Fəzail İbrahimli
Aprel (1920-ci il) işğalı və Azərbaycanın Qarabağ
bölgəsində ictimai-siyasi vəziyyət
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti XI ordunun süngülərinə söykənən bolşeviklər tərəfindən devrildi. Aprelin 28-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yeni yaradılmış İnqilab Komitəsini respublikanın yeni ali siyasi hakimiyyət orqanı elan etdi. Elə ilk müraciətdən XI orduya qarşı silahlı müqavimət göstəriləcəyindən qorxan İnqilab Komitəsi terrora əl atacağını bəyan etdi.
1920-ci il avqustun 25-dək Azərbaycanın 16 qəzasında İnqilab Komitələri təşkil edildi.
Hələ mayın əvvəllərində XI ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil oldu. Özünü Qarabağ İnqilab Komitəsinin sədri elan etmiş Qarabağ general qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənarlaşdırıldı, hakimiyyətə bolşeviklər yiyələndi..
Mayın ortalarına qədər XI ordu Qarabağ bölgəsində nəzarətə tam sahib oldu. Mayın 11-də Qaryagin, mayın 15-də Şuşa İnqilab Komitəsi təşkil edildi. Bununla da Qarabağın qara günləri başladı. «Yeni cəmiyyət köhnənin xarabalıqları üzərində qurulmalıdır» ideyasına əsaslanan bolşeviklər Qarabağ camaatının əsrlərlə nail olduğu hər şeyə divan tutdular.
XI ordunun gəlişini nisbi sükutla qarşılayan xalqın təmkini uzun çəkmədi. İşğalçı ordunun özbaşınalığı, günahsız insanların güllələnməsi xalqın qəzəbinə səbəb oldu. Qəzəb dalğası üsyanlara çevrildi. Bolşevik hakimiyyətinə qarşı ilk üsyan Gəncədə baş verdi. Qan içərisində boğulan Gəncə üsyanından sonra Milli Ordu ilə XI Ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə yeni üsyan dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı.
Bolşeviklərin Milli Orduya olan etimadsızlığı onu ləğv etmək qərarına çevrildi.
İyunun əvvəllərində Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan ordusunun Şəki, Tərtər, Cavanşir, Ağdam süvari alayları XI ordunun, yerli hakimiyyətin və erməni daşnaklarının qəddar hərəkətlərinə biganə qalmır və onların qarşısını almağa cəhd edirdi. Odur ki, xalq daha çox Milli Orduya inanır və bu bölgədə bolşevik hakimiyyəti öz dayaqlarından mərhum olurdu.
Digər tərəfdən öz hakimiyyətini bu bölgədə elan edən bolşeviklər əhalinin təhlükəsizliyini təmin etmir, yaxud etmək istəmirdi. Milli münasibətlərin kəskin olduğu bu bölgədə ermənilər XI ordu əsgərlərinin qılığına girir və bu yolla özlərinin çirkin niyyətlərini həyata keçirirdilər. Belə ki, Milli Ordu ilə XI Ordu arasında nifaq salıb bunları toqquşdurmaq istəyən ermənilər buna asanlıqla nail oldular.
Qarabağdan verilən bir məlumatda deyilirdi ki, «Vilayətdə siyasi vəziyyət elə böhranlıdır ki, burada təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Hər tərəfdə qanunsuzluq hökm sürür, günahı olmayanlar həbs olunur, əhali hərbi hissələrdən qorxur. Əhalinin narazılığının əsas səbəbi isə hərbi hissələrdə erməni daşnaklarının həddindən çox olmasıdır».
Regionda baş verən özbaşınalığa Milli Ordu hissələri biganə qala bilmirdi. Odur ki, XI Ordu Milli Ordu hissələrini ləğv etmək qərarına gəldi. Milli Orduya qarşı XI Ordunun hərbi əməliyyatı iyunun 10-da başladı. Əməliyyat zamanı hərbi təyyarələrlə Tərtər və onun ətrafı bombalandı. Qeyri-bərabər döyüşdə iyunun 10-da Tərtər, 11-də Ağdam, 14-də Xankəndi və Şuşa XI Ordu tərəfindən tam nəzarətə alındı. Beləliklə, Qarabağ üsyanı məğlubiyyətə uğradı.
Lakin XI Ordunun qələbəsi regiondakı milli, iqtisadi və siyasi böhranı nəinki aradan qaldırmadı, əksinə, daha da kəskinləşdirdi.
Şuşa Qəza İnqilab Komitəsi sədrinin 1920-ci il dekabrın 4-də Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanova və Xalq Daxili işlər komissarı H.Sultanova göndərdiyi məlumatda deyilirdi: «6 aydan yuxarı Qarabağ və Zəngəzurda yerləşən 28-ci atıcı diviziya nə mənəvi, nə də texniki cəhətdən bizi qorumağa qabil deyildir. Yerli əhalinin bütün ümidi özünümüdafiədədir. Hər gün mənim və fövqəladə vəziyyət komissiyasının yanına yüzlərlə adam gəlib silah istəyir ki, özünümüdafiə dəstəsi yaratsın». Digər bir məlumatda bildirilirdi ki, son vaxtlar Şuşa tərəfdən çoxlu ordu hissələri qəzaya daxil olub, əhalidə və Şuşa ərzaq Komissarlığında olan bütün ehtiyat ərzağını əlindən alıb, nəticədə ciddi çörək böhranı yaranıb ki, bu da arzuolunmaz nəticələr verə bilər.
Ç.İldırım Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanova, Ali İqtisadi Şuranın sədri M.D.Hüseynova etdiyi məruzədə Qarabağ bölgəsindəki vəziyyəti belə təsvir edir: «Mənə verilmiş tapşırığa əsasən, Qaryagin, Şuşa və Qubadlı qəzalarında oldum. Təəssüratın belədir ki, bu qəzaların heç birində möhkəm sovet hakimiyyəti yoxdur. Şuşa qəzasında partiya rəhbərinin təqsiri üzündən burada dedi-qodu yaranıb, quldurluq, adam öldürmək və oğurluq ayaq tutub yeriyir. Qəzada məni ən çox təəccübləndirən XI Ordu hissələrinin hərəkətləri ilə bağlı üzləşdiyim hadisə oldu. Burada hər həftə kef məclisi qurulur. Xalılar döşənmiş zalda süfrə arxasında əyləşən yarı sərxoş zabitlər arvadları ilə musiqi dinləyir və rəqs edirlər. İki gündən artıq çörək payını ala bilməyən əsgərlər isə qapı-pəncərədən boylanırlar».
Yerlərdən gələn həyəcanlı məlumatlardan narahat olan respublika rəhbərliyi xüsusi komissiya təşkil etdi və bu komissiya N.Nərimanov başda olmaqla qəzalarda oldu. Yerlərdə acınacaqlı vəziyyəti görən N.Nərimanov oktyabrın 12-də Şuşadan teleqramla xüsusi əmr verdi. Əmrdə göstərilirdi ki, respublikanın kəndlərinə səfərim zamanı mənə kütləvi şikayətlər daxil oldu və indi də bunlar davam edir. Kəndlilər şikayət edirlər ki, inqilab komitələri, ərzaq agentləri və XI Ordu hissələrinin nümayəndələri tərəfindən onların sonuncu tikə çörəyi, əllərindən alınır. Mən hesab edirəm ki, bu inqilab komitələrinin öz işlərinə laqeyd və öz vəzifələrinə cinayətkarcasına yanaşması deməkdir. Bu irad XI Ordu hissələrinə də aiddir və qısa müddətdə bu biabırçılığa son qoyulmalıdır.
Lakin nəinki bu biabırçılığa son qoyulmadı, hətta Moskvanın Azərbaycanda yeritdiyi siyasət əl-qoluna dolaşan N.Nərimanov respublikadan uzaqlaşdırıldı, Dağlıq Qarabağa muxtar vilayət statusu verilməklə Azərbaycanın ərazi bütövlüyünə elə bir qəsd edildi ki, Azərbaycan xalqı bu gün də onun ağrılarını çəkir.