qətnaməni (822, 853, 874, 884 saylı) verilməklə kifayətlənmış və özünü nizamasalma proseslərindən kənarlaşdıraraq, məsuliyyəti ATƏT-in üzərinə atmışdır. Bununla uzunmüddətli, üzücü və nəticəsiz danışıqlar üçün bilərəkdən şərait yaradılmışdır. BMT nizamasalma proseslərinə müdaxilə etmək üçün heç bir təşəbbüs göstərmir.

2. ATƏT-in Minsk qrupu çərçivəsindən kənar fəaliyyəti Ermənistanın təcavüz etməsi faktının üzərindən sükutla keçilməsinə, onun əsassız iddialarının ödənilməsinə, hadisələrin həqiqi mahiyyətinin gizlədilməsinə, Azərbaycanın bütün prinsipial məsələlərdə güzəştlərə məcbur edilməsinə yönəlmişdir. ATƏT-in Budapeşt sammitində (1994-cü il) Dağlıq Qarabağdakı işğalçı rejimi münaqişə tərəfi kimi tanıtdırmağa, Lissabon sammitində (1996-cı il) Dağlıq Qarabağ separatçılarına millətlərin öz müqəddəratını təyin etməsi hüququnu şamil etməyə, İstanbul sammitində (1999-cu il) və ATƏT-in iştirakı və yaxud rəhbərliyi altında keçirilən digər beynəxalq forumlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə etinasızlıq göstərməyə cəhdlər edilmişdir.

3. Təcavüzün nəticələrinin aradan qaldırılması ilə bağlı məsələnin ATƏT-in ixtiyarına verilməsi, ümumiyyətlə, düzgün addım olmamışdır. Çünki ATƏT-in fəaliyyətində insan haqları, milli azlıqların hüquqları, mətbuat azadlığı kimi məsələlər prioritet önəmə malikdir. Buna görə də ATƏT və onun nəzdində yaradılmış Minsk qrupu öz fəaliyyətlərində Ermənistanın Azərbaycan ərazisini işğal etməsini və onun nəticələrini aradan qaldırmağa deyil, Dağlıq Qarabağdakı erməni etnik azlığının, daha doğrusu, Ermənistanın işğal alətinə çevrilmiş bir ovuc separatçının hüquqlarını müdafiə etməyə üstünlük vermişdir.

4. Minsk qrupunun 1997 və 1998-ci illərdə hazırladığı, yalnız 2001-ci ildə açıqladığı 3 həll variantı, həmçinin Minsk qrupunun təşkilatçılığı ilə Parisdə və Ki-Uestdə aparılan danışıqlarda irəli sürülmüş təkliflər Azərbaycan xalqının mənafeyinə zidd, suveren dövlətçiliyi əleyhinədir və məhz buna görə də nizamasalma prosesində əsas götürülə bilməz. Deməli, bu təkliflər əsasında aparılmış danışıqlar, həmçinin onların davam etdirilməsi öz mənasını itirir və qeyri-məqbul sayılmalıdır. Bu təkliflər içərisində Dağlıq Qarabağdakı işğalçı rejimin münaqişə tərəfi kimi təqdim olunması, təcavüzkar Ermənistanın məsuliyyətdən kənarda saxlanılması, “qeyri-anklavlıq” prinsipinin ortaya qoyulması, ərazi mübadiləsi məsələləri, separatçılar üçün həddindən artıq şişirdilmş status verilməsinin nəzərdə tutulması və bu kimi digər məsələlər yolverilməzdir.

5. Bəzən belə bir fikir səslənir, guya ki, “ATƏT, Minsk qrupu və onun həmsədrləri mümkün olan hər şeyi etmişlər”. Görünür, bu fikri söyləyənlər təcavüzkar Ermənistanın mənafeyinə uyğun gedişlər edilməsinin mümkünlüyünü diqqətə çarpdırırlar. Lakin Ermənistanın təcavüzkar və işğalçi olması faktı etiraf edilməzsə, Minsk qrupu və onun həmsədrlərinin fəaliyyətində münaqişənin həllində müsbət irəliləyişə çevriləcək konkret bir nəticəyə nail olunmayacağı bəri başdan bəllidir. Çox vaxt şəxsi söhbətlərdə beynəlxalq təşkilatların nümayəndələri işğal faktı ilə razılaşır, lakin bu faktın qabardılmasının əhəmiyyət kəsb etmədiyini bildirirlər. Əslində isə danışıqların uğurla sonunclanması üçün ilk növbədə Ermənistan işğalçı tərəf kimi müəyyənlişdirilməlidir. Beynəlxalq təşkilatlar bu addımı atmaq istəmir. Lakin bu fakt öz təsdiqini tapmalı və danışıqlar bu müstəvidə davam etdirilməlidir.

6. Ermənistanın rəhbərləri - R. Koçaryan, V. Oskanyan, S. Sarkisyan və digərləri dəfələrlə rəsmi qaydada bildirmişlər ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması mümkün deyil. Ermənistan yalnız rəsmi bəyanatlarla kifayətlənmir və Dağlıq Qarabağın Ermənistana qəti şəkildə ilhaq edilməsi üçün konkret addımlar atır. Ermənistanda rəhbər vəzifələrə (prezident də daxil olmaqla) Dağlıq Qarabağda yaşayan Azərbaycan vətəndaşlarının seçilməsi, yaxud təyin olunması, Ermənistanın öz hərbi hissələrini Azərbaycanın Dağlıq Qarabağ ərazilərində yerləşdirməsi və orduya çağırılan Ermənistan vətəndaşlarının buraya hərbi xidmətə göndərilməsi, Ermənistan parlamenti tərəfindən DQMV-nin Ermənistana birləşdirilməsi haqqında hələ 1 dekabr 1991-ci il tarixdə qərarın qəbul edilməsi və onun bu günə qədər ləğv olunmaması, Dağlıq Qarabağın Ermənistanın maliyyə-pul dövriyyəsi məkanına daxil edilməsi, Ermənistanın illik iqtisadi inkişaf planlarına Dağlıq Qarabağın da daxil edilməsi və digər tədbirlər bu məqsədə xidmət edir.

7. Ermənistanda obyektiv və subyektiv amillərin təsiri altında formalaşdırılmış ictimai rəy, ictimai və siyasi qüvvələrin müqaviməti, məsələnin bu şəkildə dondurulub saxlanılmasında maraqlı olan bir sıra xarici qüvvələrin təhdid və təzyiqləri münaqişənin sülh danışıqları yolu ilə həlli Ermənistanın öz iddialarından çəkinib, işğal olunmuş ərazilərdən çıxması və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edilməsi yolunda ciddi maneədir. 

8. Yuxarıda deyilənlərdən göründüyü kimi beynəlxalq təşkilatların, böyük dövlətlərin, yalnız ermənilərın mənafeyi baxımından yanaşması Ermənistanın təcavüzü və onun nəticələrini danışıqlar yolu ilə aradan qaldırmağı mümkünsüz edir. Bununla da Azərbaycana seçim imkanı verilmir və onu hərbi yola əl atmaq perspektivinə təhrik edirlər. Deməli, silah gücünə zəbt olunmuş ərazilər yalnız hərb yolu ilə azad edilə bilər. 

9. Hərbi əməliyyatlarda həlledici əhəmiyyət kəsb edən maddi və insan ehtiyyatları kimi amillər baxımından üstünlük Azərbaycanın tərəfindədir. Ermənistan yalnız xarici donorlara ümid edir. Azərbaycan isə əsasən öz daxili imkanlarına arxalanmaqla uğurlu hərbi əməliyyatlar apara bilər. 

10. Azərbaycan ordusunun döyüş keyfiyyətləri qarşı tərəflə müqayisədə üstündür. Tarixən Azərbaycan xalqı döyüşkənliyi ilə fərqlənmişdir, bunu ermənilər haqqında demək olmaz. Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazilərinin zəbt edilməsi Ermənistan silahlı qüvvələri deyil, xarici qüvvələrin birbaşa iştirakı və rəhbərliyi, həmçinin Azərbaycanda daxili siyasi qeyri-stabillik amilləri ilə bağlı olmuşdur. Azərbaycan ordusu Ermənistan və onun müttəfiqlərindən üstünlüyünü hələ tam mütəşəkkil hala gətirilmədiyi 1991-ci ilin yaz-yay, və 1992-ci ilin yay-payızındakı döyüş kampaniyalarında əyani şəkildə göstərmişdir. 

11. Azərbaycan əsgərinin şəxsi rəşadəti, kütləvi vətənpərvərlik hərəkatı, özünü qurban vermək qabiliyyəti Birinci Qarabağ müharibəsində göstərmişdir. Döyüş meydanlarında fərdi qəhrəmanlıq nümunələri yüzlərlədir.

12. Mənəvi-psixoloji üstünlük Azərbaycan tərəfindədir. Azərbaycan öz torpaqlarında, işğal olunmuş əraziləri azad etmək uğrunda müharibə aparacaqdır. Bu, Azərbaycan tərəfindən ədalətli, Ermənistan tərəfindən işğalçı müharibədir. Dünya ictimaiyyətinin rəğbəti azadlıq müharibəsi aparan Azərbaycanın tərəfində olacaqdır.

13. Azərbaycan axıra qədər beynəlxalq hüquq normalarına hörmətlə yanaşmış, təcavüzkar Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılmasını gözləmişdir. Beynəlxalq hüquq normaları Azərbaycanın öz torpaqlarını işğaldan hərbi güc də işlətmək yolu ilə azad etməsinə və təcavüzün nəticələrinin aradan qaldırılmasına heç bir məhdudiyyət qoymur. 

14. Azərbaycanın hərbi müttəfiqlər qazanmaq şansları daha çoxdur. Bir sıra ölkələrin Azərbaycana dəstək vermək istəyi heç kəsdən gizlədilmir. Azərbaycanda iqtisadi maraqları olan ölkələrin də ən azı neytral mövqe tutacağı gözlənilir. Ermənistanı özünun strateji müttəfiqi hesab edən ölkələrin hər birində Azərbaycana qarşı onların açıq müharibədə iştirakına mane olacaq ciddi daxili amillər mövcuddur.

15. Müstəqil Azərbaycan dövlətçiliyinin taleyi Qarabağda həll olunur. Bir tərəfdən danışıqlar prosesinin perspektivsizliyi, digər tərəfdən Azərbaycanın daxili, xarici imkanları hərbi güc də tətbiq etmək yolunu və qələbəni labüd edir. Azərbaycan xalqının bugünkü nəsli onun keçmişi və gələcəyi qarşısında öz insanlıq və vətəndaşlıq borcunu yerinə yetirəcəkdir.