Kərim Şükürov

Dağlıq Qarabağ: anlayışı və ərazisi haqqında (tarix və müasirlik) 

Azərbaycanın üzvi tərkib ərazisi Qarabağın dağlıq hissəsi məzmununda coğrafi anlayış bildirən “Dağlıq Qarabağ” ifadəsi Birinci dünya müharibəsinin sonlarında terminləşməy, yəni konkret siyasi məna kəsb etməyə başlayır. Vaxtilə Zaqafqaziya ölkə komitəsinin Dağlıq Qarbağda (DQ) məsul nümayəndəsi olmuş erməni S. Şaduns yazırdı (1922, 20 dekabr) ki,”… elə bu dövrdə daşnaklar tərəfindən yaradılmış yeni termin - Dağlıq Qarbağ əmələ gəldi. (burada və sonra kursiv mənimdir – K.Ş). Daşnaklar Ermənistanda hakimiyyəti ələ aldıqdan sonra yenidən DQ uğrunda mübarizəyə girişir”. Ermənistanın sovet­ləşməsindən sonra da bu mübarizə davam etdirilir, nəhayət, Azərbaycanın tarixi torpaqlarında Muxtar Vilayət yaradılır. 

Coğrafi dağlıq Qarabağdan “qoparılmış” DQ-nin ərazisi necə formalaşdırılmışdır? Bu suala cavab vermək üçün əvvəlcə Qarabağın ərazisi haqqında tam təsəvvür olmalıdır. M.C.Cavanşir (1773-1853) “Qarabağ tarixi”ndə göstərir ki, “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədi belədir: Cənub tərəfdən Xudafərin körpüsündən-Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax Şəmsəddin və Dəmirçi–Həsənli cammatı arasındadır… Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə - K.Ş.) Kür çayına qədər – Goran çayıdır… Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”( Qarabağnamələr. I kitab, Bakı, 1989-cu il). Qarabağ xanlığı 1822-ci ildə ləğv edilib əyalətə çevrilmişdi. 1836-cı ildə Sankt Peterburqda nəşr edilmiş “Obozrenie”-də Qarabağ əyalətinin sərhədləri və sahəsi (13.000 kv.verst) verilmiş, onun xeyli hissəsinin dağlarla örtüldüyü qeyd olunmuşdur (Обозрение Российских владений за Кавказом. ч. III СПб., 1836). Tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu A. Skibitski “Qafqaz böhranı” adlı məqaləsində yazır: “… Qarabağ xanlığının bütöv dağlıq hissəsi o vaxt dağlıq Qarabağ adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin əraziyə daxil idi” (Скибицкий А. Карабахский кризис// Союз, 1991, N 7). Çar Rusiyası tərkibində Qarabağ ərazisi müxtəlif inzibati bölgülərə məruz qalmış, onun ərazi bütövlüyü pozulmuşdu. Yalnız XC dövründə onu bərpa etmək mümkün olur.

Lakin Muxtar Dağlıq Qarabağ Vilayətinin (Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekretində qurum rəsmən belə adlanır K.Ş) yaradılması ilə onun bütövlüyü yenidən və qəti şəkildə pozulur. MDQV-nin ərazisi elmi-coğrafi yox, volyuntarist prinsip əsasında formalaşdırılıb. Yəni o, erməni yaşayan məskənlərin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirməklə təşkil edilmişdi. (Qeyd etmək lazımdır ki, bu prinsipi əsas götürməklə dünyanın əksər ölkəsi və ya iri şəhərində kompakt yaşayan hər hansı gəlmə əhalinin inzibati-siyasi qurumunu təşkil etmək mümkündür. Belə ki, Nyu-Yorkda Çin məhəlləsi əsasında çinlilərə, yaxud müvafiq qaydada yaponlara muxtariyyət tələb etmək olar). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri MDQV-nin sərhədləri daxilində qalmış, inzibati tabeçilik dəyişdirilmişdi. MDQV-nin Əsasnaməsini hazırlayan komissiyanın qərarına görə, (1923, iyul) onun tərkibinə 170-dən çox yaşayış məskəni qatılıb tabeçiliyinə verilmişdi. Azərbaycan Mərkəzi Statistika İdarəsi 1924-cü ilə aid məlumatında həmin məskənlərin sayının 200-dən çox (Азербайджанская селъскохозяйственная переписъ 1921 г. т.III.впы. XVII. Баку, 1924), Q. Koçaryan (Кочарян Г.А. Нагорный Карабах Баку, 1925) isə 215 olduğunu göstərmişdi. Bu sübut edir ki, faktik olaraq DQ-nin ərazisi əlavə yaşayış məskənləri hesabına artırılmışdı. 

Beləliklə, “Dağlıq Qarabağ” anlayışının özünəməxsus tarixi olduğu və ermənilərin separatçı siyasətinə uyğun mürək­kəbləşdirilmiş kəsb etdiyi aydınlaşır:

1) bu anlayış daşnaklar tərəfindən yaradılmışdır

2) coğrafi baxımdan real dağlıq Qarbağı deyil bilərəkdən ermənilərin üstün olduğu ərazi əsas götürülməklə məqsədyönlü şəkildə formalaşdırılmışdır

3) xüsusi bir ölkə kimi təqdim edilməyə başlamışdı (təsadüfi deyil ki, Dağlıq Qarabağ rus dilinə tərcümə olunduğu halda, beynəlxalq sənədlərdə “Naqornıy Karabax” kimi-bu dəfə tərcümə olunmadan verilir)

4) buna uyğun olaraq onun siyasiləşdirilməsi və etnosizasiyasına (erməniləşdirilməsinə) göstərilən cəhdlər geniş hal almışdır və i.a. 

Təəssüf ki, Azərbaycan Respublikası tərəfinin siyasi leksikonunda bu reallıqlar nəzərə alınmır və Dağlıq Qarabağın həqiqi məzmununa uyğun anlayışın bərpasına əhəmiyyət verilmir.