Xəlyəddin Xəlilov

Qarabağ Problemi: kökləri, mərhələləri 

Erməni kilsəsi "Albaniyanın bütün kilsələrində sakitliyi" yalnız yadelli işğalçıların köməyi ilə bərqərar edir, erməni katalikosluğu və naxararlarının mənafeyi hər dəfə tələb etdikdə erməni kilsəsi həmişə yadelli işğalçıların köməyinə əl atır "xaç bayrağı ilə öz yolu üzərində tarixi Aqvaniya və onun bir hissəsi olan Qarabağ (Arsax) xalqlarını" yox edirdi. 

A.S.Vartapetovun əsərindən götürülən iqtibasdan göründüyü kimi, ermənilər Qarabağ problemini ən qədim dövrlərdən, bu günə qədər xarici himayədarları sayəsində zaman-zaman yaratmışlar. Problemin ilkin mərhələsi e.ə. II əsrdən eramızın X əsrinə qədər olan dövrü əhatə edir. Azərbaycanın hərbi-siyasi cəhətdən qüvvətli olduğu XI-XVI əsrlərdə ermənilər ölkə üçün problem yarada bilmirdi. XVI əsrin sonunda Səfəvi sülaləsinin hakimiyyət uğrunda sülalədaxili mübarizəsində prosesində ermənilər Azərbaycan siyasətində yenidən meydana çıxır. Səfəvi Şah Məhəmməd Xudabəndənin (1578-1587) hakimiyyətə çatmağa daha yaxın oğlu Həmzə Mirzə 1586-cı il 10 dekabrda dəlləyi-erməni Xudaverdi vasitəsilə sui-qəsd nəticəsində öldürülür. Erməni dəlləyin sui-qəsdə necə cəlb edilməsi haqqında əlimizdə yetərincə tarixi material yoxdur. Lakin rəqibi Həmzə Mirzəni aradan götürməklə hakimiyyətə gələn I Şah Abbasın erməniləri dərhal himayəsi, qonşu ölkələrdəki ermənilərin Azərbaycana gətirilməsi və onlara ticarət və s. sahələrdə imtiyazlar verilməsi ermənilərin bu siyasi oyunda yetərincə iştirak etdiyini deməyə əsas verir.

Beləliklə, I Şah Abbasın hakimiyyəti dövründən başlayaraq ermənilər Azərbaycanda və Səfəvi imperiyasının başqa ərazilərində möhkəmlənir, erməni tacirləri xarici ticarətlə məşğul olmaq üçün geniş imtiyazlar alır və bundan istifadə edərək, Səfəvi dövlətlərinin əsas maliyyə mənbələrini ələ keçirməklə özlərinin ölkədəki iqtisadi və siyasi mövqelərini möhkəmləndirirlər. Bundan sonra ermənilər Ermənistan yaratmaq fikrinə düşür və onun planının layihəsini hazırlayırlar. Bu işdə I Şah Abbasın müşaviri vəzifəsinə yüksəlmiş Xoca Səfər adlı erməni mühüm rol oynayır. O, Səfəvi sarayında elə bir nüfuz qazanmışdı ki, I Şah Abbas dövlətin xarici siyasət məsələləri, xüsusilə Avropa ölkələri ilə diplomatik danışıqlar aparmaq səlahiyyətini Mirzə Səfərə vermişdir. 1608-ci ildə Səfəvi dövləti Mirzə Səfərin rəhbərliyi ilə Avropaya danışıqlar üçün nümayəndə heyəti göndərir. Nümayəndə heyəti I Şah Abbasın məktubunu Roma papasına, İspaniya kralına, Toskano Hersoquna və Venetsiya kralına çatdırmalı və müvafiq danışıqlar aparmalı idi. Mirzə Səfər elə bu səfəri zamanı özünün ermənilərin adından həmin ölkələrin başçılarına hazırladığı məktubları da təqdim edir. Məktubda Roma papası və digər xristian dövlətlərdən Səfəvi dövləti ərazisində Ermənistan dövləti yaratmaqla onları müsəlmanların zülmündən qurtarmaq xahiş olunurdu. Az sonra Avropa xristian dövlətlərinə göndərilən erməni nümayəndələr yaradılacaq Ermənistanın xəritəsini də hazır aparırdılar. Azərbaycan ərazisində erməni dövləti yaratmaq ideyasını birinci olaraq Rusiya imperiyası dəstəkləyir. Ermənilər güclərini göstərmək və dəstək qazanmaq məqsədilə Səfəvi dövlətini maliyyə böhranına salırlar. Ermənilərin törətdiyi bu maliyyə böhranı Səfəvi sülaləsinin süqutunda başlıca səbəblərdəndir. Ermənilər rusları maliyyə böhranı nəticəsində iflic vəziyyətə düşmüş ölkənin işğalına şirnikdirdilər. Beləliklə, I Pyotr ermənilərin bələdçiliyi ilə 1722-1723-cü illərdə Azərbaycanın Xəzəryanı vilayətlərini işğal edir.

Ermənilərin başçılığı ilə Asiyada yaşayan bütün xristianlar Osmanlı və Səfəvi imperiyasını dağıtmaq məqsədilə təşkilatlanırdılar. Ermənilərin Asiya qitəsində erməni xristian dövləti yaratmaq planını Rusiya ilə bərabər, Fransa da dəstəkləyir lakin o, erməni dövləti yaratmağı Türkiyə ərazisində nəzərdə tuturdu. Fransa və Rusiya bu işdə irəli düşməyə tələsirdilər. 

Rusiya isə erməni dövlətini məhz Qarabağ ərazisində yaratmağı planlaşdırırdı. Artıq bu işin icrası üçün Rusiya imperatoru II Yekaterina 1783-cü il aprelin 6-da göstəriş də vermişdi. İmperiyanın əmrində deyilirdi: "İbrahim xanı devirməli və Qarabağda müstəqil erməni əyaləti təsis etməli". 

Göründüyü kimi, Rusiya imperiyasının, Avropa xristian dövlətlərinin himayəsi sayəsində ermənilər ardıcıl olaraq Azərbaycan dövlətçiliyini daxildən dağıdırdılar. Rus imperiyasının Azərbaycanı 1801-ci ildən başlanan işğal prosesində ermənilərin bir hissəsi birbaşa rus ordusunda xidmət edir, bir hissəsi Qacarlar qoşununa daxil olur həlledici anlarda rusların tərəfinə keçməklə Azərbaycan qoşunlarının məğlubiyyətinə şərait yaradırdılar. Beləliklə, ermənilər 1801-1828-ci il müddətində Rusların Şimali Azərbaycanın işğal etməsinə nail olur və buradan da istədikləri paylarını alırlar. Rusiya – Qacar dövlətləri arasında müharibənin gedişi zamanı ondan az müddət sonra ruslar Şimali Azərbaycana, ümumən Qafqaza 1000.000-dan artıq erməni köçürür. I Nikolayın 21 mart 1828-ci il fərmanı ilə Naxçıvan və İrəvan xanlıqları ləğv edilib onların ərazisində Erməni əyaləti yaradır. Bundan üç il sonra, yəni 1833-cü il fevralın 27-də I Nikolay erməni dövlətçiliyinin mühüm atributu olan gerbi təsdiq edir. Lakin Azərbaycan xalqının daxili birlik qüvvəsi, mənəvi dəyərlər sistemi, vətənpərvərlik hissləri güclü olduğundan, ermənilərin Azərbaycan ərazisində möhkəmlənməsinə qarşı ardıcıl müqavimət göstərilirdi. 

Lakin Rus imperiyası, xristian dünyası, erməni qriqorian kilsəsi, erməni milli təşkilatları ardıcıl olaraq erməniləri təşkilatlandırır və onların siyasi şüurunu gücləndirir. Azərbaycanın din mərkəzləri, ruhaniləri, mollaları isə dua yazmaq, cinləri köməyə çağırmaq üsulları ilə xalqa özünü mühafizə etmək üsullarını öyrədirdi. Din xadimlərindən dua və cin düyünü və s. üsullarla yaşamaq ideyasına yiyələnərək kütlə halına salınmış Azərbaycanın türk və müsəlman əhalisi, XX əsrin başlanğıcında asanlıqla kütlə ideologiyası olan bolşevik ideologiyasının təsirinə düşdü. Bolşevizmin qəbulu əslində ermənilərin hakimiyyətinin qəbulu demək idi. Beləliklə, 1920-ci ildə Qafqazda bolşevizmin qələbəsi ermənilərə bütün planlarını həyata keçirməyə imkan verdi. Rus imperiyasının qardaşlıq şüarı altında Azərbaycanın 29 min kv.km ərazisi ondan qoparılaraq İrəvan, Göyçə və Zəngəzurda Ermənistan dövləti yaradıldı. 1923-cü ildə Qarabağın dağlıq hissəsində ermənilərə muxtariyyət verildi. 

1922-ci ildə Dərələyəz, 1929-cu ildə Meğri, 1938-ci ildə Sədərək və Kərki kəndi əraziləri, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağı, Qubadlı rayonunun Çayzəmi əraziləri, Qazax rayonunun Kəmərli kənd ərazisinin bir hissəsi, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin bir hissəsi, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli və Qaynaqlı kəndləri Rus imperiyasının himayəsi, azərbaycanlı ad-familiyası altında Azərbaycanda hakimiyyətə gətirilmiş ermənilərin vasitəsilə Azərbaycandan qoparılıb ayrıldı. 

Beləliklə, rus imperiyasının himayəsi altında işğalçı ermənilərə ardıcıl olaraq psixoloji-siyasi, iqtisadi qələbə qazandırıldı. 1988-ci ildən isə azərbaycanlılar ilk öncə indi Ermənistan adlandırılan İrəvan, Göyçə, Zəngəzurdan son nəfərinə kimi qovuldu. Bunun ardınca rus qoşunlarının himayəsində azərbaycanlılar Dağlıq Qarabağdan qovuldular. 

Erməni orduları Rusiyanın himayəsində yenicə müstəqilliyini qazanmış Azərbaycan Respublikasına hərbi təcavüz edib onun 20%-dən artıq ərazisini işğal etmişdir və 10 ildir ki, bu əraziləri öz nəzarətində saxlayır. 

Təssüf doğuran budur ki, Azərbaycan geosiyasi mövqe, iqtisadiyyat, ərazi, əhali baxımından ermənilərdən qat-qat üstün olsa da, Azərbaycan hakimiyyəti erməni təcavüzünün dəf edilməsi istiqamətində milli müqavimətin təşkil edilməsi üçün əsaslı bir tədbir görmür. İşğal olunmuş ərazilərin taleyi erməniləri müdafiə edən ATƏT və Avropa Şurası kimi beynəlxalq təşkilatların ixtiyarına buraxılmışdır.

Əgər bu siyasət dəyişməzsə, millətin özünə inam hissləri bərpa olunub erməni təcavüzü altında olan torpaqları işğaldan azad edilməzsə, bütün Azərbaycan dövlətçiliyi tənəzzülə uğraya bilər.