Qeyrət Quliyev

 Atəşkəs: yaranması, inkişafı və böhranı 

Atəşkəsin 8 yaşı arxada qaldı. Bu hakimiyyətin 9 yaşı davam edir. Əvvəlki hakimiyyətin dövründə müharibə var idi və xalq “Qarabağ” hayqırırdı. İndi atəşkəs var və xalqı “Barı Naxçıvan” oynamağa vadar edirlər. Bu hakimiyyət hakimiyyətin qorunub saxlanması ilə bağlı bütün problemləri həll edib və bu qəbildən olan işlərdən biri atəşkəsdir. 12 iyun 1994-cü ildə Bişkeş protokolunun imzalanması əslində separatist tərəfin tanınması idi. Bu, bir növ Qarabağda mövcud olan Rusiya Ermənistan müştərək işğal zonasının yerdə qalan ərazimizdəki daimi nümayəndəliyi kimi bir şeydir.

O vaxt hakimiyyətin daxilində protokolun imzalanması ilə bağlı vahid mövqe yox idi. A. Cəlilov imza atmaqdan imtina etmişdi. Demək istəmirəm ki, o buna görə qətlə yetirilmişdir. Hər halda belə bir ehtimalın yoxlanılması istintaqın işidir. Bu rejimin yeganə həmmüəllifi Rəsil Quliyev isə imza atmışdı. Azərbaycan xalqı öz etirazını 21 may, 10 sentyabr 1994-cü ildəki mitinqlərə bildirilmişdi. Çox sonralar indi müxalifətdə olan, amma o vaxt indiki iqtidarda yüksək vəzifə tutmuş adamlardan ikisi etiraf etmişdilər ki, bu mitinqlər olmasaydı, Qarabağın hüquqi verilməsi başa çatacaqdı. Bu mitinqlər həm də Rusiyanın sülhməramlı qüvvələrinin ölkəmizə gətirilməsi məsələsini gündəlikdən çıxartdı. Əgər bu, baş versəydi, bu, Rusiya ordusunun ölkəmizə qaytarılmasına bərabər olacaqdı.

Atəşkəslə doğulan uşaqlar indi üçüncü sinfə gedirlər. Lakin təkcə onlar yox, bütün cəmiyyət atəşkəsin girovuna çevrilib. Atəşkəs indi bizdə mühatribədən başqa hər şeyə aiddir. O, cəmiyyəti susdurmağın kompleks vasitəsinə çevirilib. Hakimiyyəti qane etməyən istənilən adi hərəkət atəşkəsin pozulması kimi qələmə verilir. MM-də açıqca deyirlər ki, başqa cür düşünmək sabitliyi pozmaqdır. Bütün sahələrdə minlərlə belə misal gətirmək olar. Atəşkəs 4 iyun 1993-cü ildən başlamışdı. O vaxta qədər ermənilər “mədəni muxtariyyat”a razı idilər, indi “ən yüksək muxtar statusu” çoxdan dəfn ediblər.

39 batalyonu buraxdılar və bu əslində ordunun tərksilahına bərabər aksiya idi. Bu hakimiyyət dəstəbazlığı, başıpozuqluğu, qanunsuz silahlı birləşmələri, avtoritetşinanı ləğv edib. Bunlar şübhəsiz ciddi müvəffəqiyyətdir. Amma ordu quruculuğu çox zəif gedib. Orduda alqı-satqı adiliyə çevrilib. Ordunun cəza yerinə çevrilmək halları var. H. Əliyev rus şovinisti Baburinə deyirdi ki, ordumuz döyüşə bilmir.

O vaxt Rusiya-Ermənistan hərbi ittifaqının Gəncə - Yevlax xəttinə çıxmaq planı pozulmuşdu. Bu müvəffəqiyyət idi, amma Murovdağ faciəsi də oldu. Müdafiə atəşkəsi elə o vaxt qurtulmalı idi və hücum atəşkəsinə keçilməli idi. Təəssüf ki, bu, baş vermədi. Atəşkəsin böhranı başladı. Və indi də davam edir. Bu böhranın ən bariz nümunəsi hər iki respublikada 1999-cu ilin payızına təsadüf etdi. 27 oktyabrda Ermənistan parlamentində sülh tərəfdarlarını güllələdilər, Azərbaycanda isə biabırçı sülhün əleyhdarları olan üç yüksək vəzifəli məmur istefa verdi. Bu hadisələr mahiyyətcə bir-birini təkrarlayırdılar. Bu necə atəşkəsdir ki, hər gün pozulur. Məsələn, bir ildə 426 dəfə. Bundan əlavə hər gün əsgərlər həlak olur və uzun müddət onları şəhid hesab eləmirlər. Gündəlik sanitar ölüm göstəricisi artır. Təhlükə var ki, o müharibə dövrünün ölümlərinə sayca bərabərləşsin. 

Orduda gündəlik ideoloji təxribat aparılır. Məsələn, fərarilik ən yüksək səviyyədə bağışlanılıb. Ordunu nüfuzdan salmaq üçün bundan yaxşı nəsə fikirləşmək mümkün deyil. Ölü bir sabitlik var. Qalxan kimi ad qoyurlar – “sui-qəsd”, “dövlət çevirilişi”, “ixtişaş” … İstənilən çatışmazlığı olmayan müharibə ilə izah etmək meyli adiləşib. Müxalifət də 4-5 il öz fəaliyyətsizıiyini bununla izah edirdi.

Atəşkəs girovundan çıxmaq lazımdır. Çünki onun böhranı artıq inkişafın böhranı çərçivəsindən də çıxıb.