İsmayıl Musayev

 Xosrov bəy Sultanov Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında

Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü ilə əlaqədar yaradılan problemlərin ən mürəkkəblərindən biri də Dağlıq Qarabağla bağlı idi. Bu dövrdə Azərbaycanın siyasi-diplomatik dairələrində həmin problemin həlli yolları və vasitələrinə dair müxtəlif qənaət və mövqelər ortaya çıxmışdı.

Bunlar arasında AXC-nin ilk hərbi naziri və Qarabağın general-qubernatoru olan X.Sultanovun mülahizə və təklifləri çox maraqlı və dəyərlidir. Həmin fikir və təkliflər Xosrov bəyin AXC hökumətinə “Qarabağda ingilis siyasəti ilə əlaqədar olaraq yaranmış vəziyyət və onun düzəldilməsi üçün zəruri tədbirlər”adlı məlumat-məruzəsində, habelə ingilis generalı Şatelvortla Qarabağ məsələsinə dair apardığı müzakirələrdə (25.VI.1919) səslənmişdi. 

Onlar problemin ayrı-ayrı məqamlarına daha dərindən nüfuz edilməsi baxımından əhəmiyyətlidir. Həm bu cəhət, həm də XX əsrin sonlarında başlayan və hazırda davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsinin (müharibəsinin) reallıqları və perspektivləri X.Sultanovun ibrətamiz mülahizə və təkliflərinin nəzərdən keçirilməsinə ehtiyac yaradır. 

Birincisi, X.Sultanov Qarabağ general-qubernatorluğuna daxil olan bölgələrin, xüsusilə də Zəngəzurun Azərbaycan üçün geosiyasi önəmini dəyərləndirmişdi. Onun fikrincə, Qarabağın itirilməsi Naxçıvan və Ordubadın, ümumiyyətlə isə bütün Azərbaycanın itirilməsi demək olardı. Bununla Bakı ilə Gəncə arasında möhkəmlənən ermənilər dövlətimizin mövcudluğunu təhlükə altına qoya bilərdilər. 

İkincisi, Xosrov bəy Şatelvortla söhbətdən belə bir nəticəyə gəlmişdi: ingilislərin guya bizə münasibətdə qərəzsizlik və xeyirxahlıq göstərib Qarabağ məsələsində bitərəf mövqe tutmaları problemin həllini yubatmış və sayıqlığımızı azaltmışdır. Belə hal isə Azərbaycan üçün əlverişsiz şərait yaratmış və ermənilərin xeyrinə olmuşdur; üstəlik də Şərur, Naxçıvan və Qarsın ermənilərə verilməsi elan edilmişdir. 

Üçüncüsü, ingilislərin Qarabağ məsələsində üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmələrini (ələlxüsus da Zəngəzurda hakimiyyəti AXC-yə deyil, erməni Milli Şurasına verdiklərini) vurğulayan general-qubernator bu vəziyyətin ermənilərin daha da fəallaşmasına təkan olduğunu açıqlamışdı. 

Dördüncüsü, X.Sultanovun yerli şəraitə yaxşı bələd olmasına əsaslanan dərin inamını (qənaətini), vəziyyətdən çıxış yolu kimi təklif etdiyi, təcili həyata keçirilməli olan tədbirləri və onların ləngidilməsi (yaxud da qəbul olunmaması) şəraitində gözlənilən nəticələri belə qruplaşdırmaq olar. 

a) Gəlinən qənaətlər: 

· Qarabağ-Zəngəzur məsələsinin həllində ingilislərin köməyindən qəti imtina edilməlidir, çünki onlar bu işdə bizə yalnız maneçilik törədirlər;

· məcburedici tədbirlər görülməzsə, ermənilər Azərbaycan hökumətinin tabeçiliyinə razı olmayacaqlar;

· bu məsələni bir ay da həllsiz qoymaq əhalini hökumətin gücsüzlüyünə inandırmaq, müsəlman hissəsində anarxiyaya səbəb olmaq və bölgədən həmişəlik əlini üzmək deməkdir

b) Təcili həyata keçirilməli olan tədbirlər:

· təxirəsalınmadan Zəngəzura hərbi hissələr yeridilməsi və ermənilərin İrəvandan Azərbaycana hərəkətinin qarşısının alınması;

· Dağlıq Qarabağ ermənilərinə Azərbaycan hakimiyyətini altı günə tanımaq barədə ultimatum verilməsi;

· bütün ermənilərə müsəlman rayonlarını tərk etmələrinin təklif olunması (Şuşa şəhəri üçün istisna ediləcəyi bildirilməklə);

· Azərbaycan hökumətinin tanınmayacağı təqdirdə altıgünlük möhlət bitəndən sonra hərbi əməliyyatlara başlanılması. 

c) Təxirəsalınmaz tədbirlərin görülməyəcəyi şəraitdə gözlənilən nəticələr:

· ermənilərin Zəngəzurdan irəliləmələri və Dağlıq Qarabağdakı daşnak silahlı qüvvələri ilə birləşmələri;

· müsəlman rayonlarında anarxiya;

· Qarabağın itirilməsi ehtimalı. 

General-qubernator xülasə olaraq bildirirdi ki, ingilis siyasəti nəticəsində Qarabağ məsələsinin həlli ləngidilmiş, Zəngəzur və Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini dinc yolla tanımaları təmin olunmamış, nəticədə bölgədə millətlərarası münasibətlər xeyli kəskinləşmişdir.