Əli Haqverdiyev
Qafqaz Albaniyasının Armeniya sərhədi məsələsinə dair
(antik dövr)
Azərbaycan Respublikasının indiki ərazisinin bir hissəsi - Dağıstanın cənubunu, Gürcüstan Respublikasının şərqində Alazan və İori çaylarının vadisini əhatə edən ərazi qədim yunan və Roma mənbələrində Albaniya, erməni mənbələrində Aqvan və ya Aluank, gürcü mənbələrində Rani, fars və ərəb mənbələrində Arran adlandırılmışdı.
E.ə. IV əsrdən eranın VIII əsrinin başlanığıcına qədər mövcud olmuş Albaniya dövlətinin siyasi sərhədləri bütün dövrlərdə sabit olmamış, bu və ya digər hadisələrlə bağlı olaraq, müəyyən dəyişikliklərə məruz qalmışdı. Lakin buna baxmayaraq, onun etnik sərhədləri sabit qalmış, həmin əsrlərin bütün dövrlərində elə bir ciddi dəyişmələrə uğramamışdı. Antik yunan və Roma müəlliflərinin Albaniyanın sərhədləri barədə verdiyi məlumatlar ümumi xarakter daşıyır və müəyyən qədər ziddiyyətlidir. Albaniyanın sərhədləri haqqında Strabon ( e.ə. 63- e. 23-cü illəri), Böyük Plini (23-79-cu illər), Klavdi Ptolomey( 83-168-ci illər) bəhs etmişlər. Strabon qeyd edir ki, albanların şərq sərhəddi Xəzər dənizinə, qərb sərhəddi İberiyaya, şimal sərhəddi Qafqaz dağlarına çatır, ondan cənubda isə Armeniya əraziləri yerləşir. Böyük Pilini isə albanların İberiyadan başlayaraq Xəzər dənizinə qədər Kür sahilində yaşadıqlarını qeyd edir. Klavdi Ptolomey isə bu məlumatları daha da konkretləşdirərək yazır: «Albaniya şimaldan Sarmatiyanın təsvir olunan hissəsi ilə qərbdən göstərilən xətt boyu İberiya ilə, cənubda İberiya hüdudlarından Hirkan dənizinə, Kürün mənsəbinə doğru Böyük Armeniyanın bir hissəsi ilə şərqdən isə Hirkan dənizinin buradan (Kürün mənsəbindən) Soana çayına kimi uzanan hissəsi isə aşağıdakı təsvirə uyğun olaraq həmsərhəddir».
Albaniyanın sərhəddi məsələsi sonralar, yəni X1X əsrdən tədqiqat obyektinə çevrilsə də, o vaxtdan başlanan mübahisələr hələ bu günə qədər də davam edir. Albaniyanın Armeniya ilə sərhəddi məsələsi daha çox mübahisələrə səbəb olmuş, bu barədə çoxlu dolaşıq və ziddiyyətli fikirlər söylənilmişdir. Onların bir qismi mənbələrdə irəli gələn qeyri-dəqiqliklərlə (əlbəttə, bu haqda elmi mübahisələr açmaq, faktları dəqiqləşdirmək lazımdır), digər bir qismi isə çox hallarda faktları və hadisələri müəyyən məqsədlər üçün saxtalaşdırmaq və ya təhrif etməklə bağlı olmuşdur. Sözsüz ki, ozamankı məqsəd ermənilərin onların olmayan torpaqlarda yerləşdirilməsinə, indiki məqsədsə Qarabağın məlum işğalına ideoloji baza yaratmaq, başqa sözlə, müstəmləkəçi və işğalçı siyasətə haqq qazandırmaqdır. Bu sahədə erməni tədqiqatçıları daha çox canfəşanlıq etmişlər və edirlər. Kürdən cənubda yerləşən alban əyalətlərinin əzəli erməni torpağı olduğunun iddia edilməsi hal-hazırda Azərbaycana qarşı Ermənistanın ərazi iddlialarını əsaslandırmaqdan başqa bir şey olmadığı hamının görə biləcəyi müasir reallıqdır. Bu həm ermənilərə, həm Rusiyaya, həm də dünya siyasətində güclü nüfuzu olan ölkələrə əl verir: mövcud vəziyyətdə ermənilər özlərinə dövlət və vətən düzəldir, Rusiyanın əbədi əlaltısı və müttəfiqi olmağa məhkum edilmiş tərəf güclənir, dünyanın super dövlətləri tərəflərə təsir mexanizminə malikdir...
Son dövrlərdə öz sələflərindən daha irəli gedən B. Ulbabayan, Ş.Smbatyan, X.Svazyan və başqaları Kürdən cənubdakı torpaqların əzəli erməni torpaqları olduğunu və buranın əhalisinin ermənilər olduğunu iddia edən saxta hay-küylər yaratmaqla məşğuldurlar. Öz sələflərinin fikirlərinin ümumiləşdirib yekunlaşdıran A.Akopyan hesab edir ki, indiyə qədər Kürdən cənubda olan torpaqların 387-ci ildə Albaniyaya birləşdirilməsi fikri səhvdir, guya bu torpaqlar 428-ci ildə, yəni Armeniya sasanilərin əyalətinə çevrildikdən sonra verilmişdi. O, erməni alimlərinin öz yalan iddialarını əsaslandırmaq üçün nəinki qədim yazılı mənbələri, hətta arxeoloji materialları da saxlalaşdırmaqdan çəkinmir. Erməni tarixçilərinə qoşulan rus alimi A.Novoselsev də Kürdən cənubdakı torpaqların Ermənistana aid olmasını əsaslandırmağa çalışmış, necə deyərlər, həm öz dövlətinin, həm də onun əlaltısı olanlara xidmət göstərmişdir.
Kürdən cənubdakı torpaqların əzəli erməni torpaqları olması barədə iddiaların heç bir tarixi, elmi dəlili yoxdur. Belə ki, antik mənbələrin heç birində bu ərazidə ermənilərin yaşaması qeyd edilmir. Amma həmin ərazidə əvvəllər alban tayfa ittifaqına, sonra isə Albaniya dövlətinə daxil olan uti, qarqar, sakasen, kaspi və başqa tayfalar yaşadığı göstərilir. Mənbələrdə e.ə. I əsrdə Roma sərkərdəsi Lukulla qarşı mübarizədə II Tiqranın köməyinə başqa tayfalarla yanaşı, Araz sahilində yaşayan tayfaların da gəldiyi qeyd edilir. Əgər burada ermənilər yaşamışdırsa, başqa tayfalar dedikdə kimlər nəzərdə tutulur? Deməli, antik dövrdə Kür və Araz çayları arasında ermənilərin yaşaması və buranın erməni torpağı olması fikirləri cəfəngiyyatdan başqa bir şey deyildir. Yəni ki, bir şey yoxdursa, onu uydurmaq vacibdir. Bu isə erməni və ermənipərəst tarixçilərin məharət göstərdiyi bir sahədir.
Armeniya ilə Albaniya arasındakı sərhəddin Kür çayı olması, Kürün sağ sahilinin nə vaxt Armeniya tərəfindən «işğal» etməsi məsələsinin izahına keçək. Bir çox tədqiqatçılar, mənbələrdəki ümumi məlumatlara əsaslanaraq, Kürün Albaniya ilə Armeniya arasında axması, Uti, Arsaq, Sakasen, Kaspi vilayətlərinin Böyük Armeniyaya aid olduğunu iddia edirlər.
Bunun əsassız olduğunu göstərmək üçün ilk növbədə Böyük Armeniya dövlətinin nə vaxt yaranması və dağılması prosesini nəzərdən keçirmək lazımdır. Tarixdə Böyük və Kiçik Armeniya olmasını heç kim inkar etmir. Erməni tədqiqatçısı N.Adons yazır ki, Fərat çayının şərqində ermənilərin yaşadığı ərazi Böyük Armeniya, Fərat çayının qərbində ermənilərin yaşadığı ərazi Kiçik Armeniya adlanır. Böyük və Kiçik Armeniya əvvəl də, sonra da coğrafi anlayış olmuşdur. E. ə. 220-ci ildə Selevki hökmdarı III Antiox Ararat vadisini işğal etdərək oranı əsas Ermənistana birləşdirmiş və bundan sonra Böyük Armeniya adlandıraraq, buranın idarə edilməsinini öz canişininə həvalə etmişdi. Tarixi ədəbiyyatda ermənilərin Arazdan şimala Ararat vadisinə gələmləri e. ə. IV əsrə aid edilir.
Böyük Ermənistanın qismən siyasi anlayış məzmunu e. ə. II əsrdə meydana çıxmışdı. E.ə. 190-cı ildə Roma qoşunları tərəfindən Selevki qoşunları məğlub edilmiş və bunun nəticəsində Selevki dövlətinin parçalanması sürətlənmişdi. Bundan istifadə edən ayrı-ayrı əyalətlər, o cümlədən Armeniyanın canişini Zariadr və Artaksat (onu da qeyd edək ki, onların etnik mənsubiyyəti, yəni erməni olub-olmaması aydın edilməmişdir) öz əyalətlərini müstəqil elan etmişdilər. Strabon yazır ki, Artaksat işğalçılıq müharibələrinə başlayaraq, əvvəlcə Ararat vadisini tutmuş, sonra isə Atropatena, Şimali Mesopotamiya, İberiya hesabına öz ərazisini genişləndirmişdi.
Strabon Albaniya vilayətlərinin Artaksat tərəfindən tutulması haqqında bəhs etməsə də S.Yerimyan və K.Trever belə iddia edirlər ki, guya Artakasat Albaniyanın Kürdən cənubdakı torpaqlarını ələ keçirmişdi. Akademik İ.Əliyev bu fikrə münasibət bildirərək yazır ki, «mümkündür ki, Kürün alban tayfaları yaşamış olduqları sağ sahili üzərində erməni çarlarının hakimiyyəti müəyyən dərəcədə daha çox vaxtlarda keçici olmuş, artıq e.ə.I əsrdə yayılmışdır, çünki ayrı-ayrı antik müəlliflər də bu zonanı Ermənistana aid edirlər. Lakin belə bir vəziyyət ən yaxşı halda eranın I əsrinə qədər saxlanıla bilərdi və eranın I əsrindən sonra heç vaxt mövcud ola bilməzdi». Burada bir qədər dəqiqləşdirmə aparmaq mümkündür. Birinci, Kürün sağ sahilində olan vilayətlər erməni çarları tərəfindən işğal edilməmiş, bu ərazi erməni çarlarından nominal asılı olmuşdur. İkinci, bu asılılıq II Tiqranın (e. ə. 95-54-cü illər) dövründə qısa müddətdə yəni e. ə. 80-60-cı illərdə olmuşdu. Ona görə ki, Roma sərkərdələri Lukkul və Pompey II Tiqranı məğlub etmiş və bundan sonra o, hakimiyyəti altında olan bütün torpaqları itirmişdi.
Albaniyanın Armeniya ilə sərhəddinin Kür çayı olması məsələsi bəzi tarixi mənbədə öz əksini necə tapmışdır? Antik müəlliflər iki dövlət arasında sərhəddən bəhs edərkən, həm də Kür çayından danışarkən bu məsələyə toxunmuşlar. Strabon yazır ki, Araz Armeniyadan Kür isə İberiya ilə Albaniya ərazisindən axır. Böyük Rlini və Ptolomey Albaniya, İberiya və Armeniyanın Kür sahilində qonşu olduqlarından bəhs edirlər. Bu fikri Strabon daha aydın ifadə etmişdir: «Armeniya qismən düzənlikdir, başqa hissələri Kambisena (İberiya ilə Ermənistan sərhəddində Kürün sol sahilində Albaniya əyaləti) kimi dağlıqdır orada (Kambisena ilə sərhəddə) ermənilər həm iberlər, həm də albanlarla qonşurdurlar». Buradan aydın olur ki, Armeniya Albaniyanın qərbində yerləşən Kambisena vilayəti ilə qonşuluqda yerləşmiş və burada qonşular arasında sərhəd Kür çayı olmuşdu. Buna görə də Kür çayının İberiyadan başlayraq dənizə (Xəzərə) qədər Albaniya ilə Armeniya arasında sərhəd olması fikiri erməni falsifikatorlarının uydurduğu cəfəngiyyat sayılmalıdır.
Beləliklə, erməni müləlliflərinin irəli sürdüyü Albaniya ilə rmənistan arasında sərhəddin Kür çayı olması ideyası heç bir tarixi fakta söykənmir. Albaniya dövlətinin mövcud olduğu bütün dövrlərdə Kürdən cənubda olan alban vilayətlərinin Albaniya dövlətinin tərkibində olduğini isə həm antik mənbələr, həm arxeoloji materiallar, həm də sağlam düşüncəyə əsaslanan vicdanlı təhlil təsdiqləyir.