Elfaq Rüstəmov
Ermənistan – Azərbaycan münaqişəsinin iqtisadi nəticələri
Məlum olduğu kimi, 1988-ci ilin əvvəllərindən Ermənistan respublikası Dağlıq Qarabağ Muxtar Vilayətində məskunlaşmış erməniləri vətəndaşı olduqları Azərbaycan dövlətinin üzərinə qaldırmaqla, ərazi iddiası ilə çıxış etməyə başladı. Bu azmış kimi, iki yüz mindən çox Azərbaycan türkünü dədə-baba torpaqları olan İrəvandan, Göyçədən, Basar-keçərdən, Zəngəzurdan vəhşicəsinə qovmaqla, göstərdilər ki, məkrli niyyətlərinin reallaşması yolunda silahlı mübarizə metoduna qədər əl atacaqlar.
Ermənistan Respublikasından və dünyanın bütün nöqtələrinə səpələnmiş daşnaksütyun partiyasının ideoloqlarından təlimat alan Qarabağ erməniləri də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu vilayətdə tarixən yaşayan türkləri didərgin vəziyyətə saldılar. Heç bir konsensusa gəlməyi qəbul etməyən ermənilərə Azərbaycan xalqı və dövləti qəti şəkildə bildirdi ki, torpaqdan pay olmur: Dağlıq Qarabağ Azərbaycan ərazisidir və həmişə də Azərbaycanın olacaq.
Dağlıq Qarabağ adlı qondarma münaqişənin əsası hələ Sovetlər birliyi zamanında qoyulmuşdu. Sovet dövlətinin ilk və son prezidenti Mixail Qorbaçovun da hardasa razılğını almış ermənilər elə onun yaxından köməkliyi sayəsində silahlanmağa nail oldular və artıq 1993-cü ildə Ermənistan silahlı qüvələri Rusiyanın dəstəyi ilə Azərbaycanın 20% ərazisini işğal etməyə müvəffəq oldu. Bu işdə ermənilər Azərbaycanın daxilindəki xəyanətkar qüvvələrdən də yararlandılar. Nəticədə yüz minlərlə soydaşımız dözülməz didərgin həyatı sürməyə başladılar. Bununla da Azərbaycanla Ermənistan arasında iqtisadi, siyasi, mədəni əlaqələr tam şəkildə kəsildi.
Azərbaycan respublikası ilə Ermənistan keçmiş Sovetlər birliyində mövcud olan inzibati- amirlik iqtisadiyyatında yaşayan dövlətlər olduqları üçün, vaxtilə sıx iqtisadi əlaqədə idilər. SSRİ-nin süqutu və Qarabağ münaqişəsi bu iki Qafqaz respublikasının əlaqələrini bazar iqtisadiyyatına keçid ərəfəsində bir-birinə yardımını ilk andan məhrum etdi.
Ermənistan Azərbaycan torpaqlarını işğal etmələrinə baxmayaraq, Azərbaycanla iqtisadi əlaqə yaratmaq fikrində olduğunu dəfələrlə bərpasını bildirsə də, Azərbaycan tərəfi bu təklifləri rədd edib. Birmənalı şəkildə bildirib ki, iqtisadi əlaqələrin bərpası barəsində söhbət ancaq işğal olunmuş torpaqların qeyri-şərtsiz boşaldılmasından sonra danışmaq olar.
Təsadüfi deyil ki, 1994-cü ilin 20 sentyabrında imzalanmış “əsrin kontraktı” – neft müqaviləsində və nəqledilməsi məqsədilə tikiləcək neft kəmərində Ermənistan kənarda qaldı. Baxmayaraq ki, Ermənistan bu kəmərin ərazisindən keçirilməsi barədə dəfələrlə bəyanat şəklində təkliflər etmişdi. Ancaq Azərbaycanın milli maraqlarına cavab verməyən bu təkliflər heç bir səmərə vermədi və Ermənistan respublikası iqtisadi cəhətdən yüksək mənfəət götürə biləcək bir layihədən kənarda qaldı. Nəzərə alsaq ki, Qazaxstan nefti də bu marşrut vasitəsilə nəql ediləcək, onda görərik ki, Ermənistan Respublikasının büdcəsi hansı məbləğdə valyutadan məhrum olub.
Emənistan tərəfi təklif edirdi ki, həmin neft marşrutu Bakı-Dağlıq Qarabağ Ermənistan respublikasının ərazisindən keçməklə Aralıq Dənizinə çatdırılsın. Bu marşrutun həyata keçirilməsini “Oil Kapital Limitet” şirkətinin prezidenti erməni mənşəli Rocer Tomraz öz üzərinə götürmüşdü. Ancaq Azərbaycan tərəfindən bu təklif rədd edildi. Əvəzində Bakı-Tiflis-Ceyhan marşrutu tərəflər arasında kompromis variant kimi qəbul edildi və tikintisinə artıq başlanılıb.
Ermənistan Azərbaycana torpaq iddiası irəli sürməklə, regionda iri dövlət imicini qazanmış və eyni zamanda Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə iqtisadi əlaqələrdən də məhrum oldu. Ermənilərin illərdir müxtəlif səviyyəlrdə müraciətlərinə baxmayaraq, Türkiyə Cümhuriyəti də Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını erməni tərəfinin qarşısında ciddi şəkildə qoymuşdur.
Azərbaycan tərəfinə gəldikdə isə, əsas problem tezliklə torpaqları azad edib, qaçqınları öz doğma yurd-yuvalarına qaytarmaqdan ibarətdir. Ümumiyyətlə isə hər iki respublikanın iqtisadi vəziyyətinə nəzər saldıqda görərik ki, Azərbaycan Ermənistansız da keçinə bilər. Amma erməni tərəfi haqqında bu cür danışmaq olmaz və bu da işğalçı Ermənistanın rəhbərliyini fikirləşməyə, iqtisadi təcriddən çıxmaq üçün tezliklə problemlin həllində konsesusa gəlməyə sövq etməlidir.